Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3234/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvanındakı fərdi yaşayış evinin sahibi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 89 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında qarajın Cavabdeh1 qızının mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvanındakı fərdi yaşayış evinin sahibi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir, cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)-80/2023) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin mülkiyyətində və istifadəsində olan evin yerləşdiyi Cəlil Məmmədquluzadə küçəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamının təsir dairəsinə düşməmiş və müqavilədə də bu barədə razılıq olmamışdır. Buna görə də iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Mübahisəli fərdi yaşayış evi cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Həmin yaşayış evinin xüsusi mülkiyyətdə olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 24-cü, Mülki Məcəllənin 5.3, 6.3, 14, 16, 152.6, 324, 390, 560-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə bir iclasda yekunlaşmışdır. Əgər məhkəmə baxışı zamanı Cəlil Məmmədquluzadə küçəsinin Sərəncamın təsir dairəsinə düşüb-düşməməsi ilə bağlı hər hansı aydınlıq gətirilməsi vacib hesab edilsəydi, təbii ki, bununla bağlı izahat verilmiş olardı. Lakin, bununla bağlı hər hansı bir sual yaranmamışdır. Ümumiyyətlə, əgər iddiaçının subyektiv hüququ yox idisə, iddia ərizəsi icraata götürülməzdi. Məhkəmənin qeyd etdiyi guya Cəlil Məmmədquluzadə küçəsinin Sərəncamın təsir dairəsinə düşməməsi və iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması ilə bağlı göstərdikləri tamamilə əsassızdır. Çünki, Cəlil Məmmədquluzadə küçəsi Sərəncamın təsir dairəsinə düşür və bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı məktubu, Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 saylı məktubu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 fevral 2020-cil tarixli 02/07-510 saylı məktubları bu faktı təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar əlavə olaraq bildirdilər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə C.Məmmədquluzadə küçəsindəki evlərin söküntüsü də nəzərdə tutulur və bu, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə bir daha təsdiq olunur. C.Məmmədquluzadə küçəsində yerləşən evlərin əksəriyyətinin sakinləri ilə razılıq əldə olunmuş, razılıq əldə edilməyən yalnız 2 (iki) ev qalmışdır ki, onlardan biri də hazırkı işdə mübahisələndirilən evdir. Ümumiyyətlə isə Sərəncamla əhatə olunan ərazidə yerləşən 280 evdən 220-ci sakinlərin razılığı ilə artıq sökülmüşdür.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
13. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
14. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
15. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
17. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
18. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
20. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvanın Sərəncamın təsir dairəsinə düşmədiyinə və bu əsasla iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığına istinad etmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli ünvanda inşaat işləri aparılmasına hüququnu təsdiq edən sübutlar təqdim etməlidir.
30. İşdə olan Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X6 və Novruzov Qardaşları küçələrinin kəsişməsində mövcud şəhərsalma normalarına cavab verməyən şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
31. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı torpaq sahəsinin ayrılmasına razılıq barədə xx.xx.2019-cu il tarixli məktubunda (i.v.17), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 19 saylı Sərəncamında və xx.xx.2021-ci il tarixli məktubunda (i.v.8-9, 20) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Cizgidə (i.v.27-28) "xxxx" MMC-yə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə ayrılan 4.2258 ha torpaq sahəsinin ölçülərinin Nəsimi rayonu AK.H.Əliyev, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələri ilə yanaşı C.Məmmədquluzadə küçəsini də əhatə etdiyi qeyd olunmuşdur.
32. Nəhayət, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda da Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin Nəsimi rayonu Ak.H.Əliyev, Y.V.Çəmənzəminli, Novruzov qardaşları və Cəlil Məmmədquluzadə küçələrini əhatə etdiyi göstərilmişdir.
33. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi Cəlil Məmmədquluzadə küçəsi xx.xx.2020-ci il tarixli Sərəncamın təsir dairəsinə düşür və bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur.
34. İddianın mahiyyətinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir.
35. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayonu Ak.H.Əliyev, Y.V.Çəmənzəminli, Novruzov qardaşları və Cəlil Məmmədquluzadə küçələrinin əhatə etdiyi ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
36. Mübahisə predmeti olan ünvan 6 ünvanındakı fərdi yaşayış evi də həmin sərəncamla əhatə olunan ərazidə yerləşir. Ev özbaşına tikilidir. Evin heç bir hüquqmüəyyənedici sənədi olmasa da iddiaçı "xxxx" MMC onun cavabdehlərə məxsusluğunu qəbul edir və evin söküntüsü müqabilində onlara yeni tikiləcək binada yaşayış sahəsi təklif edir. "xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə mübahisəli evin faktiki sahəsi 78,83 kvm, zirzəmi sahəsi isə 25 kvm göstərilmişdir.
37. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
38. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.
39. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
40. Nazirlər Kabinetinin adı çəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).
43. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X3rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).
44. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan yaşayış və ya qeyri-yaşayış sahələrindən 20% artıq olmaqla təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin edilməsi vəzifələri qoyulmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil (qeyri-yaşayış) sahələri ilə bağlı artıq təcrübə formalaşdığından, cavabdehlər qeyriyaşayış və yaşayış sahəsinin əvəzi olaraq, həmin yaşayış sahəsinin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində müvafiq sahə ilə təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə bu, cəmiyyətin ümumi maraqları ilə cavabdehlərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans”ı təmin etmiş olar.
47. İddiaçı tərəfindən cavabdehlərə ümumi sahəsi 89 kvm olan yaşayış sahəsi və qaraj tıəklif olunmuşdur. İddiaçı qaraj sahəsini 25 kvm zirzəminin əvəzinə təklif etdiyini bildirir. Mübahisəli evin hüquqmüəyyənedici sənədi olmadığından və bu səbəbdən evin hüquqi sənədlərə əsasən və faktiki ölçülərini müəyyən etmək mümkün olmadığından işə birinci instansiyası məhkəməsində baxılarkən mübahisəli ünvandakı evin ölçülərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 10/8138 saylı rəyi ilə mübahisəli evin faktiki sahəsinin 73,1 kv.m və zirzəmi sahəsinin 25,3 kv.m olduğu müəyyən edilmişdir.
48. Halbuki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən yerində ölçmə işləri aparılmaqla tərtib olunmuş sxemdə mübahisəli evin faktiki sahəsi 78,83 kvm, zirzəmi sahəsi isə 25 kvm qeyd olunmuşdur. 48 Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli evin faktiki sahəsinin "xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilən ölçüləri cavabdehlərin maraqlarına daha uyğun olduğundan ekspert rəyindəki deyil, məhz həmin sxemdə göstərilən sahələr əsas götürülməli və həmin sahəyə 20% sahə ( 20,7 kvm) əlavə edilməklə, cəmi 124,6 kvm sahəyə malik təmirli mənzil cavabdehlərə verilməlidir (78,83 kvm + 25 kvm zirzəmi sahəsi + 20, 7 kvm (20 %) = 124,6 kvm). 49 İddiaçı 25 kvm zirzəmi sahəsinin əvəzinə cavabdehlərə qaraj təklif etsə də, məhkəmə kollegiyası zirzəminin yardıçmı sahə olduğunu və onun qarajla əvəzləşdirilməsinin ədalətsiz olduğunu nəzərə alaraq bununla razılaşmır və 25 kvm zirzəmi sahəsinin əvəzinə də yaşayış sahəsi verilməsini cavabdehlərin qanunla qorunan mənafelərinə uyğun sayır. 50 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. 51 İddiaçı iddia ərizəsində sökülən evin əvəzinə yeni tikiləcək binadan mənzilin cavabdehlərdən yalnız birinin – Cavabdeh1 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası mübahisəli ünvandakı evin özbaşına tikili olduğunu və cavabdehlərin ev üzərində hüquqlarının bərabər olduğunu nəzərə alaraq yeni mənzilin onların hamısının mülkiyyətinə verilməsini düzgün sayır.
53. Göstərilənləri nəzərə alaraq Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin evdən çıxarılmaqla, ev boşaldılmalı və sökülməli, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 124,6 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil cavabdehlərin mülkiyyətinə verilməli, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməlidir.
53. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Sərəncamla əhatə olunan ərazidə yerləşən 280 evdən 220-sinin sakinlərin razılığı ilə artıq sökülmüş olduğunu, C.Məmmədquluzadə küçəsində yerləşən evlərin əksəriyyətinin sakinləri ilə razılıq əldə olunduğunu və razılıq əldə edilməyən yalnız 2 (iki) ev qaldığını nəzərə alır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilsin, cavabdehlər həmin evdən çıxarılmaqla ev boşaldılsın və sökülsün. İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 124,6 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil cavabdehlərin mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilib mənzil verilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.