Məhkəmə qərarları › İş №2(103)-3236/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3236/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3236/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: tikintinin qadağan edilməsi, kompensasiya ödənilməsi; vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “tikintinin qadağan edilməsi, kompensasiyanın ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-184/2024 nömrəli 29 fevral 2024-cü il qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 024707 saylı qeydiyyat vəsiqəsinə görə ünvan 4 saylı evin 27 saylı mənzili İddiaçı məxsusdur. Bu barədə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-124/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində "Gold Residence" layihəsi adı altında qazıntı-tikinti işlərinin aparılması "xxxx" MTK-ya qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmış müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16 (103)-241/2023 nömrəli qərardadı ilə Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 16(005)- 124/2023 nömrəli qərardadı ləğv edilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə İddiaçı ərizəsi rədd edilmişdir.

4. "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X8, mühasib X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə "xxxx" MTK-ya məxsus Nərimanov rayonu, Qarabağ küçəsi 38, Ə.Ağaoğlu küçəsi 4 və 6, Xətai prospekti 39, 41 və 43 ünvanlarında inşa olunan yüksək mərtəbəli yaşayış və qeyri - yaşayış binasında ərazidən köçürülən sakinlərə hesablanan aylıq kompensassiya 70.900 AZN, işçilərə hesablanan aylıq əmək haqqı 5596 AZN olduğunu nəzərə alınsa (digər xərclər istisna olmaqla) bir günlük kompensassiya və əmək haqqı xərci 2508.07 AZN təşkil edir.

5. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Olqa Makeyevaya ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi Azərinşaatlayihə Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun müvafiq rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 163 nömrəli Sərəncamı ilə Bakı şəhəri ünvan 2 ünvanlarında yerləşən 0.72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin yerquruluşu planı və inşası nəzərdə tutulan yeni yaşayış binalarının layihə sənədləri aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli Tl-88/21 nömrəli “Obyektin tikintisinə icazə" verilmişdir. Qarabağ küçəsi 42 nömrəli bina Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşir, tikinti sahəsi ilə heç bir əlaqəsi yoxdur və bu səbəbdən şirkətlə həmin binanın sakinləri arasında qarşılıqlı öhdəlik mövcud deyildir. Vətəndaş İddiaçı qaldırdığı iddiaya əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.05 2023-cü il tarixli 16(005)-124/2023 nömrəli qərardadı ilə sözügedən ünvanda Cavabdeh Mənzil-Tikıntı Kooperativi tərəfindən “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmiş müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Qərardadın dərhal icra olunması barədə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh MTK-ya 03 05 2023-cü iİ tarixli Bildiriş təqdim olunmuş, məhkəmə orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri yerinə yetirməyən onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları barədə Cavabdeh MTK-ya rəsmi xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında ünvan 3 binasının yaxınlığında aparılan qazıntı-tikinti işlərinin qadağan edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200000 manat və ödənilmiş 490 manat dövlət rüsumunun, cəmi 200490 manatın Cavabdeh MTK-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Eyni zamanda Cavabdeh MTK cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.000 manat maddi ziyana görə və 234 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 48.234 manatın tutularaq, MTKya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 27 saylı mənzil xüsusi mülkiyyətindədir. Mənzil 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Sözügedən Qarabağ küçəsində yerləşən 42 nömrəli bina 1901-ci ildə inşa edilib. Hazırda cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yaxınlığında Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədov Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı tikinti işləri aparılır. Cavabdeh tərəfindən aparılan tikinti-qazıntı işləri ona məxsus ünvan 3 ünvanında yerləşən 27 saylı mənzildə çatların əmələ gəlməsinə və binanın silkələnməsinə səbəb olur. Onun və eləcə də binada yaşayan digər sakinlərin həyatına real təhlükə yaranmışdır. Cavabdehin hərəkətləri ucbatından öz mənzilində faktiki olaraq yaşaya bilmir. Binanın yanında, demək olar ki, heç bir məsəfə saxlanılmadan daimi olaraq ağır texnika işləyir. Çox vaxt işlər bütün gün ərzində və qecə vaxtı səhər 5-6-ya qədər aparılır. Bu işlər artıq bir aydan çoxdur aparılır. Qeyd edilən tikinti-qazıntı işləri nəticəsində mülkiyyətində olan mənzilin əsasları sarsılmış və bina uçmaq təhlükəsi ilə üzləşmişdir. Cavabdeh MTK-nın apardığı qazıntı-tikinti işləri nəticəsində mənzili yaşayış üçün faktiki olaraq yararsız olmuşdur. Bununla bağlı müvafiq dövlət qurumlarına, o cümlədən Nərimanov Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Lakin, müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh MTK tərəfindən şəhərsalma və tikinti normalarının kobud şəkildə pozulduğu aşkar şəkildə görünür.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan mənzili baha qiymətə MTK-ya təklifi qəbul edilmədiyindən, əsassız varlanmaq üçün MTK-ya dolayısı ilə təsir göstərmək məqsədilə həmin iddia ilə çıxış etmişdir. Məhz həmin iddia tələbi ilə bağlı “guya MTK tərəfindən özbaşına işlərin görüldüyü, tikinti-qazma işlərin aparılması mülkiyyətində olan mənzilin yerləşdiyi binanın silkələnməsi səbəb olduğu və bunun binada yaşayanlar üçün təhlükə yaratdığı” kimi yanlış qeyd etməklə, məhkəmədən MTT qismində MTK tərəfindən aparılan tikinti-layihələndirmə işlərinin dayandırılmasına qərardad almasına nail olmuşdur. Belə ki, MTT-nin görülməsinə dair ərizəsi Nərimanov Rayon Məhkəməsinin 16(005)-124/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı təmir tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmişdir. Çünki ərizədə yanlış qeyd etdiyi “özbaşına tikinti, layihələndirilən ərazidən sakinlərin köçürülmədən qazma - tikinti işlərinin aparılması, bunların nəticəsində orda yaşayan sakinlərin həyatına təhlükə yaradan” kimi hallar tikintinin dayandırılmasına əsas olan hallardır və ərizəçi də bunu yaxşı bilirdi. Onun mülkiyyətində olan mənzil sərəncamla lahiyələndirilən ərazi hüdudlarına daxil belə deyildir. Cavabdehin MTT ilə bağlı ərizədə qeyd etdikləri tam şəkildə yanlış olduğu baxımından apellyasiya məhkəməsinin 16(103)-241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və ərizə rədd olunmuşdur. Lakin MTT ilə bağlı qərardad dərhal icra edildiyindən MTK-nın qanuni əsaslarla apardığı layihə tikinti işləri xx.xx.2023-cü il tarixdə dayandırılmışdır və bu apellyasiya məhkəməsinin elan edildiyi xx.xx.2023-cü il tarixə kimi davam etmişdir ki, bu da MTK-ya külli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, tikinti aparılan ərazidən müvəqqəti köçürülmüş sakinlərin aylıq ev kirayəsi 120.000 manat təşkil edir. Bu da binanın təhvil verilməsinin hər gecikdirilmiş gün üçün 4.000 manat xərc deməkdir. Ərizəçinin məhkəməyə müraciət etdiyi ilkin iddiası kompensasiya tələbi olduğu baxımından aşkar şəkildə bəlli olur ki, cavabdeh bu hərəkəti ilə MTK-nın hesabına əsassız varlanmaq məqsədində olmuşdur. Çünki bilirdi ki, qərardadla MTK-nın fəaliyyətinin dayandırılacağına səbəb olacaq, bunun da nəticəsində MTK böyük məbləğdə ziyanı gözə almayacağı baxımından, ona pul vermək məcburiyyətində qalacağı planı ilə hərəkət etmişdir. Cavabdehin məqsədli hərəkəti nəticəsində Cavabdeh MTK-nin tikinti işlərinin dayandırıldığı 27 (2023-cü ilin may ayın 3-dən-30na kimi) gün ərizndə MTK-ya dəymiş maddi ziyanın həcmi 108.000 (27 gün x 4.000 man) manat təşkil etmişdir. Bu 27 günün bəzi günlərində tikinti işləri aparılmasa da, tikintiyə hazırlıq və ərazinin təmizləmə işləri görülmüşdür. Lakin cavabdehin təkidi ilə qərardadın icrasına nəzarət edən icra məmurunun sərt davranışı üzündən MTK-nın fəaliyyəti 12 gün tam şəkildə iflic vəziyyətinə salınmaqla, hər hansı bir işin görülməsinə imkan verilməmişdir. Bu da MTK-nın 48.000 manat məbləğində ziyana bir başa məruz qalmasına səbəb olmuşdur. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, MTK yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün 234 manat rüsum ödəmək məcuriyyətindən əlavə xərc çəkməyinə səbəb olmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerləşən 27 nömrəli mənzil planda ölçüləri ümumi uzunluğu 7,7 metr, eni 6,2 metr, hündürlüyü 3,20 metrdir. Divarları but daşından olub, qalınlığı 0,8-1,0 metrdir. Mərtəbəarası örtüklər ağac konstruksiyadan quraşdırılmışdır. Damı yastı tipli olub, ruberoid və şiferlə örtülmüşdür. Fasadlar ön tərəfdə üzlük əhənq daşı ilə yerinə yetirilmiş, digər hissələri sement-qum məhlulu ilə suvanmışdır. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmuşdur. Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəyməmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında müxtəlif ölçülü çatlar vardır. Suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Dam örtüyündən axan atmosfer sularını istiqamətləndirən suötürücü xətlər yararsız vəziyyətdədir. Mütəxəssis rəyinə əsasən Cavabdeh MTK-ya məxsus “Gold Residence” layihəsi adı altında, Bakı şəhəri, Nərimanov rayonu Qarabağ küçəsi 42 nömrəli binanın yaxınlığında aparılan qazıntı-tikinti işləri nəticəsində İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi üçün, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahəni kənar sərhədi ilə ünvan 3 ünvanında yerləşən X5 məxsus 27 nömrəli mənzilin divarları arasında məsafənin 3.65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili ilə arasındakı məsafənin isə 2.15 m təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunur.

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ekspertizaya təqdim olunmuşdur. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmuşdur. Həmçinin Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahəni kənar sərhədi ilə ünvan 3 ünvanında yerləşən X5 məxsus 27 nömrəli mənzilin divarları arasında məsafənin 3.65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili ilə arasındakı məsafənin isə 2.15 m təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qaldığı müəyyən edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 fevral 2024-cü il tarixli 2(005)-184/2024 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ilkin və qarşılıqlı iddia rədd edilmiş, cavabdeh İddiaçı 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyi ilə ilkin iddiaçıya məxsus əmlaka cavabdeh MTK-nın hərəkətləri nəticəsində zərər dəyməsi halı təkzib olunur. Digər tərəfdən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ekspertiza rəyi ilə müəyyən edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmiş, İddiaçı cavabdeh MTK tərəfindən aparılmış təmirtikinti, qazıntı və s. işlər nəticəsində ona məxsus ünvan 4 saylı ev, 27 saylı mənzilə maddi ziyan dəyməsini sübut edə bilməmişdir. İlkin iddia üzrə Cavabdeh MTK tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 4 saylı ev, 27 saylı mənzilə maddi zərər vurulması, habelə mənzilin yerləşdiyi binanın yaxınlığında “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin qanunvericiliyin tələblərinə zidd olması halı müəyyən olunmadığından ilkin iddia tələbi əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz.

14. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mahiyyəti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq onun ərizəsi əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda qarşı tərəfə vurulmuş maddi zərər tutula bilər. Hazırki iş üzrə ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir və tərəflərin məhkəmə qətnaməsini mübahisələndirmək - qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ vardır. Məhkəmə qətnaməsindən şikayət verilmədiyi təqdirdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minəcəkdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə bağlı tətbiq olunmuş müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi barədə MTK-nın qarşılıqlı iddia tələbi, İddiaçı iddiası üzrə çıxarılmış hazırki yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən təmin edilə bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarına, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 560.1, 560.2, 1096.1, 1097.1, Mülki prosessual Məcəllənin 119.1, 77.1, 115, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

17. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, rəylərdə ona məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğu və fiziki aşınmalara məruz qaldığı göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin nəticə yalandır, çünki onun mənzilində çatlar mövcuddur. Belə olan halda mənzilə heç bir ziyan dəyməməsi barədə fikrin həqiqəti əks etdirmədiyi aşkardır. Digər tərəfdən, rəydəki nəticənin hansı elmi metodikaya əsaslandığı aydın deyildir. Mütəxəssis rəyində qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin Şəhərsalma vəTikinti Məcəlləsinin tələblərinə zidd olmadığı göstərilsə də, izah edilməmişdir ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin standartı (norması) nə qədər məsafə təşkil edir ki, bu mövcud vəziyyətdə hər hansı pozuntuya səbəb olmamışdır.

18. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən – qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu baxımdan, qarşılıqlı iddianın təmin edilməsi üçün müvəqqəti təminat tədbirin ləğv olunmamış, qüvvədə olması əsas kimi götürülə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

21. Cavabdehin nümayəndəsi-vəkili isə MTK-nın apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona məxsus evin yerləşdiyi binanın yaxınlığında aparılan tikinti-qazıntı işlərinin nəticəsində onun evində çatların əmələ gəldiyini, evin yararsız hala düşdüyünü iddia edərək, işlərin qadağan edilməsini, qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdehin hesabına sökülməsini və bunların nəticəsində vurulmuş zərəri tələb edir.

35. Cavabdeh isə qarşılıqlı iddia tələbində iddiaçının ərizəsi əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində MTK-nın qanuni əsaslarla apardığı layihə tikinti işlərinin dayandırıldığı müddət üçün MTK-ya vurulmuş ziyanı tələb etmişdir.

36. Kollegiya hesab edir ki, məhkəmə hər iki iddiaya münasibətdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qaldığı müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyi ilə Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunmuşdur.

39. Ekspert rəyindən görünür ki, MTK tərəfindən aparılmış tikinti layihə üzrə nəzərdə tutulmuş ərazidə aparılmışdır. MTK tərəfindən ərazidə tikinti işləri aparılan zaman iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməmişdir. İddiaçıya məxsus bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında müxtəlif ölçülü çatlar vardır. Həmçinin aparılan qazıntı-tikinti işləri ilə ünvan 3 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunmuşdur.

40. İddiaçı tərəf ekspert rəyi ilə razılaşmayaraq əsassız olduğunu hesab etsə də, ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən hər hansı sübut təqdim etməmişdir, Kollegiya hesab edir ki, ekspert rəyini şübhə altına alan hər hansı əsas yoxdur, rəy kifayət qədər əsaslandırılmışdır.

41. Məhkəmə də haqlı olaraq ekspert rəyini əsas götürərək, ilkin iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması halı müəyyən edilməmişdir.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarında qeyd olunur ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.

43. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə haqlı olaraq göstərmişdir ki, İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə bağlı tətbiq olunmuş müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi barədə MTK-nın qarşılıqlı iddia tələbi, İddiaçı iddiası üzrə çıxarılmış hazırki yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən təmin edilə bilməz.

44. Beləliklə Kollegiya hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-184/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar