Məhkəmə qərarları › İş №2(103)-3240/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3240/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3240/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh1 qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 21 fevral 2022-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələblərinə dair mülki işin icraatı, mübahisəsi gedən ünvan 1 ünvanındakı evin mülkiyyətçilərindən biri olan X1 08 noyabr 2021-ci il tarixdə vəfat etmiş olması əsas göstərilməklə onun hüquq varisi müəyyən edilənədək dayandırılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Allahverdi Sadıqov iddia ərizəsi üzrə tərəf deyildir və iddia tələbi əmlakın paylı mülkiyyətçilərinə, habelə orada yaşayanlara qarşı yönəlməklə işin icraatının dayandırılması üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından birinin təsbit olunduğu Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə görə, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə görə isə, bu Məcəllənin 254.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraat, çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır. İş materiallarından aydın olur ki, X2 08.11.2021-ci il tarixdə, yəni İddiaçı MMC-nin iddia ərizəsi üzrə müvafiq icraat başlamamışdan əvvəl vəfat etmiş, iddia ərizəsində ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün olmadığından, kollegiya məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, həmin şəxsin ölməsi işin icraatının dayandırılması üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-800/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar