Məhkəmə qərarları › İş №2(103)-3270/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3270/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3270/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “xxxx”MMC-nin nümayəndələri X3 və Nümayəndə3, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi və 10000 manat mənəvi zərər olmaqla, ümumilikdə 13.500 manatın cavabdehlər “xxxx” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdeh Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, iddianın bütünlükdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddia tələbi hər iki cavabdehə müanasibətdə təmin edilməli idi, lakin məhkəmə iddia tələbini yalnız sığorta şirkətinə münasibətdə qismən təmin etmişdir. ƏM-in 239.1-ci maddəsinə əsasən isə, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində işçiyə dəymiş zərərin bilavasitə işəgötürən tərəfindən ödənilməsi müəyyən edilmişdir. Ona görə də, sağlamlığının itirilməsi nəticəsində vurulmuş zərərin əvəzi hər iki cavabdehdən müştərək qaydada tutulmaldır. Nəzərə alınmalıdır ki, sağlamlığa vurulmuş maddi zərər iddia ərizəsində qeyd olunan məbləğdən qat-qat çoxdur. Cavabdehin təqsiri ucbatından onun sağlamlığına zərər vurulması bunun nəticəsində sağlamlığını itirməyi, əməliyyata məruz qalmağı, eləcə də cavabdeh təşkilatın ona vurulmuş zərərin ödənilməsi istiqamətində demək olar ki, heç bir addım atmaması və s. hallar onu mənəvi alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Məhkəmə isə, qeyd olunanları nəzərə almamışıdır. Cavabdeh2 Sığorta Şirkəti ASC də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin ona qarşı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “xxxx” MMC tərəfindən Cavabdeh2 Sığorta Şirkəti ASC-yə məktubla müraciət edilərək, İddiaçı 19.07.2019-cu il tarixdə əmək vəzifəsinin icrası zamanı xəsarət aldığı bildirilmiş və Şirkətə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair əldə edilmiş çıxarışda İddiaçı əlillik səbəbi kimi ümumi xəstəlik qeyd edilmişdir. Həmin müraciətə cavab olaraq 24.07.2020-ci il tarixli məktubda müayinə aktından çıxarışın (əlilliyin səbəbi əmək zədəsi və əmək qabiliyyətinin itirilməsi faizi qeyd olunmaqla) surəti təqdim olunduqdan sonra sığorta ödənişinin həyata keçirilib-keçirilməməsi barədə qərar qəbul ediləcəyi bildirilmişdir. Nazirlər Kabinetinin 29.10.2010-cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.1-ci maddəsinə əsasən, sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Tibbi Sosial Ekspert Komissiyasının qərarı əsasında təyin edilməklə hesablanır. Məhkəmə isə, bu Qaydaları nəzərə almadan TSEKın müvafiq qərarı olmadan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsaslanaraq onun xeyrinə cavavdeh tərəfindən 3116 manat ödənilməsini qət etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.11.2020-ci il tarixli məlumatına əsasən məhkəmələrə 02.12.2020-ci il saat 06:00-dan 23.12.2020-ci il saat 06:00-dək icraatlarında olan işlərə baxılmasını müvəqqəti olaraq təxirə salınması tövsiyə edilmiş, lakin tövsiyə nəzərə alınmayaraq rayon mhəkəməsi tərəfindən cavabdehə bildiriş göndərilmədən 02.12.2020-ci il tarixdə iş üzrə qətnamə qəbul edilmişdir. Qəbul olunan qətnamə şirkətə göndərilməmiş, elektron sistemdə yerləşdirilməmişdir. İddiaçının oğlunun qətnamə əsasında təmin edilmiş ödənişi almaq məqsədi ilə Şirkətin ünvanına gəldiyi zaman cavabdeh qətnamə ilə tanış olmuş və onun surətini əldə etmək imkanları yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdehin Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi, öz apelyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Digər cavabdeh “xxxx” MMC-nin nümayəndələri isə bildirmişlər ki, MMC tərəfindən iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisələrdən icbari sığorta olunmuş və ona müəssisə tərəfindən kifayət qədər maddi yardım göstərilmişdir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin şikayəti təmin, iddiaçının şikayəti isə rədd edilməlidir. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” 20.08.2019-cu il tarixli, 01/2019 nömrəli aktdan görünür ki, İddiaçı 19.07.2019cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10-TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Ələkbər Babayev dispetçer Samir Əliyevə avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev, ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X6 tərəfindən təqdim edilmiş 16.08.2019-cu il tarixli, 1760 saylı arayışda İddiaçı “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. 28 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 23.04.2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 19.07.2020-ci il tarixdə alınmış travma ilə əlaqədar sol sirkə kasasının medial divarının sınığı ilə əlaqədar osteosintez (metal lövhə) əsas xəstəlik diaqnozu qoyulmuş, aparılan stasionar və ambulator kompleks müalicələrə baxmayaraq, əmək qabiliyyəti bərpa olunmamışdır. Hazırda təkrar müalicə üçün ixtisaslaşdırılmış həkim konsultasiyasına göndərilir. İddiaçı, “Mediland” Hospital tərəfindən verilmiş 14.07.2020-ci il tarixli qəbzə əsasən, ortepidya şöbəsində həkim müayinəsindən keçmək üçün 50 manat, Azərbaycan Tibb Universitetinin X2 tərəfindən verilmiş 27.07.2019-cu il tarixli, 937397 nömrəli qəbzə əsasən, əməliyyat üçün 1900 manat, 26.07.2019-cu il tarixli qəbzə əsasən, bud-çanaq oynaqlarının rentgenoqrafiyası üçün 24 manat, 28.08.2019-cu il tarixli, 203157 nömrəli qəbzə əsasən isə, 42 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı 03.07.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin olunmuş və əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Cavabdeh2xxxx“xxxx” MMC arasında bağlanılmış 27.01.2014-cü il tarixli, QAL- 00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16.08.2018-ci il tarixindən 16.08.2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. Hazırda İddiaçı, baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsini tələb edir. Kollegiya, iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək, bildirir ki, Əmək Məcəlləsinin 239-cu maddənin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin maddənin 5-ci bəndinə görə, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Həmin Məcəllənin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Baxılan işdən görünür ki, Cavabdeh2xxxx“xxxx” MMC arasında bağlanılmış 27.01.2014-cü il tarixli, QAL-00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı 16.08.2018-ci il tarixindən 16.08.2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. Göründüyü kimi, cavabdeh “xxxx” MMC, qanundan irəli gələn öhdəliklərini yerinə yetirərək, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını, həm də 19.07.2019-cu il tarixdə istehsalat qəzası baş verdikdən sonra Əmək Müfəttişliyi Xidmətinə məlumat verərək, təhqiqatın aparılmaqla “İstehsalatda bədbəxt hadisə haqqında” akt (20.08.2019cu il tarixli, 01/2019 nömrəli) tərtib olunmasını təmin etmişdir. Belə olan halda, İddiaçı, xəsarət alması ilə nəticələnən istehsalat qəzasına görə ödənclərin verilməsini xxxx” MMCdən tələb edə bilməz. Çünki, bu halda iddiaçı, aşağıda qeyd edilən qanunvericlik normalarının tələblərinə əməl etməklə istehsalat qəzasında aldığı xəsarətə görə vurulmuş ziyanın ödənilməsi tələbini sığorta şirkətinə qarşı irəli sürməkdə haqlıdır. Odur ki, birinci instansiya məhkəməsinin iddianı cavabdeh “xxxx” MMC-yə münasibətdə rədd etmək barədə gəldiyi qənaət qanuni və əsaslıdır, ona görə də iddiaçının apellyasiya şikayəti bu hissədə təmin oluna bilməz. Bununla belə, Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbinin digər Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə də təmin olunması üçün hüquqi əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191- 194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. ƏM-in 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Hazırda Cavabdeh2 Sığorta Şirkəti ASC isə qətnaməni mübahisələndirərək bildirir ki, birinci instansiya məhkəməsi bu Qaydaları nəzərə almadan TSEK-in müvafiq qərarı olmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsaslanaraq ona münasibətdə iddia tələbini qismən təmin etmişdir. Kollegiya, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, yuxarıda qeyd olunan Qaydaların tələblərindən göründüyü kimi, bədbəxt hadisə haqqında akt və işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsi təqdim olunduğu təqdirdə işəgötürənin təqsiri ucbatından baş vermiş əmək xəsarətinə görə dəymiş ziyanın əvəzi sığorta şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçiyə ödənilməlidir. Baxılan işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışdan isə görünür ki, İddiaçı 03.07.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin olunmuş və əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Göründüyü kimi, TSEK tərəfindən İddiaçı əlillik təyin olunarkən buna səbəb kimi əmək xəstəliyi olması deyil, ümumi xəstəlik göstərilmişdir. İddiaçı tərəfindən tələb olunan ödəncin ödənilməsi üçün əsas isə onun məhz peşə xəstəliyi ilə əlaqədar sağlamlığına dəymiş zərərin ödənilməsi bağlı ola bilər. Belə olan halda, yəni qeyd olunan məzmunda sənəd təqdim edilmədiyindən sığorta şirkəti tərəfindən müvafiq ödənişin edilməsindən imtina olunması əsaslıdır. Kollegiya, mənəvi zərər tələbinə münasibətdə isə qısaca bildirir ki, iddiaçıya istahsalatda baş vermiş bədbəxt hadisə nəticsində maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapmadığından, onunla bağlı mənəvi zərər tələbi də rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənləri nəzərə alaraq, bu qənaət gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı qismən təmin olunduğu hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.2-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3652/2020 saylı iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbləri Cavabdeh2 Sığorta Şirkəti ASCyə münasibətdə də rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar