Məhkəmə qərarları › İş №2(103)-3205/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3205/2023

26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3205/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 1.444 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat tələb olunub. Tələb onunla əsaslandırılıb ki, başqa mülki iş üzrə Suraxanı RM-nin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 11.530 manat pul tutulması qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra vərəqəsi verilib. Cavabdeh ötən 2 il ərzində iddiaçıya cəmi 2.505 manat pul ödəyib, qalan 9.025 manat pulu ödəməyərək özündə saxlayıb, nəticədə isə iddiaçıya maddi və mənəvi zərər vurulub. Suraxanı RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bu mülki işdən əvvəl tərəflərin arasında pul mübahisəsinə dair başqa mülki iş olub. Həmin iş üzrə Suraxanı RM-nin xx.xx.2020-ci il tarixli 2(010)-877/2020 nömrəli qətnaməsi ilə cavabehdən iddiaçının xeyrinə 11.530 manat pul tutulması qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra vərəqəsi verilib. Cavabdeh qismən ödəniş edib. İddiaçı ona ödənilən məbləğin 2.505 manat olduğunu bildirir. Pulun qalan hissəsi üzrə tutma məcburi icra tədbiri kimi cavabehin əmək haqqına yönəldilib. İddiaçı hazırkı tələbini Mülki Məcəllənin 21, 1097 və 449-cu maddələrinin göstərişləri ilə əsaslandırıb. Lakin hazırkı işdə olan sübutlar məhkəməyə imkan vermir ki, cavabdehin iddiaçıya zərər vurduğunu, yaxud iddiaçının pulunu özündə saxlayaraq ondan faydalandığını və ya qətnamənin icrasından qərəzli olaraq yayındığını müəyyən etsin. 449-cu maddədə nəzərdə tutulan ödəniş zərərin (əldən çıxmış faydanın) əvəzi deyil, maliyyə sanksiyasıdır, bank uçot dərəci ilə müəyyənləşdirilir. Həmin sanksiyanın tətbiq edilməsi üçün müəyyən olunmalıdır ki, cavabdeh pulun qaytarılmasını gecikdirməklə ondan faydalanıb. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar