Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3253/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin, 2(010)-1616/2022 saylı işi üzrə 03 mart 2022-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda rus dilində qeyd olunmuş "Kacимова Рабия" ad və soyadının X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(010)-1616/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1, 152.1.1, 152.4, 307.1, 307.2, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6, 1.7, 6-cı bəndlərinə istinadən qeyd edilmişdir ki, ərizəçi öz ərizəsini təqdim edərək "Kacимова Рабия" ad və soyadının X5 məxsus olması faktının müəyyən olunmasını xahiş etsə də, həmin hüquqmüəyyənedici sənədin ona hansı məqsədlə lazım olması, sənədin hansı orqan tərəfindən qəbul edilməsindən imtina olunması və hansı səbəbdən imtina etməsi, sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bundan başqa Ali Məhkəmənin plenum qərarında da qeyd edildiyi kimi müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir və belə bir faktın müəyyən edilməsi hüquqi nəticələr doğurmur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab etmişdir ki, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına və ərizənin forma və məzmununa riayət olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçi şikayət vermiş, Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(010)-1616/2022 saylı qərardadını ləğv edib, işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1232; Mülki Prosessual Məcəllənin 152.1.1, 307.2.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının ərizəyə əlavə etdiyi sənədlər düzgün qiymətləndirilməmişdir. Belə ki, şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid PASPORT-da X2 adı rus dilində "Касимова Рабия" kimi yazılmışdır. Mərhumun ölüm haqqında şəhadətnaməsində nümunəvi formaya uyğun olaraq qeydlər latın əlifbası ilə yazılmalı olmasına baxmayaraq, Suraxanı Rayonunun Bülbülə qəsəbəsi üzrə İcra nümayəndəsi kiril dilində "Гасымова Равиуə Садыг" qızı yazmışdır."Elektron notariat" X1 Çıxarışdan məlum olmuşdur ki, dövət reyestrində mərhumun adı X8 yazılmışdır.İddia ərizəsinə əlavə edilmiş, 13.03.1993-cü il tarixdə 10 saylı notariat kontorunda mərhum X10 tərəfindən verilmiş vəsiyyətnamədə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Tramvay küçəsi, ev 3 İddiaçı vəsiyyət edilmişdir.1959-cu il tarixdə tikilmış 09.07.1962-ci il tarixdə X7 verilmiş şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid PASPORT-da X6 adı rus dilində "Касимова Рабия" kimi yazıldığından həmin sənəddə adın azərbaycan dilində X8 olması faktının müəyyən olunması ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət olunması heç bir normativ hüquqi akta zidd deyildir. Göründüyü kimi hüquqmüəyyənedici sənəd şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya və qiymətləndirilməsinə aid PASPORT-dur. Məhkəmə isə qərardadında qeyd edir ki, hüquqmüəyyənedici sənəd ona hansı məqsədlə lazım olması, sənədin hansı orqan tərəfindən qəbul edilməsindən imtina olunması və hansı səbəbdən imtina etməsi, sənəddə olan səhvlərin aradan qaldıraraq (düzəldərək) yeni sənədin verilməsindən imtina edilməsi, sənəddəki səhvlərin düzəldilməsindən mümkün olmaması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə işlə bağlı gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır və qərardad ləğv edilməli ərizə icraata qəbul edilməlidir. X2 vəsiyyətnamədə şəxsi mülkiyyət hüququ ilə texniki 1232 inventarizasiya və qiymətləndirilməsinə aid PASPORT-da ad, soyadının düzəlişinin edilməsi olmadığı üçün onun düzəldilməsi icrası vəsiyyət üzrə vərəsəsi İddiaçı öhdəsinə düşür. Ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla, İddiaçı gələcəkdə həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını çətin vəziyyətə salmışdır. Belə ki, məhkəmə faktiki olaraq vəsiyyətnamənin icrasını mümkünsüz etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi iş üçün əhəmiyyətli hesab olunan sübutları düzgün qiymətləndirməmişdir. Ərizədə tələb olunan faktın müəyyən edilməsi məhkəmənin səlahiyyətində olduğundan ərizə icraata qəbul edilməlidir. İddiaçının rus dilində yazılan ad və soyadının Azərbaycan dilində ad və soyadının olması faktının təsdiq olunması üçün niyə hansısa orqandan imtina almalıdır. Pasport hüquqmüəyyənedici sənəddir və həmin sənəddə vərəsə vəsiyyətnamənin icrası məqsədilə X2 rus dilində qeyd edilmiş "Касимова Рабия" ad və soyadının Azərbaycan dilində müəyyən edilməsinin məhkəmədən xahiş etməsi üçün imtina məktubunun alınması zəruri deyildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1616/2022 saylı, 10.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-35, 149-152,307-310, 385,387-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, ərizəçi tərəfindən qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Belə ki, mülki prosessual qanunvericilik (Maddə 308-310) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri və ərizənin məzmununu müəyyən etmişdir. Orada təsbit edilmişdir ki: Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki: 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 6.Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 - 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Ərizəçi İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1616/2022 saylı işi üzrə, 03 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3253/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3253/2022
18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver