Məhkəmə qərarları › İş №2(103)-3248/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3248/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3248/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil Zaur oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-2983/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ- 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı, qızıl rəngli avtomobilin qanunsuz olaraq istismar edildiyinə görə, əldə çıxmış fayda kimi 2016-cı ilin aprel ayından başlayaraq 2019-cu ilin oktyabr ayının 22-dək hər gün üçün 10 manat müəyyən edilməklə 11400 manat, avtomobil yararsız hala salındığına görə190450059 nömrəli cinayət işində aparılmış əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilin bu günə bazar qiyməti ilə olan dəyəri, yəni 10000 manat, vurulmuş mənəvi ziyan kimi 10000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat, 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2013-cü il tarixdə “xxxx” X14 Səhmdar Cəmiyyətinin Lada filialı ilə kredit müqaviləsi bağlayaraq avtomobil almaq üçün 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8800 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq özünə məxsus 2013-cü il buraxılışlı “VAZ-21901” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, qızıl rəngli avtomobili banka ipoteka qoymuş və bu barədə bankla xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Həmin avtomobil xx xxxx 2013-cü il tarixdə onun adına rəsmiləşdirilmiş və buna dair ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Banka krediti ödəyə bilmədiyindən bankın Lada filialının problemli kreditlər üzrə mütəxəssisi Cavabdeh2 2014-cü ilin mart ayında onu banka dəvət etmiş və o bankın əməkdaşlarının iştirakı ilə maşını banka apararaq, açarlarını filialın əməkdaşlarına təhvil vermişdir. 2016-cı ildə Cavabdeh2 avtomobili respublika ərazisində tapılıb “xxxx”-ın Lada filialına gətirilməsi üçün onun adına daşınar əmlaka dair sərəncam verilməsi barədə etibarnamə verilməsini xahiş etmişdir. İddiaçı xx xxxx 2016cı il tarixdə 19 saylı notariat kontoruna gedərək ona etibarnamə vermişdir. Lakin bundan sonra bank tərəfindən avtomobilin geri qaytarılması barədə ona məktub gəldikdə bilmişdir ki, cavabdeh avtomobili banka təhvil verməmiş, bankın razılığı olmadan avtomobili başqa şəxslərə vermişdir. Bununla əlaqədar iddiaçı polis orqanlarına müraciət etmiş və Gəncə şəhəri X18 şöbəsinin xx.xx.2016-cı il tarixli məktubundan ona məlum olmuşdur ki, ona məxsus avtomobil Cavabdeh2 Amil oğluna təhvil verilmişdir. Cavabdeh yenədə avtomobili banka təhvil vermədiyindən “xxxx” X15 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı Abşeron rayon Məhkəməsinə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)- 3161/2019 saylı qərardadı ilə iddianın təmin tədbiri olaraq ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. 2019-cu ilin yaz aylarında Cavabdeh2 Amil oğlunun qanunsuz hərəkətləri nəticəsində avtomobil digər Cavabdeh1 sahibliyinə keçmişdir. Cavabdeh1 öz növbəsində avtomobilin bankda girovda olduğunu bilərək heç bir sənədləşmə işləri aparmadan özünə məxsus avtomobili iddiaçıya məxsus avtomobillə dəyişdirmişdir. Bundan əlavə Cavabdeh1 avtomobili idarə etmək hüququ olmayan (etibarnamə olmadan) özünün işlətdiyi kafenin işçisi X6 vermiş, sonuncu isə həmin avtomobili idarə etmək üçün həmkəndlisi X2 vermişdir. Sonuncu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən ölmüş və maşın tam yararsız hala düşmüşdür. Faktla əlaqədar cinayət işi başlanmış, həmin cinayət işində iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 və onun işçisi X9 şahid qismində dindirilmişlər. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onun avtomobili tamamilə yararsız hala salındığından cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası ilə müəyyən olunmuş onun avtomobilinin yararlı vəziyyətdə bazar qiymətinin dəyəri olaraq 10000 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan əlavə xx xxxx 2016-cı il tarixdən avtomobil Cavabdeh2 Amil oğlu, sonradan isə Cavabdeh1 tərəfindən iddiaçının iradəsinə zidd olaraq istismar edildiyindən və avtomobil bazarında avtomobillərin gündəlik icarə haqları 50 manatdan başlandığından hesab edir ki, həmin dövr üçün cavabdehlərdən müştərək qaydada ədlən çıxmış fayda kimi 11400 manat məbləği tutulmalıdır. Eyni zamanda cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq ona 10000 manat, vəkilə etdiyi kömək üçün ödədiyi 100 manat, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-2983/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 (on min) manat məbləğində maddi zərər, 1000 (min) manat məbləğində mənəvi zərər, hüquqi yardıma görə vəkilə ödənilmiş 35 (otuz beş) manat, 10,50 (on manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı X8 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı X11 xx xxxx 2013-cü il tarixdə “xxxx” X15 Səhmdar Cəmiyyətinin Lada filialı ilə kredit müqaviləsi bağlayaraq avtomobil almaq üçün 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8800 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq özünə məxsus 2013-cü il buraxılışlı “VAZ-21901” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı, qızıl rəngli avtomobili banka ipoteka qoymuş və bu barədə bankla xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Daha sonra iddiaçı banka krediti ödəyə bilmədiyindən, bankın Lada filialının problemli kreditlər üzrə mütəxəssisi Cavabdeh2 2014-cü ilin mart ayında onu banka dəvət etmiş və o, bankın əməkdaşlarının iştirakı ilə maşını banka apararaq, açarlarını filialın əməkdaşlarına təhvil vermişdir. Daha sonra iddiaçı xx xxxx 2016-cı il tarixdə 19 saylı notariat kontoruna gedərək Emilə etibarnamə vermişdir. Daha sonra Cavabdeh2 Amil oğlu avtomobili Cavabdeh1 vermiş, Cavabdeh1 isə X6, sonuncu isə həmin avtomobili idarə etmək üçün həmkəndlisi X2 vermişdir. Sonuncu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən ölmüş və maşın tam yararsız hala düşmüşdür. İddiaçının deməyinə görə həmin nəqliyyat vasitəsi Banka təhvil verildikdən sonra 4 nəfərə verilmiş və sonuncu avtomobil qəzası nəticəsində ölmüşdür. Əgər iddiaçı dediklərində haqlıdırsa, nə üçün Cavabdeh1 cavabdeh qoyur? Cavabdeh1 nə üçün cavabdehlik daşımalıdır? İddiaçı X11 maşını banka apararaq, açarlarını filialın əməkdaşlarına təhvil vermişdirsə və nəqliyyat vasitəsinin qanunsuz olaraq başqa şəxslərə daha sonra iddiaçı xx xxxx 2016-cı il tarixdə 19 saylı notariat kontoruna gedərək Emilə etibarnamə vermişdir. Daha sonra Cavabdeh2 Amil oğlu avtomobilin Cavabdeh1 verilməsində günahkar bankın əməkdaşlarıdırsa, nə üçün Cavabdeh1 cavabdehlik daşıyır? Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil Zaur oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid iddianın qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası cavabdehin və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-2983/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, yəni xx xxxx 2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun xx xxxx 2013-cü il tarixdə bankın işçisi Cavabdeh2 tərəfindən vəzifə səlahiyyətlərindən istifadə edib X8 məxsus “VAZ 21901” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirib gizlətməsi barədə şikayət ərizəsi əsasında toplanmış material üzrə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarı, Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli iddianı təmini tədbiri haqqında qərarı, İsmayıllı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(037)-13/2020 saylı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmü, həmin cinayət işində zərərçəkmiş qismində dindirilmiş X4 ifadəsi, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsi, cinayət işində məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1484 saylı ekspert rəyi, Cavabdeh2 Amil oğlunun adına verilmiş xx xxx 2016-cı il tarixli etibarnamə ilə Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “VAZ 21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsi təsdiq olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-3161/2019 saylı qərardadı ilə iddianın təmin tədbiri olaraq iddiaçıya məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. 2019-cu ilin yaz aylarında avtomobil Cavabdeh1 qanunsuz sahibliyinə keçmişdir. Cavabdeh1 öz növbəsində avtomobilin bankda girovda olduğunu bilərək heç bir sənədləşmə işləri aparmadan özünə məxsus avtomobili iddiaçıya məxsus avtomobillə dəyişdirmişdir. Bundan əlavə Cavabdeh1 avtomobili idarə etmək hüququ olmayan (etibarnamə olmadan) özünün işlətdiyi kafenin işçisi X6 vermiş, sonuncu isə həmin avtomobili idarə etmək üçün həmkəndlisi X2 vermişdir. Sonuncu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən ölmüş və maşın yararsız hala düşmüşdür. Faktla əlaqədar cinayət işi başlanmış, həmin cinayət işində iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 və onun işçisi X9 şahid qismində dindirilmişlər. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1484 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “xxxx” ASC-nin İsmayıllı filialı İsmayıllı texniki xidmət məntəqəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli məlumatdan göründüyü kimi, “VAZ 21901” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 7200-7500 manat arasındadır. Həmin avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10 000 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 10000 manat olmuş avtomobilə, qüsur aktına müvafiq olaraq 7200-7500 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş qüsur aktında qeyd edilən məlumat müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 30 faizini təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 10000 manat olmuş 2013-cü il buraxılışlı “VAZ-21901” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7000 manat müəyyən edilir. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsinəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və yaəmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Göründüyü kimi Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyükimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi aşağıdakı əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Ekspert rəyinə əssasən zədələnməmişdən əvvəlki orta bazar qiyməti 10000 manat olmuş avtomobilə, qüsur aktına müvafiq olaraq 7200-7500 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmədiyindən, iddiaçı avtomobilin 10000 manat bazar dəyirini tələb etməkdə haqlı olmuşdur. Buna görə də, kollegiya məhkəmənin 10000 manat maddi zərərin müştərək qaydada Cavabdeh1 tutulması hissəsində gəldiyi nəticə ilə razılaşır. Kollegiya mənəvi zərərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 mülkiyyətçi olan iddiaçı ilə avtomobillə bağlı heç bir razılıq əldə etmədən qanunsuz olaraq istifadə etmiş, avtomobili başqasının qanunsuz idarə etməsinə verməklə, avtomobil yararsız hala salınmaqla iddiaçıya mənəvi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, Cavabdeh1 qanunsuz sahibliyi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobildən məhrum olması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin diqqətəlayiq digər hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx xxxx 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər-inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə MPM-nin 119.1, 115.0.6, 107-ci maddələrinə istinad edərək, iddia qismən təmin edildiyindən hüquqi yardıma görə vəkilə ödənilmiş 35 manat, 10,50 manat dövlət rüsumunun Cavabdeh1 müştərək qaydada tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir. Kollegiya apellyatorun onun məsuliyyət daşımaması, cavabdeh olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, yuxarıdakılara əsasən bir daha qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobil heç bir qanuni əsas olmadan apellyatorun qanunsuz sahibliyində olmaqla, sonra avtomobil qanunsuz idarə olunmaq üçün başqa şəxsə verildiyindən və yararsız hala düşdüyündən, iddiaçı iddia tələbini cavabdeh qismində Cavabdeh1 qarşı irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 2983/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar