Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3287/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 5.150 manat məbləğində pul vəsaitinin və ödədiyi 71,5 manatın, ümumilikdə isə 5.221,5 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 5.150 manat məbləğində pul vəsaitinin və ödədiyi 71,5 manatın, ümumilikdə isə 5.221,5 manat məbləğində pul vəsaitinin tutularaq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-377/2025 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamə 31 yanvar 2025-ci il tarixdə elektron məhkəmə sisteminə yüklənməsindən gec xəbəri olmuşdur. Həmçinin Binəqədi Rayon Məhkəməsinə baxış iclasına gələ bilməməyini hörmətli məhkəməyə elektron qaydada bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin nədənsə bu ərizə məhkəmə tərəfindən nəzərə alınmamış, nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Eyni zamanda o, ikinci qrup 20 yanvar əlilidir, səhhətində tez-tez və mütəmadi olaraq ciddi fəsadlar və kəskinləşmələr baş verir. Həmin ərəfədə səhhəti yenə də pisləşmişdir. Həmçinin qətnamə iddiaçıya rəsmi olaraq poçt vasitəsilə də, bu günə kimi çatmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-377/2025 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 377/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının nümayəndəsi (vəkili) müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini “ikinci qrup əlilliyi olması, həmin ərəfədə səhhətinin pisləşməsi” ilə əsaslandırsa da, ərizəsinə həmin xüsusatları təsdiq edən sübutlar əlavə etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddiaçıya qətnamənin poçt vasitəsilə göndərilməməsini bildirsə də, məhkəmə qeyd etmişdir ki, Vəkil iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında məhkəmə proseslərində onu təmsil etdiyindən, məhkəmə qətnaməsi sonuncunun elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayət verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddiası üzrə mülki işə heç də qərəzsiz yanaşılmamış, onun iddiası əsassız və qanunsuz olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi bununla kifayətlənməyərək, məhz üzrlü səbəblərə görə buraxılmış müddətin cəmi bir neçə gün təşkil etməsinə baxmayaraq həmin müddətin bərpasından da imtina etmişdir. Bununla da, birinci instansiya məhkəməsi olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçının (fərdi sahibkarlıqla məşğul olan şəxsin) işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının qarşısına tam süni, formal və əsassız surətdə “sipər çəkmiş olur”. Bu qərəz deyilsə, bəs nədir?! İnsan və vətəndaş olan İddiaçı hüquq və azadlıqlarını gözləmək və qorumaq məhkəmənin borcu olduğu halda, məhkəmə iddiaçının hüquqlarını “heçə almışdır”. Təəssüf ki, iddiaçı tərəfin apellyasiya şikayəti vermək hüququ da “əlindən alınmaqdadır”. Belə ki, cavabdehin hüququnu tam həcmdə, hətta izafi surətdə təmin edən məhkəmə, nədənsə iddiaçının apellyasiya şikayəti vermək hüququndan belə “məhrum etmək istəyir”. Həmin məhkəmə bilməmiş deyil ki, hörmətli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi yalnız birinci instansiyanı təmsil edir, ikinci instansiya məhkəmələri Azərbaycan Respublikasının apellyasiya məhkəmələri də mövcuddur və fəaliyyət göstərir. İddiaçı mülki işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını istəyir və bu onun Konstitusion hüququdur. Başqa sözlə, iddiaçının məhkəməyə çatım hüququnun praktik və effektli olması onun apellyasiya şikayətinə baxılmasını da ehtiva edir. Həddən artıq formalizmə yol verərək iddiaçını yuxarıda qeyd edilən hüququndan məhrum etmək mülki məhkəmə icraatına, onun əzəmətinə və təntənəsinə ciddi ziyan vurur. Fərdi sahibkarlıqla məşğul olan iddiaçı özünün məhkəmə müdafiəsi hüququndan tam həcmdə istifadə edə bilməzmi və buna mane olan nədir?! Axı nəyə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçının “məhkəməyə hüquq” və çatım hüququnun “qoyduğu” məhdudiyyərləri “aşmaq”, “keçmək” olmur?! Axı bu məhdudiyyətlər iddiaçının məhkəməyə çatım imkanını sözügedən hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə azaldır və məhdudlaşdırır. İddiaçı tərəf apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsini heç cür ədalətli və qanuni hesab etmədiyindən, ona münasibətdə prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə ümid edir. Hesab edir ki, bu onun haqqıdır. İddiaçının nümayəndəsi və vəkili 2-ci qrup 20 Yanvar əlili olmasını, səhhətində mütəmadi və davamlı pisləşmənin baş verməsini, tez-tez ev şəraitində müalicə olunduğunu və bununla əlaqədar digər amilləri, bu səbəblərdən də apellyasiya şikayəti verilməsi müddətinin cəmi bir neçə gün buraxıldığı faktını bir daha məhkəmənin nəzərinə çatdırır və hesab edir ki, iddiaçı tərəfə münasibətdə maddi və prosessual hüquq normalarının ən azı düzgün tətbiq olunması məqsədilə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi mümkün, düzgün, ədalətli olardı. İddiaçı tərəf apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsini də, ona münasibətdə prosessual hüquq normalarının əsassız, qanunsuz, ifrat, kəskin və ədalətsiz tətbiq edilməsi kimi qəbul edir və bunu heç cür anlaya bilmir. O, hesab edir ki, ona münasibətdə “qoyulmuş məhdudiyyətlər” məhkəməyə yumşaq desə, “baş ucalığı gətirmir”. Bir daha qeyd edir ki, iddiaçı tərəf apellyasiya şikayətinin verilməsi müddətindən bərpa edilməsindən imtina edilməsi ilə razılaşmır və ona münasibətdə prosessual hüquq normalarının heç olmasa, bundan sonra daha düzgün və ədalətli tətbiq edilməsinə ümid edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı, 20 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Bu Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 75-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-377/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi “AZEMİS” Elektron Məhkəmə informasiya sistemi vasitəsilə iddiaçını məhkəmədə təmsil etmiş nümayəndəsi-vəkili Vəkil elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi barədə müvafiq çıxarış mövcuddur. Hazırkı apellyasiya şikayəti isə prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, MPM-in 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır. Belə olan halda da iddiaçının istinad etdiyi hallar, yəni nümayəndəsi və vəkili olan Vəkil elektron kabinetinə yerləşdirilən məhkəmə aktı barəsində məlumatlı olmaması məhkəmənin prosessual müddətin üzrlü səbəblərdən ötürülmüş hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni iddiaçının nümayəndəsi olduğu şəxsin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirməklə sənədin tərəfə rəsmi qaydada verilməsini təmin etmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırkı işdə müəyyən edilməmişdir. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi, yəni maraqlarını təmsil edən şəxsin – nümayəndəsinin və vəkilinin xəstə olmasının prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-377/2025 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə də kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2025 saylı 16 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3287/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3287/2025
20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver