Məhkəmə qərarları › İş №2(103)-3234/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3234/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3234/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: əşyaların qeyri-yaşayış sahəsindən çıxarılması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh2 qarşı "əşyaların qeyri-yaşayış sahəsindən çıxarılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-620/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MTK onun tərəfindən inşa edilməsi nəzərdə tutulan Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində sahəsi 6.550 kv.m olan qeyri-yaşayış sahəsini inşa etməyi, iddiaçı isə bunun qarşılığında müqavilə ilə razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdürlər. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən həmin yaşayış kompleksinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9cu, 10-cu girişlərinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 6.550 kv.m olan qeyriyaşayış sahəsi iddiaçıya məxsusdur və onun "xxxx" MTK-ya borcu yoxdur.

2. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ilə X10 müraciəti, X20 və Cavabdeh2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Azure” TM-nin 1-ci mərtəbəsindəki sahəsi 441,9 kv.m. və 843, kv.m. sahəsi olan “X24” MMC-nin və Cavabdeh2 məxsus geyim əşyaları satılan mağazadakı əşyalar qablaşdırılaraq "xxxx" MMC-nin anbarına yığılmışdır. Həmin mallar bunlardan ibarətdir: ümumi sayı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqları.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-2730/2022 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC-nin iddiası qismən təmin edilmiş, X8 dəymiş zərərin əvəzi olaraq 28.907,90 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi, X9 dəymiş zərərin əvəzi olaraq 10.198 manat məbləğində pulun tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddiaçılar X11, X12 və "xxxx" MMC-nin iddiaları qismən təmin edilmiş, X18 ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh2 4.940,73 manat məbləğində icarə haqqının tutularaq X14 ödənilməsi, X19 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən 8.661,80 manat məbləğində icarə haqqının tutularaq X15 ödənilməsi, "xxxx" MMC ilə Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, Cavabdeh2 6.128,32 manat, "xxxx" MMC-dən 9.003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-49/2022 nömrəli qətnaməsi dəyişdirilərək, cavabdeh X9 iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 34.438 manat pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, 300 manat ekspertiza xərcinin cavabdehlər X8 və X9 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarların, qadın aksessuarları daxil olmaqla bijuteriyanın, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarlarının, 351 ədəd böyük və kiçik projektorların, 2 ədəd kassanın, 1 ədəd dəmir seyfin, 28 ədəd işlənmiş manekenin və vitrin avadanlıqlarının ona məxsus olan qeyri-yaşayış sahəsindən öz hesablarına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı tələbini Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 2730/2022 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrinə istinad edərək onunla əsaslandırmışdır ki, anbar "xxxx" MTK-nın istifadəsində olsa da, ona məxsusdur və onun mülkiyyətindədir. Belə ki, cavabdehlərin əmlaklarının yerləşdirildiyi qeyri-yaşayış sahəsini "xxxx" MTK-dan xx.xx.2016-cı il tarixli müqavilə əsasında almış və buna dair ona həmin tarixli maliyyə arayışı təqdim olunmuşdur. Həmin maliyyə arayışında qeyd olunur ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9cu, 10-cu girişlərinin 3-cü mərtəbəsində yerləşən, hər birinin 655 m2 olan qeyri-yaşayış sahəsi ona məxsusdur və "xxxx" MTK-ya hər hansı bir borcu yoxdur. Cavabdehlərin əşyalarının uzun müddət ərzində ona məxsus olan qeyri-yaşayış sahəsində saxlanılması, cavabdehlər tərəfindən həmin əmlakİarın götürülməməsi nəticəsində o, öz daşınmaz əmlakından bu gün də istifadə edə bilmir və nəticədə onun mülkiyyətə dair hüquqları pozulur. "xxxx" MTK-nın nümayəndəsi tərəfindən dəfələrlə bu barədə cavabdehlərə müraciət olunsa da, cavabdehlər müraciətlərə məhəl qoymamış və bu günə qədər həmin əmlakları ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarmamışlar.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-620/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarların, qadın aksessuarları daxil olmaqla, bijuteriyanın, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşırılmış qadın aksessuarlarının, 351 ədəd böyük və kiçik projektorların, 2 ədəd kassanın, 1 ədəd dəmir seyfin, 28 ədəd işlənmiş manekenin və vitrin avadanlıqlarının İddiaçı məxsus "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin hesablarına çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X5).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və hazırda çıxarılması tələb edilən əşyalar cavabdehin nümayəndəsinin məhkəmə iclasında etirafı ilə cavabdehə məxsus olduğu öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinin qəbul edilməməsini əşyaların onlara məxsus olmasına baxmayaraq həmin qeyri-yaşayış sahəsinə cavabdehlər tərəfindən deyil, onların məlumatı və razılığı olmadan iddiaçının oğlu tərəfindən yerləşdirilməsini, əşyaların kimyəvi maddə nəticəsində yararsız hala salınmasını, nəticədə əşyaların çıxarılmasının insan həyatı üçün təhlükə yaratması ilə əsaslandırmağa çalışsa da, məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə əşyanın yerləşdirilməsi nəticəsində dəymiş ziyanla bağlı olmamaqla mülkiyyətçinin mülkiyyətində olan əmlakla bağlı hüquqlarının pozulması, iddiaçının müraciətlərinə baxmayaraq cavabdehlər tərəfindən özlərinə məxsus əşyaların qeyriyaşayış sahəsindən çıxarılmamasıdır. Cavabdehin iddia tələbinə etirazında qeyd edilən hallar artıq məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Hazırki halda cavabdehlərə məxsus əşyaların mülkiyyətçinin qeyri yaşayış sahəsində mülkiyyətçinin iradəsinə zidd olaraq saxlanılması onun hüquqlarını pozmaqdadır. Bu səbəbdən həmin əşyalar cavabdehlərin hesabıa çıxarılmalıdır.

8. Məhkəmə öz mövqeyini “İnsan hüquqları və X13 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 29-cu, 43-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157.4-cü, 164.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci, 9.1-ci, 14.2-ci, 49.1-ci, 76-cı, 77.1-ci, 82-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilən onlara məxsus əşya və avadanlıqlar, onların məlumatı olmadan və xəbərsiz şəkildə iddiaçının oğlu X26 tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir. İddiaçı ilə iddia tələbində göstərilən onlara məxsus əşya və avadanlıqların sözügedən qeyri-yaşayış sahəsinə yerləşdirilməsinə dair hər hansı formada müqavilə və ya razılaşma (hüquq və vəzifələr, öhdəliklər) mövcud olmamışdır. Belə olan halda onlara məxsus əşya və avadanlıqların başqa şəxslər tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə yerləşdirilməsi, onlar tərəfindən iddiaçının mülkiyyət və sahiblik hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin həmin əşya və avadanlıqların sözügedən qeyri-yaşayış sahəsinə başqa şəxs tərəfindən yerləşdirilməsi işin mübahisəedilməyən halıdır, o zaman iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət və sahiblik hüquqları əşya və avadanlıqları qeyri-yaşayış sahəsinə yerləşdirilmiş şəxs tərəfindən pozulduğundan, hazırki iddia tələbi üzrə cavabdeh şəxslər onlar deyil, həmin şəxs olmalıdır və iddia tələbi də həmin şəxsə yönəldilməlidir. İş materillarında olan sınaq protokolları, eləcə də “Azad İstehlakçılar” İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə yerləşdirilmiş əşyalar insan orqanizmi üçün son dərəcədə zərərli olan və dünaynın bir çox ölkəsində istifadəsinə qadağa qoyulmuş preparatlar vurulmuşdur. Belə olan halda həmin əşyaların qeyd olunan qeyriyaşayış sahəsindən onlar tərəfindən çıxarılmasının tələb edilməsi, həmin əşyaları çıxardan şəxslərin sağlamlığı üçün zərəli olan nəticələrə gətirib çıxaracaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, digər Cavabdeh1 isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, qətnamə yalnız "xxxx" Məhdud Məsuliyyətli tərəfindən mübahisələndirildiyindən, qətnamə yalnız ona münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsinə, habelə dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsində yerləşən sahəsi 6.550 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur, lakin mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır (iddiaçı pay haqqını tam ödəmiş şəxs olaraq bu hüququn əldə edilməsində üstün (real hüquqi gözləntiyə) hüquqa malikdir). Hazırda iddiaçı ümumi sayı 388 qutu daxilində olan paltarların, qadın aksessuarları daxil olmaqla bijuteriyanın, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarlarının, 351 ədəd böyük və kiçik projektorların, 2 ədəd kassanın, 1 ədəd dəmir seyfin, 28 ədəd işlənmiş manekenin və vitrin avadanlıqlarının onun iradəsinə zidd olaraq ona məxsus həmin qeyri-yaşayış sahəsində olduğunu və bunun nəticəsində hüquqlarının pozulduğunu bildirir. Cavabdeh tərəf isə iddia tələbində göstərilən əşyaların ona məxsus olmasını qəbul etsə də, həmin əşyaların iddiaçının oğlu tərəfindən onlara heç bir məlumat verilmədən həmin sahəyə yığıldığını, əşyalara zərərli maddələr vurulduğundan onların həmin sahədən çıxarılmasının insan sağlamlığına təsirsiz ötüşməyəcəyini bildirirərək iddianın rədd olunmasını xahiş edir.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyator həm birinci instansiya məhkəməsindəki icraat zamanı, həm də hazırki apellyasiya şikayətində iddiada göstərilən əşyaların ona məxsusluğunu qəbul edir. Bununla yanaşı, apellyator mübahisəli sahənin iddiaçıya məxsus olmasını, iddia edilən əşyaların hər hansı əlamətini (sayını, növünü və s.), habelə onların həmin sahədə olmamasını da mübahisələndirmir. Həmin əşyaların mübahisəli qeyri-yaşayış sahəsində olması işin mübahisəsiz halıdır. Cavabdeh1 əsas mövqeyi əşyaların şirkət tərəfindən mübahisəli sahədən çıxarılmalı olmaması ilə bağlıdır və öz mövqeyinin əsası kimi bu cavabdeh 2 hala, yəni 1) əşyaların iddiaçının oğlu tərəfindən həmin sahəyə yığılmasına və 2) əşyalara zərərli preparatların vurulması nəticəsində onların çıxarılmasının sağlamlığa mənfi təsir edəcəyinə istinad edir.

22. Bu prizmadan çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyatora məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq ona məxsus olan mübahisəli sahədə olması mövcud vəziyyətdə onun həmin sahədən istədiyi kimi istifadə və ona sahiblik etmək hüquqlarını pozur. Bu halda da əmlak sahibinin həmin əmlakdan sərbəst istifadəsini məhdudlaşdıran və buna maneə olan hər bir hərəkətdən müdafiə və bu istiqamətdə pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ var. Həmin əşyaların sahibi olduğundan onların mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması vəzifəsini də bilavasitə cavabdehlər daşıyır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hər hansı formada iddianın təmin edilməməsinə əsas vermir.

23. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, apellyator ona məxsus əşyalara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçının oğluna qarşı ayrıca icraat qaydasında tələb irəli sürmüş və həmin icraat çərçivəsində bu məsələyə artıq hüquqi qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəəti ilə razılaşır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.

24. Məhkəmə kollegiyası iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və həmin hissədə də qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə heç bir əsas görmür.

25. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1n apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-620/2025 saylı qətnaməsi Cavabdeh1n apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar