Məhkəmə qərarları › İş №2(103)-3231/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3231/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3231/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2N3-cü il tarixli, e-2(006)-535/2N3 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, o dövlət orqanlarının səhvi nəticəsində qanunsuz olaraq həbsə alınmış, daha sonra məhkəmənin hökmü ilə ona bəraət verilmişdir. Qanunsuz həbsə alınma nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həbsə alındığı xx.xx.2N0-ci il tarixdən işdən (MAHXE qismində xidmətdən) xaric olunması səbəbindən bu günədək orta aylıq əmək haqqı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun, onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldıqları mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat həcmində kompensasiyanın, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 550 (beş yüz əlli) manatın, cəmi 72.825 (yetmiş iki min səkkiz yüz iyirmi beş) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi, Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin, Sumqayıt Hərbi Prokurorluğunun, Bakı Hərbi Məhkəməsinin səhvi və ya sui-istifadəsi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi, yaxud həbsdə saxlanıldığı üçün həmin qurumların ondan yazılı surətdə üzr istəmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı müqavilə əsasında N nömrəli hərbi hissənin (korpus) tabeliyində olan N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin əməkdaşlarının xidmətdə olduğu xx.xx.2N0-ci il tarixdə saat 08:40 radələrində hərbi polis əməkdaşı Səid Nuriyevin rəhbərliyi altında hərbi hissənin ərazisindən kənarda, şəxsi avtomobilinin nəzarətsiz saxlandığı yerdə keçirdikləri əməliyyat yerinə çağırılmışdır. Səid Nuriyev sanki öz əli ilə qoyubmuş kimi vintaçanla İddiaçı şəxsi avtomobilinin arxa dövlət nişan nömrəsini açdırmış, bu zaman nömrənin altından yerə düşmüş bükülünün yerdən götürülüb ona verilməsini İddiaçı əmr etmiş, vasitə ona verildikdən sonra bükülünün arasını açmadan, özü onun “narkotika” olduğunu demişdir. Həmin fakt üzrə cinayət işi başlanmış, qanunların kobud şəkildə pozulması metodları ilə istintaq aparılmış, baxılması üçün Bakı Hərbi Məhkəməsinə verilmişdir. ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2N1-ci il tarixli, 1-1(093)-20/2N1 saylı hökmü ilə təqsirli bilinərək barəsində 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmü ilə Bakı Hərbi Məhkəməsinin 21 may 2N1-ci il tarixli hökmü ləğv edilmiş, təqsirin sübuta yetməməsi əsası ilə İddiaçı tam haqlı olaraq bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2N2-ci il tarixli 1-1(1N)42/2N2 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı cinayət işi üzrə xx.xx.2N0-ci il tarixdə cinayət təqibi orqanları tərəfindən saxlanmış, o gündən etibarən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2N1-ci il tarixli hökmü çıxarılanadək onun azadlığı məhdudlaşdırılmış, bu müddət arasında 1 sutka Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində, xx.xx.2N1-ci ildən xx.xx.2N1-ci ilədək 6 ay 14 gün (cəmi 6 ay 15 gün müddətində) həbsdə olmuşdur. İddiaçı həbsdən buraxıldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən verilmiş protestə Ali Məhkəmədə baxıldığı xx.xx.2N2-ci il tarixədək müdafiəsini qurmaqla və xəstə atasının müalicəsi ilə məşğul olmuşdur. Bundan əlavə N nömrəli hərbi hissə (korpus) komandirinin N8 saylı xx.xx.2N0-ci il tarixli əmrinə əsasən, guya İddiaçı hərbi qulluqdan xəbəri olmadan xidmətdən azad edilmiş, əslində isə İddiaçı xx.xx.2010-cu il tarixdə xidmət yerində olmuş və o, hərbi hissədən Hərbi Polis əməkdaşları tərəfindən çağırılaraq avtomobilinin arxa dövlət nişan nömrəsinin altına baxış keçirilmişdir. İddiaçı xx.xx.2N0-ci il tarixdən bu günədək orta aylıq əmək haqqısı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat əmlakından məhrum olmuşdur. İddiaçı həbsdə olduğu müddət ərzində cinayət təqibi orqanlarının qərarlarından, o cümlədən məhkəmənin ədalətsiz, qanunazidd, haqsız və əsassız hökmündən narazı qalmış anası, qardaşı, atası və digər yaxın qohumları gecə-gündüz iztirab içində, ac və susuz qalmış, vaxtlarını ağlamaqla keçirən valideynlərindən atası ağciyər xəstəliyinə tutulmuş, 10 gün vərəm dispanserində, 3 ay yarım isə ambulator müalicə almış, nəticədə İddiaçı ailəsi xeyli maddi və mənəvi zərərə məruz qalmışdır. Bundan əlavə, İddiaçı və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə bu iki il ərzində daha 50.000 (əlli min) manat həcmində maddi və mənəvi zərərə məruz qalmışlar. Cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün İddiaçı 550 (beş yüz əlli) manat vəsait xərcləmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun barəsində cinayət işi üzrə icraat başlanana qədər o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbçi kimi işləmiş və barəsində cinayət işi başladığına görə işdən azad edilmişdir. Lakin bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbçi) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Bundan başqa, iddiaçı cinayət icraatı ilə əlaqədar məhkəmə araşdırmaları üçün vəkillə müqavilə imzaladığını və hüquqi xidmət üçün 550 manat ödədiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçının hüquqi xidmətlərə görə ödədiyi məbləğ onun şəxsi seçimi olaraq qiymətləndirilməlidir. İddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi haqqa görə kompensasiya istəməsi də əsassızdır. İddiaçının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, həbsə alındığı xx.xx.2N0-ci il tarixdən işdən (MAHXE qismində xidmətdən) xaric olunması səbəbindən bu günədək orta aylıq əmək haqqı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun, onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldıqları maddi və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat həcmində kompensasiyanın, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 550 (beş yüz əlli) manat, cəmi 72.825 (yetmiş iki min səkkiz yüz iyirmi beş) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mənəvi zərər olaraq 50.000 (əlli min) manat, maddi zərərin əvəzi olaraq 440 (dörd yüz qırx) manat, hüquqi yardım göstərilməsi üçün xərclədiyi 110 (yüz on) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, maddi ziyan olaraq tələb edilmiş 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat hissəsində baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2N3-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi “22.275 manat maddi zərərin ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2N3-cü il tarixli, e-2(006)-535/2N3 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 440 (dörd yüz qırx) manat məbləğində maddi zərərin, 7000 (yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 110 (yüz on) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi-ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona hüquqlarının müdafəsi ilə əlaqədar xərclədiyi vəsaitə görə 440 (dörd yüz qırx) manat məbləğində ziyan dəyməsini bildirmiş və bu iddiasını əsaslandıracaq sübutları (müvafiq ödəniş qəbzləri) məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən həmin sənədlər iddiaçının qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan dəydiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilmişdir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 7000 (yeddi min) manat həcmində təmin olunmasını ədalətli hesab etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2N1-ci il tarixdən xx.xx.2N1-ci il tarixinədək, 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılması nəzərə alınmaqla, yəni 6 (altı) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələri, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu, Mülki Məcəllənin 1101.1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarı ilə əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 7.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Hesab edirlər ki, Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 7.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasınsa öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə təmin edilən hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

Mülki Məcəllə:

21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2N1 saylı xx.xx.2N1-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 1 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkməsinin əvvəli xx.xx.2N1-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1-1(105)- 17/2N1 saylı, xx.xx.2N1-ci il tarixli hökmünə əsasən isə İddiaçı Azəbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2N1 saylı 21 may 2N1-ci il tarixli hökmü ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(1N)-42/2N2 saylı xx.xx.2N2-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2N1-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2N1-ci il tarixdən xx.xx.2N1-ci il tarixinədək, 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılması nəzərə alınmaqla, yəni 6 (altı) ay 24 (iyirmi dörd) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçı tərəfindən hüquqlarının müdafəsi ilə əlaqədar xx.xx.2N0-ci il tarixdə 110 (yüz on) manat, xx.xx.2N0-ci il tarixdə 110 (yüz on) manat, xx.xx.2N1-ci il tarixdə 110 (yüz on) manat, xx.xx.2N2-ci il tarixdə 110 (yüz on) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində vəsait xərcləndiyindən, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində əsaslar göstərmədən iddia tələbini qəbul etmədiklərini göstərmişdir. Lakin iddianı nəyə görə və ya hansı əsaslara görə qəbul edilmədiyi açıqlanmamışdır. Cavabdeh tərəfin apellyasiya şikayətində göstərdikləri dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə ləğv olunmalı olmasını hesab etsə də, şikayətin məzmunundan görünür ki, müəllif əsasən mənəvi zərərin hesablanmasının CPM-nin 190-cı maddəsinin tələbləri baxımından tamamilə əsassız olmasını vurğulayıb, lakin maddi zərər kimi tutulmuş 440 manat məbləğinin tutulmasının əsassızlığını göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə kompensasiya almaq hüququna malikdir. Normanın məzmununda vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ dedikdə maddi və mənəvi ziyan nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı ona həm maddi, həm də mənəvi ziyan vurulmasını iddia etmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının maddi ziyanla bağlı əsaslandıracaq sübutları (müvafiq ödəniş qəbzləri) məhkəməyə təqdim etməsini nəzərə alaraq haqlı olaraq iddiaçının qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan dəydiyini təsdiq edən mötəbər sübut kimi qəbul edərək iddianı bu hissədə təmin etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmasına dair birinci instansiya məhkəməsinin qənaəti də düzgündür. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən istintaq orqanının qanunsuz hərəkətləri ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcud olsa da, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 50000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 6 ay 24 gün üçün 7000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəlləsinin 1101ci maddəsini tətbiq edərkən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı olmasına dair dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanı tətbiq edərkən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının cinayət məsuliyyətinə əsassız və qanunsuz olaraq cəlb olunması ilə məhkum olunması təqsirin sübuta yetməməsi əsası ilə İddiaçı bəraət verilməsinə dair Smqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmü, eləcə də həmin hökmün dəyişdirilmədən saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2N2-ci il tarixli 1-1(1N)42/2N2 saylı qərarı ilə təsdiqlənmişdir. Şikayətin qeyd edilən dəlilində şikayət müəllifi təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunmasının onların təqsirinin müəyyən edilməsinin dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün lazım olmasını qeyd etməsini məhkəmə kollegiyası xüsusilə qeyd edir və hesab edir ki, bu dəlili ilə apellyator ziyanın məhz dövlət tərəfindən ödənilməli olmasını bir növ etiraf edir. Əgər belə olmasa idi şikayətində dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsini xüsusilə vurğulanmazdı. İş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası həmçinin şikayətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir k iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığı qənaətinə gələrək şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə də, məhkəmə kollegiyası apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2N3-cü il tarixli, e-2(006)-535/2N3 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar