Məhkəmə qərarları › İş №2(103)-3237/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3237/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3237/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 İddiaçının vəkili-nümayəndəsi Vəkil Qəhraman oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 83000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onunla biznes əlaqəsi qurub işləməyindən sui-istifadə edib 83000 ABŞ dolları məbləğində pulunun mənimsənilməsi barədə prokurorluğa müraciət etmiş, cinayət işinin təqibinə xitam verilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. O, mülki qaydada mübahisənin həll olunması üçün məhkəməyə müraciət edir. Cavabdeh1 ilə taxta-şalban alveri edərkən o, cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş və əvəzində taxta-şalban almışdır. Axır vaxtlar cavabdeh ondan aldığı pullara görə taxtaşalban verə bilmədi və söz verdi ki, pulunu qaytaracağdır. Lakin xeyli müddət keçdiyi üçün və pulunu vermədiyi üçün o, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Digər Cavabdeh2 Zahid oğlu da onun göstərdiklərini təsdiq edə bilər. X13 tanış etmişdir. Cavabdeh2 ona verməli olduqları 30000 manat pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evini, sənədləri ilə birlikdə ona vermişdir. Dəsturi söz vermişdir ki, həmin evin reyestrdən çıxarışını da alıb ona verəcəkdir, lakin halhazıra kimi sözünə əməl etməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlundan müştərək qaydada 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Məmmədov X7 Federasiyasından taxta-şalban gətirməsi fəaliyyəti ilə məşgul olmuşdurlar. İddiaçı X6 verdiyi 83000 ABŞ dolları məbləği pulun əvəzinə də cavabdehlər mal gətirərək, ona vermişdirlər. Hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar cavabdehlərə məlum olmuşdur ki, onların iddiaçı X6 verdiyi malın qiyməti 103.000 ABŞ dolları təşkil etmişdir, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim etmişdirlər. Malların cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməsi çoxsaylı sənədlərlə sübut olunur. Qeyd olunan sənədlər məhkəməyə təqdim olunsa da, lakin məhkəmə həmin sübutları nəzərə almamış və əsassız olaraq qətnamədə həmin məsələyə toxunmamışdır. Əksinə hakim qətnamədə Cavabdeh1 adından yalandan göstərmişdir ki, güya o iddiaçıya borcu olmasını etiraf etmiş və iddianı təmin etməyi xahiş etmişdir. Halbuki Cavabdeh1 məhkəmədə bildirmişdir ki, sadəcə iddiaçı ilə barışığa gəlmək istəyir. Bundan başqa məhkəmə cavabdehlər tərəfindən iddiaçıya verilmiş malın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinidə təmin etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehlərin hər hansı təqsirindən söhbət gedə bilməz. Onlar iddiaçı qarşısından öhdəliklərini tamamilə icra etmişdirlər. Məhkəmə isə iddiaçının heç bir mötəbər sübutu olmadan, tərəflər arasında heç bir müqavilə olmadan, yalnız iddiaçının əsassız və yalan məlumatları əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Yuxarıda göstərilən hallar məhkəmənin qanunvericiliyin tələblərini düzgün nəzərə almamasını açıq-aşkar təsdiq edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçının istinad etdiyi hal 2013-cü ilin oktyabr və noyabr aylarında baş vermişdir. Göründüyü kimi iddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmışdır. Məhkəmədə bu məsələ qaldırılmış və iddia müddətinin keçdiyi bildirilsədə, lakin məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Göründüyü kimi cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam icra etsələrdə, əlavə 20.000 ABŞ dolları məbləğində malı da iddiaçıya verdikləri halda iddiaçı öz mülki hüquqlarından sui istifadə edir, heç bir müqaviləyə və mötəbər sübuta istinad etmədən cavabdehlərdən pul tələb etmişdir. Göründüyü kimi iddiaçı öz mülki hüquqlarından sui istifadə etməklə, AzərbaycanRespublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə isə iddiaçının qanunvericiliyin tələblərini pozmasını nəzərə almamışdır. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Apellyasiya şikayətinin İİ hissəsində göstərilən halların heç birini məhkəmə araşdırmamış, hüquqi qiymət verməmişdir. Nəticədə qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Həmçinin iş üzrə ətraflı araşdırılma aparılmadığı, cavabdehlərin göstərdiyi hallara hüquqi qiymət verilmədiyi üçün qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Apellyasiya şikayətinin İİ hissəsində göstərildiyi kimi cavabdehlər iddiaçıya malları təqdim etsələrdə, lakin məhkəmə cavabdehlər tərəfindən iddiaçıya verilmiş malların dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozmuş, əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Həmçinin məhkəmə iş üzrə sübutları belə düzgün nəzərə almamışdır. Belə ki, hakim qətnamədə Cavabdeh1 adından yalanda göstərmişdir ki, güya o iddiaçıya borcu olmasını etiraf etmiş və iddianı təmin etməyi xahiş etmişdir. Halbuki Cavabdeh1 məhkəmədə bildirmişdir ki, sadəcə iddiaçı ilə barışığa gəlmək istəyir. Məhkəmə yalnız iddiaçının göstərdiyi əsassız və yalan məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə cavabdehlərin göstərdiyi sübutlara və təqdim etdikləri sənədlərə isə ümumilikdə heç bir qiymət verməmişdir. Məhkəmə cavabdehin hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki cavabdehlər özlərinin haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının əsassız və yalan məlumatlarını əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehlərin hüquqları pozulmuşdur. Göründüyü kimi məhkəmə yalnız iddiaçının göstərdiyi əsassız və yalan məlumatlara istinad edərək, həmin halları araşdırmadan, cavabdehlərin dəlillərini nəzərə almadan əsassız və qanunsuz olaraq, cavabdehlərin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Halbuki apellyasiya şikayətinin İİ hissəsində göstərildiyi kimi iş üzrə iddiaçının iddia tələbini təsdiq edən heç bir yazılı və digər mötəbər sübut mövcud deyil. Göründüyü kimi məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil Qəhraman oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları, eləcə də, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* saylı cinayət işinin materiallarını tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə taxta şalban biznesi ilə əlaqədar sifariş podrat münasibətlərindən irəli gələn fəaliyyətləri olmuş, aralarında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətidə davam etmişdir. Cavabdeh1 iddiaçı ilə həmin fəaliyyətlə məşğul olan Cavabdeh2 Zahid oğlu tanış etmişdir. Sonradan İddiaçı və X4 20 aprel 2017-ci ildə Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi verərək Cavabdeh1 2013-cü ilin oktyabr və noyabr aylarında Rusiya Federasiyasından taxta gətirəcəyi adı ilə vəd verərək 83000 ABŞ dolları məbləğində pulunu aldığını, lakin vədinə əməl etməyərək taxta gətirmədiyini aldığı pulu geri qaytarmadığını bildirmişlər. Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun27 aprel 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənələrə əsasən Cavabdeh1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən və qeyd edilən faktda cinyət hadisəsi müəyyən olunmadığına görə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinin istintaq icraatına xitam verilmişdir. Qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 verdiyi ilkin izahatından məlum olur ki, 2013-cü ilin oktyabr aylarında Rusiya Federasiyasından taxta gətirməsinə görə iddiaçıdan və X1 ayrı-ayrı vaxtlarda pul almış, həmin pulun müqabilində taxta gətirmiş və sonra yerdə qalan pulun bir hissəsini qaytarmış, bir hissəsini qaytara bilməmişdir. Lakin, maddi sıxıntıları olduğu üçün borcun qalan hissəsini fürsət düşdükcə ödənilməsini qeyd etmişdir. Eyni məzmunlu ilkin izahat vermiş Cavabdeh2 Zahid oğlu da iddiaçıya olan borcunun bir hissəsinin qaytarılmasını etiraf etmişdir. Araşdırma zamanı iddiaçı verdiyi izahatlarında Cavabdeh1 qalan pulun əvəzinə 13000 ABŞ dolları dəyərində divar kağızı, özü və tanışları vasitəsinə bir qədər pul göndərməsini və sonda cəmi ona 83000 dolları borcunun qalmasını və onun həmin qalıq borcun bir bəhanə ilə ödəməyərək etibarından istifadə edib ələ keçirməsini göstərmişdir. Lakin, Cavabdeh1 istintaq zamanı əvvəlki izahatlarından fərqli olaraq sonradan verdiyi izahatlarında isə artıq iddiaçya heç bir borcunun qalmamasını, onunla aralarında olan dövriyyəni müəyyən ödəmələr və divar kağızı, «Maz» yük avtomobili və s. digər əşyalar vermək yolu ilə aradan qaldırmasını, onun qarşısında olan öhdəliklərini tam icra etməsini, onu faktiki dövriyyətini ona ödəməsini, onun Rafiqə borcu qalmamasını və onun həmin tələbin məhkəmə yolu ilə mülki icraat formasından ondan tələb edə bilməsini göstərmişdir. Eynilə də Cavabdeh2 Zahid oğlu şahid qismində verdiyi ifadələrində ilkin izahatından fərqli olaraq Elnurun Rafiqə borcu qalmamasını təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin izahatlarına faktiki olaraq iddianı etiraf etmələri kimi düzgün qiymət verərək iddianın əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, işə mülki icraat qaydasında birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər izahatlarında iddianı qəbul etməyərək iddiaçının verdiyi pulların qarşılığın qədər taxta və qalan digər borclarının pul ilə ödəməsini göstərsələr də, məhkəmə iclas protokolundan görünür ki, verilən suallara cavablarında həqiqətən də iddiaçıya borclu olmalarını təsdiq etmişlər. Başqa sözlə iddianı qismən etiraf etmişlər. Lakin iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdehlərin iddiaçıya həqiqətən də borclu qalmaları işə apellyasiya icraatı qaydasında baxılarkən də müəyyən edilmişdir. Belə ki, cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsində borclu olduqlarını etiraf etmələrini, lakin qaytardıqlarını da etiraf etmələrini göstərmişlər. Lakin borcun qaytarılması ilə bağlı cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də kollegiyanın iclasında bir daha verilən suallara cavablarında nümayəndə iddiaçıya borclarının olması faktını bir daha təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsində olduğu kimi cavabdeh tərəf borcun olmasını etiraf etməklə yanaşı onun qaytarılmasını da göstərsələr də, borcun tam qaytarılmasına, hətta əlavə 20.000 ABŞ dolları məbləğində malı da iddiaçıya verdiklərinə dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, bu halların mövcudluğu iş materiallarında olan sənədlərlə təsdiq olunmasına israrlı olsalar da, iş materiallarında olan sənədlər bu faktın təsdiqi kimi deyil, tərəflər arasında alınan mal və pul alınıb verilməsini təsdiq edən hesablaşmalar kimi qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab etmişdir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi. Həmçinin də kollegiyanın qənaətinə görə iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçirilməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, baş vermiş qiymət artımı (inflasiya, dolların kursunun dəyişməsi və s.) nəticəsində taxta –şalbanın qiymətləri dəyişən-artan istiqamətdə olmuş və onların faktiki alış-satış qiymətlərinə dair də cavabbeh tərəf birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh1 əvvəlki verdiyi izahatdan görünür ki, pulun tam qaytarıla bilməməsində səbəblərdən biri də ziyana düşməsi olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfin iddiaçı ilə barışığa gəlmək istəməsinə dair izahatına birinci instansiya məhkəməsinin düzgün qiymət verməməsinə dair dəlili lə bağlı hesab edir ki, bu mövqenin özü də cavabdeh tərəfin həqiqətən də iddiaçı qarşısında müəyyən öhdəliyinin (borclu olması) qalmasının bir daha təzahürüdür. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı birinci instansiya məhkəməsinin şahid ifadəsinə istinad etməsi ilə də kollegiya razılaşır. Belə ki, şahid qismində dindirilmiş X4 bildirdi ki, iddiaçı Rafiq bəyi Naxçıvandan tanıyır. Taxtaların satış işinə o (yəni, şahid özü) baxırdı. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 də tanıyır. Rafiq bəy pul verirdi və pulun qarşılığında onlar taxta gətirirdi. Rafiq bəy 1 dəfə onunla (yəni, şahidlə) bir yerdə Bakıya gedəndə onlara 180 min dollar verəcəyini dedi. O da Rafiq bəyə onların əvvəldən qaytarmadıqları taxtaların olduğunu və borclarının qaldığını bildirmişdir. Yazı-pozu işlərini o (yəni, şahid özü) aparırdı. xx.xx.2015-ci ildə onun apardığı qeydiyyata görə Rafiq bəyə 350.900 dollar borc qaldığı qeyd olunmuşdur. Bu pulların 134.600 dolları Elnurun borcu, 60.600 dollar Şahinin borcu, 155.700 dollar onun borcu var idi. xx.xx.2015-ci ildə o (yəni, şahid özü) borcu tam ödəmişdir. Sonra uçotu aparmamışdır. Qalan borc barədə məlumatı yoxdur. Bildiyinə görə 180.000 dollar əvəzinə taxta yox, 50.000 dollarlıq maşın vermişdirlər. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid ifadəsini də kollegiya sübut növü kimi qiymətləndirir. Belə ki, şahid qismində ifadə vermiş X5 ifadəsində Rafiqin tapşırığı ilə yük avtomaşının satışı ilə bağlı məlumatla yanaşı göstərmişdir ki, o, Moskvada olarkən Rafiq 2 milyon rubla satılan bir maşın olduğunu dedi. O vaxtın puluyla təxminən 50000 dollar təşkil edirdi. Ona tapşırmışdır ki, həmin maşını satsın. Rafiqin nümayəndəsi və onun (yəni, şahidin) nümayəndəsi Permdə görüşmüş, daha sonra o (yəni, şahid özü) maşını götürüb avtobazaya aparmışdır. Maşın ZİL markalı yük maşını idi. Daha sonra maşını Moskvada Fərhad adlı şəxsə satmışdır. Maşının satışı 2 milyon rubla razılaşdırılsa da, maşın satılarkən kurs dəyişdiyindən 49000 dollara satmışdır. O, maşını Rafiqin dediyi Fərhad adlı adama satmışdır. Elnurun adını Rafiqdən eşitmiş və Elnurun Rafiqə ağac göndərdiyini, pul borcu olduğundan xəbərdar olmuşdur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır Həmçinin işin materiallarından görünür ki, Cavabdeh2 iddiaçıya borc pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini, sənədləri ilə birlikdə iddiaçıya versə də, iddiaçı tərəfin sözlərinə görə həmin evin reyestrdən çıxarışını da alıb ona verməsinə dair vədini yerinə yetirməmişdir. Başqa sözlə, Cavabdeh2 iddiaçı qarşısında borc pulla bağlı öhdəliyini tam icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona qaytarılmayan borcla bağlı tələbi də məhz yaranmış münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayətində irəli sürülən dəlilər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin iddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmasına və məhkəmədə bu məsələ qaldırılsa da iddia müddətinin keçdiyi bildirilsədə, məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair dəlilini əsassız sayır. Belə ki, bununla bağlı şikayət müəllifi ziddiyyətli fikirlər irəli sürür. Apellyator bununla bağlı vəsatətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi verilən zaman iddiaçı qəsdən hadisənin baş verdiyi il göstəmədiyi üçün cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişlər. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi elektron məhkəmə sistemində yerləşdiyildiyi zaman cavabdehlərə məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisələrin 2013-cü ildə baş verməsi iddia edilir. Göründüyü kimi, üzrlü səbəbdən cavabdehlər birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişdirlər. Həmçinin vəsatətdə qeyd edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi elektron məhkəmə sistemində yerləşdiyildiyi zaman cavabdehlərə məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisələrin 2013-cü ildə baş verməsi iddia edilir. Apellyasiya şikayətində isə göstərilir ki, iddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmışdır. Məhkəmədə bu məsələ qaldırılmış və iddia müddətinin keçdiyi bildirilsə də, lakin məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəni birinci instansiya məhkəməsində verməli olduqları verə bilməmələrinin səbəblərinə dair göstərilənlər əsassız və subyektiv mülahizədir. Belə ki, cavabdeh tərəf iddiaçı ilə hansı vaxtdan münasibətdə olmalarını, iddia ərizəsində göstərilən hadisələrin təxmini də olsa hansı tarixlərdə baş verməsindən məlumatsız ola bilməzdilər və cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. bundan başqa həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər. Belə ki, iş üzrə qəbul edilmiş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan istifadə edilə bilməməsi üçün üzürlü əsas sayıla bilməz. Həmçinin də məhkəmə kollegiyası qeyd edir ki, şikayət müəllifinin göstərdiyi kimi tərəflər arasında heç bir müqavilə olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi hazırki mübahisəyə tətbiq oluna da bilməzdi. Belə ki, həmin normaya əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, iş materiallarından cavabdeh tərəfin birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi ilə bağlı məsələ qaldırması da görünmür. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə yoxlayaraq ümumilikdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin cavabdeh tərəfin etirafdici izahtaları əsasında qəbul edilmiş, mahiyyətcə düzgün olaq qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar