Məhkəmə qərarları › İş №2(103)-3268/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3268/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3268/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərin ondan aldıqları borcun ödənilməsi məqsədi ilə 57.240 manat, illik 5 faiz hesabı ilə 3 il üçün hesablanmış borcun ödənilməsi məqsədi ilə 8.586 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 501 manat, cəmi isə 66.826 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan Cavabdeh1 2012- 2014-cü illər ərzində müxtəlif vaxtlarda iddiaçıdan hissə-hissə cəmi 8.800 manat və 11.100 ABŞ dolları məbləğində borc almış, həmin borcun bir hissəsini müxtəlif vaxtlarda hissəhissə, cəmi isə 3.150 manat və 2.965 ABŞ dolları olmaqla qaytarmış, qalan borcu isə qaytarmamışdır. Cavabdeh1 qızı – Cavabdeh2 isə 2012-2014-cü illər ərzində müxtəlif vaxtlarda iddiaçıdan hissə-hissə cəmi 22.200 manat və 11.100 ABŞ dolları məbləğində borc almış, həmin borcun bir hissəsini müxtəlif vaxtlarda hissə-hissə, cəmi isə 3.900 manat və 1.250 ABŞ dolları olmaqla qaytarmış, qalan borcu isə qaytarmamışdır. ABŞ dollarının rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatına nisbəti nəzərə alındıqda cavabdehlərin iddiaçıya ümumilikdə 57.240 manat məbləğində borcları var. İddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək borcun ödənilməsini tələb etsə də, cavabdehlər buna əhəmiyyət verməmiş, iddiaçıya olan borcu ödəməmişlər. Bundan sonra, iddiaçı, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis tərəfindən bununla bağlı araşdırma aparılmış və Cavabdeh1 Polis Bölməsinə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçıdan 20.000 manat bir və 16.000 manat məbləğində pulu borc aldığı, sonuncu dəfə, yəni 2019-cu ilin dekabr ayında iddiaçıya 1.400 ABŞ dolları qaytarmaqla iddiaçıya olan borcunun tam qaytarıldığını bildirmişdir. Son nəticədə Polis Bölməsində iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin ona olan borcun ödənilməsi məqsədi ilə 57.240 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. İddiaçı həmçinin hesab edir ki, cavabdehlər ona borclarını ödəmədikləri üçün onlara illik 5 faiz hesabı ilə borc hesablanmalı və son 3 il üçün borcun ödənilməsi məqsədi ilə 8.586 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdehlər borcu ödəmədikləri üçün iddiaçı cavabdehlərə qarşı “borcun ödənilməsi tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və bunun üçün vəkillə “Hüquqi xidmət haqqında müqavilə” bağlayaraq hüquqi yardım almaq və bu zaman 501 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. b) iddia tələblərinə qarşı cavabdeh tərəflərin münasibəti barədə məlumat

3. İş üzrə Cavabdeh2 iddia ərizəsinə etiraz verməmiş, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə baxışı iclasında iştirak etməmişdir.

4. İş üzrə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə baxışı iclasında iştirak etmiş və iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 qızı Cavabdeh2 onkoloji xəstədir. Onun müalicəsi üçün Cavabdeh1 pul lazım olmuş və o, iddiaçıdan 20.000 manat məbləğində pulu faizlə borc almışdır. Cavabdeh1 tapşırığı ilə həmin pul məbləğini iddiaçıdan Cavabdeh2 almış və Cavabdeh1 çatdırmışdır. Sonradan, yəni 1 ABŞ dollarının məzənnəsi 1,07 Azərbaycan manatı olanda Cavabdeh1 iddiaçıya 1400 ABŞ dolları ödəmiş, qalan borcunu hissə-hissə ödəmək istəsə də, iddiaçı buna razı olmamış və borca 16.000 manat məbləğində faiz hesablamışdır. İddiaçı özü də bildirir ki, borc 2012-2014-cü illər ərzində yaranmışdır. İş materiallarından isə görünür ki, iddiaçı, borc tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti keçdiyi üçün iddia tələbi rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcun ödənilməsi məqsədi ilə 33.620 manat, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin və iddianın Cavabdeh2 yönəlmiş hissəsinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2012-2014-cü illər ərzində müxtəlif vaxtlarda cavabdehlərə cəmi 57.240 manat məbləğində pulun şifahi müqavilə əsasında borc verilməsini iddia etsə də, həmin məbləğdə borcun verilməsini, həmçinin borcun Cavabdeh1 ilə yanaşı Cavabdeh2 verilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Rayon Məhkəməsi, Cavabdeh1 yalnız onun tərəfindən 36.000 manat məbləğində borcun iddiaçıdan alınmasını və həmin borcun bir hissəsinin, yəni 1.400 ABŞ dolları (məzənnəyə uyğun olaraq 2.380 manat) məbləğində pulun 2019-cu ilin dekabr ayında onun tərəfindən iddiaçıya ödənilməsini Səbail RPİ-nin 9-cu PB-nə verdiyi izahatda bildirməsini nəzərə alaraq hesab etmişdir ki, həmin izahat etibarlı sübut kimi qəbul edilməlidir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almışdır ki, iddiaçı da etiraf edir ki, Cavabdeh1 borcun bir hissəsinin, yəni 1.400 ABŞ dolları (məzənnəyə uyğun olaraq 2.380 manat) məbləğində pulu ona qaytarmışdır. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya olan borcun qaytarılması məqsədi ilə yalnız Cavabdeh1 (36.000-2.380=) 33.620 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın Cavabdeh2 aid hissəsi isə təmin edilməməlidir. Bundan başqa, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənişin vaxtında icra edilməməsi nəticəsində cavabdeh tərəfindən faydalanması ilə bağlı sübutlar təqdim olunmadığından, iddia tələbi 3 il üçün ödənilməyən məbləğin faizi olaraq 8.586 manat məbləğində pulun tutulması hissəsində iddia təmin edilməməlidir. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh1 vəkilinin (nümayəndəsinin) iddia tələbinin iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsinə dair ərizəsi təmin edilməməlidir. Çünki Cavabdeh1 Səbail RPİ-nin 9-cu PB-nə verdiyi izahatda özü bildirmişdir ki, onun tərəfindən iddiaçıya 1.400 ABŞ dolları məbləğində ödəniş 2019-cu ilin dekabr ayında olmuşdur. İddiaçı isə hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda qəbul edilməlidir ki, ona olan borcun ödənilməsini tələb edən iddiaçı 3 illik iddia müddətini ötürməmişdir. Bundan əlavə, iş materiallarında olan “Ödəniş qəbzindən” görünür ki, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə vəkilə 501 manat ödəmişdir. İddia qismən təmin edildiyindən Rayon Məhkəməsi hesab etmişdir ki, həmin xərcin bir hissəsi, yəni 500 manat Cavabdeh1 aid edilməli və sonuncudan iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və sonradan “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, qətnamənin qismən ləğv edilərək Cavabdeh1 onun xeyrinə borcun əvəzi olaraq tutulmalı olan və Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 33.620 manat, vəkil xərcinin əvəzi olaraq müəyyən edilmiş 500 manat məbləğində pul ilə yanaşı, (33.620 manat məbləğində borca) illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faizin və apellyasiya şikayətinin verilməsi üçün hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun, yəni ümumilikdə (33.620+500+5.043+500=) 39.663 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində və sonradan verilmiş “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” ərizədə əlavə olaraq göstərilir ki, iddiaçı, iddianın bir qisminin və yalnız Cavabdeh1 münasibətdə təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Lakin iddianın bir qisminin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə iddiaçı qismən razılaşmır. Belə ki, iddiaçı hesab edir ki, əgər borcun ödənilməsi məqsədi ilə Cavabdeh1 onun xeyrinə 33.620 manat məbləğində pul tutulmalıdırsa, onda nəzərə alınmalıdır ki, Cavabdeh1 həmin məbləği özündə saxlamaqla iddiaçıya maddi zərər vurmuşdur ki, həmin zərərin əvəzini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddələrinə əsasən iddiaçıya ödəməlidir. Buna görə də iddiaçı hesab edir ki, 33.620 manat məbləğində borca illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faiz hesablanmalı və həmin məbləğ də, Cavabdeh1 onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermək üçün vəkillə “Hüquqi xidmət haqqında müqavilə” bağlamış və hüquqi yardıma görə vəkilə 500 manat məbləğində pul ödəmişdir ki, həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə “apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verdi.

10. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

11. Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

12. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni qismən mübahisələndirərək, Cavabdeh1 onun xeyrinə borcun əvəzi olaraq tutulmalı olan və Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 33.620 manat məbləğində borca illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faizin tutulmasını xahiş etmişdir.

14. Bundan başqa apellyasiya şikayətində iddiaçı, apellyasiya şikayətinin verilməsi üçün hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini xahiş etmişdir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, Məhkəmə, qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edərək Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığını Cavabdeh1 iddiaçının xeyrinə borcun əvəzi olaraq tutulmalı olan və Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 33.620 manat məbləğində borca illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faizin tutulması hissəsində yoxlamışdır.

17. Bundan başqa Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması məsələsi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığının yoxlanılması qaydasında deyil MPM-nin müəyyən etdiyi, məhkəmə xərclərinin əvəzinin ödənilməsi qaydasında yoxlanılmalıdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Hazırki iş üzrə apellyasiya baxışının hədini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş üzrə tərəflər arasında mübahisə doğurmayan işin halı ondan ibarətdir ki, Cavabdeh1 onkoloji xəstəlikdən əziyyət çəkən övladının - Cavabdeh2 müalicəsi üçün 2012-2014-cü illər ərzində müxtəlif vaxtlarda iddiaçıdan 20.000 manat və 16.000 manat, cəmi isə 36.000 manat məbləğində pulu borc almış və 2019-cu ilin dekabr ayında iddiaçıya 1.400 ABŞ dolları, rəsmi məzənnəyə uyğun olaraq 2.380 manat qaytarmışdır. Cavabdeh1 hazırda olan borcunun məbləği 33.620 manat təşkil edir və Rayon Məhkəməsi həmin məbləğin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

20. İddiaçı, iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinadən hesab edir ki, 33.620 manat məbləğində borca illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faiz hesablanmalı və həmin məbləğ də, Cavabdeh1 onun xeyrinə tutulmalıdır.

21. İddiaçı, qeyd edilən həmin mövqeyə qətnamədən verdiyi apellyasiya şikayətində də istinad etmiş və həmçinin bildirmişdir ki, işə baxmış Rayon Məhkəməsi Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbini nəzərə almamışdır.

22. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsində (ümumiyyətlə 449-cu maddəsində) icra edilməmiş öhdəliyə görə borcluya illik 5 faiz hesabı ilə faizin hesablanması nəzərdə tutulmamışdır.

23. Məhkəmə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsaslanaraq qeyd edir ki, həmin məbləğdə faizin hesablanmasının əsası Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur.

24. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.

25. Buna görə də, Məhkəmə hesab edir ki, müzakirə edilən iddia tələbinə Mülki Məcəllənin həm 449.1-ci maddəsinin həm də Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Çünki “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bildirmişdir ki, qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində kreditorun düşdüyü zərərin əvəzləşdirilməsini, Mülki Məcəllənin 449.1-ci maddəsi isə pul öhdəliyi icra edilmədikdə ondan faydalanmağa görə borcluya maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutmuşdur. Hər iki halda borcludan müəyyən faizdə pul məbləği tutulur, ancaq birinci halda əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik 5 faizin tutulması, ikinci halda isə bu məbləğin bank uçot dərəcəsi əsas götürülərək müəyyənləşdirilməklə tutulması müəyyən olunmuşdur. Borc məhkəmə qaydasında tutulduqda isə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

27. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsə də, onun mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtləri daxilində Cavabdeh1 bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir.

28. Eyni zamanda Məhkəmə hesab edir ki, Cavabdeh1 Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri daxilində illik 5 faiz hesabı ilə də pulun tutulması yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 443.1-c maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Lakin borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. İşin hallarından isə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri, həmin vaxt (2012-2014-cü illər ərzində) Mülki Məcəllənin qüvvədə olmuş qaydalarına uyğun olaraq şifahi qaydada bağlanmış müqavilə əsasında yaranmışdır. Belə olan halda iddiaçı, öhdəliyin pozulmasına görə məsuliyyətin Cavabdeh1 üzərinə qoyulması şərtinin, onların arasında şifahi qaydada bağlanmış müqavilədə nəzərdə tutulduğunu sübuta yetirməlidir. Çünki MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin o, bu kimi halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

30. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, 33.620 manat məbləğində borca illik 5 faiz hesabı ilə 3 il üçün 5.043 manat məbləğində faiz hesablanması və həmin məbləğin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə (apellyasiya baxışının predmetini təşkil edən) tələb əsassızdır. İşə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur (qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsi).

31. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetini olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir.

35. Bununla yanaşı Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində ifadə edilmiş digər tələb, yəni apellyasiya şikayətinin verilməsi üçün iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə tələb təmin edilə bilməz. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, apellyasiya şikayəti əsassızdır. Belə olan halda iddiaçının çəkdiyi həmin xərc də iddiaçının özünə aid edilməlidir.

36. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının hüquqi xidmətə çəkdiyi xərc və şikayətə görə ödədiyin dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar