Məhkəmə qərarları › İş №2(103)-3277/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3277/2020

14.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3277/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin “xxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-452/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekun nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə icra sənədi əsasında ünvanda göstərilən mənzilin hərraca çıxarılması ilə bağlı xx.xx.2017-ci ildə göstərilən ünvana bildiriş göndərilmişdir. Bu bildirişdən sonra icraçı hərrac başlamamışdan əvvəl Bakı şəhəri, M.Müşfiq 2A-cavabdehin ünvanına hərracın dayandırılması ilə bağlı rəsmi müraciət etmişdir. 2019-cu ildə “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə iddia tələbinə baxılanda iddiaçıya məlum olmuşdur ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 12-ci mkr, ev 4, mənzil 55 “xxxxxxxxxxx” ASC-yə satılmışdır. İddiaçının mənzilin ASC-yə satılmasından xəbəri olmamışdır. Göstərilənlərə əsasən Y-56 nömrəli qərarın ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-452/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Sumqayıt şəhəri, 12-ci mkr., 4 nömrəli evin 55 nömrəli mənzilinin satılması məqsədi ilə «X1 Mərkəzi» MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-56 №-li protokolun etibarsız hesab edilməsi, iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs “xxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-452/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər üzrə İcra İdarəsinin “X1 Mərkəzi” MMC-yə ünvanladığı 29670/25 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubda “icra sənədindən Apellyasiya şikayəti verildiyi üçün hərracın dayandırılması” xahiş olunmuşdur. Lakin “X1 Mərkəzi” MMC -nə ünvanlanan məktubu tərtib edən Sumqayıt şəhər üzrə İcra İdarəsinin icra məmuru Nizami İbrahimov məktuba Apellyasiya şikayətinin verilməsini sübut edən sənəd əlavə etməmişdir. Sumqayıt şəhər üzrə İcra İdarəsinin icra məmuru Nizami İbrahimov hal-hazırda AR Vəkillər Kollegiyasının üzvüdür və İddiaçı1 nümayəndəsi-vəkili kimi Səbail rayon Məhkəməsinin sonuncu prosesində iştirak edib və məhkəməyə dəqiqləşdirmə ərizəsi vermişdir. Hesab edirəm ki, Nizami İbrahimov icra məmuru olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bizə məlum olmayan səbəblərdən əsassız məktubla icra sənədinin icrasını dayandırmaqla hərracın keçirilməsinə maneə olmağa çalışıb. İş materiallarını araşdırdıqda görmək olur ki, icra məmuru Nizami İbrahomovun “X1 Mərkəzi” MMC-yə məktub ünvanladığı dövrdə icra sənədindən apellyasiya şikayətinin verilməsini və apellyasiya məhkəməsi tərəfindən mülki işin icraata qəbul edilməsini, apellyasiya şikayətinə baxılmasını və yeni məhkəmə qətnaməsinin çıxarılmasını sübut edən heç bir sənəd yoxdur. Lakin Sumqayıt şəhər Məhkəməsinin 2(060)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə cavabdehlər apellyasiya müddətini buraxdıqları üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət ediblər. Hesab edirik ki, buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət olunması iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. İcra məmuru Nizami İbrahimov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq icra sənədinin icrasının dayandırılması ilə bağlı qəbul edilmiş qərar varmı? Həmin qərar varsa niyə “X1 Mərkəzi” MMC-yə və tərəflərə (iddiaçıya və cavabdehə) göndərilməyib? İcra sənədindən Apellyasiya şikayəti verildiyi üçün hərracın dayandırılmasını xahiş edən icra məmuru (indiki nümayəndə-vəkil) Nizami İbrahimov keçirilən hərracən nəticələri haqqında xx.xx.2018-ci il tarixli, Y-56 №-li protokolu niyə imzalayıb? Hərrac düzgün aparılmamışdırsa və hərracın dayandırılmasına dair məktub vardırsa niyə Sumqayıt şəhər üzrə İcra İdarəsi sözü gedən əmlaka dair yeni çıxarışın verilməsinə dair Azərbaycan Respublikası “Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə” məktub ünvanlayır?İş materiallarından və apellyasiya şikayətinə əlavə edilmiş məhkəmə qərarlarından göründüyü kimi, iddiaçıların qətnamədən verdikləri apellyasiya şikayətlərinə baxılmayıb, apellyasiya instansiyasında qətnamə mübahisələndirilməyib, yeni qətnamə qəbul edilməyib və hərracların keçirilməsinə dair bildirişlər “X1 Mərkəzi” MMC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanına qanunvericiliyə uyğun olaraq göndərilmiş və həmin bildirişlər iddiaçılara çatdırılmışdır. Hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan verilmişdir. Göründüyü kimi, “X1 Mərkəzi” MMC tərəfindən hərracın keçirilməsində hər hansı bir qanun pozuntusuna yol verməmiş, qanunvericiliyə uyğun olaraq bütün tədbirləri həyata keçirmişdir. İcra məmurunun “X1 Mərkəzi” MMC-nə hərracın dayandırılması ilə bağlı məktub ünvanladığı dövrdə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə, mülki işin icraata qəbul edilməsinə dair heç bir sübut yoxdur. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.İbrahimov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Dadaşov apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhər icra idarəsi “X1 Mərkəzi” MMC-yə ünvanladığı məktubda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyini göstərmiş və bu səbəbdən hərracın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli məktubun surətində olan cavabdeh təşkilatın möhüründən görünür ki, icra məmurunun xx.xx.2017-ci il tarixi xx xxxxxx 2018-ci il tarixdə artıq “X1 Mərkəzi” MMC-yə daxil olmuşdur. “İpoteka haqqında” Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surəti və Y-565 nömrəli protokola əsasən, ünvan 5 ünvanında yerləşən 55 saylı mənzilin 70.000 manat dəyərində hərraca çıxarılması və keçirilən hərracda 44.625 manata “xxxxxxxxxxx” ASC-yə satılması işin mübahisələndirilməyən halıdır. Kollegiya qeyd edir ki, hərrac təşkilatı hərracın sifarişçisi tərəfindən göndərilmiş hərracın dayandırılması barədə məktubu təkrar hərrac keçirdiyi xx xxxxxx 2018-ci il tarixdə əldə etməsinə baxmayaraq, hərracın keçirilməsini dayandırmamışdır. Hətta cavabdeh təkrar hərrac baş tutmamış hesab edildikdən sonra sifarişçi tərəfindən hərracın keçirilməsinin davam etdirilməsinə dair heç bir göstəriş almamasına baxmayaraq, hərraca çıxarılan əmlakı tələbkara təklif etmiş və tələbkar qanunvericiliyə uyğun olaraq həmin əmlakı əldə etmişdir. Odur ki, hərrac təşkilatı hərracı qanunvericiliyin tələblərini pozmaqla keçirmişdir. Üçüncü şəxsin iddiaçının nümayəndəsi və vəkili X2 əvvəl iş üzrə icra məmuru olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin “Məhkəmənin tərkibi. Etirazlar” adlanan 2-ci fəslində iş üzrə əvvəllər icra məmuru olmuş şəxsin sonradan nümayəndə olaraq iştirakını istisna edən hər hansı müddəa mövcud deyildir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. İcra sənədinin icrasının dayandırılması ilə bağlı qəbul edilmiş qərarın olmaması barədə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, icranın dayandırılması ilə bağlı qərarın olmamasına istinad edilsə də, lakin icranın sifarişçi tərəfindən dayandırılmasına dair məktubun (i. v. 9) cavabdehə ünvanlanması iş materialları ilə müəyyən olunur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi izahatında qeyd olunan məzmunda məktubun onlara daxil olmasını, lakin cavabdeh təşkilatda rəhbərliyin tez-tez dəyişməsi və dəftərxanada işlərin çoxluğu səbəbindən məktubun daxil olması haqqında məlumatlarının olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Üçüncü şəxs “xxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-452/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar