Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3269/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icarə müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)-699/2024 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 avqust 2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv/m, yaşayış sahəsi 82.1 kv/m olan 3 otaqlı mənzil satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı 180000 manat məbləğə satılmışdır. Həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X3 qalan 10000 manat isə satıcıya ödənilmişdir.
2. 24 avqust 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqaviləyə əsasən tərəflər: icarəyə verən – İddiaçı və icarəçi – Cavabdehdır, müqavilənin predmetini Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinin aylıq 700 manat icarə haqqı müqabilində icarəyə verilməsi təşkil etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)- 5763/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmişdir.
4. "xxxx" MMMC tərəfindən verilmiş 12 may 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən yanvar-fevral-mart ayları üçün 375 manat məbləğində kommunal xidmətlərə görə ödəniş edilmişdir.
5. 12 may 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(006)-5763/2021 nömrəli qətnaməsi üzrə icra baş tutmuş, mənzil borclu Cavabdeh tərəfindən tələbkara təhvil verilmişdir.
6. 16 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən – X6 və borc alan – Cavabdeh arasında 170000 manat məbləğə dair kredit müqaviləsi bağlanmışdır. Borc alan krediti 16 avqust 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
7. 16 avqust 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan X6, ipoteka qoyan Cavabdeh müəyyənləşdirilməklə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv.m. yaşayış sahəsi 82.1 kv.m olan 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə ipotekaya qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28757,49 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini Cavabdeh satın almışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin dəyəri mənzildəki əşyalar daxil 250000 manat müəyyən edilmiş, cavabdehin xahişi ilə həmin mənzilin dəyərinin 70000 manatını ona nağd şəkildə, digər hissəsini isə bağlanmış alğı-satqı müqaviləsi əsasında ödəmişdir. Həmin mənzil Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda 24 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili cavabdehə icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən 20 noyabr 2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq ödənilməli olan icarə haqqını vaxlında ödəməmişdir. Cavabdeh icarə haqqına görə cəmi 1400 manat pul ödəmiş, lakin sonradan müxtəlif bəhanələrlə aylarla ödənilməli olan icarə haqqından boyun qaçırırdı. Haqlı narazılığını dəfələrlə cavabdehə bildirsə də, qarşı tərəf nə icarə haqqını ödəməyə, nə mənzili boşaltmağa, nə də qeydiyyatdan çıxmağa razılıq verirdi. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə müvafiq olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət ərzində xüsusi mülkiyyətindən istifadə edə bilmədi, bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh mənzilini könüllü boşaltmaqdan imtina etdiyindən, məcburiyyət qarşısında qalaraq iddiaçı cavabdehlər Cavabdeh və X2rşı pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən 12 may 2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətində olan mənzil iddiaçıya təhvil verildikdən sonra cavabdeh iddiaçıya qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 24 avqust 2021-ci il tarixli AN-İ №0870860 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Nəsimi Rayon Məhkəməsinin hakiminin icraatında baxılmaqdadır. Hazırkı tələbi ilə bağlı onu bildirmək istərdi ki, cavabdehlə iddiaçı arasında 24 avqsut 2021-ci il tarixində icarə müqaviləsi bağlanmış və cavabdeh ona iki ayın icarə haqqı məbləğini təşkil edən avqust və sentyabr ayları üzrə ümumilikdə 1400 manatını ödəsə də, sonradan həmin icarə haqqı məbləğlərini ödəməkdən, həmçinin mənzilini boşaltmaqdan imtina etmişdir ki, bunun nəticəsində iddiaçı yuxarıda qeyd olunan iddia tələbini məhkəmədə irəli sürmüşdür. Cavabdeh mənzili 12 may 2023-cü il tarixində boşaltdığından, 24 oktyabr 2020-ci il tarixindən 24 aprel 2023-cü il tarixinədək 30 ay üzrə 21000 manat, 24 aprel 2023-cü il tarixindən 12 may 2023-cü il tarixinədək yarım ay olduğundan 350 manat, ümumilikdə isə 21350 manat ödənilməmiş icarə haqqı məbləği qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, aylıq icarə haqqı 700 manat təşkil edir.
10. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, 2021-ci ildə İddiaçı Cavabdeh qarşı pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5763/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər Cavabdeh və X4 həmin mənzildən çıxarılması və iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Göründüyü kimi, iddiaçı 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində icarə haqqının tutulması ilə bağlı iddia qaldırmış, lakin sonradan iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək bu hissədə olan iddiadan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 1 illik icarə müqaviləsi üzrə pulun iddiaçıya ödənilməsi səbəbindən iddiaçı bu hissədə iddiadan imtina etmişdir. 24 avqust 2020-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarə müqaviləsi 1 il müddətinə bağlanmış və icarə müqaviləsinin müddəti artırılmamışdır, bu səbəbdən də cavabdehdən icarə pulunun tələb edilməsi qanunsuz və əsassızdır. Tərəflər arasında borc pulla bağlı mübahisə olmuş, mənzilin alqı-satqısı formal olması səbəbindən Nəsimi Rayon Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılmış və bununla bağlı məhkəmə icraatı davam edir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehdən kirayə pulunun tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. 12 may 2023-cü il tarixdə Nəsimi icra şöbəsinin icra məmurları və iddiaçı, cavabdeh, hal şahidlərinin iştirakı ilə təhvil – təslim aktı tərtib edilmiş, qeyd olunan aktda kirayə pulu ilə bağlı iddiaçının hər hansı bir iradı olmamışdır, bu səbəbdən də hesab edir ki, iddia tələbləri formaldır, iddiaçı Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırıldıqdan sonra məhkəməyə bu iddia verilmişdir. Halbuki, bir neçə il ərzində bu tələblə bağlı hər hansı bir danışıq, pretenziya və digər sənəd qarşı tərəfə göndərilməmiş, bu xüsusatda iddianın qarşı tərəfdən əvəz çıxılması məqsədilə verilməsini bir daha sübut edir. İddiaçı tərəfdən 1400 manat pulun cavabdehin ödəməsi qeyd olunsa da, digər məbləğlərin ödənilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)- 699/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq 24 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 21350 manat, ödənilmiş dövlət rüsumuna görə 154,05 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ididaçı İddiaçı ödənilməsi qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən təqdim edilmiş sadə yazılı formada icarə müqaviləsi mahiyyəti etibarilə mənzilin kirayə verilməsinə dair müqavilədir və həmin müqavilə üzrə aylıq ödəniş məbləği 700 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin əsaslılığını belə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi var və həmin müqavilənin mövcudluğu öhdəliyə əsas verməklə, icarəyə verəndən icarəçiyə qarşı ödənilməmiş icarə haqqlarını tələb etməyə əsas verir. Məhkəmə icarə müqaviləsinin etibarlılığı ilə qeyd etmişdir ki, müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh həmin müqavilənin onun iradəsini ifadə etməməsinə dair irəli sürdüyü məqamlar isə yalnız şifahi şəkildə bildirilən fikirlərdən ibarət olmuş və hər hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlillərlə bağlı qeyd etmişdir ki, ilkin olaraq cavabdeh onunla iddiaçının atası arasında borc münasibətlərinin olmasını bildirmiş və icarə müqaviləsinin onun iradəsini ifadə etmədiyini qeyd etmişdir. Tərəflər arasında real olaraq bu və ya digər münasibətin olmasına, onlar arasında bağlanmış alqı-satqı və icarə müqavilələrinə əsasən qiymət verilməlidir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mənzildən çıxarılma ilə bağlı tələbə baxılaraq həmin alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmişdir. Bu baxımdan tərəflər arasında münasibətlərin alqı-satqı və icarə müqavilələrindən fərqli xarakter daşımasına dair daha mötəbər sübutlar mövcud deyildir. Cavabdeh tərəfindən irəli sürülən digər bir məqam isə ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçı daha əvvəl də ona qarşı mənzildən çıxarılma iddiası ilə müraciət edərkən eynilə icarə müqaviləsi üzrə yaranmış borcun da ödənilməsini tələb etmiş, lakin sonradan iddia tələbinin həcmini azaltmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəfin məhkəmədə irəli sürdüyü tələbin həcmini artırıb-azaltması onun prosessual hüququdur və bu hüquqdan istifadə edilməsi sonradan onun eyni tələblə çıxış etməsinin qarşısını almır. Yəni cavabdehin bildirdiyi kimi cavabdeh alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hazırki iş üzrə iddiaçının icarə müqaviləsinə əsasən ödənilməmiş borcun tələb edilməsinə dair iddia irəli sürməsi də yenə də qanunla yol verilən prosessual hüquqlardan adi qaydada istifadə edilməklə həmin hüquqların bərpasına yönəlmiş bir davranışdır. Habelə cavabdeh icarə müqaviləsinin 1 il müddətinə bağlanmasını bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, icarə müqaviləsində həmin müqavilənin müddətinin 1 il müəyyən edilməsi hərfi mənada qəbul edilməməlidir, belə ki, tərəflər arasında bağlanmış müqavilədə icarənin 1 il müəyyən edilməsinə baxmayaraq işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 1 ildən sonra da davam etmişdir. Hətta 1 ildən sonra hazırki iş üzrə iddiaçı cavabdehin mənzildən çıxarılması tələbi ilə müraciət etsə də, tərəflər arasında məhkəmə mübahisələri davam etmiş və yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh mübahisəli mənzili tərk etmişdir. Cavabdehin irəli sürdüyü digər bir məqam isə ondan ibarət olmuşdur ki, cavabdehin mənzili xx.xx.2023-cü il tarixdə təhvil verməsi zamanı iddiaçı təhvil-təslim aktını imzalamış və cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Bu yerdə məhkəmə xatırladır ki, hüququn ümumi prinsiplərinə əsasən bu və ya digər hüquqdan istifadə edilməməsi birbaşa qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, həmin hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, hazırki işdə də iddiaçının icarə müqaviləsi üzrə tələblərindən daha əvvəl istifadə etməməsi onun hazırki iddianın qaldırması hüququnu itirməsinə əsas hesab edilə bilməz. Habelə cavabdehin vəkili məlumat başlıqlı ərizəsində göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən 2 aylıq icarə haqqının ödənilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən 2 aylıq icarə haqqının ödənilməsini bildirməsi iddiaçının hesablamalarına görə ödənişin həyata keçirilməsini və buna görə də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişlərin tələbini ehtiva edir. Hətta iddiaçı tərəfindən həmin ödənişlərin həyata keçirilməməsini bildirməsi belə tərəflər arasında icarə münasibətlərinin olmaması kimi qiymətləndirilməsinə əsas vermir. Nəhayət cavabdeh tərəfindən hazırki iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında müraciət edilməməsi ilə bağlı mövqeyinə gəlincə məhkəmə bildirir ki, tərəflər arasında kifayət qədər uzun müddət məhkəmə mübahisələri davam etməkdədir. Cavabdeh daha əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçının icarə müqaviləsindən irəli gələn pulu tələb etməsini bilmişdir, lakin həmin məhkəmə mübahisəsi zamanı iddiaçı iddia tələbinin həcmini azaltdığı üçün icarə müqaviləsindən irəli gələn tələbə baxılmamışdır. Yəni hazırda cavabdehin irəli sürdüyü məhkəməyə qədər pretenziya qaydasına riayət olunması formal tələbdir, zatən cavabdeh belə bir tələbin daha əvvəl də irəli sürüldüyünü bilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddiaçının tələbi onunla cavabdeh arasında bağlanmış və hazırda cavabdeh tərəfindən qəbul edilməsə də, həmin an cavabdehin iradəsini ifadə etmiş icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş icarə haqlarının ödənilməsindən ibarətdir. Cavabdeh tərəfindən irəli sürülən dəlillər iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutlar, işin faktiki halları və habelə onlar arasında daha əvvəlki məhkəmə mübahisələrinin mahiyyəti ilə təkzib olunur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 331.1, 385.1, 445.1, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin formal olub-olmamasını araşdırmamış, Mülki Məcəllənin tələblərini pozmaqla bağlanmış müqaviləyə görə cavabdehdən pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, tərəflər arasında icarə münasibətləri ümumiyyətlə olmamış, bu xüsusatı cavabdehin mənzildən icra məmurlarının iştirakı ilə çıxarılarkən tərtib olunmuş akt sübut edir. Belə ki, həmin təhviltəslim aktında icarə pulu ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış əqd formal xarakterli olmuş və daha əvvəl iddiaçı tərəfindən götürülmüş borc məbləğinin təminatı kimi uydurma əqd kimi bağlanmış alqı-satqı müqaviləsinin davamı olmuşdur. Halbuki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə heç bir haqq ödənilməmiş, lakin birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Bu xüsusatda AR Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, icarə müqaviləsində tərəflər arasında Xan Şuşinski küçəsində yerləşən mebelli ofisin icarəsi qeyd olunmuş, mənzil icarəsi nəzərdə tutulmamışdır. “İcarə haqqında” AR Qanununun tələbləri pozulmuş və icarə müqaviləsi qanuna zidd olduğundan etibarsızdır. Mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;
Apellyasiya baxişinin hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməlidir.
23. Tərəflər arasında sadə yazılı formada icarə müqaviləsinin bağlanmış, həmin müqavilə üzrə aylıq icarə haqqının məbləğinin 700 manat müəyyən edilmişdir və buna görə də icarədarın icarəçidən ödənilməmiş icarə haqqlarını tələb etmək üçün subyektiv hüququ vardır.
24. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal müəyyən edilməmişdir, cavabdehin həmin müqavilənin onun iradəsini ifadə etməməsinə dair irəli sürdüyü məqamlar isə yalnız şifahi şəkildə bildirilən fikirlərdən ibarət olmuş və hər hansı mötəbər sübuta əsaslanmamışdır, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mənzildən çıxarılma ilə bağlı tələbə baxılaraq həmin alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmişdir, bu baxımdan tərəflər arasında münasibətlərin alqı-satqı və icarə müqavilələrindən fərqli xarakter daşımasına dair daha mötəbər sübutlar mövcud deyildir.
25. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, hazırki iş üzrə iddiaçı daha əvvəl də ona qarşı mənzildən çıxarılma iddiası ilə müraciət edərkən eynilə icarə müqaviləsi üzrə yaranmış borcun da ödənilməsini tələb etmiş, lakin sonradan iddia tələbinin həcmini azaltmışdır.
26. Bu dəlillə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəfin məhkəmədə irəli sürdüyü tələbin həcmini artırıbazaltması onun prosessual hüququdur və bu hüquqdan istifadə edilməsi sonradan onun eyni tələblə çıxış etməsinin qarşısını almır.
27. Məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığı məqam ondan ibarətdir ki, hüquqi əsaslandırma aparılarkən yalnız icarə müqaviləsi ilə bağlı normalara istinad olunmuş, tutulmalı olan məbləğ icarə haqqı kimi tutulmuş, icarənin müddətinin 1 il müəyyən edilməsinə baxmayaraq tərəflər arasında münasibətlər 1 ildən sonra da davam etməsinə icarə müqaviləsi üzrə münasibətlərin davam etməsi kimi qiymət vermişdir. Lakin işin hallarından görünür ki, icarə müqaviləsi bağlandıqdan sonra 2 aylıq icarə haqqı ödənilmiş, bundan sonra iddiaçı tərəfindən mənzildən çıxarılma, istifadə hüququnun itirilmiş hesab edilməsi, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)- 5763/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı digər tələblərlə (mənzildən çıxarılma, istifadə hüququnun itirilmiş hesab edilməsi, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması) yanaşı 7000 manat məbləğində pul vəsaitinin tutulması barədə tələb də irəli sürülmüşdür və bu hissədə iddia onunla əsaslandırılmışdır ki, 2 aylıq icarə haqqı -1400 manat ödənildikdən sonra 10 aylıq icarə haqqı ödənilməmişdir. Sonradan isə iddia tələbinin həcmi azaldılaraq bu tələb iddiadan çıxarılmışdır. Qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında icarə müqaviləsi üüzrə münasibətlər davam etdirilməmiş, hətta iddiaçının tələbi əsasında cavabdehin həmin mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş yekun qərar mövcuddur və bu qərar 12 may 2023-cü il tarixdə icra olunmuşdur.
29. Məhkəmə kollegiyası bu qənatə gəlir ki, 12 may 2023-cü il tarixə kimi olan müddət ərzində tutulmalı olan pul vəsaiti icarə haqqı kimi tutula bilməz. Əvvəla, əmlakın mülkiyyətçi iddia irəli sürərək özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmişdir və bu barədə tələbi təmin edilmişdir. Bu halda cavabdeh artıq Mülki Məcəllənin 157.5-ci maddəsinin məzmununda nəzərdə tutulduğu kimi vicdansız sahibdir və bu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir.
30. Əgər cavabdehin vicdansız sahib olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilibsə, bu zaman əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək iddiaçının hüququdur. Cavabdehin mənzildən çıxarılması ilə bağlı qətnamə 12 may 2023-cü il tarixdə icra olunduğuna görə ondan iddiaçının xeyrinə məbləğin tutulması üçün hüquqi əsas kimi Mülki Məcəllənin 157.5, 1091.1, 1091.2, 1092.1 və 1092.1.1-ci maddələrinə istinad olunmalıdır. Yəni, cavabdehin bu müddət ərzində mənzildən istifadə etməsi üçün heç bir hüquqi əsas olmadığından əsassız varlanma halı mövcud olmuşdur və qeyd olunan normaların məzmununa əsasən qətnamənin icra olunduğu günə kimi hesablanmış məbləğ ondan tutularaq iddiaçıya ödənilməlidir.
31. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, maddi hüquq normalarının düzgün tətbiq olunmaması qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)- 699/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)- 699/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi barədə iddiası təmin edilsin. 21350 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 154,05 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev
Xəyal Sarıyev