Məhkəmə qərarları › İş №2(103)-3254/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3254/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3254/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia tələbi üzrə (Açar sözlər: işə məhkəmədə baxılmalı olması, icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və X2 qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2004cü il tarixli 4Ə/1-42 saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ JN-10694D KOD 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi əks olunmuş, qonşu torpaqlarla sərhədləri göstərilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba torpaq sahəsinin yerləşmə koordinatları əlavə olunmuş, sahənin yerləşdiyi küçədə yeni qaydalara görə ünvan təyinetmə işləri yekunlaşmadığı üçün dəqiq ünvan rekviziti barədə məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir.

4. Cavabdeh ünvan 2 ünvanında, X3 ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh və X2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə” əsasında fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2004-cü il tarixdə onun mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Fərdi yaşayış evi inşa edildikdən sonra uzun müddət orada yaşayış olmamış, 2010-cu ildə o, cavabdehlərin maddi vəziyyətini və yaşayış yerlərinin olmadığını nəzərə alaraq evi müvəqqəti olaraq onların istifadəsinə vermişdir. 2019-cu ildə evə baxış keçirərkən müəyyən etmişdir ki, cavabdehlər həmin evdən yaşayış üçün deyil, anbar (depo) olaraq istifadə edirlər. Buna görə evin giriş qapısının qıfılını dəyişdirmiş, lakin daha sonra cavabdehlər qıfılı qıraraq evə daxil olmuş, qanunsuz və mülkiyyətçinin iradəsinə zidd olaraq orada məskunlaşmışlar. Sadalanan halların aradan qaldırılması məqsədilə cavabdehlərə müraciətlər etmiş, lakin cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş, Cavabdeh məlum olan ünvanına göndərilən bildirişlər çatdırılmadan geri qaytarılsa da o, SMS vasitəsilə məlumatlandırılmış, cavabdeh Günel Əliyevaya göndərilən bildirişlər müvafiq ünvanda qəbul edilmişdir.

8. Birinci instansiya məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə, habelə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla belə əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları müəyyən edildiyindən, iddia tələbi təmin edilməlidir.

10. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işə cavabdehlərin iştirakları olmadan baxdığı, müəyyən olunmuş hesab etdiyi halların heç bir sübutla təsdiq edilmədiyi, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin konkret ünvanının göstərilmədiyi, cavabdehlərin 2009-cu ildən etibarən 13 il ərzində mübahisəsiz qaydada yaşadıqları evin iddiaçıya aid olmasının sübuta yetirilmədiyi, həmin evin başqa şəxslər tərəfindən Cavabdeh təmannasız olaraq verildiyi, Cavabdeh iddiaçını ümumiyyətlə tanımadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi, eləcə də digər cavabdeh Günel Əliyeva apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.

13. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla tikinti-texniki ekspertizası təyin edilmiş, iş Ekspertiza Mərkəzinə göndərildikdən sonra Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mübahisəsi gedən əmlakı satın aldığını və artıq özünün mülkiyyətçi olduğunu bildirməklə işə xitam verilməsini xahiş etmişdir.

14. Həmin ərizəyə müvafiq alqı-satqı müqaviləsi və reyestr çıxarışı əlavə olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

18. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

19. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya baxışının həddi

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

22. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qalxmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir.

23. Təsadüfi deyildir ki, prosessual qanunvericilik işə məhkəmədə baxılmalı olmadığı zaman iş üzrə icraata xitam verilməli olmasını nəzərdə tutur və kollegiya hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arsında mübahisənin olmadığını nəzərdə tutur.

24. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında mübahisə başladıqdan və birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra, mübahisəsi gedən əmlak cavabdehlərdən birinin mülkiyyətinə keçmiş, beləliklə də iddiaçı və cavabdeh statusu faktiki olaraq eyni şəxsdə birləşməklə mübahisə ortadan qalxmışdır, belə olan halda isə məhkəmənin olmayan mübahisəyə baxması mümkün deyildir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-248/2022 saylı iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və X2 qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar