Məhkəmə qərarları › İş №2(103)-326/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-326/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-326/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3364/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən zirzəminin alınmasına dair hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, eləcə də cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1, mənzil 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzil binanın birinci mərtəbəsində yerləşir və o, uzun müddətdir ki, mənzilin altında olan yarımzirzəmidən istifadə edir. Yarımzirzəmi onun faktiki sahibliyində və istifadəsindədir. Eyni zamanda, Azərbaycan Respublikası DNŞ Quruda Neft və X2 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin 338 nömrəli, xx xxxx 1994-cü il tarixli sərəncamı ilə qeyd edilən zirzəmi onun yardımçı təsərrüfat məqsədilə rəsmi qaydada istifadəsinə verilmişdir. Bundan başqa Bakı şəhər İBA-nın Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona texniki pasport da verilmişdir. Yarımzirzəmidə ona məxsus bir sıra mal-materiallar və təsərrüfat təyinatlı əşyalar vardır. Həmçinin, zirzəmiyə gedən kommunal xətlər ona məxsus mənzildə olan sayğaclardan keçir və o, həm mənzilində, həm də zirzəmidə istifadə etdiyi kommunal ödənişləri ödəyir. Lakin, o işdə olarkən Cavabdeh1 mənzilinə polis əməkdaşı ilə gəlib zirzəmiyə baxış keçirməli olmalarını bildirmiş və zirzəminin açarlarını ailə üzvlərindən tələb etmişdir. Onlar isə öz növbəsində açarları təqdim etmişlər. Bundan sonra cavabdeh zirzəmiyə daxil olmuş oranın giriş qapısının açarlarını dəyişdirmiş, ona məxsus əşyaların bir qismini isə küçəyə çıxarmışdır. Onun ailə üzvləri bu məsələyə etiraz etdikdə isə onlara zirzəminin artıq cavabdehə məxsus olması barədə çıxarışın surətini təqdim edərək getmişdir. O, bu məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, cavabdeh ona məxsus zirzəmini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracdan almışdır. Hesab edir ki, hərracın nəticələri etibarsız sayılmalıdır. Qeyd etdiyi kimi, zirzəmi uzun müddətdir ki, qanuni əsaslarla onun sahibliyində və istifadəsindədir, bu səbəbdən də əmlak hərracdan satılırdısa ilk olaraq ona təklif olunmalı, onu almaqdan imtina etdiyi təqdirdə başqa şəxslərə satıla bilərdi. Bununla yanaşı, hərracın təşkili və keçirilməsi ilə bağlı ona ümumiyyətlə hər hansı məlumat verilməmiş, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə kçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 3364/2018 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2018-ci il tarixli hərracın nəticələrinə dair 14/01 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3459/2018 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1694/19 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması göstərilərək qeyd edilmişdir ki, iddiaçının tam qanuni əsaslarla sahibliyində və istifadəsində olan daşınmaz əmlakın cavabdeh tərəfindən yuxarıda qeyd olunan formada əlindən alınması qanunsuz və həddini aşan müdaxilə olmuşdur. Çünki mülkiyyətin keçməsi öz-özlüyündə iddiaçının istifadə hüququnun xitam olunması demək deyildir. Bunun üçün xüsusi bir akt və ya məhkəmə qərarı tələb olunur. Halbuki, Cavabdeh1 Mülki Məcəllənin faktik sahibi və istifadəçini qoruyan bir sıra müddəalarına məhəl qoymadan iddiaçının istifadə hüququna xitam verməyə çalışmışdır. Həmçinin nəzərə alınsa ki, mühahisə predmeti qeyriyaşayış obyekti bir insan tərəfindən illərdir baxılıb və qorunub saxlanıb, onun xəbərsiz bir səkildə əlindən alınması ən azından humanizm prinsipinə ziddir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsində hərracın qanunvericiliyin və xüsusilə özəlləşdirmə haqqında normativ aktların tələblərinə uyğun olaraq keçirilməsi haqqında tam və ətraflı prosedurla bağlı sübutlara əsaslanılmamışdır. Halbuki iddiaçı öz tələbində hərrac və onun nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bu isə öz növbəsində məhkəmənin inzibati orqandan hərracın keçirilmə proseduru haqqında bütün sənədləri təqdim etməsini tələb edirdi. Belə ki, qanuvericiliyin tələblərinə müvafiq olaraq mətbuatda nə zaman ilkin elanın yerləşdirildiyi, həmin hərracın baş tutmaması, təkrar hərracın keçirilməsi üçün əsasların yaranması iş materiallarında qeyd edilən privatization.az saytında yerləşdirilən elanda mübahisə predmeti daşınmaz əmlakın təkrar hərrac nəticəsində satılmış olduğu qeyd olunmuşdur. Mülkiyyət qəzetində elanın və hərracın nəticələrinin nəşr edilməsi sübutlar arasında təqdim edilməmiş və rayon məhkəməsi tərəfindən də tələb olunmamışdır. Bu isə məhkəmənin işə ötəri və qərəzli yanaşmasını göstərir. İddiaçının qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə onun, etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçının satınalmada üstünlük hüququnun olmamasını fərz edilsə, hərracın dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyata keçirildiyini qəbul etsək belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməyini başa düşmək çətindir. Bu hal öz-özlüyündə disreksion səlahiyyətlərin inzibati orqan tərəfindən aşılması halını göstərir və keçirilmiş olan hərracın və onun nəticələrinin ləğv edilməsi üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyasının da bir-neçə dəfə vaxt verməsinə baxmayaraq cavabdehlə mübahisəni məhkəmədən kənar qaydada həll edə bilməmişdir. Belə ki, aralarında olan razılığa əsasən Cavabdeh1 mübahisəli zirzəmini onun adına keçirməli, o isə bunun müqabilində cavabdehə razılaşdırılmış pul vəsaitini ödəməli idi. Hətta Cavabdeh1 ilə aralarında barışıq sazişinin layihəsi də tərtib olunmuş, lakin son anda barışıq əldə olunmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyasından işə mahiyyəti üzrə baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyasının da bir-neçə dəfə vaxt verməsinə baxmayaraq iddiaçı ilə mübahisəni məhkəmədən kənar qaydada həll edə bilməmişdir. Belə ki, aralarında olan razılığa əsasən o, mübahisəli zirzəmini iddiaçının adına keçirməli, iddiaçı isə bunun müqabilində ona razılaşdırılmış pul vəsaitini ödəməli idi. Lakin, son anda aralarında əldə olunmuş barışıq pozulmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyasından işə mahiyyəti üzrə baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, mənzil 2 ünvanı iddiaçının adına xüsusi mülkiyyət kimi xx xxxx 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» Neft- Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən - Sovet Ordusu küçəsi, 4 saylı evin 2 saylı mənzilin altında yerləşən sahəsi 67,75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün İddiaçı istifadəsinə verilmişdir. İşdə olan 1 saylı Mənzil İstismar Sahəsinin xx xxxx 1995-ci il tarixli aktından görünür ki, T.Məmmədov küçəsi, ev 4 ünvanında yerləşən zirzəmi və zirzəminin açarı İddiaçı təhvil verilmişdir. İşdə olan iddiaçının adına tərtib olunmuş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportunun surətindən görünür ki, həmin sənəd ünvan 1, mənzil 2 ünvanı üzrə (2 yaşayış otağı, mətbəx, ön giriş, vanna, ayaqyolu olmaqla) tərtib olunmuş, eyni zamanda orada Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən iddiaçının istifadəsinə verilmiş 67,75 m2 qeyri-yaşayış sahəsi «anbar» sahəsi kimi (47,75 m2 + 20,0 m2 olmaqla) öz əksini tapmışdır. İşdən həmçinin görünür ki, xx xxxxx 2018-ci il tarixdə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsindəki 4 saylı binanın zirzəmisinin bir hissəsi - 99,1 m2 qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18750 manata Cavabdeh1 satılmış, xx xxxxx 2018-ci il tarixdə isə bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi imzalanmış, müqavilədə həmin qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti 18750 manat qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixdə 18750 manat Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödənilmiş və Cavabdeh1 həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin satışı ilə bağlı keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab olunmasını, eləcə də Cavabdeh1 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – hərracın qanuni əsaslarla keçirilməsini, həmçinin mübahisəli əmlakın iddiaçının istifadəsində olması faktının onu satın almaqda üstünlük hüququnun olması anlamına gəlməməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və işdə olan sübutları araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərfli və obyektiv araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş, beləliklə, iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən - ünvan 1, mənzil 2 ünvanı iddianın xüsusi mülkiyyəti kimi xx xxxx 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən həmin mənzilin altında yerləşən sahəsi 67,75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün iddiaçının qanuni istifadəsinə verilmişdir. İddiaçının adına tərtib olunmuş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportunda da iddiaçının istifadəsinə verilmiş 67,75 m2 qeyri-yaşayış sahəsi «anbar» sahəsi kimi (47,75 m2 + 20,0 m2) öz əksini tapmışdır. 1 saylı Mənzil İstismar Sahəsinin xx xxxx 1995-ci il tarixli aktına əsasən həmin zirzəmi və zirzəminin açarı iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işi yenidən apellyasiya baxışına qaytararkən qərarında göstərmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərəncamının iddiaçı üçün həmin sahə üzərində hər hansı hüquq yaradıbyaratmadığına qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının həmin göstərişi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin altında (zirzəmidə) yerləşən 67,75 m2 qeyri-yaşayış sahəsi məhz müvafiq orqanını sərəncamı əsasında iddiaçının qanuni istifadəsinə verilmiş, həmin sərəncamın ləğv olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, həmin dövrdə digər dövlət orqanı (1 saylı Mənzil İstismar Sahəsi) tərəfindən xx xxxx 1995-ci il tarixli aktla zirzəmi və zirzəminin açarı iddiaçıya təhvil verilmişdir. Bununla yanaşı, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən dövlət orqanı (həmin dövrdə əşya hüquqlarının qeydiyyatı sahəsində səlahiyyətli dövlət orqanı sayılan - Bakı şəhər İHBA Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi) tərəfindən tərtib olunaraq qeydiyyata alınmış texniki pasportda - mənzillə yanaşı, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən iddiaçının istifadəsinə verilmiş 67,75 m2 qeyri-yaşayış sahəsinin («anbar» kimi qeyd edilməklə sahəsi 47,75 m2 + 20,0 m2 = 67,75 m2 kimi qeyd olunmuşdur) də texniki ölçüləri öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı ünvan 1, mənzil 2 ünvanının mülkiyyətçisi kimi, həmçinin həmin mənzilin altında yerləşən, sahəsi 67,75 m2 qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi də oradan uzun illər ərzində istifadə və sahiblik etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən sənədlər (sərəncam, akt, texniki pasport və s.) iddiaçıya mənzilinin altında yerləşən, sahəsi 67,75 m2 qeyri-yaşayış sahəsi üzərində qanuni istifadə hüquqlarının yaranmasına əsas olmuş, eyni zamanda keçən uzun müddət ərzində bu hala etirazın olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Lakin, iddiaçıya hər hansı məlumat verilmədən (cavabdeh tərəf bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir) iddiaçının qanuni istifadəsində olan zirzəmi sahəsi də daxil olmaqla ümumilikdə 99,1 m2 qeyri-yaşayış sahəsi cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracda Cavabdeh1 satılmışdır. İşdən görünür ki, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələbləri tam gözlənilməmiş (məlumatlandırma və s.), iddiaçının hüquqları pozulmuş, nəticədə iddiaçının uzun illər ərzində qanuni istifadəsində və sahibliyində olan əmlak (yarımzirzəmi) başqa şəxsin mülkiyyətinə keçmişdir. Qeyd edilməlidir ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»nın 17.4-cü və 17.6-cı maddələrinə əsasən hərracların və müsabiqələrin keçirilməsinin plan-qrafikləri, özəlləşdirilən konkret müəssisələr haqqında məlumatlar, kütləvi informasiya vasitələrində və xüsusi nəşrlərdə müsabiqənin, hərracın və səhmlərin açıq satışının keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl dərc edilir. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət əmlakının hərraclar vasitəsi ilə satıcı Qaydaları»nın 2.1ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunmasını təmin edir. Həmin Qaydaların 4.7-ci maddəsinə əsasən hərracın nəticələri hərracın keçirildiyi gündən 15 gün müddətində Satıcısının rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə»nin 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. Həmin Əsasnamə, onun 1-ci bəndindən göründüyü kimi xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmış və yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləməkdədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işi yenidən apellyasiya baxışına qaytararkən qərarında, həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 99,1 kvm qeyri-yaşayış sahəsinin tavanı ilə iddiaçının yaşadığı mənzilin döşəməsinin alt-üst olmadığı müəyyən edilmişdir. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün işə yenidən baxan məhkəmə 99,1 kvm qeyri-yaşayış sahəsinin iddiaçının yaşadığı mənzilin altında yerləşib-yerləşmədiyini, 99,1 kvm qeyri-yaşayış sahəsinin məhz hansı hissəsinin iddiaçının mənzilinin altına düşdüyünü, həmin qeyriyaşayış sahəsinin tavanı ilə iddiaçının mənzilinin döşəməsinin alt-üst olub-olmadığını həmin sahədə xüsusi biliyə malik mütəxəssisin köməyindən istifadə etməklə aydınlaşdırmalı, lazım gələrsə müvafiq ekspertiza təyin olunması məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu və digər halların araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi zəruri hesab etmişdir. Daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 27785 nömrəli rəyindən görünür ki: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 4 saylı binanın zirzəmisində yerləşən Cavabdeh1 mülkiyyətində olan, ümumi sahəsi 99,1 m2 olan qeyri-yaşayış sahəsinin binanın baş tərəfindən yerləşərək, həmin qeyri-yaşayış sahəsinin tərkibində olan tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğundur. - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 4 saylı binanın zirzəmisində yerləşən 99,1 m2 qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən sahəsi 50,2 m2 olan 2 saylı tikili iddiaçının yaşadığı mənzilin altında yerləşir. - İddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş 99,1 m2 qeyri-yaşayış sahəsinin ikinci hissəsindən olduğu nəzərə alınaraq, həmin qeyri-yaşayış sahəsinin iddiaçının mənzilinin altından kənarda yerləşən hissəsi iddiaçının mənzilinin altına keçidi məhdudlaşdırır. Göründüyü kimi, hərraca çıxarılmış 99,1 m2 qeyri-yaşayış sahəsinin bir hissəsi iddiaçının mülkiyyətində olan mənzilin altına düşür. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaqda tələb (subyektiv) hüququnun mövcudluğu müəyyən olunur. Kassasiya instansiyasının digər göstərişinə əsasən - Bibiheybət Neft-Qazçıxarma İdarəsinin xx xxxx 1994-cü il tarixli, 338 nömrəli sərəncamı ilə iddiaçıya məhz mənzilinin altında yerləşən 67,75 kv.m sahədən istifadə etməyə icazə verilmişdir. Halbuki, iddiaçının yaşadığı mənzilin texniki pasportundan göründüyü kimi, həmin mənzil 2 otaqlı olmaqla yaşayış sahəsi 28,45 kv.m (18,0 + 10,45), köməkçi sahəsi isə 28,49 kv.m-dir. Yəni, mənzilin ümumi sahəsi 56,94 kv.m-dir. İddiaçı tələbində mənzilinin altında yerləşən 67,75 kvm qeyri-yaşayış sahəsinin alqı-satqısını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi bütünlüklə 99,1 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsini etibarsız saymış və bu qənaətini qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının həmin göstərişi ilə bağlı ilkin olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində hərracın nəticələrini (alqı-satqı müqaviləsini və s.) qismən deyil, tam mübahisələndirmiş, sonrakı mərhələlərdə isə iddia tələbini dəyişdirməmişdir. Bununla yanaşı, yuxarıda qeyd edilən ekspertiza rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 4 saylı binanın zirzəmisində yerləşən 99,1 m2 qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən sahəsi 50,2 m2 olan 2 saylı tikili iddiaçının yaşadığı mənzilin altında yerləşir. Lakin, iddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş 99,1 m2 qeyri-yaşayış sahəsinin ikinci hissəsindən olduğu nəzərə alınaraq, həmin qeyri-yaşayış sahəsinin iddiaçının mənzilinin altından kənarda yerləşən hissəsi iddiaçının mənzilinin altına keçidi məhdudlaşdırır. Göründüyü kimi, 99,1 m2 qeyri-yaşayış sahəsinin bir hissəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan mənzilin altında yerləşsə də, iddiaçının mənzilinin altından kənarda yerləşən qalan hissə iddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş hissəsinə düşdüyündən, iddiaçının mənzilinin altına keçidi məhdudlaşdırır. Belə olan halda isə, yəni qalan hissə iddiaçının maraqlarına toxunduğundan iddiaçı hərracın nəticələrini ümumilikdə (tam 99,1 m2 sahəyə dair hissədə) mübahisələndirməkdə haqlı olmuşdur. Kassasiya instansiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmini əsaslarından biri kimi, hərracın keçirilməsi vaxtı və yeri haqqında kütləvi informasiya vasitələrində elan verilməməsinə istinad etmişdir. Halbuki, kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin xx xxxxx 2018-ci il tarixdə hərraca çıxarılması barədə bundan bir ay öncə xx xxxx 2018-ci il tarixdə «Mülkiyyət» qəzetində elan dərc olunmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və sübutlarını təqdim etmiş, lakin tələb olunmasına baxmayaraq hərracın keçirilməsi vaxtı və yeri haqqında kütləvi informasiya vasitələrində («Mülkiyyət» qəzeti) elan verilməsinə dair hər hansı sübut təqdim etməmişdir (hətta, həmin sübut əvvəlki apellyasiya icraatı zamanı da təqdim olunmamışdır). Buna baxmayaraq, cavabdeh müvafiq sübutu mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq kassasiya instansiyasına təqdim etmişdir. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 372.2-ci maddəsinin tələbinə görə əlavə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o, halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işdən görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq sübutları təqdim etmək imkanında olmuş (yuxarıda qeyd edildiyi kimi, hərracla bağlı sənədlər təqdim edilmişdir), lakin hərracın yeri və vaxtı barədə elan verilməsi barədə «Mülkiyyət» qəzeti təqdim olunmamışdır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunverici hətta apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutmuş (cavabdeh tərəf qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir), kassasiya instansiyasına isə ümumiyyətlə hər hansı sübutun təqdim olunması və bu zaman həmin sübuta istinad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. MPM-nin 407.2-ci maddəsinin tələbinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyasına təqdim edilmiş sübutun hazırki vəziyyətdə qəbul edilməsi mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir (bununla yanaşı, hətta yuxarıda qeyd edilənləri şərti olaraq nəzərə almasaq belə, təqdim edilmiş sübut «Mülkiyyət» qəzetinin əsli deyil, təsdiq olunmamış kserosurətidir. Bu səbəbdən də hər bir halda sübut kimi qəbul edilə bilməz). Bununla yanaşı, qeyd edilməlidir ki, hətta «Mülkiyyət» qəzetində elan verilməsi şərti olaraq qəbul edilsə belə, yuxarıda göstərilən əsaslar yenə də iddianın əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 31.2-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci madəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, həmçinin toplanmış və qiymətləndirilmiş sübutları və kassasiya instansiası məhkəməsinin göstərişlərini araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır (hərracın nəticələrinə dair 14/01 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız olduğundan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış da ləğv edilməlidir). Həmçinin, qeyd edilməlidir ki, kassasiya instansiyasının digər göstərişinə əsasən apellyasiya instansiyası məhkəməsi əqdin etibarsızlığı barədə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrini tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən əqdin etibarsız hesab olunması üçün əsasların mövcud olduğu qənaətinə gələrsə, bu zaman əqd üzrə alınanların geri qaytarılmasını nizama salan Mülki Məcəllənin 337.5-ci maddəsinin mübahisəyə tətbiq olunmasını müzakirə etməli, həmin normanın mübahisəli hüquq münasibətinə tətbiqini mümkün saymadıqda isə bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının qeyd edilən mövqeyini əsaslı sayaraq, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqi hər bir halda müzakirə olunmalı məsələdir. İşdə olan sübutlara (alqı-satqı müqaviləsi, qəbz və s.) əsasən - mübahisəli qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti 18750 manat olmuş, xx.xx.2018-ci il tarixdə həmin pul vəsaiti Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödənilmişdir. Belə olan halda (yəni, əqd etibarsız olduğundan), müqaviləyə əsasən ödənilmiş 18750 manat pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsindən (hazırda, Əmlak Məsələləri Dövlət Xidməti) alınaraq Cavabdeh1 qaytarılmalıdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş Çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3364/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3364/2018 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2018-ci il tarixli hərracın nəticələrinə dair 14/01 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 4 ünvanında yerləşən sahəsi 99,1 m2 olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış (reyestrdə aparılmış qeyd) ləğv edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsindən (hazırda, Əmlak Məsələləri Dövlət Xidməti) 18750 (on səkkiz min yeddi yüz əlli) manat pul alınaraq Cavabdeh1 verilsin. Məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda, Əmlak Məsələləri Dövlət Xidməti) aid edilsin. Həmin cavabdehlərdən aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar