Məhkəmə qərarları › İş №2(103)-3282/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3282/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3282/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “açılmış pəncərənin sökülməsi və onun əvvəlki vəziyyətinə qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “açılmış pəncərənin sökülməsi və onun əvvəlki vəziyyətinə qaytarılması”, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “yardımçı tikilinin sökülməsi, cavabdehin hesabına divar çəkilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı 22 saylı özbaşına tikili və Cavabdeh yaşadığı 22B saylı özbaşına tikili birbirindən hasarla ayrılmışdır. Cavabdehin yataq otağının pəncərəsi iddiaçının istifadə etdiyi həyətyanı torpaq sahəsinə açılır. Eləcə də, həyətləri ayıran hasarda iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə nəfəslik açılmışdır ki, həmin hasar eyni zamanda cavabdehin dəhlizinin divarı rolunu oynayır.

Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən həmin ünvan üzrə onun Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanında yerləşən həyətinə qanunsuz açılmış pəncərələrin Cavabdeh hesabına sökülməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, 40 ildən çoxdur ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 22 saylı evdə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Yaşadığı evin sahəsi 3 sota yaxındır və onun istifadəsindədir. Onun qonşuluğunda yaşayan Cavabdeh Ö.F.Nemanzadə küçəsi, 22B saylı evdə yaşayır. 2021-ci ilin əvvələrində, gecə saatlarında, həyətindən səs-küy səsləri eşitdi. Həyətə çıxdıqda qonşusu Cavabdeh orada qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 2 pəncərə dəliyi açaraq plastik pəncərə qoyduğunu gördü. O ona bir qonşu kimi bu hərəkətlərə son qoymağını və pəncərələrin sökülərək bağlanmasını dəfələrlə tələb etdi. Onun cavabdehin böyük qardaşı Rafiq Hüseynovla bu məsələ ilə bağlı danışıqları olmuşdur. Nə Oqtay, nə də ki, Rafiq onun dediklərinə məhəl qoymaraq, “get nə bacarırsan et, yaxşı etmişəm sənin həyətin istiqamətinə pəncərə qoymuşam, bu pəncərə bağlanmayacaq” sözlərini demişdir. Həmçinin bu barədə polisə şikayətlər etsə də, heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nətiçəsində onun həyəti istiqamətində pəncərələr qoyulduğundan, onun və ailə üzvlərinin rahatlığı və istirahət huququ pozulur. xx.xx.2011-ci il tarixli, 19 saylı MİS-in Ö.F.Nemanzadə küçəsi ö/t 22-nin faktiki cizgi planına əsasən həm yerdə pəncərə mövcud olmamışdır. Lakin vəkil sorğusu əsasında xx.xx.2021-ci il tarixli, 189 saylı məktubdan görünür ki, Səbail rayonu, 20-ci sahə, Ö.F.Nemanzadə küçəsi, ö\t 22B-nin 149 saylı MKİS tərəfindən verilən sxeminə əsasən həmin yerdə pəncərə mövcuddur. Qanunverciliyin tələblərinə əsasən pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunmuşdur. Ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, cavabdehin qanunsuz inşa etdiyi pəncərənin onun öz hesabına bağlanmasını tələb etmək qərarına gəlmişdir. Belə olan halda açıq şəkildə görünür ki, qanunsuz olaraq həmin pəncərələr sonradan açılmışdır. Bu da onun və ailəsinin şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ö/t 22-də yaşayan İddiaçı iddia tələbinin rədd edilməsi, cavadeh İddiaçı tərəfindən onun yataq otağına bitişik vəziyyətdə tikmiş olduğu yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin və dəhlizin nəfəsliyinin qarşısında yığmış olduğu qum kisələrinin və digər əşyaların yığılması, onun yataq otağının və dəhlizinin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla cavabdeh İddiaçı hesabına divar çəkilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərmiş olduğu guya 40 ildən çox həmin ünvanda yaşaması həqiqətə uyğun deyil, belə ki, İddiaçı 1975-ci ildə Tovuz rayonu, Ağdam kəndində anadan olmuş və ata-anası ilə həmin kənddə yaşamışdır. İddiaçı həmin kənddə yaşayaraq Ağdam kənd orta məktəbini bitirmiş, bundan sonra hərbi qulluqda olmuş, hərbi qulluqdan sonra yenə həmin kəndə qayıdaraq bir müddət orada yaşamış, sonra işləmək üçün bir neçə illik Rusiya Federasiyasına getmiş və oradan qardaşı İntiqam Həsənov 2005-ci ildə Tovuz rayonunda öldükdən sonra qayıdaraq evlənib ailəsi ilə hal-hazırda yaşadığı evə köçmüşdür. İddiaçı hal-hazırda yaşadığı evə köçənəcən həmin evdə onun atası X4 qanuni nigahda olan arvadı X5 yaşamışdır. Lakin onların uşaqları olmadığından, Əşrəf Həsənov münaqişələr yaradaraq Bəsti Həsənovanı evdən qovmaq istəmişdir. Onların aralarında baş verən münaqişələr nəticəsində Bəsti Həsənova hüqüq mühafizə orqarlarına şikayət etmiş və nəticədə Əşrəf Həsənov 1971- 1972-ci illərdə Bakı şəhəri 26 Bakı komissarları rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əşrəf Həsənov azadlıqdan məhrum edildikdən sonra ikinci arvadı Tovuz rayonu Ağdam kəndinə köçmüşdür. Əşrəf Həsənov azadlığa buraxıldıqdan sonra Tovuz rayonu, Ağdam kəndinə ikinci arvadının yanına getmiş və orada İddiaçı anası ilə yaşamışdır. Əşrəf Həsənov Bakı şəhərindən köçdükdən sonra İddiaçı həmin ünvana ailəsi ilə köçənəcən həmin evdə Bəsti Həsənova tək yaşamışdır. İddiaçı ailəsi ilə hal-hazırda yaşadığı evə köçdükdən sonra həmin evin onun evi tərəfində X5 2015-ci ildə ölənə kimi, əks tərəfdə isə İddiaçı ailəsi ilə yaşamışlar. Beləliklə də, İddiaçı yaşadığı ünvanda iddia ərizəsində göstərdiyi kimi 40 ildən çox yaşamamışdır. O həmin ünvanda cəmi 16-17 ildir ki, yaşayır və iddiasının səbəbi atasının azadlıqdan məhrum edilməsidir. İddiaçı iddia ərizəsində göstərmiş olduğu iki pəncərələrin guya 2021-ci ilin əvvəllərində hasarına gecə vaxtı qoyulması barədə vermiş olduğu məlumat da həqiqətə uyğun deyildir, belə ki, həmin pəncərələrdən biri onun yataq otağındadır və İddiaçı hasarında deyildir. Həmin yataq otağı 1952-1953-cü illərdə X4 evinə bitişik halda onun atası X1 tərəfindən tikilib. Bu otaq tikilərkən otağın 2 pəncərəsi olmuşdur və qabağı boşluq olub. Sonralar qonşusu X6 otağın qabağındakı ərazini çəpərə alaraq öz həyətyanı sahəsi etmişdir. 1992-1993-cü illərdə onun atası Hüseynov Hüseynqulu həmin yataq otağının 2 pəncərələrini çıxardaraq, əvəzinə hündürlüyü 140 sm, eni 200 sm olan bir taxta pəncərə qoymuşdur. 2015-ci ildə Bəsti Həsənova öldükdən və onun yaşadığı ev hissəsi İddiaçı tərəfindən ələ keçirildikdən sonra, İddiaçı ondan tələb etdi ki, yataq otağının pəncərəsinin şüşələrini dəyişdirsin ki, pəncərədən onun həyəti görünməsin. O bir qonşu kimi 2017-ci ilin oktyabr ayında həmin taxta pəncərəni eyni ölçüləri olan plastik pəncərə ilə dəyişdi və pəncərənin şüşələrini görünməyən (matovıy) şüşə qoydurdu (taxta pəncərənin fotoşəklini təqdim etdiyi diskə köçürtmüşdür). Onun yataq otağının sağ və arxa tərəfində evlər, sol tərəfində isə onun qonaq otağı yerləşir və buna görə də, onun həmin yataq otağına təbii işıq həmin pəncərədən düşür, otağın havasını dəyişmək ancaq həmin pəncərə vasitəsi ilə mümkündür (videogörüntü təqdim olunmuş diskdə vardır). İddiaçı iddia ərizəsində göstərmiş olduğu həyətinin hasarında olan 2-ci pəncərə hasarda yox, onun evinin dəhliz divarında yerləşir, hündürlüyü 63 sm, eni 146 sm olan nəfəslikdir. Həmin nəfəslik döşəmədən 185 sm hündürlükdə yerləşir, nəfəslikdən İddiaçı həyəti görünmür və nəfəsliyin qarşısında ağac bitir. Dəhlizə də təbii işıq ancaq həmin nəfəslikdən düşür (təqdim olunmuş diskdə görüntülər mövcuddur). Həmin nəfəslik 1988-1989-cu illərdə Bəsti Həsənovanın razılığı ilə atası Hüseynov Hüseynqulu tərəfindən quraşdırılmışdır. Həmin vaxt İddiaçı Tovuz rayonunda orta məktəb şagirdi olmuşdur. Yataq otağının pəncərəsinin 2017-ci ildə plastik pəncərə ilə əvəzlənməsi, dəhlizdə olan nəfəsliyin 1988-1989-cu illərdə quraşdırılması həm də pəncərə və nəfəslik ətrafında olan suvağın nümunələri götürülərək İddiaçı hesabına ekspertizaya təqdim olunaraq rəy alınmaqla təsdiq oluna bilər. Beləliklə də, onun yataq otağının pəncərəsinin şüşələri görünməyən (matovıy) şüşəlidir, dəhlizdə olan nəfəslik insan boyundan hündürdə yerləşir və bunların hər ikisindən İddiaçı həyətyanı sahəsi görünmür, həmçinin onların bağlanması sanitar yaşayış normalarına ziddir. Buna görə də, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində göstərilmiş iddiası əsassızdır. Təqdim olunmuş videodiskdən göründüyü kimi, İddiaçı onun yataq otağına bitişik olaraq yardımçı tikili tikmişdir. Bundan başqa, İddiaçı tərəfindən onun yataq otağının divarına söykək vəziyyətdə pəncərənin altında kisələrdə qum saxlanılır. Habelə dəhlizin nəfəsliyinin altında da İddiaçı özünə məxsus əşyaları saxlayır. Bunların nəticəsində həmin qum və əşyalar yağış vaxtı islanır və onun otağına və dəhlizinə rütubət keçir. Həmçinin o, yataq otağının pəncərəsi və dəhliz otağının nəfəslik olan divarlarının vaxtlı-vaxtında təmiri ilə məşğul ola bilmir, çünki həmin divarların yanına onun giriş-çıxışı yoxdur. Divarların vaxtlı-vaxtında təmiri ilə məşğul olmaq üçün ona tikinti-texniki qaydalara müvafiq olaraq divarlar boyu ən azından 2 metr məsafə lazımdır. Lakin həmin məsafə dəfələrlə müraciət edilməsinə baxmayaraq İddiaçı tərəfindən ona təqdim olunmur və “mənim həyətimdə başqa adamın bir işi yoxdur” deyilir. Buna görə də, İddiaçı onun yataq otağının divarına bitişik olan yardımçı tikilinin sökülməsi, otağın pəncərəsinin qarşısında olan qum kisələri və dəhlizin nəfəsliyinin altında olan əşyaların götürülməsi, onun yataq otağının və dəhlizin divarlarının azad və sərbəst təmiri üçün həmin divarlardan 2 metr məsafədə onun həyətinə çıxışla İddiaçı hesabına divar çəkilməsinə ehtiyac vardır.

6. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizsıa Mərkəzinin 10/5115 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən İddiaçı yaşadığı ümumi istifadədə olan həyətinə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilir. ünvan 1 ünvanında yaşayan Cavabdeh evinin daxilində yerləşən yaşayış otağının pəncərəsi və dəhliz tikilisində olan nəfəslik iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Tikililərin inşa olunma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadda qoyulan birinci sualın üçüncü hissəsi üzrə tədqiqat aparılmadı. İddiaçı yaşadığı ünvan 4 ünvanında Cavabdeh pəncərəsinin yanında inşa etdiyi yardımçı (anbar) tikilinin cavabdehin və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Həmin yardımçı (anbar) tikili cavabdehin mənzilinin pəncərəsi və nəfəsliyin qarşısında inşa olunmadığından günəş işığının və havanın daxil olmasına maneə törətmədiyi müəyyən edilir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 22 saylı özbaşına tikilidə 1997-ci ildən əsgərlikdən qayıtdıqdan sonra yaşayır. Cavabdeh isə 1959-cu ildən doğulandan 22 B saylı özbaşına tikilidə yaşayır. Onun evinin yataq otağından 1952-1953cü illərdə qonşunun, hal-hazırda iddiaçının həyətinə iki balaca pəncərəsi olmuş, 1975-ci ildə pəncərələr dəyişdirilərək, onların yerində bir böyük taxta pəncərə qoyulmuş, 2017-ci ildə isə həmin taxta pəncərə plastik pəncərəyə dəyişdirilmişdir. Hasarda olan nəfəslik cavabdehin dəhlizinin divarında 1989-cu ildə açılıb. İş üzrə təyin olunmuş tikinti-texniki ekspertizası üzrə ekspert rəyi ilə Cavabdeh tərəfindən İddiaçı həyətinə tərəf açılmış pəncərə və nəfəsliyin (cavabdehin dəhlizindəki) bağlanması nəticəsində yaşayış otağının və dəhliz tikilisinə günəş işığının və hava axınının daxil olmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Eləcə də, ekspert rəyi ilə İddiaçı yaşadığı ö/t 22 ünvanında Cavabdeh pəncərəsinin yanında inşa etdiyi yardımçı (anbar) tikili cavabdehin mənzilinin pəncərəsi və nəfəsliyin qarşısında inşa olunmadığından günəş işığının və havanın daxil olmasına maneə törətmədiyi müəyyən edilir.

9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddia tələbində bağlanılması tələb edilən pəncərə cavabdehin yaşadığı evin yataq otağına hava, işıq və günəş şüasının daxil olması üçün yeganə yerdir. Digər tərəfdən, keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, həmin pəncərənin şüşələri qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eləcə də, cavabdehin dəhliz divarında iddiaçının həyətinə təxminən 2 metr hündürlükdə açılmış nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.

10. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 158.4, 164.1, 165.1, 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cümaddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydaya zidd olaraq insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədi ilə pəncərə boşluqları və digər boşluqlar aça bilməz. Göründüyü kimi məhkəmə bu madəninin tələbinə lazımı diqqət yetirməmişdir. Qanunverçiliyin tələblərinə əsasən pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunmuşdur. Ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, cavabdehin qanunsuz inşa etdiyi pəncərənin onun öz hesabına bağlanmasını tələb etmək qərarına gəlmişdir. Belə olan halda açıq şəkildə görünür ki, qanunsuz olaraq həmin pəncərələr sonradan açılmışdır. Bu da onun və ailəsinin şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Belə ki, cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həmdə tikintitexniki normalara ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun həyəti istiqamətində pəncərələr qoyulduğundan, onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Məhkəmə iş materiallarında olan hallara əsaslanmayaraq əsassız olaraq iddianı rədd edərək bu hal nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, pəncərə birbaşa onun vanna otağına baxır. Ekspertiza rəyində əsassız olaraq göstərilmişdir ki, pəncərənin onun evinə maneçiliyi yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, şüşələrdən biri şəffafdır, çöldən baxanda içəri görsənmir, lakin digər pəncərə açıq rənglidir, içəri görsənir. O, ora köçəndə orada balaca nəfəslik var imiş, daha sonra pəncərə böyüdülmüşdür. O, oraya təqribən 1997-ci il tarixində köçmüşdür. O ilk əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmişdi və ekspertiza təyin olunmasını xahiş etmişdi ki, gəlsin və baxış keçirsin, qərar verilsin. Lakin yenə də onun həyəti ümumi həyət kimi nəzərə alındı. Birinci rəydə bildirildi ki, nə pəncərə, nə də nəfəslik heç bir maneə törətmir. O, məcbur qalaraq Apellyasiya Məhməsinə müraciət etdi ki, yenidən baxış keçirilsin. Lakin buna baxmayaraq yenidən həmin ekspert gəldi və yenidən həmin qərarı verdi. Aralarında barışıq mümkün deyildir. Çünki o, rayona getməmişdən qabaq uşaqları götürüb Sədərəyə getdi, iki qiz uşağını evdə qoydu, oğlan uşaqlarını apardı. Qayıdıb gələndə görüb ki, həmin pəncərədən cavabdeh onun həyətinə girərək hamamdan şampununu, diş pastasını götürüb, kompot şkafını açıb yarı içib qoyub içəri girib. O, məcbur olub evə kamera qoyub, qayıdıb gələndə görüb ki, işıqlar avtomatik söndürülüb, qıfıl qırılıbdır. 15.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, o, 1959-cu ildən həmin ünvanda yaşayır. O pəncərə o doğulmamışdan qabaq da orada idi. Şüşələrin hamısı matdır. Pəncərə 3 gözdən ibarətdir, yalnız orta şüşə açıla bilir. Pəncərə olan divar onun yataq otağınındır. İddiaçının dediklərinə münasibətdə bildirmişdir ki, elə bir şey olmayıbdır. İddiaçının qoyduğu video-kamera onun həyətini çəkir. Həyətyanı sahəyə çıxarış yoxdur, o dövlət mülkiyyətidir. Torpaq dövlət mülkiyyətində olan zaman mülki müstəvidə iddiaçı onun həyətə gəlib dincələ bilər, o da iddiaçının həyətində dincələ bilər, o mənada ki, orada cinayət xarakterli hərəkət olunmayacaq. Əlavə olaraq bildirmişdir ki, pəncərədə şüşələr qeyri-şəffafdır, bu üzdən o üz görsənmir. Onun həyətinə düşmək lazım olan zaman onun özünə deyilib, o da dəhlizin çöl qapılarını təmiri məqsədilə onun icazəsi ilə etmişlər. Birinci instansiya məhkəməsində baxış keçirilən zaman göründü ki, pəncərədə şüşələr bağlıdır, nəfəslik isə 1.85 sm hündürlükdədir. 1.85 sm hündürlükdən onun həyətinə baxmaq üçün gərək stul qoyulsun və üzərinə çıxılsın. İddiaçı bildirir ki, onun həyətinə baxırlar, o iddiaçıya təklif edib ki, əgər düşünürsə ki, onun hətinə baxırlar, o zaman evi hündürlükdə divar çəksin. O zaman nə onun həyətini görər, nə də o cavadehin həyətini görər. Buna baxmayaraq iddiaçı razılaşmadı və bildirdi ki, həyəti qaranlıq olacaq.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddiaya aid hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 22.170.1-ci maddəsinə əsasən, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 23.170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 24.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakınmülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 25.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 27.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 28.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın “nəfəsliyin sökülməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 30.İş materiallarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılarkən 14 iyul 2022-ci il tarixdə mübahisəli tikililərin yerləşdiyi ünvanda yerində müayinə keçirilmiş, həmçinin məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Bununla belə məhkəmə kollegiyası iş üzrə əhəmiyyətli halların hərtərəfli və tam araşdırılmadığı əsası ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini labüd hesab etmiş, ekspertizanın keçirilməsini yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə həvalə etmişdir. 31.Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4274 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yaşayan evdən həmin ünvan üzrə onun Q.F.Nemanzadə küçəsi ö/t 22 ünvanında yaşayan həyətinə pəncərə açılması layihədə (plan sxemdə) nəzərdə tutulduğu, lakin nəfəsliyin layihədə (plan sxemdə) nəzərdə tutulmadığı müəyyən edilir; ünvan 7 ünvanlarda yerləşən mübahisəli yaşayış evlərinin planlı yerləşməsini və ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, 22B saylı evin mübahisəli nəfəslik və pəncərə iddiaçının yaşadığı evdən istifadəsinə maneə törətmədiyi müəyyən edilir; ünvan 8 ünvanda yerləşən mübahisəli nəfəslik və pəncərənin bağlanılması texniki cəhətdən mümkündür. Lakin cavabdehin evinin mübahisəli (yaşayış otağının) pəncərəsi bağlandığı zaman yaşayış otağının havalandırılmasına və işıqlandırılmasına mənfi təsiri göstərə bilər. Nəfəslik mənzilin dəhliz tikilisində yerləşdiyini nəzərə alaraq nəfəsliyin balandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərmədiyi müəyyən edilir. Pəncərə və nəfəslik bağlanılacağı təqbirdə yaşayış otağının və dəhliz tikilisinin yerləşmə vəziyyətinə əsasən pəncərə və nəfəsliyin başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilir. 32.Kollegiya tərəfindən hər iki pəncərənin inşa olunma müddətinin müəyyən edilməsinə cəhd edilsə də, ekspert rəyinə əsasən bu sual üzrə tədqiqat aparılması üçün müvafiq metodikanın olmaması əsası ilə qoyulmuş suala cavab verilməkdən imtina edilmişdir. 33.Beləliklə iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən halıdır. 34.Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 35.İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır 36.Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət edən şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Beləliklə iddiaçının “maraqlı şəxs” sayılması üçün mübahisələndirilən pəncərələrin yaşadığı həyətə açılması onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib-nəticələnmədiyi müəyyən edilməlidir. 37.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşadığı evin pəncərələrinin qonşu sahənin tərəfinə - iddiaçının həyətinə açıldığı işin mübahisələndirilməyən halıdır. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyəni sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. 38.Lakin hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.

39. Belə ki, iddiaya etiraz edən cavabdeh iddiaçının həyətinə açılan pəncərənin şüşələrinin qeyri-şəffaf olmaqla qonşu həyəti sərbəst şəkildə müşahidə etməyə imkan vermədiyinə, eləcə də, cavabdehin dəhliz divarında təxminən 2 metr hündürlükdə açılmış nəfəsliyin yerdən kifayət qədər hündürdə yerləşməklə cavabdehin həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermədiyinə istinad etmişdir.

40. Məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən cavabdehin yaşadığı ünvan 5 evdən iddiaçının yaşadığı Q.F.Nemanzadə küçəsi ö/t 22 saylı evin həyətinə pəncərə açılması layihədə (plan sxemdə) nəzərdə tutulduğu, pəncərənin bağlanılması texniki cəhətdən mümkün olduğu, lakin bunun yaşayış otağının havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcəyi, pəncərə bağlanılacağı təqdirdə isə yaşayış otağının yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin pəncərənin şüşələri qeyrişəffafdır, bu da qonşu həyətin görünməsi ehtimalını xeyli dərəcədə azaldır.

41. Eləcə də cavabdehin yaşadığı ünvan 5 evdən iddiaçının yaşadığı Q.F.Nemanzadə küçəsi ö/t 22 saylı evin həyətinə nəfəsliyin açılması layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəslik bağlanılacağı təqdirdə dəhliz tikilisinin yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılmasının mümkün olmadığı, lakin nəfəsliyin balandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi müəyyən edilmişdir.

42. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsinin məqsədi pozulmuş və ya mübahisəli hüquqların bərpasından ibarətdir, halbuki məhkəmədə belə bir hüququn müdafiəsi həm pozulmuş hüququn mütənasibliyini, həm də onun müdafiəsi metodunu, habelə bütün tərəflərin maraqlarının balansını təmin etməlidir.

43. Göründüyü kimi layihədə (plan sxemdə) nəzərdə tutulan pəncərənin bağlanması iddiaçının yaşayış otağı kimi istifadə etdiyi sahənin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəcək. Bu da cavabdehin hüquqlarının həddən artıq məhrumiyyətə məruz qalmasına və beləliklə də iddiaçının hüququnu qorumaq üçün seçdiyi üsulun pozuntunun xarakterinə uyğun gəlməməsinə dəlalət edir. Belə ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Beləliklə birinci instansiya məhkəməsi iddianın hazırki hissəsi ilə əlaqədar gəldiyi qənaət düzgün olmuşdur.

44. Cavabdehin yaşadığı ünvan 5 evdən iddiaçının yaşadığı Q.F.Nemanzadə küçəsi ö/t 22 saylı evin həyətinə açılan nəfəslik ilə bağlı kollegiyanın gəldiyi qənaəti fərqlidir. Belə ki, mübahisələndirilən nəfəsliyin açılması layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, bağlanılmasının texniki cəhətdən mümkün olduğu və nəfəsliyin balandığı zaman dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyi müəyyən edilmişdir.

45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən nəfəslik iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətinə açıldığından, nəfəsliyin açılması müvafiq layihədə nəzərdə tutulmadığından, mövcudluğu da özü-özlüyündə iddiaçının yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneə olduğundan, habelə nəfəsliyin bağlanmasının dəhliz tikilisinin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərməyəcəyindən mübahisələndirilən nəfəslik cavabdehin hesabına sökülməli və əvvəlki vəziyyətə qaytarılmalıdır.

46. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi qismən – ilkin iddianın “nəfəsliyin sökülməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə təmin edilsin. Cavabdeh istifadəsində olan ünvan 1 ünvanı üzrə yerləşən evdən İddiaçı istifadəsində olan Ö.F.Nemanzadə küçəsi, ö/t 22 ünvanı üzrə yerləşən həyətinə açılan nəfəslik Cavabdeh hesabına sökülsün və əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar