Məhkəmə qərarları › İş №2(103)-3209/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3209/2022

29.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3209/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.12.2021-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə şikayətin qeyri-mümkün hesab olunması və işin, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra Cavabdeh2 nümayəndəsi qeyd olunan çatışmazlığı aradan qaldıraraq növbəti dəfə şikayət vermiş (şikayəti elektron kabinetə yerləşdirmiş), prosessual müddətin bərpası barədə xahişi də ehtiva edən (vəsatət şikayətdə göstərilmişdir) şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh2 nümayəndəsi ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş, məhz bu səbəblə də müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə (vəsatət) verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni (vəsatəti) tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş vəsatəti bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürübötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, Cavabdeh2 nümayəndəsinin müddətin bərpası haqqında vəsatətinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2844/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyatorun müddətin bərpası barədə vəsatətinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar