Məhkəmə qərarları › İş №2(103)-3221/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3221/2020

25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3221/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4175/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vestel 40FD7000T televizorunun dəyişdirilərək yenisi ilə əvəz edilməsinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması, vurulmuş maddi ziyana görə 190 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli MBK04555 nömrəli nisyə satış müqaviləsi üzrə 698,98 manat əsas borc və 3 manat cərimə borcu olmaqla, cəmi 701,98 manat borcun, habelə ödənilmiş dövlət rüsumu olan 30,40 manat məbləğin iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4175/2019 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC (satıcı) və İddiaçı (alıcı) arasında xx.xx.2019-cu il tarixli MBK04555 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən alıcı ümumi dəyəri 712,98 manat olan VESTEL 40FD7000T model televizor almış və aldığı malın dəyərini 14 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Satılmış televizora 12 ay müddətində zəmanət verilmişdir. Nisyə alqı-satqı müqaviləsinə əlavə 2-yə əsasən (təhvil-təslim aktı) VESTEL 40FD7000T markalı 1 ədəd Televizor alıcıya təhvil verilmiş, alıcı tərəfindən satılan malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İddiaçı bildirir ki, televizoru ona təhvil verən zaman vitrindən təqdim edilmişdir. Evdə onu qablaşdırandan sonra televizorun çatlamış olduğunu bilmişdir. Bununla bağlı qarşı tərəfə məlumat versə də, dəyişə bilməyəcəklərini, lakin servisə göstərə biləcəklərini bildirmişlər. Bu prosesin satıcı tərəfindən izlənilməli olmasına baxmayaraq, mağaza qəsdən məhsulun daşınması və yerində quraşdırılmasını həyata keçirmir ki, qüsurlu malları alıcıya sata bilsinlər. O, televizoru mağazadan evə gətirib və keyfiyyətsiz olduğunu müəyyən etdikdən sonra geriyə qaytarmaq məcburiyyətdə qalmışdır. Mağazanın satıcıları və servis işçilərinin yarıtmaz xidmətləri ilə müşahidə olunan hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Televizoru mağazadan evə gətirib geri qaytaranda hər dəfə taksiyə 5 manat, 2 dəfəyə 10 manat, sonra Şüvəlan qəsəbəsindən Əhmədli qəsəbəsinə servisi aparıb geri qaytaranda da 30 manat pul vermişdir. Bundan başqa vəkilə ərizə yazdırmaq və məsləhət almaq üçün 150 manat xərci çıxmışdır. Cavabdehin qanunsuz hərəkətləri onun səhhətinə pis təsir etmiş, nəticədə şəkəri və təzyiqi bir neçə dəfə qalxmışdır. Bununla da, ona mənəvi ziyan vurulmuşdur. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddiaya irəli sürərək bildirir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş və onun müqavilə üzrə əsas borcu 698,98 manat, cərimə borcu 3 manat, cəmi borcu isə 701,98 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Eyni zamanda tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin predmeti olan televizora zəmanət verildiyi üçün sübut etmə vəzifəsi cavabdehə aiddir. Belə ki, Mülki Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Hazırkı işdə də müəyyən olunur ki, iddiaçıya satılmış televizordaki qüsurlar onun özü tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəlmişdir. Belə ki, həmin televizor iddiaçıya təhvil verilən zaman o, satılan malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirməyib, həmin televizorun evə daşımasını özü həyata keçirib və televizordakı qüsuru evində aşkar edib. Həmin televizorda istehsalat qüsurlarının olub-olmamasının müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Texniki Universitetinə müraciət edilmiş və sonuncu tərəfindən xx xxxx 2020-ci il tarixli texniki rəy məhkəməyə təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir ki, VESTEL 40FD7000T televizorun ekranında yaranmış problem istehsalat qüsuru deyildir. Sonradan istifadə nəticəsində yaranmışdır. Cihazın ekranında yaranan mexaniki zədə sıxılma, zərbə, yerə düşmə kimi hallarda yarana bilər. Cihazın təmir olunması üçün ekran hissəsi dəyişdirilməlidir. Diaqnostika zamanı televizorun başqa ehtiyat hissələrində qüsur aşkar olunmadı. Göründüyü kimi iddiaçıya satılmış televizorun ekranında yaranmış problem istehsalat qüsuru deyildir və iddiaçının özünün cavabdeh olduğu hərəkətləri nəticəsində əmələ gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 587.2.1-ci maddəsinin dispozisiya şərtləri mövcud deyil və iddiaçı həmin televizorun dəyişdirilərək yenisi ilə əvəz edilməsini tələb edə bilməz. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən irəli sürülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər də əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması müəyyən olunmur. Ona görə də, həmin iddia tələbləri də rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan halları və Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı əsas borcun qalığı olan 698,98 manat, cərimə 3 manat, cəmi isə 701,98 manat məbləğində pul vəsaiti tutularaq, Cavabdeh MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4175/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar