Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3247/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində mənəvi zərərin əvəzi kimi 500.000 manat tələb olunub. Tələb onunla əsaslandırılıb ki, cavabdehlə əmək münasibətində olan, cavabdeh təşkilatın sürücüsü Müzəffər Əliyev xx.xx.2010-cu ildə idarə etdiyi “Hyundai HD-120” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının anası Mətanət Əzimzadə hadisə yerində ölmüşdür. Törətdiyi əmələ görə Müzəffər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Anasının ölümü nəticəsində iddiaçı sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Sabunçu RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 3.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Bundan əvvəl işə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunmuşdur ki, Sabunçu RM-nin qətnaməsi mənəvi zərərin miqdarına aid hissədə dəyişdirilsin, mənəvi zərərin əvəzi kimi 15.000 manat tutulsun. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qətnamənin mənəvi zərərin məbləğinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamə yalnız həmin hissədə yoxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərər vurulduğunu və həmin zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməli olduğunu müəyyənləşdirib. Cavabdeh qətnaməni mübahisələndirməyib, iddiaçı isə qətnamənin yalnız mənəvi zərərin əvəzi kimi ödənilməli olan pulun məbləğinə aid hissədə mübahisələndirib. Müəyyən olunur ki, cavabdehlə əmək münasibətində olan, cavabdeh təşkilatın sürücüsü Müzəffər Əliyev xx.xx.2010-cu ildə idarə etdiyi “Hyundai HD-120” markalı **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının anası Mətanət Əzimzadə hadisə yerində ölmüşdür. Törətdiyi əmələ görə Müzəffər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Anasının ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçının anası ölümünə görə iddiaçıya ödəniləcək təzminatın məbləği 10.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdehin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, qətnamə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməli, mənəvi zərərin əvəzi kimi ödəniləcək məbləğ 10.000 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilsin. Mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3247/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3247/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver