Məhkəmə qərarları › İş №2(103)-3233/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3233/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3233/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(006)-1036/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 17 sentyabr 2020-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuş, 30 noyabr 2022-ci il tarixli ittiham aktına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X7 Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, həmin hökmlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protesti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1734/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 50.000 (əlli min) manat, mənəvi zərərə görə isə 200.000 (iki yüz min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cinayət işinin materiallarında olan saxta və uydurma sübutların əksi olaraq İddiaçı heç vaxt narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq narkotik vasitələri satma ilə məşğul olmamışdır. Belə ki, bu zamana kimi 1 (bir) dəfə narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə bağlı məhkum olunmuşdur. 17 sentyabr 2021-ci il tarixdə gecə saat 3-4 radələrində polislər İddiaçı evinə gəlmiş, bu zaman o çölə çıxmış və həmin vaxtı evdə onun ailə üzvləri olmuşdur. Ailə üzvləri də polislərin səsinə yuxudan oyanmışlar. Polislər İddiaçı bacısı Bəsirənin evində quldurluq olduğunu dedikdən sonra İddiaçı evə qayıtmış və bacısı Bəsirəgilə getmişdir. 17 sentyabr 2020-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini olan Bəsirəgilin evində baş vermiş hadisə ilə əlaqədar İddiaçı onların evinin yaxınlığına gəlmiş, həmin zaman çöldə xeyli polis əməkdaşları olmuş, polislər onu görən kimi könüllü surətdə Astara RPŞ-nə dəvət etmişlər. İddiaçı da polisin xidməti maşını ilə birgə şöbəyə gəlmiş, şöbənin inzibati binasına giriş hissəsindən sol tərəfdə yerləşən xidməti otaqlardan birinə salınmış, daha sonra oraya bir neçə polis əməkdaşı da daxil olduqda polis əməkdaşları ona “bilirik ki, sən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğulsan, qarşına sənədlər qoyulacaq, onlara imza çəkərsən, sənin üçün yaxşı olar, yoxsa görərsən” bildirdikdən sonra o da polis əməkdaşlarına “mən narkotik vasitlərin satışı ilə məşğul deyiləm və heç bir sənədə də imza çəkməyəcəm” deyə cavab vermişdir. Belə olduqda polis əməkdaşları İddiaçı işgəncələr verməyə başlamış, otaqda təxminən 5-6 polis nəfəri olmuş, İddiaçı onlardan ikisini şəxsi olaraq tanımış, həmin polis əməkdaşları Ayaz adlı dolu bədənli polis serjantı və Fuad Fətəliyev adlı polis əməkdaşı olmuş, digərləri isə Astara rayon PŞ-nin əməkdaşları olmuş, onların adlarını bilməmişdir. Həmin polis əməkdaşları İddiaçı bədəninin qol, baş, kürək və ayaq nahiyələrinə dubinka və yumuruq-təpiklə zərbələr vurmuş və müxtəlif xəsarətlər yetirmişlər. Bundan sonra İddiaçı yaşadığı evə aparılmış və evin həyətində və içərisində bir neçə nəfər polis əməkdaşının artıq onları gözlədiklərini görmüşdür. Polis əməkdaşları tərəfindən İddiaçı evinin içərisinə və döşəmənin altına bir neçə büküm narkotik vasitə və psixotrop maddə qoyulmuş, həmin bükümlər İddiaçı məxsus olmamışdır. Lakin polis əməkdaşları İddiaçı hədə-qorxu gəlib daha ağır maddələrlə ittiham edəcəklərini bildirdiyi üçün o, məcbir qalıb çəkiliş zamanı əli ilə həmin bükümləri işarə etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X7 Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, həmin hökmlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protesti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1734/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı təmin edilməmişdir. Eyni zamanda İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən tutularkən və tutulduqdan sonra döyülmüş. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 490 nömrəli, xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, tibbi sənəddə qeyd olunan “alın, sağ göz altı, hər iki pəncə nahiyəsində tünd-bənövşəyi rəngli qançırlar” xəsarətlərinin rəng göstəricilərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində keçirilmiş müayinədən 3-5 gün əvvəl əmələ gəlmiş, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 490 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən “təqsirləndirilən şəxsin alın, sağ göz altı, hər iki pəncə nahiyəsində tünd-bənövşəyi rəngli qançırlar” xəsarətlər 20-22 sentyabr tarixlərdə əmələ gəlmişdir. İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən tutulması və ona saxta narkotik vasitə ittihamı verilməsi onun ailə üzvləri olan X3, X5, X6, X8 və X1 da ağır psixoloji sarsıntılar keçirmələrinə səbəb olmuşdur. Belə ki, azyaşlı övladları İddiaçı təqsirsizliyi sübut edilənədək kənddə ictimai qınağa məruz qalmışlar. Hətta İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ailəsini həm maddi, həm də mənəvi olaraq çətin vəziyyətə salmışdır. Ailənin yeganə qazanc gətirən şəxsi kimi İddiaçı daim fikirləşmişdir ki, görəsənazyaşlı uşaqları nə yedi, nə içdi, xəstələnəndə necə müalicə aldı. Həmçinin, İddiaçı ailəsini təkbaşına saxlamış, onların həm maddi, həm də mənəvi tələbatlarının yaxşı vəziyyətdə olması, uşaqlarının təhsili üçün əlindən gələni etmiş, bu yolda ona heç kim köməklik göstərməmişdir. Əksinə, İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulması, onun saxta narkotik maddəsi ilə ittiham edilməsi, döyülməsi, həm onun özündə, həm də ailəsində mənəvi psixoloji sarsıntıların keçirilməsi ilə nəticələnmişdir. İddiaçı 17 sentyabr 2020-ci il tarixdə tutulmuş və bəraət alana kimi, yəni 05 may 2022-ci il tarixədək istintaq təcridxanasında saxlanılmış, bu müddət isə 19 (on doqquz) ay 18 (on səkkiz) gün təşkil edir. İddiaçı barəsində çıxarılmış əsaslı bəraət hökmü ilə kifayətlənməyən dövlət itihamçısı baraət hökmü çıxdıqdan sonra kassasiya protesti verdiyi üçün barəsində məhkəmə araşdırması davam etmişdir. Bütün bu müddət ərzində İddiaçı ailəsi sarsılmış, özünün səhhətində ciddi problemlər yaranmış və iddiaçı müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı İddiaçı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 19 (on doqquz) ay 18 (on səkkiz) gün müddətində mənəvi sarsıntı keçirmiş və İddiaçı ona vurulmuş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat pul tələb edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 fevral 2023-cü il tarixli, 2(006)-1036/2023 saylı qətnaməsi ilə (Abidova Günay) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyriqanuni qərar qəbuletməklə iddiaçının həmin hüquqları da pozmuşdur. Qeyd olunan pozuntuya nümunə olaraq məhkəmənin iddiaçının himayəsində dörd azyaşlı uşağının olması, onların da, məhz Elşən qədər psixoloji əzab çəkməsi, Eləşənin həm azadlığını itirməsi, həmdə onun özüazadlığını itirməsi ilə yanaşı himayəəsində olan uşaqlarının ona görə əzab çəkməsi kimi hallara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməməsini, həmçinin onun azadlıqda olduğu müddətdə öz ailəsininin maddi xərcələrini qarşılaması kimi halları görməzdən gəlməsini göstərə bilərik. Həmin maddəyə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuztətbiqi, inzibatitənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, AzərbaycanRespublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Amma məhkəmə tərəfindən iddia ərizəsində göstərilənlər düzgün qiymətləndirilmərək səhv nəticəyə gəlinmişdir. Əgər məhkəmə iddiaçının polislər tərəfindən tutularkən, tutulduqdan sonra, yəni iddiaçıya polislərin sərəncamında olduğu müddətdəfiziki və psixoloji izitirablar verilməsini, (hətta onun ayaqlarının altının yandırılmasını (bununla bağlı ekspert rəyləri mövcuddur və məhkəmələr tərəfindən çıxarılmış hökmlərdə qeyd aparılmışdır)), onun tutulduqdan sonra evinə gətirilməsi, özaz yaşlı uçaqlarının gözü önunda ona psixoloji və fiziki təsirləredilməsi, bu halların azyaşlı uşaqlarında psixoloji sarsıntılar yaratması, həmçinin onun uzunmüddət həbsdə olması və bununda həm onun özündə həmdə ailəsində mənfi psixoloji sarsıntlar yaratması, həmçinin o, həbs olunduqdan sonra ailəsinin sosial vəziyyətinin acnacaqlı duruma düşməsi, onun azadlıqda olduğu müddətdə əldəetdiklərindən məhrum olması kimi hallar nəzərə alınmamışdır.Əgər həmin hallar məhkəmə tərəfindən nəzərə alınsa idi iddia tamolaraq təmin olunardı. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları birinci insitansiya məhkəməsində sübut edə bilmiş, lakin mübahisəli məhkəmə qətnaməsini qəbuletmiş məhkəmə isə işə birtərəfli yanaşmaqla həmin maddənin tələblərini kobud surətdə pozmuşdur. Buna əsasən iddiaçı qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi h e ç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Buna əsasən cavabdeh qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun şikayət verərək,onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 4.1. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

14. Maddə 5.5. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

15. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.

25. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun Astara RMX poliklinika şöbəsinin narkoloji kabinetində “Həşiş narkomanı” diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir.

26. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad olunması hökm edilmişdir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır.

28. Belə ki, iddiaçı Əskərov X4 Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Ali Məhkəməsinin 1(102)-1734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 17 sentyabr 2020-ci il tarixdən 05 may 2022-ci il tarixədək, yəni 1 (bir) il 07 (yeddi) ay 18 (səkkiz) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir.

30. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm çıxarıldıqda şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

32. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin 20.000 (iyirmi min) manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

35. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

36. Məhkəmə kollegiyası maddi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməmişdir. Belə ki, belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

37. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, o, əks nəticə gəlinməsini mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır.

38. Eyni zamanda kollegiya Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

39. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

40. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı hazırki işlə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(006)- 1036/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar