Məhkəmə qərarları › İş №2(103)-3267/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3267/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3267/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi, mənəvi ziyanın əvəzinin ödənilməsi və alimentin tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2020-ci il tarixli qətnamədən özü cavabdeh olmaqla eyni zamanda Cavabdeh1 qəyyumu olan Cavabdeh2 Cavabdeh1 adından verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 01.11.2013-cü il tarixdə bağlanmış və cavabdeh Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın etibarsız hesab edilməsi, Cavabdeh1 ruhi xəstə olmasını nikaha daxil olan ərəfədə ondan gizlətmiş Cavabdeh1 özünün və sonuncunun anası (qəyyumu) olan Cavabdeh2 ona vurduqları mənəvi zərinin əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun, nikahdan doğulmuş övladının – 07.08.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 11.11.2020-ci il tarixdən başlayaraq hər ay, uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 170 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını, iddianın verilməsi üçün ödənilməli olan dövlət rüsumunun – 20 manat məbləğində pulun Cavabdeh1 dövlət nəfinə tutulmasını, qətnamənin alimentin tutulması barədə hissəsinin dərhal icra edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh1 qəyyumu Cavabdeh2 onun adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin alimentin məbləğinin müəyyən edilməsi hissəsinin dəyişdirilməsini və alimentin məbləğinin daha az məbləğdə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh1 adından onun qəyyumu Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində də, qətnamənin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilmir. Həmin apellyasiya şikayətində yalnız Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin məbləğinin azaldılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 01.11.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan onların bir övladları var: 07.08.2014-cü il təvəllüdlü Mənsur. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə Cavabdeh1 münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Uşaq hazırda atadan (Cavabdeh1) ayrı, yəni anasının (iddiaçının) yanında yaşayır. Cavabdeh1 fəaliyyət qabiliyyətsizdir və bununla bağlı pensiya alır. Cavabdeh1 uşağın saxlanılması və uşağın xərclərinin qarşılanması üçün iddiaçıya maddi yardım göstərmir. Uşağın xərclərini iddiaçı özü təkbaşına qarşılayır və bu çətinliklə başa gəlir. Buna görə də iddiaçı hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 onun xeyrinə 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinə qarşı Cavabdeh1 adından verilmiş apellyasiya şikayətində ifadə edilmiş dəlil ondan ibarətdir ki, Cavabdeh1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli qətnaməsi (İş № 2(001)- 3835/2018) ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, anası Cavabdeh2 isə onun qəyyumu təyin edilmişdir. Hazırda Cavabdeh1 İİ qrup əlil kimi 200 manat məbləğində müavinət alır. Bundan başqa, Cavabdeh1 əvvəlki nikahından da iki övladı var və Cavabdeh1 onlara görə də aliment ödəyir. Buna görə də, hesab edir ki, Rayon Məhkəməsi tərəfindən tutulması qət edilmiş alimenti 170 manat məbləğində müəyyən edilməsi ədalətsizdir. Cavabdeh1 qəyyumu olan Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, o, iddia ərizəsində alimentin sabit olaraq 300 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, son nəticədə alimenti Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 170 manat məbləğində olması ilə razılaşmış, bu səbəbdən də apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışının predmeti olan tələbin iddia ərizəsində cavabdeh qismində göstərilmiş Qeydiyyat Şöbəsinin maraqlarına toxunmadığını nəzərə alan Məhkəmə həmin Şöbənin nümayəndəsinin iştirakı olmadan işin baxılması mümkün hesab etmişdir. Hazırki apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 01.11.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan onların bir övladları var: 07.08.2014-cü il təvəllüdlü Mənsur. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə Cavabdeh1 münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Uşaq hazırda atadan (Cavabdeh1) ayrı, yəni anasının (iddiaçının) yanında yaşayır. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah hələ də, pozulmayıb. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19.10.2018-ci il tarixli, 276 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli qətnaməsi (İş № 2(001)-3835/2018) ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən övladı Cavabdeh1 qəyyumu təyin olunmuşdur. Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 İİ qrup əlil kimi 200 manat məbləğində müavinət alır. Bundan başqa, Cavabdeh1 əvvəlki nikahından da iki övladı var və Cavabdeh1 onlara görə də aliment ödəyir. İddiaçı bu məlumatları təsdiq etdi. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, qanununun tələbindən göründüyü kimi, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur. Həmçinin, Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Lakin Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin şərtlərinə görə, alimentin məbləği müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını, həmçinin Cavabdeh1 fəaliyyət qabiliyyətsiz olmasını, İİ qrup əlil olmaqla 200 manat məbləğində müavinət almasını, əvvəlki nikahdan daha iki övladının olmasını nəzərə alaraq hesab edir ki, 07.08.2014-cü il təvəllüdlü Mansurun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği 60 manat müəyyən edilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 adından onun qəyyumu Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilsin. 07 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin məbləği 60 (altmış) manat müəyyən edilsin. Müəyyən edilsin ki, Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni “07 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə alimentin hər ay tutulmalı olması, alimentin 11 noyabr 2020-ci il tarixdən başlayaraq tutulması, iddianın verilməsi üçün ödənilməli olan dövlət rüsumunun – 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 dövlət nəfinə tutulması, qətnamənin alimentin tutulması barədə hissəsinin dərhal icra edilməsi, qalan hissədə iddianın təmin edilməməsi barədə” hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar