Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3261/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Pirallahı Rayon İcra şöbəsi, Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 72000 manat məbləğində müəyyən olunduğu təsdiq edilir.
2. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/35597 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, obyektin 12 sentyabr 2019-cu il traixinə bazar dəyəri 120000 manat təşkil edir.
3. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 716/23 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 194/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Pirallahı rayon İcra şöbəsini tərəfindən verilmiş 17/114-390/2O saylı. xx.xx.2023-cü il tarixli sifarişi üzrə, İddiaçı məxsus olan, tələbkar "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evi satış qiyməti 72.000 manat olmaqla, “İxtisaslaşdırılmış Əmtəə Birjası”-nın nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:00-da hərraca çıxarılmışdır.
4. Cavabdeh2 MMC-nin 16 iyun 2023-cü il tarixli, 154/23 nömrəli açıq hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin sifarişi əsasında İddiaçı məxsus olan Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, tələbkar Cavabdeh3 BOKT ASC tərəfindən 45.900 manat məbləğində əldə edilmişdir.
5. Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli, 17/114-1328/20 saylı məktubun məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 194/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Pirallahı rayon İcra Şövəsi tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixli sifariş verilmişdir. "xxxx" ASC-nin Pirallahı rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 45900 manata əldə edilməsinə razılığını bildirmişdir. Açıq hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 154/23 nömrəli Protokola əsasən mənzil 45000 manata satılmışdır. Satışdan əldə olunan pul vəsaitindən tələbkarın xeyrinə 40649,42 manat, eləcə də 2845,46 manat məbləğində icra ödənişi tutulduqdan sonra qalan vəsaitin ona qaytarılması üçün müvafiq bank hesabının rəsmi qaydada Pirallahı rayon icra şöbəsinə təqdim edilməsi xahiş olunur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5313-9/5533 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 121000.00 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, 5% azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin hazırki orta bazar qimətlərinə uyğun likvid dəyəri təqribən (121000,00-5%) 114950,00 manat məbləğində müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 MMC, Pirallahı Rayon İcra şöbəsi, Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kvm ümumi sahədən ibarət olan 5saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Pirallahı rayon Məhkəməsinin 2 (094)-194\2022 saylı, 01.072022-ci il tarixli icra əsasən məndən 40619,02 manat bore və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun (cəmi 40649,42 manat) tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Pirallahı rayon İcra şöbəsinə daxil olmuşdur. Pirallahı rayon İcra Şöbəsinin sifarişinə əsasən ELEX Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi hesabata əsasən fərdi yaşayış evinin qiyməti 72000 manat təşkil etmişdir. "ELEX" Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən aparılmış qiymətləndirməni qanunsuz və əsassız hesab edir, belə ki, 72000 manat həmin tərəfindən hal-hazırkı real qiymətini əhatə etmir, həmin fərdi yaşayış evinin 120 000 manatdan artıqdır. "ELEX" Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən onun fərdi yaşayış evinin qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə hesabat etibarsız hesab edilməli və həmin fərdi yaşayış evi üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Beləliklə, göründüyü kimi mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı məlumatın cavabdeh tərəfindən təhrif edilməsi nəticəsində fərdi yaşayış evinin qiyməti qəsdən azaldılaraq aşağı salınmışdır. Beləliklə hesab edir ki, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin ucuz qiymətləndirilməsi və açıq hərracda ucuz qiymətə satılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də hesab edir ki, qiymətləndirmə hesabatı etibarsız hesab edilməli və qiymətləndirmə yenidən aparılmalıdır.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 73,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin, açıq hərracdan satılmasına dair açıq hərracın yekunları barədə 154/23 saylı, 16 iyun 2023-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair Cavabdeh2 MMC-nin “Hərracın yekunları barədə” 16 iyun 2023-cü il tarixli, 154/23 saylı protokolun etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı hesabatın etibarsız hesab edilməsi və həmin əmlaka dair yenidən qiymətləndirilmənin həyata keçirilməsinin təşkilinin cavabdeh Pirallahı Rayon İcra şöbəsinə həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.1, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 7, 8.1, 8.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh3 BOKT ASC apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardaddan göründüyü kimi, mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, lakin qərardad icra olunması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Güründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ekspertizanın aparılması tapşırılmadığı halda yuxarıda qeyd edilən daşınmaz əmlak üzrə ekspertin hansı əsaslarla baxış keçirilməsi və qiymətləndirmə rəyinin verilməsi sual doğurur və həmin rəyin iddianın təmin edilməsində məhkəmə tərəfindən həlledici sübut kimi qəbul edilməsi suallar doğurur. Məhkəmə araşdırılması zamanı ünvan 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı hesabatın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmin hesabatda göstərilən 72000 manat qiyməti reallığı əks etdirməyən hesab etmişdir, lakin nəzərə almaq lazımdır ki, həmin qiymət xx.xx.2023-cü il tarixinə müəyyən edilmiş, reallığı əks etdirir və həmin əmlakın vəziyyətinin hər hansı formada dəyişdirilməməsi (təmir edilməməsi, əlavə tikililərin inşa edilməməsi) barədə məlumat təqdim edilməmişdir. Eyni zamanda ünvan 5 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair Cavabdeh2 MMC-nin “Hərracınyekunları barədə” 16 iyun 2023-cü il tarixli, 154/23 saylı protokolunun etibarsız hesab edilməsi də əsaslı hesab edilə biməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmənin diqqətinə çatdırıram ki, ünvan 5ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin alqı-satqısı “Hərracın nəticələrinə dair protokol” ilə rəsmiləşdirilsə də, həmin ev hərracdan alınmamışdır və onun etibarsız hesab edilməsi əsasları qanun pozuntusu ilə keçirilən hərracın etibarsız hesab edilməsi əsasları ilə eyni deyil. Həmçinin mülki işin materiallarından göründüyü kimi, qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi və yenidən qiymətləndirmənin təyin edilməsi barədə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və icraata qəbul edilmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi və ya iddianın həcminin artırılması barədə hər hansı ərizə mülki işin materiallarında mövcüd deyil. Halbuki qətnamənin təsviri hissəsinin üçüncü abzasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi göstərilmişdir. Hesab edirəm ki, hazırki iş üzrə ancaq tələbin həcminin artırılması barədə ərizə verilə bilərdi, halbuki iddia ərizəsindən başqa iddia tələbinə aid hər hansı ərizə verilməmişdir. Belə ərizə məhkəməyə verilsə belə, göründüyü kimi, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, həmin ərizə ilə nə tanış olmaq, nə də ona qarşı etiraz bildirmək imkanını cavabdehlərə təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“İcra Haqqında” Azərbaycan Respublikası Qanununun
17. 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
18. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun
19. 5-ci maddəsinlə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
20. 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.
21. 8-ci maddəsinin 1-ci hissəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, qanun qiymətləndiricinin hesabatında göstərilən dəyərin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması imkanını müəyyən edib.
22. 8-ci maddəsinin 2-ci hissəsinə görə qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır..
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, Cavabdeh3 BOKT ASC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin hallarından görünür ki, Cavabdeh1 MMC-nin tərəfindən verilən hesabat görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 72.000 manat məbləğində müəyyən edilmişdir.
32. Birinci instansiya məhkəməsinin qərardadı əsasında qiymətləndirmə təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 121000.00 manat məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 114950,00 manat məbləğində qiymətləndirilmişdir.
33. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilən 72.000 manat reallığı əks etdirmir.
34. Kollegiya apellyasiya şikayətinin fərdi yaşayış evinin dəyərinin xx.xx.2023-cü ilə əsasən qiymətləndirilməni əhatə etməsi dəlilinə münasibətdə bildirir ki, məhkəmə qərardadı ilə təqdim olunan ekspert rəyi xx.xx.2023-cü il tarixə aiddir və müddət fərqi mühüm dərəcədə qiymət fərqinin yaranmasına səbəb olacaq qədər uzun dövrü əhatə etmir.
35. Kollegiya apelyasiya şikayətinin dəlili olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin olmamasına münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi mülki iş materiallarında mövcuddur (mülki iş-1şcild, 70.v), iş materialları ilə tanış olmağa məhkəmə tərəfindən şərait yaradılmamasına dair hər hansı sübut apellyator tərəfindən təqdim eidlməmişdir.
36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2024 nömrəli 27 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.