Məhkəmə qərarları › İş №2(103)-3213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3213/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3213/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı-nin cavabdeh X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair 2(006)-2221/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş ziyan qismində 60000 manat pul məbləğinin tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdeh X4 və “xxxx” (Kəndli Fermer) MMC ilə birlikdə xx xxxx 2010-cu il tarixdə “xxxx” MMC-ni təsis etmişdir. Cavabdeh eyni zamanda Cəmiyyətin baş müdiri təyin edilmişdir. Bununla yanaşı cavabdeh həmin vaxtda “xxxx” (Kəndli Fermer) MMC-də yeganə təsisçisi olmuşdur. xx xxxxx 2010-cu il tarixdə “xxxx” MMC ilə “xxxx” (Kəndli Fermer) MMC arasında borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi “xxxx” MMC-nin adından cavabdeh tərəfindən imzalanmişdir. Borc müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” (Kəndli Fermer) MMC-yə 60000 manat məbləğində borc verilmişdir. “xxxx” (Kəndli Fermer) MMC həmin borcu 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik və ya hissəhissə ilə qaytarmalı idi. Borcun götürülməsində məqsəd “xxxx” (Kəndli Fermer) MMC-nin Azərbaycan Beynəlxalq Bankına olan borcunun ödənilməsi olmuşdur. “xxxx” (Kəndli Fermer) MMC borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “xxxx” MMC borcun qaytarılması məqsədilə məhkəməyə müraciət etmiş, “xxxx” (Kəndli Fermer) MMC-də öz növbəsində məhkəmədə borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə çıxış etmişdir. Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və hər iki iddia rədd edilmişdir. Qərardan Konstitusiya Məhkəməsinə verilmiş şikayət də sonuncu tərəfindən icraata qəbul edilmədən geri qaytarılmışdır. İş üzrə qəbul olunan məhkəmə aktlarını nəzərdən keçirərkən aydın olur ki, “xxxx” MMC tərəfindən “xxxx” (Kəndli Fermer) MMC-yə borcun verilməsi cavabdeh tərəfindən düzgün sənədləşdirilmədiyi üçün, onun səhlənkarlığı və ya qərəzli davranışı nəticəsində “xxxx” MMC məhkəmədə öz mövqeyini lazımı şəkildə müdafiə edə bilməmiş, iddiasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Borcun geri alınması üçün “xxxx” MMC mümkün olan bütün hüquqi vasitələrdən istifadə etsə də buna nail ola bilməmişdir. Nəticədə borcun “xxxx” (Kəndli Fermer) MMC-dən geri qaytarılması hüququ onlara mümkünsüz olmuşdur. Bütün göstəriilənlər cavabdehin təqsiri üzündən baş verdiyi üçün iddiaçı onun tərəfindən “xxxx” MMC-yə vurulmuş zərərin ödənilməsini tələb edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh S.Abbasquliyev “xxxx” MMC-nin direktoru və “xxxx” (Kəndli Fermer) MMC-nin yeganə təsisçisi olmuşdur. “xxxx” (Kəndli Fermer) MMC-nin “Azərbaycan Beynəlxalq Bankı ASC-də kredit borcu olduğundan “xxxx” MMC-nin xx xxxx 2010-cu il tarixli təsis yığıncağının qərarı ilə “xxxx” (Kəndli Fermer) MMC-nin banka olan borcunu ödəməsi üçün 60000 manat borc verilməsi qərara alınmış, iclas protokolunda borc müqaviləsinin bağlanması cavabdehə həvalə olunduğu xüsusi vurğulanmış və həmin iclasın protokolunu cavabdeh S.Abbasquliyev şəxsən imzalamış və ödənilən pulun təyinatı barəsində məlumatlı olmuşdur. Lakin, ödəniş sənədlərində “xxxx” MMC tərəfindən “xxxx” (Kəndli Fermer) MMC-yə ödənilən 60.000 manat pul vəsaitinin təyinatı borc kimi göstərilməmişdir. xx xxxxx 2010-cu il tarixli, 01 saylı ödəniş tapşırığına nəzər salsaq görərik ki, həmin məbləğin təyinatı “xxxx” (Kəndli Fermer) MMC-nin bankdan alınmış kredit borcunun qaytarılması kimi göstərilmişdir. “xxxx” MMCnin Nizamnaməsinin 12.1-ci maddəsinə əsasən müqaviləyə uyğun olaraq namizədliyi irəli sürülən və bu nizamnamənin 10.2 bəndinin müddəalarına əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Baş Müdir Cəmiyyətin təkbaşına icra orqanı və qanuni nümayəndəsi olmaqla Cəmiyyətin gündəlik fəaliyyətinin idarə edilməsini həyata keçirir. Nizamnamənin 12.2-ci maddəsinə əsasən Baş Müdir, Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından bütün növ əqdləri, o cümlədən hazırki Nizamnaməyə uyğun olaraq təyin edilmiş auditorla müqavilə bağlayır, rəsmi sənədləri imzalayır, qanunvericilik və hazırki Nizamnamə ilə Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının və ya müşahidə şurasının səlahiyyətinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Nizamnamənin 13.1-ci maddəsinə əsasən Nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa Cəmiyyətin baş müdiri Cəmiyyətin adından bötün növ əqdləri bağlamaq və Cəmiyyəti etibarnaməsiz təmsil etmək hüququna malikdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələbinin əsasını təşkil edən halları sadalamaqla artıq qanun qüvvəsini almış məhkəmə aktına istinad edərək iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə “xxxx” MMC-nin direktoru olmuş cavabdeh S.Abbasquliyevin Cəmiyyətin hesabından 60.000 manat pul vəsaitini təsisçisi olduğu “xxxx” (Kəndli Fermer) MMC-nin borcunu ödəmək üçün istifadə edərkən vicdanlı olub-olmamasını, bağlanmış kredit müqaviləsinin əslinin saxlanılmamasını, sənədləşmənin sonradan Cəmiyyəti çıxılmaz vəziyyətə salacağı vəziyyətdə aparmasını, qeyri-peşəkar və məntiqli olub-olmamasını araşdırmalı idi. Bundan əlavə, işə baxan birinci instansiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə aktından da görünür ki, həmin mülki iş üzrə cavabdeh olan “xxxx” (Kəndli Fermer) MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini, xx xxxxx 2010-cu il tarixli borc müqaviləsinin mövcud olmaması, yəni 60.000 manat pul vəsaitinin borc münasibətlərinin nəticəsi olaraq ödənilmədiyi ilə deyil, müqavilənin əslinin olmaması və əsli təqdim edilərsə həmin müqavilədə borcun qaytarılmasının “xxxx” (Kəndli Fermer) MMC-nin gəliri hesabına həyata keçirilməsi göstərildiyi və MMC-nin 2010-cu ildən hazırkı dövrədək gəlirinin olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının bir daha nəzərinə çatdırırlar ki, cavabdeh S.Abbasquliyev “xxxx” (Kəndli Fermer) MMC-nin yeganə təsisçisi olmuşdur. Hesab edirlər ki, cavabdehin “xxxx” MMC-nin direktoru olduğu zaman “xxxx” (Kəndli Fermer) MMC-nin hesabına 60000 manat məbləğində pul vəsaitini köçürərkən sənədləşməni vicdanla, peşəkar qaydada və məntiqlə aparmamış və nəticədə Cəmiyyətə ziyan vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində Cəmiyyətə ziyan vurulması qanuni qüvvəsini almış məhkəmə aktı və iş üzrə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin bu hallarım araşdırmamış və qətnaməsində iddia tələbini rədd etməsi səbəbini əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” MMC ilə “xxxx” (Kəndli Fermer) MMC arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli borc müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən “xxxx” (Kəndli Fermer) MMC-yə 60000 manat məbləğində borc pul vermişdir. Borc müqaviləsinin 2-4-cü bəndində əsasən, “xxxx” (Kəndli Fermer) MMC 60000 manat məbləğində borc məbləğini 2011-ci ildən başlayaraq 2013-cü ilin birinci rübün sonunadək birdəfəlik ödəniş və ya hissə-hissə ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. “xxxx” (Kəndli Fermer) MMC 2013-cü ilin birinci rübün sonunadək borc məbləğini tam şəkildə qaytarmaq barədə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. “xxxx” (Kəndli Fermer) MMC “xxxx” MMC-nə 16176,3 manat ödəmiş, borcun qalan hissəsini “xxxx” MMC ödənilməsi dəfələrlə tələb etsə də, borcun qaytarılması üçün heç bir tədbir görülməmişdir. Bu səbəbdən “xxxx” MMC cavabdeh xxxx” (Kəndli Fermer) MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” (Kəndli Fermer) MMC “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə arasında olan xx xxxxx 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-2(85)- 70/2016 saylı qətnaməsi ilə “xxxx” MMC-nin iddiası təmin edilərək, “xxxx” (Kəndli Fermer) MMC-dən cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun “xxxx” MMCnin xeyrinə tutulması, “xxxx” (Kəndli Fermer) MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən narazı qalan “xxxx” (Kəndli Fermer) MMC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-2(105)-18/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-2(85)-70/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” (Kəndli Fermer) MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-2(102)-293/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(105)-88/2017 saylı qətnaməsi ilə cavabdeh “xxxx” (Kəndli Fermer) MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” (Kəndli-Fermer) MMC-nə qarşı əsas borc qismində 43823,7 manat, faiz borcu qismində 9531 manat olmaqla cəmi 53354,7 manat borcun, hüquqi xidmət haqqı qismində 2000 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmiş, “xxxx” (Kəndli-Fermer) MMC-nin “xxxx” MMC-yə qarşı ilk iddia rədd edilmiş və xx xxxxx 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamənin əsası kimi isə qeyd edilmişdir ki, “xxxx” (Kəndli-Fermer) MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli borc müqaviləsinin əsli mövcud deyildir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının hazırda maddi zərər kimi tələb etdiyi pul vəsaiti bundan əvvəl “xxxx” MMC tərəfindən “xxxx” (Kəndli Fermer) MMC-dən xx xxxxx 2010-cu il tarixli borc müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia qaldırılmaqla məhkəmədə mübahisələndirilmiş, lakin həmin iddia tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı təsisçisi olduğu “xxxx” MMCnin nizamnaməsinə əsaslanaraq həmin borc müqaviləsi bağlanan zaman “xxxx” MMC-nin qanuni təmsilçisi olan cavabdehin “X6 Fermer” MMC-nin hesabına 60000 manat məbləğində pul vəsaitini köçürərkən sənədləşməni vicdanla, peşəkar qaydada və məntiqlə aparmadığı üçün Cəmiyyətə ziyan vurulduğunu qeyd edərək buna görə həmin pul vəsaitinin cavabdehdən tutulması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdehin maddi zəzər vurmasında təqsirli olmasını, buna görə məsuliyyət daşımasını əsaslandıra və təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır». “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 2221/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar