Məhkəmə qərarları › İş №2(103)-3285/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3285/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3285/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, Cavabdeh, iddiaçının nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı tərəfindən cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi ilə müxtəlif tarixli aktlar əsasında borclar hesablanmışdır. Cavabdeh maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirmədiyindən iddiaçı hesablanmış borcları məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, cavabdehdən 292 manat debitor borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. İddia tələbi qalan hissədə təmin edilməmiş və ödənilmiş dövlət rüsumunun qalan 62,50 manat hissəsi iddiaçıya aid edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, 6849.76 manat məbləğində vurulmuş maddi ziyanın, 400 manat məbləğində hüquqi yardım üçün ödənilmiş pulun və 88.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 7338.26 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Əziz oğlu arasında xx.xx.2016-ci il tarixində ***-**-** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh Əziz oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X9 Departamenti tərəfindən **********00090 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6 28255689 Elster Diafraqma nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5"nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 4039.20 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 2518.56 manat olmaqla ümumilikdə 6557.76 manat məbləğində İddiaçınə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq İddiaçınə 292 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 6849.76 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Birinci instansiya məhkəməsinin 12 fevral 2024-cü il tarixli (e-2(003)-211/2024 nömrəli mülki iş üzrə, hakim İ.Cəfərzadə) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 292 manat debitor borcunun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 62,50 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehdən qeyri-qanuni xətlər vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zərər tələb olunmasına baxmayaraq, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş bütün halların mövcud olmasına dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktlar “X5”nın tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, aktlar tərtib olunan zaman ünvanda yaşayan şəxslərin iştirakı təmin edilməmiş, ünvana baxış keçirilməmiş, aktların nüsxələri abonentə və ya ailə üzvlərinə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsini mümkün hesab etmir və həmin aktlar əsasında hesablanmış ziyanın cavabdehdən tələb edilməsi əsassız hesab edir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 292 manat məbləğində debitor borcu vardır. Odur ki, həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsin əsasən, 30 manat məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq, iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalı, 62,50 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

7. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli 2(103)-3285/2024 nömrəli qətnaməsi ilə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə 3-16-16/2-3/1404 nömrəli ekspert rəyi apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə icraat təzələnmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-3/1404 №li ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yerində müşahidə edilməyib. Həmçinin, ona bərkidilmiş giriş-çıxış borusunda hal-hazırda və əvvəllər hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkarlanmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10.İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.

14. İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi X7 verdiyi izahatında bildirmişdir ki, ekspert verdiyi rəyin tətqiqat hissəsində doğru qərara gəlmiş, amma nəticə hissəsində isə yanlış qərar vermişdir. Belə ki, ekspertiza rəyində qeyd olunmuşdur ki, ekspert baxış keçirən zaman qaz sayğacını yerində aşkar etməmişdir. Bu göstərilən hal isə dolayı yol ilə bizim mövqeyimizi isbat etməkdədir. Ekspert növbəti cümlələrdə hər hansı bir iz aşkar edilməmişdir kimi sözləri qeyd etsə də, qaz sayğacının orada mövcud olmaması təbii qazdan analoji başqa yollarla istifadə edilməsinə dair dəlildir. Ona görədə qeyd edilən məbləğ Cavabdeh tutulmalı və X3 ödənilməlidir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmi “X5” (25 iyun 2023-cü il tarixədək qüvvədə olan normalar)

15. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırda mübahisələnidirilən qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayəti iş üzrə iddiaçı tərəfindən verildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən, yəni təmin edilməmiş hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə apellyasiya baxışı zamanı əldə edilmiş sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

22. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə ***-**-** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və cavabdehə məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 28255689 Elster Diafraqma nömrəli qaz sayğacı quraşdırılmışdır. Sonradan iddiaçının əməkdaşları tərəfindən baxış keçirilən zaman, iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyi müəyyən edilmiş və bu pozuntular xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlarla qeydə alınmışdır. İddiaçı həmin aktlar əsasında hesablanmış borcların cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə bu halın sübuta yetirilmədiyinə istinad edərək, qeyd olunan iddianı təkzib etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi kifayət qədər sübut olmaması əsası ilə qismən təmin edilmişdir. Kollegiya tərəfindən iş materiallarının və apellyasiya baxışında əldə edilmiş ekspert (mütəxəssis) rəylərinin araşdırılması nəticəsində isə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi bu qərara gələrkən zəruri araşdımaları lazımi səviyyədə aparmamışdır.

23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

24. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

25. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmalıdır.

26. Bu baxımdan, qanunamüvafiq qətnamənin qəbul edilməsi üçün ilk növbədə məhkəmələr tərəfindən həqiqət müəyyən edilməli, daha sonra buna uyğun olaraq mübahisənin ədalətli həlli təmin edilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli borc məbləğini xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlara istinad edərək tələb edir. Həmin aktların tərtib olunmasının əsasında isə cavabdehin təbbi qazdan sayğacsız istifadə etməsi durur. Məlum olduğu kimi, cavabdeh də bu halı təkzib edir. Belə olan təqdirdə, yaranmış mübahisənin ədalətli həlli üçün, mövcud hallar üzrə həqiqət müəyyən edilməli, yəni cavabdeh tərəfindən təbbi qazdan sayğacsız istifadə olunub-olunmaması faktları aydınlaşdırılmalıdır.

28. Qeyd olunan faktalrın aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan istifadə üçün nəzərdə tutulmuş qaz xəttinin (bütün uzunluğu üzrə) üzərində qanunsuz qoşulmaya xarakterik olan işlər, habelə digər sayğacdan kənar təbii qazdan istifadə hallarının araşdırılması ilə bağlı suallar qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16- 16/2-3/1404 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yerində müşahidə edilməyib. Bundan başqa, ona bərkidilmiş giriş-çıxış borusunda hal-hazırda və əvvəllər hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkarlanmamışdır.

29. Göründüyü kimi, sayğac üçün nəzərdə tutulmuş giriş-çıxış borusunda kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkarlanmasa da, ekspert tərəfindən cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının yerində müşahidə edilmədiyi müəyyən olunmuşdur. Bu da öz-özlüyündə cavabdeh tərəfindən təbii qazdan sayğacsız şəkildə istifadə edildiyi qənaətinə gəlməyə əsas verir. Sayğacın yerində aşkarlanmaması X5nın pozulması üçün başlıca dəlil olduğundan, ona bərkidilməsi üçün nəzərdə tutulmuş giriş-çıxış borusunda kənar izlərin müəyyən edilməməsi cavabdeh tərəfindən yol verilmiş bu pozuntunu aradan qaldırmır.

30. Odur ki, cavabdehin təbii qazdan sayğacsız istifadə etməsi barədə iddiaçının tərtib etdiyi aktlar əsaslı hesab olunmalıdır.

31. Məhkəmə kollegiyası mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamasını rəhbər tutaraq, birinci instansiya məhkəməsinin mübahisəli aktlar əsasında hesablanmış borcun tutulmasına münasibətdə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə həmin hissə üzrə ləğv edilməlidir.

32. Hansı ki, MPM-in 384.0.2-ci, 385.1.2-ci və 388-ci maddələrinin tələblərinə görə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

33. Ləğv edilən hissə üzrə yeni qətnamənin çıxarılması ilə bağlı isə qeyd edilməlidir ki, yuxarıdada da vurğulandığı kimi qanunamüvafiq qətnamənin qəbul edilməsi üçün ilk növbədə məhkəmələr tərəfindən həqiqət müəyyən edilməli, daha sonra buna uyğun olaraq mübahisənin ədalətli həlli təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə həqiqət müəyyən edilmiş, yəni cavabdehin təbii qazdan sayğacsız istifadə etməsi təsbit olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, cavabdehin təbii qazdan sayğacsız istifadə etməsi ilə yanaşı, ondan tutulacaq məbləğin də dəqiq müəyyən olunması məhkəmə mübahisəsinin ədalətli və qanunamüvafiq başa çatması üçün zəruri şərtdir. Odur ki, mübahisənin ədalətli həlli üçün məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmiş və mütəxəssis rəyi tələb edilmişdir.

34. 3-cü şəxsin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qanuna əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla 2022-ci il üzrə itirilmiş 8064 m³ qazın dəyəri (1200 m³ x 0.12 manat + 1300 m³ x 0.20 manat + 5564 x 0.25 manat = 1795 manat) 1795 manat təşkil edə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq və zəruri ekspert (mütəxəssis) rəylərini əldə edərək belə nəticəyə gəlir ki, təbii qazdan sayğacsız istifadə etdiyinə görə cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləgi 1795 manat həddində müəyyən edilməldir.

36. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun tutulması hissəsinə isə qiymət verərək qeyd edir ki, yetərli sübut təqdim edilmədiyindən apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslı hesab olunmalıdır.

37. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, kollegiyanın qətnaməsinin iddiaçıya və cavabdehə münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti beş min manatdan azdır. Belə ki, kollegiyanın qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilə bilən hissəsində iddia qiyməti 4762,76 manat (ümumi tələb olunan borc “6557.76 manat” – apellyasiya qaydasında tutulmuş borc “1795” manat = “4762,76 manat”), cavabdehə münasibətdə isə bu qiymət 1795 manatdır (apellyasiya qaydasında ondan tutulmuş borc). Xüsusilə vurğulanmalıdır ki, MPM-in 107-ci və 115.0.6-cı maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Belə olan halda, iddiaçının tələb etdiyi hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pul və dövlət rüsumunun iddiaçıya aid edilmiş hissəsi məhkəmə xərclərinə aid olduğundan iddianın qiymətinə daxil edilmir. MPMin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, həm iddiaçıya, həm də cavabdehə münasibətdə iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-211/2024 nömrəli qətnaməsi qismən - “Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktlara əsasən hesablanmış əlavə sərfiyyat üzrə ödənilməli olan borcun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan sayğacsız istifadə etdiyinə görə 1795 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar