Məhkəmə qərarları › İş №2(103)-3247/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3247/2020

11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3247/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6650/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6650/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh 6000 (altı min) manat pulun və 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək,cavabdehdən 6000 manat məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2al rayonu, Əsəd Əhmədov küçəsi 24B, mənzil 949 ünvanda faktiki yaşayan İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi ev 5, mənzil 22 ünvanda qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Cavabdeh ilə Bakı şəhərində xx.xx.2019-cu il tarixində Kredit (borc) müqaviləsi bağlamışdır. Aralarında yazılı şəkildə bağlanmış həmin müqavilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmişdir. Müqavilənin 1-ci bəndinə əsasən, o, İddiaçı Cavabdeh 6000 manat borc pul vermişdir, borc alan Cavabdeh isə öz növbəsində onddan aldığı həmin pul vəsaiti borc kimi qəbul edərək, müqavilənin 2-ci maddəsinə əsasən, ən geci 20.07.20-19-cu il tarixinədək tam şəkildə ona geri qaytarmağa öhdəsinə götürmüşdür. Lakin o vaxtdan indiyədək keçən müddət ərzində cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını yubadır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6650/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı xx xxx 2019-cu ildə 6000 manat məbləğində pulu borc almış və həmin pulu 20.07. 2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə“əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar