Məhkəmə qərarları › İş №2(103)-3226/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3226/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3226/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”na qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1006/20 saylı 21.08.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”-na qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “Elm və Təhsil Nəşriyyatı”-na qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödədiyi 5600 manat ziyan və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il mart ayının əvvəllərində fleşkaya köçürülmüş 370-400 səhifəlik şeirlərində elm və təhsil nəşriyyatının direktoru Nadir Məmmədlinin yanına gəlib, ona dedi ki,:mümkünsə şeirlərini 01.06.2014-cü ilə kimi çap etdirin (01.06.2014 il tarixdə 74 yaşı tamam olacaqdır). Nadir müəllim dedi ki, fleşkanı işçisi Günaya ver, şeirlərini yığsın, arxayın ol, 01.06.2014-cü ilə kimi kitabı hazır olacaq. O da yazıları ofisdə Günayla kitab halına salıb, mətbəəyə göndərdi. Günay şeirləri yazanda 394 səhifə oldu. Nadir dedi ki, 394 səhifəlik 200 kitab üçün 400 (dörd yüz) manat verməlisən, 200 (iki yüz) manat indi, 200 manat isə kitab hazır olduqdan sonra verəcəkdi. O da 200 (iki yüz) manat verdi (kitabın adı 1-ci cild (“Elin dərd, həsrəti”). 2014-cü ilin oktyabr ayının axırında çap olunmuş kitabları 200 (iki yüz) manat verib mətbəədən götürdü. Oxuduqdan sonra gördü ki, kitablar başdansovdu çap olunub. Belə ki, şeirlərin bəzilərinin şəkli dəyişib, bəziləri səhv çap olub. Nadir müəllimə kitabın bərbad çap olunduğunu bildirdi. Nadir dedi, zərər yoxdu, 100 manat ver, təkrar çap edək. Yenə də 100 (bir yüz) manat verdi. 2014-cü ilin noyabr ayının sonlarında 6 ay gecikmiş 200 ədəd kitabı götürdü. 2015-ci ilin martın əvvələrində fleşkada olan 220-235 səhifəlik şeirləri və 100-120 səhifəlik əlyazmanı Nadir müəllimə verdi və 350-370 səhifəlik (20 ədəd qalın cildli, 180 ədəd nazik cildli) kitabın çap edilməsini xahiş etdi. Günay fleşkada olan şeirləri və əlyazmalarını 362 səhifəlik kitab halına saldı (kompyuterdə), 100 manat aldı və dedi. Həmin yazıları mətbəəyə göndərəndə Nadir dedi: 362 səhifəlik kitabın çapı üçün (20 ədəd qalın, 180 nazik cildli) 500 manat verməlisən, 200 manat indi, 300 manat kitabları götürəndə. O, 200 (iki yüz) manat verib xahiş etdi: kitabı dürüst çap etdirin. 2016-cı ilin may ayının axırında 300 (üç yüz) manat verib, kitabları mətbəədən götürdü. Evdə oğlu, qızları kitaba baxıb dedilər: kitablar həddən artıq zəif və bərbad çap olunub. Belə ki, 12,13,14,15,16,17,18-7 səhifə kitabda yoxdu. 4,7,8,28,31,32,48,56,68,72,80,88,96,124,126,141,168,171,172,179,184,206,222,2 58səhifə çap olub güclə oxunur,oxunmur. Yenidən zay çap olunmuş kitablardan birini Nadir müəllimə göstərdi. 03 noyabr 2016-cı ildə 100 nazik cildli kitab çap etməyə söz verdi. Çox gedib gəldim. 5 ildir ki, onu get-gələ salan bu insan ucbatından səhhəti korlanıb, gecələr rahat yata bilmir, şəkər xəstəliyinə tutulub, əsəbləri korlanıb, 2 dəfə gözündən və odinomadan əməliiyyat olunub. Odinomodan əməliyyata görə 1300 (min üç yüz) manat, gözdən əməliyyata 1 əməliyyat 300 (üç yüz) manat olmaqla, 600 (altı yüz) manat ödəniş edib. Nəticədə həyəcandan iflic olub, 5 aydan çox Bakı şəhəri, 16 saylı poliklinikada müəlicə alaraq, 600 (altı yüz) manat dərmanlara pul verib. Həkimin məsləhəti ilə gözündən yenidən əməliyyat olmalıdır. Əməliyyata 600-700 manat pul istəyirlər. Nadir adlı həmin bu şəxs ona həm maddi, həm də mənəvi ziyan vurmuş, onu 2-ci mərtəbədən atmaq istəmiş, onu şantaj etmişdir. Qeyd olunanları nəzərə alıb, iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16 saylı müqavilənin surətindən görünür ki, tərəflər kitab çapı barəsində razılığa gəmişdirlər. Müqavilədə qeyd olunmuşdur ki, sifarişçi İddiaçı “Elin səadəti, ümidi” adlı kitabı nəşriyyata hazır şəkildə təqdim etmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən müqavilə üzrə tələb olunan məhsulun ümumi qiyməti 100,50 manat məbləğində müəyyənləşdirilmişdir. İşin hallarından müəyyən olundu ki, tərəflər arasında müqavilə bağlanmışdır.İddiaçı sifarişçi qismində cavabdehə kitab çap etməyi sifariş etmiş, cavabdeh isə icraçı qismində həmin kitabı 100,50 manat məbləğində xidmət haqqı müqabilində çap etməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəmə iclasında kitabın cavabdeh tərəfindən yığıldığını bildirsə də, bu halı sübut edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, sifarişçi icraçıya kitabı hazır şəkildə təqdim etmiş, icraçı isə yalnız kitabı çap etmişdir. İddiaçının cavabdehin kitabın yığılmasında buraxdığı nöqsanlara istinad edib ona dəymiş maddi ziyanı tələb etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə kollegiiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 600 manat məbləğində ziyan vurduğunu qeyd etsə də, müqavilədən görünür ki, tərəflər arasında xidmət haqqı kimi 100,50 manat məbləğində razılığa gəlinmişdir İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin 20 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.07.021-ci il tarixli 5/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Elm səadəti, ümidi” adlı kitabın çap mətnləri ofset çap üsulu ilə çap edilmişdir. Tədqiqata təqdim edilmiş “Elm səadəti, ümidi” adlı kitabın 327-328-ci səhifələrinin arasına yapışdırılmış vərəqin üzərində olan çap mətni lazer printer vasitəsilə çap edilmişdir. Ekspert qarşısında qoyulmuş “İş materiallarına əlavə edilmiş müəllifi Binnət Eloğlu olan “Elin səadəti, ümidi” adlı kitabı iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16 saylı müqaviləsinin şərtlərinə, həmin məsələləri tənzimləyən qüvvədə olan qanunvericiliyə və standartlara uyğun olaraq çap edilmişdirmi?“ sual sənədlərin məhkəmə texniki ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün həmi sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb üzrə 600 manat maddi ziyanın tələb olunması üçün əsaslar mövcud olmadığından, İddiaçı iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə vurulmuş mənəvi zərərə görə cavabdehdən 5000 manat pulun tutulması tələbi maddi ziyanın tutulması ilə əlaqələndirildiyindən və ilkin tələb təmin olunmadığından mənəvi zərərin tutulması hissəsində də tələbi təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar