Məhkəmə qərarları › İş №2(103)-3214/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3214/2024

04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3214/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdeh ASC-yə ödənilmiş pul vəsaitinin qaytarılması məqsədi ilə 1.110 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus olan 2 ədəd avtomobili – “Chevrolet Orlando” markalı, **-LH-*** və **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili kasko qaydasında sığorta edilməsi üçün cavabdeh ASC-yə müraciət etmişdir. ASC-nin əməkdaşı iddiaçıya bank hesabının nömrəsini verərək iddiaçıya izah etmişdir ki, bir avtomobilə görə 570 manat, digər avtomobilə görə isə 540 manat ödəniş etməli, bundan sonra isə “sığorta müqaviləsi” imzalanması üçün iddiaçıya təqdim ediləcək. İddiaçı ümumilikdə 1.110 manat məbləğində pul vəsaitini ASC-nin bank hesabına ödəmişdir. Ödəniş edildikdən sonra ASC-nin əməkdaşı iddiaçıya bildirmişdir ki, əgər avtomobillər taksi fəaliyyətində istifadə edilərsə və bu zaman sığorta hadisəsi baş verərsə iddiaçıya sığorta ödənişi verilməyəcək. İddiaçı, qeyd olunan şərtlərdən narazı qalaraq ASC ilə sığorta müqaviləsini bağlamaqdan imtina etmiş, ödədiyi 1.110 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin ASC-nin əməkdaşı iddiaçıya bildirmişdir ki, sığorta ilə bağlı pul vəsaiti ödənildiyindən ASC öz sistemində artıq sığorta müqavilələrinin bağlandığını qeyd edib və buna görə də, pulun ona qaytarılması məqsədi ilə, o, şərtlərini qəbul etmədiyi müqaviləyə yalandan da olsa, imza etməlidir və sonradan həmin müqaviləyə xitam verilməsi barədə ərizə ilə ASC-yə müraciət etməlidir ki, bunun əsasında uzun çəkən şirkətdaxili proseslər nəticəsində onun ödədiyi vəsaiti ona qeyri-müəyyən bir vaxt ərzində qaytarsınlar. İddiaçı müqavilə bağlamaq niyyəti olmadan müqaviləyə imza etməkdən imtina etdiyini bildirəndə, ASC-nin əməkdaşı ödədiyi pul vəsaitinin ona geri qaytarılmayacağını bildirmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh ASC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ASC arasında xx.xx.2023-cü il tarixdə Mİ********** saylı “Sığorta şəhadətnaməsi” imzalanmış və “Chevrolet Orlando” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Şirkətə müraciət edilərək, həmin avtomobilin xx.xx.2023-cü il tarixdə qəzaya uğradığı bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hadisə zamanı avtomobilin sürücüsü X3 alınan videoizahatda avtomobilin taksi fəaliyyəti üçün istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobil taksi fəaliyyətinin icrası üçün istifadə olunan zaman baş verən hadisələrə münasibətdə 20.000 manat həcmində azadolma məbləği tətbiq olunur. Avtomobilə dəymiş ziyan 20.000 manat azadolma məbləğini keçmədiyindən sığorta təminatına daxil deyildir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC iddiaya etirazını əsaslandırdığı sığorta şəhadətnaməsini əsas gətirsə də, məhkəmə bununla bağlı bildirir ki, qeyd edilən sənəddə iddiaçının iradəsini əks etdirən hər hansı bir imza mövcud deyildir. Məhkəmə cavabdeh ASC-nin istinad etdiyi kimi sığorta şəhadətnaməsinin mövcudluğunu tərəflər arasında müqavilə münasibətlərini təsdiq etməsi halını o zaman qəbul edə bilərdi ki, sığortalının həmin sığorta şəhadətnaməsində əks etdirilmiş şərtlərlə razılığı tam aydın şəkildə ifadə edilmiş olsun. Hər bir halda sığorta münasibətlərinin sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilməsi halında belə sığortalının sığorta şərtlərinə razılığının müvafiq qaydada təsdiqi həmin şəhadətnamədə və ya digər mötəbər dəlildə əks olunmalı idi. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. İddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. ASC tərəfindən iddiaçıya şəhadətnamənin təqdim olunmasını və şərtlərlə razı olmasını bildirən diskdə olan səs yazıları sübut kimi Rayon Məhkəməsinə təqdim olunmuş lakin hakim tərəfindən həmin səs yazılarına münasibət bildirilməmişdir. Qeyd olunan hal iclasın qeydə alındığı audioyazıda da öz əksini tapmışdır. Buna görə də hesab edilməlidir ki, iddianın təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh ASC-nin bank hesabına 570 manat və 540 manat olmaqla, cəmi 1.100 manat məbləğində ödəniş edilmişdir.

12. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ASC-nin mütəxəssisləri tərəfindən “Chevrolet Orlando” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyan 3.000 manat məbləğində müəyyən edilmişdir. Hadisə zamanı həmin avtomobilin sürücüsü X3 alınan videoizahatda avtomobilin taksi fəaliyyəti üçün istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobil taksi fəaliyyətinin icrası üçün istifadə olunan zaman baş verən hadisələrə münasibətdə 20.000 manat həcmində azadolma məbləği tətbiq olunur. xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobilə dəymiş ziyan 20.000 manat azadolma məbləğini keçmədiyindən sığorta təminatına daxil deyildir. Bununla da, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur.

13. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin olaraq sığortaçıya sığorta haqqını ödəmiş, lakin sonradan ona təklif edilən sığorta şərtləri ilə isə razı olmadığından o, həmin sığortaçı ilə sığorta münasibətlərinə daxil olmaq istəməmiş və ödədiyi vəsaitin ona geri qaytarılmasını tələb etmişdir. Lakin sığortaçı onlar arasında münasibətlərin sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilməsini bildirərək ödənilmiş pulun geri qaytarılmasından imtina etmişdir.

14. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.5.). Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir (maddə 324.6.). Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: - tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; - müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; - icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada (maddə 899.1.). Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər (maddə 899.1- 1.). Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır (maddə 899.2.). Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır (maddə 899.3.). Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir (maddə 903.1.).

15. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan göründüyü kimi, tərəflər arasında əqdin mövcud olmasının əsası kimi onların iradə ifadəsi çıxış edir. Hazırda iddiaçı bu iradə ifadəsinin olmasını sübut edən hər hansı bir müqavilənin olmamasına istinad etmişdir. Buna baxmayaraq, cavabdeh, iddiaya etirazını əsaslandırdığı sığorta şəhadətnaməsini əsas gətirsə də, həmin şəhadətnamədə iddiaçının iradəsini əks etdirən imza mövcud deyildir. Sığorta şəhadətnaməsinin mövcudluğunun tərəflər arasında müqavilə münasibətlərini təsdiq etməsi halı o zaman qəbul edilə bilər ki, sığortalının həmin sığorta şəhadətnaməsində əks etdirilmiş şərtlərlə razılığı tam aydın şəkildə ifadə edilmiş olsun. Sığortalının sığorta şərtlərinə razılığını təsdiq edən hər hansı mötəbər sübut (sığorta şəhadətnaməsində sığortalının imzası və ya digər mötəbər dəlil) cavabdeh tərəfindən təqdim edilməmişdir.

16. Apellyasiya şikayətində qeyd edilir ki, ASC tərəfindən iddiaçıya şəhadətnamənin təqdim olunmasını və şərtlərlə razı olmasını bildirən diskdə olan səs yazıları sübut kimi Rayon Məhkəməsinə təqdim olunmuş lakin məhkəmə tərəfindən həmin səs yazılarına münasibət bildirilməmişdir.

17. Halbuki iş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, baş vermiş texniki nasazlıq nəticəsində Rayon Məhkəməsi cavabdeh ASC tərəfindən ona təqdim edilmiş diskin dinlənilməsini həyata keçirə bilməmişdir.

18. Bunu nəzərə almış Məhkəmə həmin diskdə olan səs yazılarını apellyasiya baxışı zamanı dinləmişdir. Lakin həmin səs yazılarında iddiaçı ilə cavabdeh ASC arasında sığorta müqaviləsinin bağlanmasını, ASC tərəfindən iddiaçıya şəhadətnamənin təqdim olunmasını və iddiaçının şəhadətnamədə göstərilən şərtlərlə razı olmasını təsdiq edə biləcək məlumatlar aşkar edilməmişdir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir MPM-ni 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Belə olan halda, iddiaçı tərəfindən cavabdeh ASC-nin hesabına ödənilmiş 1.100 manat məbləğində pulun ASC-də qalmasının hər hansı bir hüquqi əsası mövcud deyildir.

21. Azərbaycana Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

22. Məhkəmə hesab edir ki, tərəflər arasında sığorta münasibətlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməməsində sığortaçı məsuliyyət daşıdığından, bu halı əsassız varlanmanın çərçivəsində qiymətləndirmiş Rayon Məhkəməsi, ödənilmiş pul məbləğinin iddiaçıya geri qaytarılması ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi

23. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar