Məhkəmə qərarları › İş №2(103)-3236/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3236/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3236/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “müqavilənin tələblərini yerinə yetirərək onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair, həmçinin iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(006)-5251/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı “müqavilənin tələblərini yerinə yetirərək onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12 avqust 2016-cı il tarixli, 748 nömrəli müqavilənin tələblərinin yerinə yetirilərək, iddiaçının işlə təmin olunmağı, həmçinin ona dəyən 6500 manat maddi ziyan və 3000 manat mənəvi ziyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixdə rezidenturaya qəbul alaraq, 748 saylı, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə rezidentura həkim-mütəxəssis hazırlığı haqqında 219 nömrəli müqaviləni bağlamışdır. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rezidentura hazırlığını uğurla başa vurduqdan sonra onu həkim-mütəxəssis kimi işlə təmin etmə vəzifəsini öhdəsinə götürüb. Müqavilədən də göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzərinə öhdəlik götürüb, lakin 2019-cu ildən rezidentura hazırlığını bitirməyinə baxmayaraq, bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ona ünvanlanan 04 mart 2020-ci il tarixli, xx/xx-1539 saylı cavab məktubunda həkim-stomatoloq vəzifəsi üzrə vakant yerin olmadığını göstərmiş və azad təyinat verildiyini qeyd etmişdir. Nazirlik “Rezidenturanı bitirən həkim-mütəxəsislərin iş yerlərinə göndərilməsi Qaydaları” nın 2.4 və 2.5-cü maddələrini qeyd edib. Həmin Qaydalarda azad təyinatdan, ümumiyyətlə təyinat verilməməsindən söhbət belə getmir. Qaydaların adından da göründüyü kimi həmin qaydalar sadəcə həkim mütəxəsislərin təyinat verilmə prosedurasını və təyinatla bağlı digər məsələləri tənzimləyir. Nazilrlik azad təyinat ifadəsini işlədərək, qanunvericiliyimizə yeni bir hüquqi termin daxil etməyə cəhd göstərmişdir. O, 2019-cu ildə rezidenturanı qurtarmağına baxmayaraq, hələ də barəsində təyinat verilməmişdir. 2019-cu ildən sonrakı illərin məzunlarına həkim-stomatoloq vəzifəsi üzrə təyinat verilmişdir. Göründüyü kimi Səhiyyə Nazirliyi tərəfindən edilən bu ayrı-seçkilik beynəlxalq və yeri qanunvericiliyə ziddir. Səhiyyə Nazirliyi həmçinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı etirazda bəzi səlahiyyətlərinin TƏBİB-ə keçdiyi, Nazirliyin tabeliyində qalan tibb müəssisələrinin psixiatrik və narkoloji təyinatlı olduğu üçün təyinat verməyin mümkünsüz olduğunu qeyd etmişdir. Ümumiyyətlə, dövlət orqanları səlahiyyətləri digər orqana verilirsə, həmçinin öhdəlikləri də həmin orqana ötürülür. Səhiyyə Nazirliyi səlahiyyətlərini TƏBİB-ə ötürə bilirsə, eyni zamanda müqavilə üzrə öhdəliklərini də TƏBİB-ə ötürməli idi. Bu günə qədər Səhiyyə Nazirliyi bağlanan müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyi üçün təyinat verilmədiyi müddətdə ona 6000 manat ziyan dəymiş, həmçinin hüquqlarının bərpası üçün vəkilə və hüquqi digər xidmətlərə görə 500 manat ödəmişdir. Həmçinin illərlə oxuyub rezidenturanı bitirib işə girmək xəyalı ilə yaşamışdır. 8 il oxuduqdan sonra işə girəcəyini gözlədiyi halda barəsində qanunsuzcasına təyinat verilməməsi onu gənc bir həkim olaraq mənəvi böhrana sürükləmişdir. Aylarla stres-əzab çəkdikdən, psixoloji dəstək aldıqdan sonra özünə gələ bilmişdir. Bütün bunları nəzərə alaraq, ona mənəvi ziyan da dəymişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia verərək, İddiaçı ilə aralarında bağlanan 12 avqust 2016-ci il tarixli, 748 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra təbdbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisası mövcud deyildir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində İddiaçı işlə təmin edilməsi məsələsi şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Mövcud hala əsasən İddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 748 saylı müqavilə məhkəmə tərəfindən ləğv edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə 2016-cı ildə bağlanılarkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 910 nömrəli Fərmanı mövcud olmadığına görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və “TƏBİB” qurumu da yaradılmamışdı. Qeyd edilənlərə əsasən, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(006)- 5251/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilk və qarşılıqlı iddialar təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilərək, ilk iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddia ərizəsinin rədd olunma hissəsində ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlk məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, digər tərəfin apellyasiya şikayətini əsassız saymış, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı əvvəl analoji tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, işə mahiyyəti üzrə baxılmış, iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası tərəfindən isə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, işə inzibati icraat qaydasında baxılmalı olmaması əsası ilə iddia qeyrimümkün sayılmışdır. Bu səbəbdən də hazırki tələblə Nəsimi Rayon Məhkəməsinə müraciəçt etmişdir. Hesab edir ki, iddiaçının tələbi müqavilə şərtlərindən irəli gəldiyindən tərəflər arasında yaranmış mübahisə inzibati xarakterlidir. Əvvəlk məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, digər tərəfin apellyasiya şikayətini əsassız saymış, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında yaranmış mübahisə inzibati xarakterlidir. Çünki, rezidenturanı bitirmiş şəxslərin işlə təmin olunması Səhiyyə Nazirliyinin və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Qaydalara uyğun həyata keçirilir. Müqavilənin bağlanması isə məhz “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının tələbləri çərçivəsində həyata keçirilmişdir. Bu səbəbdən də hesab edir ki, mübahisəyə mülki icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, qətnamə ilk iddianın rədd olunması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İlk iddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, iddiaçının (rezidenturanı bitirən həkim-mutəxəssis) işdə təmin olunması sahəsində yaranmışdır. Belə ki, “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə əsasən ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkimmütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirmiş həkimmütəxəssislərin iş yerlərinə göndərilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır və dövlət sifarişi əsasında rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd edilən Qaydalardan həmçinin görünür ki, həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir. Komissiyanın fəaliyyəti hazırkı qaydaların tələblərinə uyğun olaraq Nazirlik tərəfindən müəyyən edilir. Komissiya tərkibi təsdiq olunduğu gündən öz işinə başlayır və komissiyanın yeni tərkibi təsdiq olunana qədər öz səlahiyyətlərini yerinə yetirir. Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkimmütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (www.health.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir. Vakansiyaların seçimi zamanı həkimmütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir. Təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq keçirilmiş Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır. Nazirliyin tabeliyində olmayan tibb müəssisəsinə həkim-mütəxəssislərin təyinatı həmin tibb müəssisəsinin tabe olduğu qurumun Nazirliyə göndərdiyi müraciətinə əsasən həyata keçirilir. Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır: - müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olması; - rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti. Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır. Özü və ya himayəsindəki ailə üzvü (valideyn, həyat yoldaşı) orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, həmçinin uşağının əlilliyi müəyyən edilmiş həkim-mütəxəssislərə istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat haqqında arayış (2 nömrəli əlavə) verilir. Əri (arvadı) hərbi qulluqçu (zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) olan həkim-mütəxəssislərə öz ərinin (arvadının) xidmət yeri nəzərə alınmaqla təyinat verilir, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara azad təyinat haqqında arayış verilir. Təyinatı aparılan şəxslər Komissiyanın iclası barədə iclasa 5 iş günü qalmış təhsil aldıqları kilinik baza vasitəsi ilə və Nazirliyin rəsmi internet saytında elan verilməklə məlumatlandırılırlar. Təyinat haqqında qərar həkim-mütəxəssisin iştirakı ilə qəbul edilir. Həkim-mütəxəssis komissiyaya gəlmədiyi təqdirdə təyinat haqqında qərar onun iştirakı olmadan qəbul edilir. Komissiya açıq səsvermə yolu ilə sadə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. (Qaydaların 2.1-2.11-ci bəndləri) Tərəflər arasında bağlanmış 21 iyul 2017-ci il tarixli “Rezidenturada həkimmütəxəssis hazırlığı haqqında” müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədilə bağlanılır. Beləliklə, işin hallarından və tərəflər arasında yaranmış münasibətlərin xarakterindən (hüquqi təbiətindən) görünür ki, bu münasibətlər mülki hüquqi sahədə deyil, publik (ümumi) sahədə yaranmaqla inzibati xarakterlidir və bunun davamı olaraq tərəflər arasında müvafiq müqavilənin bağlanması vəziyyəti dəyişdirmir (qeyd edildiyi kimi, müqavilənin bağlanması məhz Qaydaların şərtlərindən irəli gəlir). Eyni zamanda, iddiaçı müqavilənin 3.1.2-ci bəndinə istinad etmişdir ki, həmin bənddə də nəzərdə tutulmuş “işlə təmin etmək” ifadəsi məhz Qaydalara uyğun olaraq işlə təmin olunmanı nəzərdə tutur. Göründüyü kimi, iddiaçı hər bir halda yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq işlə təmin oluna bilər ki, əks halda da bu istiqamətdə müvafiq komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Qeyd olunmalıdır ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi kimi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2-ci mad). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, iddiaçı inzibati orqan olaraq publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin qeyd edilməldir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 20 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının analoji tələbinin qeyri-mümkün sayılması halı, məhkəmə kollegiyasının hazırki iş üzrə müvafiq nəticəyə gəlməsini istisna etmir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 261.0 və 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv edilməli, iş üzrə icraata ilk iddiaya dair hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “müqavilənin tələblərini yerinə yetirərək onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair, həmçinin iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(006)-5251/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(006)-5251/2021 saylı qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv edilsin, mülki iş üzrə icraata ilk iddiaya münasibətdə xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar