Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3237/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, kompensasiya ödənilməklə mülkiyyətdə və istifadədə olan sahənin sökülməsi, kirayə haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil yaşayış binasının birinci mərtəbəsində yerləşməklə, binanın zirzəmi hissəsinin 60 kv.m. hissəsi, habelə binanın qarşısında inşa edilmiş 50 kv.m. tikili ilə birlikdə ümumi sahə kimi Cavabdeh tərəfindən mağaza kimi istifadə olunur.
2. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 11 mart 2020-ci il tarixli, 55 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların yararsız halda olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli, 55 nömrəli sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,752 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07 yanvar 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,752 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 nömrəli, 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MTK (İddiaçı MMC-nin hüquqi varisidir) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı, 100 kv.metr mənzilin və veteran olmasını nəzərə alaraq, əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı, 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı, 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 12A saylı binanın mülkiyyətçilərdən biri olan Cavabdeh mülkiyyətində olan və binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 42,1 kv.metrdən ibarət olan 62 saylı mənzilinə bitişik yerdə lazımi icazələr almadan təxminən 50 kv.metr artırma etmişdir. Həmin mənzilin sahəsinin artırılmış hissəsi dövlət qeydiyyatından keçməmiş, özbaşına tikilidir. Ona görə də həmin qeyri-qanuni tikili sökülməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına və İcarə müqaviləsinə əsasən sözügedən binanın yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-nın qanuni istifadəsinə verilmiş, səlahiyyətli orqanların müvafiq rəyləri və razılaşdırma məktublarına əsasən həmin binaların qəzalı olması öz təsdiqini tapmış və müvafiq sərəncamla göstərilən binanın sökülməsi, yerində müasir tipli binaların tikilməsi səlahiyyəti şirkətə verilmişdir. Ona görə də MTK qanunsuz tikilinin sökülməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Həmçinin cavabdehin mülkiyyətində olan mənzilə özbaşına qeyri-qanuni artırmalar edərək, istifadə etməsi qanunsuzdur. Cavabdeh tərəfindən edilmiş özbaşına artırmalara dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin inşası üçün müvafiq icazənin tələb olunmasına baxmayaraq, belə icazənin olmaması müəyyən olunmuş, həmin sahələrin tikintisi bilavasitə İddiaçı MTK-nın mülkiyyət hüququnu pozmaqdadır. Cavabdeh tərəfindən aparılmış özbaşına tikinti işləri nəticəsində iddiaçı özünün istifadəsində olan torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir, icarə müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirə bilmir. Bunun nəticəsində isə iddiaçının torpaq sahəsi üzərində həm sahiblik, həm də istifadə hüquqları pozulmuşdur.
6. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı (Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 noyabr 2003cü il tarixində verilmiş ÖM seriyalı, 173701 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.metr sahə də onun adına işlənmiş, zirzəmiyə girişin yaşayış sahəsindən olduğu qeyd göstərilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli, 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.metr artırma edilmişdir. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməmişdir. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə, mebellərin satışı ilə məşğul olur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli, 55 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MTK-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərəncamın və qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşasına başlamalı idi. Lakin İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 aydan çoxdur ki, ərazini hasara almış, tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlamışdır. İddiaçı MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 aydan çoxdur ki, İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o işçilərin maaşlarını belə verə bilmir. İddiaçı MTKnın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin maddi və mənəvi zərər dəymişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikilinin (50 kv.metr) onun öz hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı, hər biri 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. (hakim X8)
9. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Digər tərəfdən, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli, 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilməsi, həmin sahənin hazırda Cavabdeh istifadəsində olması işin mübahisəsiz halıdır. Lakin qarşılıqlı iddiaçı 50 kv.m. artırma sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə iddiaçını məcburetməyə çalışmaqla hüquqlarından sui-istifadə edir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 180, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedent qərarlarına, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, 119.1, 217 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m. qeyriyaşayış sahəsi (ticarət obyekti) də onun xüsusi mülkiyyətindədir. Texniki pasportda obyektə girişin yaşayış sahəsindən olduğu qeyd edilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli, 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməyib. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda həmin əmlakda mebellərin satışı ilə məşğul olur və aylıq orta hesabla 5000 - 7000 manat arasında gəlir əldə edir (gəlirini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilib). Əgər onun obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmazdırsa hansı səbəbdən heç bir dövlət orqanı tərəfindən ona bu günədək irad bildirilməyib və bu müddət ərzində o, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə külli miqdarda vergi ödəmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli, 55 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "Ailə Park” MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi, sərancamın və qanunvericiliyin tələblərinə əsasən "Ailə Park” MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasına başlamalı idi. Lakin çox təəssüf ki, "Ailə Park” MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 aydan çoxdur ki, ərazini hasara alıb və tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlayıbır. "Ailə Park” MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 aydan çoxdur ki, "Ailə Park” MTK-nın qanunsuz hərəkətləri nəticəsində o, sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o, işçilərin maaşlarını belə verə bilmir. "Ailə Park” MTK-nın qanunsuz hərəkətləri nəticəsində ona həmçinin, maddi və mənəvi zərər dəymişdir. Həmçinin, külli miqdarda vəsait tələb edən belə bir layihənin nizamnamə kapitalı cəmi 10 manat təşkil edən bir MTK-ya həvalə edilməsi də onda layihənin icra olunması ilə əlaqədar olaraq əsaslı şübhələr yaradır. Bundan əlavə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalar yaşayış üçün yararsız vəziyyətdə deyildir və şəhərin eləcə də ərazinin ümumi görünüşünə heç bir xələl gətirmir. Həmin binaların yaşayış üçün yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə məhkəməyə şifahi formada vəsatət təqdim etməyinə baxmayaraq, məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda onun xüsusi mülkiyyətində olan əmlakının bir hissəsi birinci mərtəbədə, bir hissəsi isə zirzəmi mərtəbəsində yerləşdiyindən onun əmlakının əvəzinə ona verilməli olan əmlak da qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının nə olmasından asılı olmayaraq, binanın birinci və zirzəmi mərtəbəsində olmalıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halı da nəzərə almamışdır. Bundan əlavə həmin obyekt onun yeganə gəlir mənbəyidir. X3 oğlu 44 günlük Vətən Müharibəsində torpaqların azad olunması uğrunda rəşadətlə vuruşmuşdur. X14 və Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır və hazırda 1-ci qrup Vətən Müharibəsi əlilidir. X15 Prezident tərəfinizdən "İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin o, Əfqanıstan müharibəsi veteranıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halların da heç birini nəzərə almamışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10563/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən - sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv.metr olan mənzilin və həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni 50 kv.metr olan tikilinin, cəmi 92,1 kv.metr olan sahənin Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi və həmin sahənin İddiaçı MTK tərəfindən sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayevin və R.M.Həsənov)
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə ilkin iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, bu baxımdan ilkin iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. İlk iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Digər tərəfdən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir, həmçinin, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Hazırda isə iddiaçı yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Hazırki vəziyyətdə qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqlarından sui-istifadə etmişdir. Belə olan halda Cavabdeh “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Bununla apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42,1 kv.m, yaşayış sahəsi 29,0 kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın 09 oktyabr 2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmiş və həmin sahə hazırda Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, düzgün olmayaraq qeyri-qanuni tikili qismində - 50 kv.m sahənin, eləcə də istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin sökülməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi hazırda iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42.1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. artırma mövcuddur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 50 kv.m sahənin Cavabdeh tərəfindən sökülməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur. Belə ki, işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyriyaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42,1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. qeyri yaşayış sahəsi – ümumilikdə 92,1 kv.m olan sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməlidir. Apellyatorun dəlillərinə münasibətdə apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa Cavabdeh izahatında ona məxsus mənzilin binanın birinci mərtəbəsində yerləşməsini və binanın zirzəmisinin də onun istifadəsində olmasını qeyd etmişdir. Cavabdeh bununla bağlı zirzəminin texniki pasportunu təqdim etsə də, zirzəminin onun mülkiyyətində olması müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, zirzəmi binanın balansında olmaqla dövlətə məxsus olmuş və dövlətə məxsus əmlaka dair kompensasiya verilməsi nəzərdə tutulmamışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10563/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2466/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)- 10563/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynovun və İ.R.Xələfov)
17. Kassasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının izahatı və onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,1 kv.metr mənzil yaşayış binasının birinci mərtəbəsindədir, mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunur. Həmin binaya bitişik inşa edilmiş 50 kv.metr əlavə artırma da eyni məqsədlərlə istifadə olunur, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmiş, bununla da icra hakimiyyəti 50 kv.metr artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə yanakı olaraq razılıq vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportdan görünür ki, binanın zirzəmisinin 60 kv.metr hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv.metrlik mənzilin bir hissəsi kimi işlənmişdir, iddiaçının izahatına görə həmin zirzəmi hazırda onun istifadəsindədir. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada hər birinin ümumi sahəsi 100 kv.metr olan 2 ədəd təmirli 4 otaqlı mənzilin verilməsi qət olunsa da, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzillərin nömrələri göstərilməmiş, bu məsələnin həllində də məhkəmələr qeyri-müəyyənliyə yol vermişdir.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5840/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər F.Ş.Talışinski (sədrliyi və məruzəsi ilə), A.N.İmanov və Q.A.Əsgərov)
e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5840/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-956/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5840/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi torpaq sahəsinin iddiaçının uzunmüddətli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri, təmirin vəziyyəti, həmin sahələrdən hansı məqsədlə istifadə etməsi nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Kassasiya məhkəməsinin əvvəlki icraatda qəbul etdiyi qərardakı göstərişlər də bu istiqamətdə verilmişdir. Lakin apellyasiya məhkəməsi tərəflərin kompensasiya məsələsində barışığa gəlmədiklərini və ilk iddianın həcminin artırılmasının və ya tələbinin dəyişdirilməsinin apellyasiya icraatı zamanı qeyri-mümkün olmasına istinad etməklə iddianı rədd etmişdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Belə nəticəyə gəlmək olur ki, hazırki iddianın predmetin cavabdehə ədalətli kompensasiya (əvəz) verilməklə, mülkiyyət hüququnu məhdudlaşdırılması təşkil etmişdir. Bu zaman təklif olunan əvəz iddianın predmeti deyil, obyekti kimi çıxış etmişdir. İş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi təkrar apellyasiya baxışında tərəflərə barışıq üçün vaxt vermiş və məhkəmə iclasını təxirə salmışdır. Lakin sonrakı iclaslarda məhkəmə barışıq imkanlarını tərəflərlə bir daha müzakirə etməmiş, iddiaçıya cavabdehin mülkiyyət hüququna müdaxiləyə görə təklif olunan kompensasiyanın konkretləşdirilməsini təklif etməmiş, təqdim olunan sübutlar əsasında bu əvəzin həcmini müəyyən etməmiş, müəyyən olunan əvəzin verilməsinə iddiaçının razılığını soruşmamışdır. Bu baxımdan, iddianın həcminin artırılmasının və tələbin dəyişməsinin qeyri-mümkün olması əsası ilə iddianın rədd edilməsindən ibarət apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş və son nəticədə prosessual qənaət prinsipinin pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, həmin yerdə 2004-cü ildən mebellərin satışı ilə məşğul olmuş, hər ay təxmini 5000-7000 manat civarında gəlir əldə etmişdir. Həmin obyekt ailəsinin yeganə qazanc mənbəyidir. O, birinci Qarabağ və Əfqanıstan müharibəsi veteranıdır. Himayəsində ikinci Qarabağ Müharibəsi qazisi, ikinci qrup əlil qardaşı və birinci qrup əlil əmisi var. Bu halların da nəzərə alınmasını və apellyasiya şikayətini təmin edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmələr tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan əmlakların konkret göstəriciləri qeyd edilməmişdir. Həqiqətən də, birinci instansiya və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən qəbul edilmiş qətnamələrdə verilməli olan əmlakların hansı binadan, hansı blokdan verilməsi əks olunmamışdır. Bu da icra mərhələsində yeni bir mübahisənin yaranması deməkdir. Digər bir məsələ tərəflərə barışıq imkanları üçün şəraitin yaradılması ilə bağlıdır. İkinci dəfə işə apellyasiya instansiya məhkəməsində baxılarkən 3 dəfə məhkəmə iclası təxirə salınmış və mübahisənin məhkəmədən kənar həll edilməsi təklif edilmişdir. Mübahisələndirilən əmlak 42.1 kv. metr mənzil, 50 kv.metr əlavə tikili, 60 kv. metr zirzəmidən ibarətdir. Cavabdeh əsas tələbi odur ki, onun əmlakına mütənasib alternativ əmlak versinlər. İş materiallarında Dövlət Vergi Xidmətinə təqdim edilmiş hesabatlardan görünür ki, müvəkkili həmin obyektdən hər ay beş-yeddi min manat məbləğində gəlir əldə edir. Təklifə qoşma olaraq göndərilmiş mütəxəssis rəyi onların məlumatı və iştirakı olmadan birtərəfli qaydada tərtib edildiyindən sübut kimi qəbul edilə bilməz. Ərizədə 3 kompensasiya təklifi irəli sürülür. İddia tələbində birinci bənddə irəli sürülən təklifdən artıq kvadratda mənzil təklif edilmişdir. Halbuki, qarşı tərəf hazırki mərhələdə iddia tələbindən aşağı təkliflə çıxış edə bilməz. İkinci bənddə qeyd edilən təkliflə bağlı nəzərə alınmalıdır ki, Cavabdeh qarşı tərəfin rəhbərliyi ilə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə görüşərkən 180 kvadrat metr sahəsi olan ikinci mərtəbə yerləşən qeyri-yaşayış sahəsinin verilməsini razılaşdırmış, hazırki təklif həmin təklifdən aşağıdır. Ümumiyyətlə Cavabdeh ikinci mərtəbədə ona qeyri-yaşayış sahəsi verilməsinə razı deyil. Belə ki, onun sözlərinə görə ikinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinə müştəri cəlb etmək olmur. Üçüncü bənddə qeyd edilən təklifə münasibətdə isə qarşı tərəf iddia edir ki, onlara təklif edilən əmlakın kvadratı 2.500 manat, belə olan halda ümumi məbləğ 500 000 manat təşkil edirdi. Hazırki kompensasya məbləği ilə bağlı təklif də həmin məbləğdən qat-qat aşağıdır. Onlar qarşı tərəfə 500.000 manat məbləğində kompensasiya verilməsini təklif etmişlər. Belə ki, binanın eskiz layihəsi belə mövcud deyil, onların heç həmin binanın inşa edilib təhvil veriləcəyinə inamları yoxdur. Qarşı tərəf isə nağd formada pullarının olmadığını bildirir. Qeyd olunanlardan göründüyü kimi, təklifdə tam absurd müddəalar qeyd olunub. Bütün instansiya məhkəmələrində işə baxan məhkəmə qarşısında vəsatət qaldırmışdılar ki, əmlakın real dəyərinin müəyyən edilməsi üçün yerində müayinə keçirilməsi işin tam, hərtərəfli araşdırılması baxımından mütləqdir. Barışıq sazişinə gəldikdə isə hazırda Cavabdeh təklif edilən ölçüdə qeyriyaşayış sahəsinin tikintisi başa çatmış binadan verilməsi və ya hər ay ödənilməli olan kompensasiya məbləğinin 2000 manat olmaqla tikintisi davam edən binadan verilməsi şərti ilə barışığa razıdır. Çünki qarşı tərəfin hazırda təklif etdiyi aylıq məbləğə həmin ərazidə icarəyə obyekt tapmaq mümkün deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onlar tərəfindən təqdim edilən mütəxəssis rəyində hazırda mübahisə predmetini təşkil edən əmlakın bazar dəyəri müəyyən olunur. Həmin rəy isə bu sahədə ixtisaslaşmış və müvafiq sertifikasiya sənədləri olan qurum tərəfindən verilmişdir. Onlar da həmin rəyi əsas götürməklə iddia tələbindən fərqli mövqedən çıxış etməklə cavabdeh tərəfə kompensasiya təklifi kimi 3 seçim haqqı vermişlər. Tərəflə mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində bir neçə dəfə görüş keçirilmiş, lakin heç bir yekun nəticə əldə olunmamışdır. İddiaçı MMC-nin rəhbərliyi həmin 3 seçimdən hər hansı biri ilə tərəflə razılığa gəlməyə hazırdır. Barışıq sazişi qarşı tərəfin təklifinə əsasən onunla razılaşdırılmış şərtlərlə tərtib edilməsinə baxmayaraq qarşı tərəf sazişi imzalamaqdan yayınmışdır. Qarşı tərəf sazişi imzalamaqdan imtina etdikdə İddiaçı MMC-nin rəhbərliyi də kompensasiya təklifdən imtina etmək niyyətində idi, lakin o, rəhbərliklə danışaraq mübahisənin konservativ həlli yolunun bu istiqamətdə olduğunu bildirmiş, yalnızca 42.1 kv.metr sahəyə münasibətdə reyestrdən çıxarış olduğuna görə, həmin çıxarışda da əmlakın təyinatı mənzil kimi göstərildiyindən onların təklifi tam ədalətlidir. Onlar təklifi irəli sürərkən hətta qarşı tərəfin himayəsində Vətən Müharibəsi qazisinin olmasını, özünün müharibə veteranı olmasını da nəzərə almışlar.
26. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
32. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
40. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə uyğun olaraq qətnaməni yalnız ilk iddianın təmin edilməsi hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk iddia qismən təmin edilməlidir.
42. Məhkəmə kollegiyası iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili 30/26397 saylı reyestr nömrəli, 21 noyabr 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir. Mənzil yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və Cavabdeh tərəfindən ofis mebelinin satışını həyata keçirən mağaza kimi istifadə edilir (adı “X16). Həmin binaya bitişik inşa edilmiş 50 kv.m. əlavə artırma da onun tərəfindən eyni məqsədlərlə istifadə edilir. Bu artırmaya onun mənzilindən qapı açılmasına Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli, 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmişdir. Bununla da icra hakimiyyəti 50 kv.m. artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə nəticə etibarı ilə razılıq vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasporta əsasən binanın zirzəmisinin 60 kv.m. hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv.m. mənzilin bir hissəsi kimi işlənmişdir. Həmin zirzəmi də hazırda onun istifadəsindədir və onun tərəfindən saxlanc yeri kimi istifadə edilir. Zirzəmi onun mülkiyyətində olan hissədən aşağıda yerləşir, lakin altında deyil, alt tərəfində yerləşir (eyni səviyyədə olsa idi bitişik olardılar), zirzəmiyə mülkiyyətdə olan hissədən pilləkən vasitəsi ilə daxil olmaq olar (qeyd edilənlər yerində müayinə zamanı müəyyən edilmişdir). Bununla belə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 42,1 kv.m. sahəsi olan mənzildən başqa, hazırda 50 kv.m ölçüdə əlavə tikili, habelə 60 kv.m. ölçüdə zirzəmi Cavabdeh istifadəsindədir. Bu baxımdan birinci instansiya məhkəməsi onun mülkiyyətində və istifadəsində olan sahələrin ölçülərini düzgün müəyyən etməmiş, səhv olaraq mənzilin 97 kv.m. ölçüdə olması qənaətinə gəlmişdir.
43. Cavabdeh mülkiyyətində olan mənzil və istifadəsində olan sahələr (əlavə tikili və zirzəmi) Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi və onların yerində yaşayış binalarının tikintisi üçün İddiaçı QSC-nin istifadəsinə verilmiş 2,752 ha torpaq sahəsi hüdudları daxilində yerləşir. Həmin sahədə tikinti işlərinin aparılması üçün İddiaçı QSC-nin səlahiyyətləri aidiyyəti dövlət orqanları tərəfindən lazımi qaydada rəsmiləşdirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli, o cümlədən Cavabdeh mülkiyyətində olan mənzilin və istifadəsində olan sahələrin yerləşdiyi 12A saylı binanın texniki vəziyyəti yolverilməzdir və həmin binalar yararsız haldadır (rəyə əsasən binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımından möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir). Nəzərə alınmalıdır ki, Sərəncamda qeyd edilən sahə orada yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı QSCtərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı QSC-nin istifadəsinə verilmişdir.
44. Bununla belə, İddiaçı QSC müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün orada yaşayan əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər çərçivəsində də İddiaçı QSC həmin sahədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edərək, müqavilələr bağlamışdır. Lakin sökülməsi üçün təhvil veilməli olan əmlakın həm sahəsi, həm də ümumilikdə bunun əvəzi olaraq təklif olunan kompensasiya ilə bağlı Cavabdeh ilə razılığa gələ bilmir. Nəticədə aralarında məhkəmə mübahisəsi yaranmışdır.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, ilk növbədə qeyd edir ki, İddiaçı QSC Cavabdeh qarşı onun mülkiyyətində və istifadəsində olan sahənin boşaldılması, təhvil verilməsi və sökülməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüquqa malikdir.
46. Lakin buna baxmayaraq, mübahisənin yekun həlli məqsədi ilə Cavabdeh mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.
47. Nəzərə alınmalıdır ki, İddiaçı QSC Cavabdeh mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı QSC həmin əmlakın yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binadan sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli qeyri-yaşayış sahəsi vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə Cavabdeh mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən qeyri-yaşayış sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu baxımdan həmin müddət ərzində baş verənlər (əmlakdan çıxması, əmlakın sökülməsi, yeni sahənin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
48. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair).
49. Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
50. Bununla belə, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
51. Məhkəmə kollegiyası təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, barışıq üçün onlara vaxt vermişdir. Hətta mübahisəli sahədə keçirilən yerində müayinə zamanı tərəflər arasında barışıq əldə edilmişdir. Belə ki, 25 may 2023-cü il tarixdə mübahisəli sahədə tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Cavabdeh istifadə və sahibliyində olan sahələrə baxış keçirildikdən sonra İddiaçı QSC-nin qanuni təmsilçisi olan Nümayəndə da həmin yerə gəlmiş və məhkəmə kollegiyası bundan sonra da yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini və kompensasiya məbləği ilə bağlı məsələdə qarşılıqlı razılaşma yolu ilə barışıq sazişi bağlamağı tərəflərə təklif etmişdir. Təklifə uyğun olaraq kollegiyanın hər 3 üzvünün iştirakı ilə İddiaçı QSC-nin qanuni təmsilçisi Nümayəndə ilə Cavabdeh arasında kompensasiya məbləği ilə bağlı müzakirələr aparılmış, o cümlədən biri-birinə münasibətdə təklif və tələblər irəli sürmuşlər. Nəticədə Cavabdeh ona təmirli, 200 kv.m. qeyri-yaşayış sahəsinin verildiyi təqdirdə ödənilməsi təklif edilən kirayə haqqının 1.000 manat olmasına razı olduğunu və bu şərtlər daxilində barışıq sazişi bağlamağa hazır olduğunu bildirmiş, Nümayəndə isə Cavabdeh təklifini qəbul etmişdir. Bundan sonra Cavabdeh əlavə təklifinə uyğun olaraq, İddiaçı QSCnin qanuni təmsilçisi təklif edilən 200 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə hər biri 100 kv.m. olmaqla, təmirli 2 ədəd qeyri-yaşayış sahəsinin verilməsinə də razılıq vermiş və bundan sonra İddiaçı QSC tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə razılaşdırılmış kompensasiya təklifini əks etdirən barışıq sazişi təqdim edilmişdir. Lakin bundan sonra Cavabdeh sazişi imzalamaqdan imtina etmiş və təklif edilən ölçüdə qeyri-yaşayış sahəsinin tikintisi başa çatmış binadan verilməsi və ya hər ay ödənilməli olan kompensasiya məbləğinin 2000 manat olmaqla tikintisi davam edən binadan verilməsi şərti ilə barışığa razı olduğunu qeyd etmişdir.
52. Qeyd olunmalıdır ki, İddiaçı QSC-nin hazırki mərhələdə irəli sürdüyü kompensasiya təklifi məbləğ etibarı ilə əvvəlki təkliflərindən fərqlənir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
53. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul edir və mübahisəyə məhz təqdim edilmiş barışıq sazişində əks olunmuş təklif əsas götürülməklə hüquqi qiymət verərək, qeyd edir ki, Cavabdeh məxsus olan mübahisəli əmlakın ümumi sahəsi 152,1 kv.m. təşkil edir. Həmin sahənin cəmi 42,1 hissəsi onun mülkiyyətindədir. Digər 110 kv.m. sahə istifadəsindədir. Mülkiyyətində olan sahə daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi, yəni mənzil kimi qeydə alınmış, lakin təyinatına uyğun istifadə edilmir. Qeyd edilən bütün sahə (152,1 kv.m.) qeyri-yaşayış sahəsi kimi ofis mebellərinin satışını həyata keçirən mağaza kimi fəaliyyət göstərir. Mülkiyyətdə olan 42,1 kv.m. və ona bitişik olan 50 kv.m. artırma təmirlidir. 60 kv.m. ölçüdə zirzəmi təmirsizdir.
54. Bununla belə, İddiaçı QSC tərəfindən Cavabdeh kompensasiya qismində məhz qeyri-yaşayış sahəsi təklif edilir. Həmin sahənin də gələcəkdə hazırki sahənin təyinatına uyğun istifadə edilməsi və orada ofis mebellərinin satışının həyata keçirillməsi bilavasitə mümkündür. Hazırki sahədən fərqli olaraq təklif olunan bütün sahəyə Cavabdeh mülkiyyət hüququ əldə edəcəkdir. Təklif olunan sahənin təmiri hər bir cəhətdən hazırki sahənin təmirindən üstün olacaqdır. Təklif olunan sahələr eyni mərtəbədə (səviyyədə) olacaq ki, bu da hazırki sahənin quruluşundan fərqli olaraq onları daha səmərəli şəkildə təyinatı üzrə istifadə etmək imkanı yaradacaqdır. Ən əsası da təklif olunan sahə mövcud sahədən ölçü etibarı ilə 33 faiz artıqdır. Kompensasiya qismində təklif olunan qeyri-yaşayış sahələrinə dair Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onların dəyərinin hazırki əmlakın dəyərindən yüksək olması qənaətinə bu sahə üzrə xüsusi biliyə malik olmadan da gəlmək olar. Həmçinin, təklif olunan əmlakların sahəsi və yerləşmə yeri dəqiq göstərilmişdir ki, bu da gələcəkdə həmin əmlaklarla bağlı bu kimi məlumatların qeyrimüəyyən olması zəminində mübahisələrin yaranmasının qarşısını alır.
55. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 1.000 manat pul məbləğini məqbul hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.
56. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Cavabdeh hazırda təklif edilən kompensasiya məbləğinin yalnız hər ay 1.000 manat pulun ona verilməsi hissəsi ilə razı deyil. Belə ki, həmin sahədən hər ay 5.000-7.000 manat gəlir əldə etdiyini bildirir və təklif olunan qeyri-yaşayış sahələri ilə yanaşı hər ay ona 2.000 manat məbləğində pulun ödənilməsini tələb edir. Halbuki, bu barədə sübut təqdim edə bilmir. İş materiallarında olan gəlir vergisi bəyannamələri isə 2019-2020-ci illərə aiddir. Həmçinin, bu bəyannamələrdən Cavabdeh hər ay 5.000-7.000 manat məbləğində gəlir əldə etməsi aşkar deyil. Digər tərəfdən artıq qeyd edildiyi kimi, hər ay 1.000 manat məbləğində pulun ödənilməsi məhz Cavabdeh təklifi olmuşdur.
57. Bununla belə, mövcud vəziyyətdə Cavabdeh öz davranışı ilə qarşı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun qeyd edilən sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla əmlaka olan hüquqlarından sui-istifadə edir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini, cavabdehin əmlakının yerləşdiyi sahəyə dair iddiaçının hüquqlarını, iddiaçı ilə razılıq əldə edən digər əmlakların mülkiyyətçilərinin hüquqlarını, kompensasiya məbləği ilə bağlı qənaətini, habelə Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələrin təhlükəli vəziyyətdə olmaqla istismar müddətinin keçməsini nəzərə alıb, belə qənaətə gəlir ki, kompensasiya müqabilində Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələr (mənzil, əlavə tikili və zirzəmi) boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilməli və məhz İddiaçı QSC tərəfindən sökülməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər hansı əsas olmadan və hüquqi nəticə etibarı ilə iddia tələbinə zidd olaraq, tikintinin mülkiyyətçinin özü tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin, bu münasibətlərin xarakteri də həmin tikintilərin məhz İddiaçı QSC tərəfindən sökülməsini şərtləndirir.
59. Kompensasiya qismində isə Cavabdeh qeyd olunan barışıq sazişində əks olunmuş və mövcud sahənin söküldükdən sonra onun yerində inşa ediləcək hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. sahədən ibarət olan təmirli 2 ədəd qeyriyaşayış sahəsi təhvil verilməli, əmlakın (mənzil, əlavə tikili və zirzəmi) İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 1.000 manat məbləğində pul ödənilməlidir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 12A saylı evin, 42,1 kv.m. sahəsi olan 62 saylı mənzili, həmin mənzilə bitişik olan 50 kv.m. ölçüdə əlavə tikili, habelə mənzilin alt tərəfində yerləşən 60 kv.m. ölçüdə zirzəmi Cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilməli, həmin sahələrin (mənzil, əlavə tikili, zirzəmi) İddiaçı QSC tərəfindən sökülməsi təmin edilməli, bu sahələrin (mənzil, əlavə tikili və zirzəmi) əvəzinə həmin ünvanda İddiaçı QSC tərəfindən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. ölçüdə olan 2 ədəd, təmirli qeyri-yaşayış sahəsi inşa işləri başlanılan tarixdən 2 il müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan sahələrin (mənzil, əlavə tikili və zirzəmi) İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq, hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. olçüdə olan 2 ədəd təmirli qeyri-yaşayış sahəsi təhvil verilən günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 1.000 manat məbləğində pul ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3974/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 12A saylı evin, 42,1 kv.m. sahəsi olan 62 saylı mənzili, həmin mənzilə bitişik olan 50 kv.m. ölçüdə əlavə tikili, habelə mənzilin alt tərəfində yerləşən 60 kv.m. ölçüdə zirzəmi Cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilsin. Həmin sahələrin (mənzil, əlavə tikili, zirzəmi) İddiaçı QSC tərəfindən sökülməsi təmin edilsin. Bu sahələrin (mənzil, əlavə tikili və zirzəmi) əvəzinə həmin ünvanda İddiaçı QSC tərəfindən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. olçüdə olan 2 ədəd, təmirli qeyri-yaşayış sahəsi inşa işləri başlanılan tarixdən 2 (iki) il müddətinə Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan sahələrin (mənzil, əlavə tikili və zirzəmi) İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq, hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. olçüdə olan 2 (iki) ədəd təmirli qeyri-yaşayış sahəsi təhvil verilən günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 1.000 (bir min) manat məbləğində pul ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.