Məhkəmə qərarları › İş №2(103)-9056/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9056/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9056/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Yaqubova Qızqayıt Tacəddin qızının iştirakı ilə, İddiaçı Yaqubova Qızqayıt Tacəddin qızının cavabdehlər Yaqubov Fikrət Mansur oğluna, Yaqubova Cənnət Sirac qızına və Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab edilməsinə, mənəvi ziyan və aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5343/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh və onun qəyyumu C.S.Yaqubova tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Yaqubova Qızqayıt Tacəddin qızı cavabdehlər Yaqubov Fikrət Mansur oğluna, Yaqubova Cənnət Sirac qızına və Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab edilməsinə, mənəvi ziyan və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Qızqayıt Yaqubova ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, cavabdeh F.M.Yaqubovla birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü Yaqubov Mansur Fikrət oğlunun saxlanması üçün cavabdeh Yaqubov Fikrət Mansur oğlundan hər ay 300 manat məbləğində müvəqqəti alimentin tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5343/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnamə çıxarılanadək xx.xx.2014-cü il təvəllüdlü Yaqubov Mansur Fikrət oğlunun saxlanılması üçün Yaqubov Fikrət Mansur oğlundan Yaqubova Qızqayıt Tacəddin qızının xeyrinə hər ay 170 manat müvəqqəti alimentin tutulmaaı qərara alınmışdır. Həmin qərardaddan cavabdeh və onun qəyyumu C.S.Yaqubova şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh Yaqubov Fikrət Mansur oğlu iddiaçının da etiraf etdiyi kimi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Binəqədi rayon İH Başçısının xx xxxxxxx 2018-ci il tarixli 276 saylı sərəncamı ilə anası Yaqubova Cənnət Sirac qızı onun qəyyumu təyin edilmişdir. Yaqubova Cənnət Sirac qızının digər oğlu Yaqubov Teymur Mansur oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və özü də aztəminatlı ailələr kateqoriyasına daxil olmaqla bir şəhid anası kimi, eləcə də səhhəti ilə bağlı daimi diqqət və qayğıya möhtacdır. Bundan əlavə, cavabdeh Yaqubov Fikrət Mansur oğlu xəstəliyə görə 2-ci qrup əlil kimi ayda 200 manat məbləğində müavinət alır və həmin məbləğdən əvvəlki nikahdan olan 2 övladına hər av 140 manat aliment ödəyir. Onun başqa gəlirləri yoxdur. Eyni zamanda cavabdeh “şizofreniya və paranoid” diaqnozu ilə Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixatriya kabinetində qeydiyyatdadır. Mütəmadi olaraq müayinə və müalicə ilə əlaqədar onun zəruri dərman vasitələrinə ciddi ehtiyacı vardır, bu həyati əhəmiyyət daşıyan ehtiyacların ödənilməsi isə gündəlik qulluq göstərilməsi ilə yanaşı, müəyyən xərclər tələb edir. Ona görə də onun hazırda maddi həyat şəraiti həddən artıq acınacaqlı vəziyyətdədir. Lakin məhkəmə tərəfindən müvəqqəti aliment məbləğinin təyin edilməsi barədə qərardad çıxarılarkən qeyd olunan xüsusatlar nəzərə alınmamışdır. Şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarının 6.2-ci bəndinə əsasən Nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Məhkəmə kollegiyası şikayətin dəlililə münasibətdə xüsusi olaraq qeyd edir edir ki, hazırda təyin olunan aliment məbləği müvəqqətidir və gələcəkdə yekun məhkəmə aktı ilə təyin olunacaq alimentin məbləğinin müəyyən edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5343/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar