Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3253/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X13 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X14 qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh2 MTK-nın nümayəndəsi-vəkili Qurbanov Rəhim Qafar oğlunun, Cavabdeh3 iştirakı ilə, iddiaçı X13 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-336/2023 saylı, 10 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Alipour Yavar ilə Cavabdeh1 MMC arasında 31 may 2008-ci il tarixdə 592 saylı '‘Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə, “İdeal-İ İnşaat" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa edilən 9 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində, 2 otaqlı, 303 saylı sahəsi 102,3 kv.m. olan mənzili iddiaçıya təhvil verməyi, o, da öz növbəsində tikilən mənzili haqqını ödəyərək qəbul etməyi öhdəsinə götürmüşdür. xx.xx.2008-ci il tarixli 592 nömrəli müqavilənin 9.1.1 və 9.1.3-cü bəndlərində nəzərdə tutulmuş ödənişlər iddiaçı tərəfindən vaxtında edilmədiyi üçün Cavabdeh1 MMC tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilmiş, 303 saylı mənzil isə başqa şəxsə satılmışdır. Alipour Yavardan 31 may 2008-ci il tarixli müqavilə üzrə alınmış məbləğ geri qaytarılmadığına görə ondan əlavə 28.205 manat pul alınmış, müqabilində onunla Cavabdeh1 MMC arasında X2 məxsus olan binanın 9-cu girişi, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 291 nömrəli mənzilin ona verilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşma sazişi bağlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X13 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən müqavilələr üzrə ödənilmiş 94.400 manat vəsaitin, 66.918,5 manat dəymiş maddi ziyanın, 50.000 manat dəymiş mənəvi ziyanın, vəkil xidmətlərinə görə 111 manat vəsaitin, ümumilikdə 211.429,5 manat pulun və 501,43 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MMC arasında 31 may 2008ci il tarixdə 592 saylı '‘Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında Müqavilə” bağlanıb. Müqavilənin şərtlərinə əsasən, “İdeal-İ İnşaat" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa edilən 9 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində, 2 otaqlı, 303 saylı, sahəsi 102,3 kv.m. olan mənzilin müqavilənin sifarişçisi olaraq ona təhvil verilməsi, o, da öz növbəsində onun sifarişi ilə tikilən mənzilin haqqını ödəyərək qəbul etməyi öhdəsinə götürüb. Müqavilə ilə mənzilin dəyəri bir kvadrat metr üçün 913 manat olmaqla cəmi 93400 manata razılaşdırılmışdır. Eyni zamanda, müqavilənin qiymətinin dəyişməz olaraq qaldığı da şərtləndirilib. Lakin, "xxxx" MMC tərəfindən ona satılan mənzil təkrar olaraq başqa şəxsə satıldığı müəyyən edildiyindən, əvəzində sadəcə mərtəbəsi ayrı olan eyni ölçülü və eyni parametrli mənzil veriləcəyi bildirilib. Cavabdeh təşkilatla 22 iyun 2016-cı il tarixində əvvəlcə 2189 saylı, çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” imzalanıb və elə eyni gündə 5 saylı ASAN Xidmət mərkəzinin notariat kontorunda 3M-288 reyestr nömrəli “Razılaşma sazişi” imzalanıb. O, birinci müqavilə şərtləri üzrə ödəməli olduğu məbləğin ödənilməmiş olan hissəsini 28.205 manatı elə həmin tarixdə ödəyib həmin məbləğə dair qəbzi alıb. Ödəmə yekunlaşdığına görə, Cavabdeh1 MMC tərəfindən həmin tarixdə ona müqavilə öhdəlikləri üzrə borcu olmadığını təsdiq edən maliyyə arayışı da verilib."Razılaşma sazişi”nə əsasən, tərəfər, 22 iyun 2016-cı il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əvvəllər, yəni 31 may 2008-ci il tarixdə bağlanan “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqınd müqavilə”nin hüquqi nəticəsi olduğunu qəbul edib. Saziş lirə “Podratçı” adlandırılan mülki iş üzrə Cavabdeh1 MMC birinci müqavilədə nəzərdə tutulan şərtlərin 13-cü mərtəbədə yerləşən 303 nömrəli mənzilin yerinə, 7-ci mərtəbədə yerləşən 291 saylı mənzili təhvil verməyi öhdəsinə götürüb. Bundan əlavə, “Podratçı” məhkəmə mübahisəsindən, üçüncü şəxslərin hüquq və iddialarından azad mənzili “sifarişçiyə” təqdim etməyi öz öhdəsinə götürüb. Lakin 291 saylı mənzilin X1 müəyyən edilib, bununla bağlı məhkəmə mübahisəsi olub, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə 291 saylı mənzilə onun mülkiyyət hüquqları tanınıb. Daha sonra Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanan 31 may 2008-ci il tarixli 592 saylı müqavilə üzrə iddiaçıya verilməli olan 303 saylı mənzillə bağlı o, mənzilin satılmış olduğu şəxsə X6 qarşı məhkəmədə iddia qaldırıb, mənzilə dair onun sahiblik və istifadə hüququnun tanınması, mülki iş üzrə "xxxx" MMC ilə X9 arasında bağlanmış olan 09 yanvar 2016-cı il tarixli 2018 saylı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin ləğv edilməsi, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun maneəsiz həyata keçirilməsi üçün mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, X4 iddia tələbləri qismən təmin edilərək mənzilə onun istifadə və sahiblik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Xətai rayon Məhkəməsinin qeyd edilən qətnaməsi daha sonra yuxarı instansiya məhkəmələrinin qərarları ilə qüvvədə saxlanılıb. Bundan sonra cavabdehlərdən Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olan Cavabdeh3 və Cavabdeh4 barəsində mənzillərin bir neçə nəfərə satılması və sair əməllərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmənin hökmü çıxarılıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdehlərdən Cavabdeh3 qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Cavabdeh4 qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, zərərçəkmiş kimi dəyən maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları Yavar Alipura izah edilib. Bakı Apellyasiva Məhkəməsinin 1(103)-930 saylı,xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı,xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən, apellyasiva şikayətləri təmin edilmədən saxlanılması qərara alınıb. Məhkəmə qərarından kassasiya qaydasında şikayət verilsə də sonradan kassasiya şikayətinin geri götürüldüyü haqda məlumat var. O, mənzili əldə edərkən sərfəli bir yatırım etməklə gələcəkdə həmin əmlakdan gəlir əldə edəcəyini düşünürdü. Lakin o, 2008-ci ildən bəri çıxılmaz bir vəziyyətlə üzləşib. Bu illər ərzində nə əmlakı, nə də ona yatırdığı pulu qaytara bilməyib.Üstəlik əmlakını almaq üçün müraciət etdiyi sonsuz məhkəmə mübahisələrində vaxtı, vəsaiti ilə yanaşı enerjisini, əsəblərini də itirmiş olub. Baxmayaraq ki, onun vaxtılə ödədiyi vəsaitin dəyəri dəfələrlə düşüb, hazırda məcbur qalaraq mənzilə görə ödədiyi məbləğin qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdehlərin öz öhdəliklərini lazımi şəkildə icra etməməsi nəticəsində o, öz əmlakından məhrum olub. Hesab edir ki, mənzilə görə ödəmiş olduğu 93400 manat pul məbləği cavabdehlərdən tutularaq ona ödənilməlidir. Əlavə olaraq qeyd edir ki, onun tərəfdən Cavabdeh1 MMC-yə xx.xx.2015-ci il tarixli müqavilə əsasında sayğaclara görə ödənilən 1000 manat pul vəsaitinin də ödənilməsini tələb edir. Cavabdehlər mənzilə görə vəsaiti ödəməyə başladığı müddətdən, yəni 2008-ci ildən iddiaçının vəsaitini qanunsuz saxlamaqla ona külli miqdarda maddi ziyan vurub. Onu da qeyd etmək istəyir ki, o, mənzilə görə pulları ödədiyi zaman ABŞ dolları ilə ödəyib. Ödədiyi zaman dolların mövcud olmuş məzənnəsi ilə hazırki məzənnəsində ən azı iki dəfə fərq yaranıb. Cavabdehlər uzun illər ərzində onun pulundan istifadə edərək ondan faydalanıb, ona isə yalançı vədlər veriblər. Bu illər ərzində ona dəyən maddi ziyanı mülki qanunvericilikdə nəzərdə tutulan minimum 5% olmaqla aşağıdakı kimi qiymətİəndirir. 2009-cu ildə alınmış 83.010 manatı 14 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 4150,5 x 14 il =58.107 manat; 2015-ci ildə alınmış 1000 manatı 7 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 50 manat x 7 il=350 manat;2016- cı ildə alınmış 28.205 manatı 6 il ərzində qaytarmamaqla hər il üçün 5% dərəcəsi olmaqla 1410.9 x 6 il = 8461.5 manat,cəmi 66918,5 manat. Cavabdehlər tərəfindən aldadılaraq pul vəsaitindən və əmlakından məhrum olmağı, ödədiyi məbləğ qarşılığında nə əmlak və məbləğini ala bilməməyi, bununla bağlı sonsuz məhkəmə çəkişmələrinə sürüklənmiş olmağı onda insanlara qarşı sonsuz inamsızlıq hissi yaradıb, mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olub. Cavabdehlərin əməlləri nəticəsində ona mənəvi zərərin vurulması faktı danılmazdır və o, dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, ona vurulmuş maddi ziyanın tutulması ilə yanaşı həm də dəymiş mənəvi zərər ödənilməlidir. Hesab edir ki, müqavilənin cavabdeh “The Bakı Group LTD" MMC ilə bağlanmadığına baxmayaraq dəymiş ziyanla bağlı tələb etdikləri məbləğ "xxxx" MMC-dən də tutulmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilib ki, "xxxx" MMC ilə digər cavabdeh “The Bakı Group LTD" MMC arasında bağlanan podrat müqaviləsinin şərtlərinə əsasən tikilən binanın ümumi sahəsinin 75%-i Cavabdeh1 MMC-yə, 25%-i isə "xxxx"-yə məxsus olub. Cinayət işi üzrə qəbul edilən hökmlə o da təsdiqlənib ki, ona satılan 303 nömrəli mənzil "xxxx" MMC-nin payına düşən mənzil olub, həmin mənzili 2008-ci ildə iddiaçıya “The Bakı Group LTD" satıb. Həmçinin, sonradan iddiaçıya satılan 291 nömrəli mənzil də “The Bakı Group LTD" MMC-yə məxsus olan mənzillərdən olub. Baxmayaraq ki, mənzilin dəyəri cavabdehlərdən “İdeal-İ İnşaat" MMC-yə ödənilib, "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən hər iki mənzil ona satılarkən onların razılığının alındığı təsdiq edilib.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-336/2023 nömrəli, 10 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 MMC-dən, Cavabdeh2 MTK-dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada X8 xeyrinə müqavilələr üzrə ödədiyi 93400 manat vəsait, 54097.3.manat dəymiş maddi ziyan, 2000 manat dəymiş mənəvi ziyan,vəkil xidmətlərinə görə ödənilmiş 111 manat, ümumilikdə 149608.3 manat pulun və 501.43 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, ağır nəticələrə səbəb olan mühim zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş,habelə vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməklə X8 ümumilikdə 93400 manat pulunu mənimsəmişlər. Onlar hər ikisi Cavabdeh1 MMC-nin təsisçiləridir.
6. Qeyd olunan məhkəmə qərarlarının məzmunundan, həmin işlər üzrə ifadə vermiş şəxslərin ifadələrindən həmçinin görünür ki, X3 müqavilə əsasında ayrılmış mənzil binadakı payların 25%-nin sahibi “Sifarişçiyə”- Cavabdeh2- yə məxsus olan hissədə yerləşir.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya həmin məbləğdə ziyan dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır və hazırda mübahisə predmeti deyil. Ziyanın həm Cavabdeh1 MMC və onun təsisçiləri Cavabdeh3 və Cavabdeh4 tərəfindən, eləcə də çöxmənzilli binanın tikintisində 25% paya sahib olan Cavabdeh2 tərəfindən vurulması da iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa cavabdehlər 2009-cu ildə pulun 65195.75 manatı hissəsini, 2016-cı ildə isə 28.205 manat hissəsini alaraq bu vaxta qədər qaytarmamaqla iddiaçıya əldən çıxmış fayda qismində də ziyan vurmuşlar.
8. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçının 2009-cu ildən başlayaraq dəfələrlə aldadılması, ona məxsus olan ödənilmiş 93400 manat pul məbləğinin müqabilində vəd edilən, köçüb yaşamaq istədiyi mənzilin verilməməsi və ya uzun illər ərzində ödədiyi məbləğin geri qaytarılmaması heç şübhəsiz onda mənəvi sarsıntılar, əsəb gərginliyi və digər neqativ halların yaranmasına səbəb olmuşdur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 82.4, 445.1, 445.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-336/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 MTK apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 82.4-cü maddəsini işin hallarına tətbiq edərək iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 92/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmünü nəzərə almışdır. Lakin məhkəmə həmin maddi hüquq normasını tətbiq edərkən, hökmdə onların iddiaçı ilə yanaşı zərərçəkmiş olmaqlarını, onlara münasibətdə, təqdim etdikləri mülki iddia tələbinin təmin olunduğunu və nəhayət iddiaçıya məhz "xxxx" MMC-nin rəhbər şəxslərinin qanunazidd əməlləri nəticəsində ziyan vuruluduğu və həmin ziyanı onlardan tələb etmək hüqunun ona izah olunduğu nəzərə alınmamışdır. İlk öncə qeyd olunmalıdır ki, iddiaçınınona dəymiş ziyanı onlardan tələb etməyi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçıya dəymiş ziyan, məhz iş üzrə cavabdeh olan "xxxx" MMC-nin rəhbər şəxslərinin qanunazidd əməlləri nəticəsində yaranmışdır.Qeyd olunan hal, iddiaçı tərəfindən iş materillarına əlavə olunmuş hökmlə də öz təsdiqini tapır. Həmçinin iddiaçının tələb etdiyi ziyan olaraq, mənzil almaq üçün ödədiyi pul məbləğinin məhz digər cavabdeh "xxxx" MMC-ninkassasına mədaxil olunduğu da iş materillarına əlavə olunmuş maliyyə arayışları və kassa mədaxil qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı ilə imzalanmış müqavilələrin heç birində onların adları keçmir. Həmçinin iş materiallarına əlavə olunmuş hökmdən müəyyən olunur ki, iddiaçı ilə yanaşı onlar da "xxxx" MMC-nin rəhbər şəxslərinin qanunzidd əməllərinə münasibətdə zərərçəkmiş qismində tanınmışlar. Hətta tərəfindən verilmiş mülki iddia ərizəsi də təminolunmuşdur. Eyni zamanda həmin hökmdə iddiaçıya da, mülki mühakimə icraatı qaydasında ona dəymiş ziyanı təqsirləndirilən şəxslərdən tələb etmək hüququ izah olunmuşdur. Əgər iddiaçı ona, "xxxx" MMC tərəfindən satılmış mənzilin onunla "xxxx" MMC arasında olan podrat müqaviləsi üzrə onlara düşən paya düşməsini istinad edirsə, onda sübut etsin ki, o, mənzilə görə ödədiyi pulu onlara ödənilmşidir. Həmçinin iddiaçının özünün məhkəməyə təqdim etdiyi hökmdən görünür ki, onlarla "xxxx" MMCarasında olan podrat müqaviləsi üzrə, öhdəliklər yerinə yetirilməmiş və nəticədə onlara çatası əmlaklar "xxxx" MMC-nin rəhbər şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə təkrar olaraq satılmışdır. Hesab edir ki, məhkəmə qeyd olunan xüsusatlara qiymət verməmiş və onlara münasibətdə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsivəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı X13 iddia edir ki, ona mənzil satılmış və mənzillə bağlı ona zərər dəymişdir, o bütün cavabdehlərdən dəymiş ziyanı tələb edir. Bu işlə bağlı araşdırma aparılmış, hökm qəbul olunmuşdur. Hökmdə mənzillə bağlı müvafiq araşdırma aparılmışdır. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında podrat müqaviləsi bağlanmışdır. Hökmdə mənzilin satışı ilə bağlı araşdırma aparılmışdır
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, MMC ilə aralarında 25-75 faiz arasında bölgü olmuşdur, lakin bütün satış Cavabdeh1 MMC tərəfindən həyata keçirilib. Cavabdeh2-nin boş torpaq sahəsi olubdur. Sərəncamı almış, inşaatı həyata keçirmişlər, 37 bina tikilərək təhvil verilmişdir. Onlar 25 faizi sırf gəlir kimi əldə ediblər. “X19 LTD-nin adından müqavilə bağlamaq səlahiyyətləri var idi. Cinayət işinin materiallarında “X19 LTD-nin möhürü və imzası ilə 2015-ci il tarixli belə bir sənəd vardır ki, “mənim üzərimə düşən 25 faizi almışam, indi və gələcəkdə Cavabdeh3 heç bir alacağım və verəcəyim yoxdur”. X13 7 il ərzində heç bir ödəniş etməyibdir
15. İddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq 18 may 2023-cü il tarixdə əvvəlcədən təyin olunmuş digər məhkəmə iclasında iştirakı zəruri olduğundan təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin hallarını, həmçinin, prosesin təxirə salınmasını xahiş edən şəxsin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyini, eləcə də işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq, məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh2 MTK şikayət verərək ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh2 MTK-yə aid hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 24.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 25.1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 26.1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 27.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 28.1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 29.1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh2 MTK-yə aid hissədə ləğv edilməli, həmin cavabdehə münasibətdə iddia rədd edilməlidir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 34.Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsinin baş verdiyi və bu hadisənin baş verməsinə Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olduğu cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz hərəkətləri səbəb olduğu və bununla da həmin cavabdehlərin və onların aid olduğu MMC-nin həm də mülki-hüquqi məsuliyyət daşıdığı qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyi üçün bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 35.Buna baxmayaraq həmin hökmlə iddiaçıya aid epizod üzrə cinayət hadisəsinin baş verməsinə həm də Cavabdeh2 MTK-nın aidiyyəti müəyyən edilmədiyindən bu cavabdehə münasibətdə iddianın əsası kimi istinad olunan hallar müvafiq mülki-prosessual normalara əsasən ümumi qaydada müəyyən edilməli, yəni iddiaçının təqdim etdiyi sübutlar əsasında araşdırılmalıdır.
36. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi olan Cavabdeh3 həmin MMCnin direktoru Cavabdeh4 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni niyyətlə qeyd olunan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 303 nömrəli mənzili Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2008-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 592 nömrəli müqavilə ilə mənzilin dəyərinin 6,2 faizi ilkin, qalan hissəsinin 24 ay müddətində ödənilmək şərtilə ümumilikdə 93.400 manata X11 satmağa razılaşaraq, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik qismən, yəni 2008-ci ilin iyun ayından 2008-ci ilin dekabr ayına kimi olan müddətdə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisində ona cəmi 65.195 manat ödəniş edildiyinə görə xx.xx.2008-ci il tarixli 592 nömrəli müqavilənin 9.1.1 və 9.1.3-cü bəndlərində nəzərdə tutulmuş – “sifarişçi” tikinti işlərinin ödəmə haqqını vaxtında ödəmədiyi halda müqaviləyə xitam verməklə, satışdan əldə olunan pulu ilkin alıcıya qaytarmalı olduğu halda, müqaviləni birtərəfli qaydada xitam etməklə həmin mənzili xx.xx.2016-cı il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 2018 nömrəli müqavilə ilə X5 92.070 manata sataraq Alipour Yavardan aldığı 65.195 manat məbləğində pulu qaytarmadığına görə sonuncunun şikayət etməsinə səbəb olmuş, nəticədə şikayətin qarşısını almaq üçün xx.xx.2016-cı tarixdə Cəmiyyətin qeyd olunan ünvanında yerləşən ofisində ondan əlavə 28.205 manat pul alıb 303 nömrəli mənzilin əvəzi olaraq X2 məxsus olan binanın 9-cu giriş, 7-ci mərtəbə, ümumi sahəsi 102,3 kv.m olan 291 nömrəli mənzili X11 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2016-cı il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 2189 nömrəli müqaviləni, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışının tərtib olunub, imza və möhürlə təsdiq olunmasını təşkil edərək Cavabdeh4 vasitəsilə Yavar Alipoura verib təkrarən vəzifə saxtakarlığı törətmiş, sonuncuya məxsus 93.400 manat təşkil edən külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir.
37. Cavabdeh1 MMC ilə X13 arasında bağlanmış 592 saylı, 31 may 2008-ci il tarixli müqavilədən görünür ki, şirkət Xətai rayonu,Xocalı prospektində inşa etdiyi 9 saylı çoxmənzilli binanın 13-cü mərtəbəsində 2 otaqlı, 102.3 kv.m yaşayış sahəsi olan 303 saylı mənzili X11 verməyi, sonuncu isə mənzilin dəyəri olan 93.400 manatı şirkətə ödəməyi öhdəsinə götürmüşdür.
38. Cavabdeh1 MMC-nin tərtib etdiyi xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X13 tərəfindən xx.xx.2008-ci il tarixli, 592 saylı müqavilə üzrə 5.810 manat məbləğində pul ödənilmişdir.
39. İddiaçı Abolfath ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli müqaviləyə əsasən MMC Xətai rayonu, Xocalı prospekti 29 ünvanında binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 303 nömrəli mənzili İddiaçı Abolfathın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
40. Cavabdeh1 MMC-nin tərtib etdiyi xx.xx.2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Abolfath tərəfindən xx.xx.2015-ci il tarixli, 303 saylı müqavilə üzrə 1.000 manat məbləğində pul ödənilmişdir.
41. Cavabdeh1 MMC-nin 22 dekabr 2015-ci il tarixli 44 saylı əmrinin məzmunundan görünür ki, həmin tarixə qədər X13 mənzilin dəyəri olan 93400 manat pulun 65195 manat hissəsini ödəmiş, 28205 manat qalıq borcu qalmışdır.
42. Cavabdeh1 MMC İddiaçı Abolfath ilə arasında bağlanmış 22 iyun 2016-cı il tarixli razılaşma sazişinin məzmunundan görünür ki, “podratçı” 592 saylı,31 may 2008-ci il tarixli müqavilə ilə nəzərdə tutulan 9 saylı çoxmənzilli binanın 13-cü mərtəbəsində 2 otaqlı, 102.3 kv.m yaşayış sahəsi olan 303 saylı mənzilin əvəzində heç bir əlavə ödəniş olunmadan həmin binanın 7-ci mərtəbəsində yerləşən 102.3 kv.m yaşayış sahəsi olan 2 otaqlı, 291 saylı mənzil “sifarişçiyə” təhvil vermək barədə öhdəlik götürmüşdür.
43. xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 MMC-də Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa edilən İX blokun Vİİ mərtəbəsində yerləşən 2 otaqlı, 102,3 kv.m sahəsi olan 291 saylı mənzilə görə bağlanmış xx.xx.2016-cı il tarixli 2189 saylı müqavilə üzrə İddiaçı Abolfathın şirkətə heç bir borcu qalmamışdır.
44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. İddia ərizəsindən görünür ki, iddiaçı müqavilələr üzrə ödənilmiş 94.400 manat vəsaitin, dəymiş maddi zərər olaraq 66.918,5 manat, mənəvi zərər olaraq 50.000 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, istər müqavilə tərəfləri, istərsə də müqavilə münasibətlərində olmayan şəxslər arasında zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. 46.Apellyasiya şikayətinə əsasən işə baxan məhkəmə kollegiyası hesab edir ki, ilk öncə iddiaçı ilə Cavabdeh2 MTK arasında öhdəlik hüquq münasibətlərinin yaranıbyaranmamasına hüquqi qiymət verilməlidir. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. 47.Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.
48. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MTK arasında nə 303 saylı, nə də 291 saylı mənzil ilə əlaqədar hər hansı müqavilə bağlanmamış, bu mənzillər haqqında xx.xx.2008-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavillələr Cavabdeh1 MMC ilə bağlanılmış, müqavilələr üzrə müvafiq məbləğdə pul vəsaiti həmin MMC-yə ödənilmiş və bu barədə MMC tərəfindən iddiaçının adına kassa mədaxil orderləri tərtib edilmiş, həmçinin Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa edilən İX blokun Vİİ mərtəbəsində yerləşən 2 otaqlı, 102,3 kv.m sahəsi olan 291 saylı mənzilə görə bağlanmış xx.xx.2016-cı il tarixli 2189 saylı razılaşma sazişi üzrə İddiaçı Abolfathın şirkətə heç bir borcu qalmadığı barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışı ona Cavabdeh1 MMC tərəfindən verilmişdir.
49. Bundan başqa iddiaçı ona satılan 303 nömrəli mənzilin Cavabdeh2 MTK-nın payına düşdüyünü, həmin mənzilin 2008-ci ildə iddiaçıya “X19 LTD" MTK tərəfindən satıldığını, sonradan iddiaçıya satılan 291 nömrəli mənzilin də “X19 LTD" MTK-yə məxsus olan mənzillərdən olduğunu, bunun Cavabdeh2 MTK-nın səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edildiyini bildirir.
50. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-92/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC və Cavabdeh2 MTK arasında 14 oktyabr 2004-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” Cavabdeh2 MTK özünə məxsus ünvan 3 ünvanda yerləşən 1.8 hektar torpaq sahəsini, ümumi 4.2 hektar torpaq sahəsini “Podratçı”- Cavabdeh1 MMC-yə çoxmənzilli evlərin tikintisi və abadlq işlərinin aparılması məqsədi ilə vermişdir. Müqavilənin şərtlərinə görə əgər ümumi tikilən sahə 168000 kv.m-dən çox olarsa, onda “Podratçı” satışa yararlı olan sahənin 25%-ni “Sifarişçiyə”verir.
51. Hökmdə əks olunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2-2(82)-63/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 MTK tikinti sahəsinin 25 %-nin MTK-yə verilməsi və s. tələblərlə məhkəməyə müraciət etmiş, iddiası qismən təmin edilərək, 14 oktyabr 2004-cü il tarixli podrat müqaviləsi ləğv edilmiş, ümumi tikilən və satışa yararlı olan sahənin Cavabdeh2 MTK-nın payına düşən 25 % hissəsi proporsional qaydada yaşayış və kommersiya xarakterli qeyri-yaşayış sahələrin Cavabdeh1 MMC-dən alınıb Cavabdeh2 MTK-yə verilməsi qət edilmişdir. Məhkəmənin bu qətnaməsi yuxarı instansiya məhkəmələrinin aktlarına əsasən dəyişdirilmədən saxlanılmışdır.
52. İşdə olan sübutlardan göründüyü kimi Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MTK ilə bağlanmış 14 oktyabr 2004-cü il tarixli podrat müqaviləsinin şərtlərinin pozulduğu, müqaviləyə əsasən LTD-nin payına düşən yaşayış və qeyri-yaşayış sahalərinin verilmədiyi, bu mübahisənin məhkəmə qaydasında araşdırıldığı, mübahisə predmeti olan sahələrin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2-2(82)- 63/2017 saylı qətnaməsinə əsasən verilməli olduğu müəyyən edilmişdir.
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilələr üzrə iddiaçıya təhvil verilməli olan mənzillər ona Cavabdeh1 MMC tərəfindən satılmış, müvafiq məbləğdə pul məhz Cavabdeh1 MMC-nin balansına ödənilmiş, Cavabdeh1 MMC-nin də Cavabdeh2 MTK adından hər hansı əqd bağlamaq üzrə hüququ olmamışdır.
54. Beləliklə də, tərəflər arasında müqavilədən irəli gələn hər hansı öhdəlik hüquq münasibətləri yaranmamış, delikt öhdəliyinin yaranmasını mümkün edən və qanunvericilikdə öz əksini tapan şərtlərin və ya bu cavabdehin iddiaçının hesabına varlandığı halların mövcudluğu da işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Cavabdeh2 tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmadığından da iddia bu cavabdehə münasibətdə əssasız olduğunu üçün rədd edilməlidir.
55. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-336/2023 nömrəli, 10 fevral 2023cü il tarixli qətnaməsi qismən – Cavabdeh2 MTK-yə aid hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X13 cavabdehlər «İdeal-İ İnşaat” MMC-yə, Cavabdeh2-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Cavabdeh2 MTK-yə münasibətdə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova