Məhkəmə qərarları › İş №2(103)-3289/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3289/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3289/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 Mürşüd oğlunun nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 (o, həm də digər cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 qızının və Cavabdeh5 nümayəndələridir) iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4 Mürşüd oğluna, Cavabdeh5, Cavabdeh6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qəzalı vəziyyətdə olan yaşayış sahəsinin və ərazinin boşaldılaraq sökülməsi, mülkiyyətçilərin yeni mənzillərlə təmin edilmələri, onlara kirayə haqqı ödənilməsi, evin dövlət qeydiyyatının və reyestr çıxarışlarının ləğv olunması” barədə ilkin, Cavabdeh3 qızının, Cavabdeh2, Cavabdeh4 Mürşüd oğlunun, Cavabdeh6 və Cavabdeh5 İddiaçınə qarşı “mülkiyyət hüquqlarının qorunması, ümumi paylı mülkiyyətdə olan yaşayış evinin həqiqi sahəsinə uyğun olan mənzillərlə təmin edilmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4 Mürşüd oğluna, Cavabdeh5, Cavabdeh6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, adı çəkilən şəxslərin ümumi paylı mülkiyyətindəki ümumi sahəsi 273,2 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin qəzalı vəziyyətdə olması səbəbindən həmin evdə yaşayan sakinlərin oradan çıxarılması, ərazinin, evin və onunla əlaqəli bütün tikililərin tam boşaldılaraq sökülməsi, MMC tərəfindən X2 divarın qalınlığı nəzərə alınmaqla ərazidəki B1 binasında ümumi sahəsi 64,79 m2 olan hazır təmirli mənzillə; Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 Mürşüd oğlunun və Cavabdeh6 hər birinin həmin ərazidə tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 83,84 m2 olan təmirli mənzillərlə təmin edilmələri və ev təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəkləri günə qədər hər birinə hər ay 200 manat kirayə haqqı ödənilməsi; MMC tərəfindən Cavabdeh1 tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 və 63,97 m2 olan təmirli mənzillərlə təmin edilməsi və ev təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəyi günə qədər ona hər ay 400 manat kirayə haqqı ödənilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı fərdi yaşayış evi söküldükdən sonra ona dair dövlət qeydiyyatının (reyestr nömrəsi **********91- 10301) və çıxarışların ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MMC iddia tələblərini belə əsaslandırmışdır ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına əsasən digər icra hakimiyyəti orqanları ilə yanaşı, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə də 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmış, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2016-cı il tarixli 197 saylı sərəncamı ilə sözügedən qərara və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli şəhərsalma əsaslandırılması barədə məktubuna əsasən, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx xxxxxx 2016-cı il tarixli 34/10523 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri Hüseynqulu Sarabski, Bəsti Bağırova və Ağadadaş Qurbanov ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək xx xxxxxx 2016-cı il tarixli müvafiq akt tərtib etmiş, aktda yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, sakinlərin təcili olaraq mənzillərdən çıxarılması, qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi, ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması tələb olunmuşdur. Aktda o da qeyd olunmuşdur ki, binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli 182 saylı sərəncamına əsasən Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən mülkiyyətçilərə (cavabdehlərə) qəzalı vəziyyətə düşmüş, ümumi sahəsi 273,2 kv.m olan 50/51 saylı evin MMC-nin hesabına sökülməsi, əvəzində yaşayış evinin ümumi sahəsinə 15 faiz əlavə edilməklə həmin ərazidə inşa edilən yeni yaşayış binasından təmirli vəziyyətdə yeni mənzillərin verilməsi, mənzil təhvil verilənə qədər hər bir mülkiyyətçiyə onun payına və ailə üzvlərinin sayına uyğun olaraq kirayə haqqının ödənilməsi təklif edilmiş, lakin mülkiyyətçilər həddindən artıq yüksək kompensasiya tələb etdiklərindən razılaşma əldə olunmamışdır. Cavabdeh3 qızı, Cavabdeh2, Cavabdeh4 Mürşüd oğlu, Cavabdeh6 və Cavabdeh5 isə İddiaçı MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, MMC-nin iddia tələblərinin rədd olunması, MMC-nin hesabına onlara ünvan 1 saylı evin sahəsindən, sahəsi 468,5 kv.m götürülməklə və təsviri "İddiaçı” MMC-nin tərtib etdiyi planda göstərilən 20 faiz artıq olan, həmin binalarda inşa ediləcək təmirli mənzillərlə təmin edilmələri, mənzillər onlara təhvil verilənə qədər aylıq kirayə haqqının ödənilməsi qarşılığında evin və ərazidə olan digər tikililərin MMC tərəfindən sökülməsi; ünvan 1 saylı evin mülkiyyətçilərdən biri olan Cavabdeh3 qızının yaşının 87-ni keçdiyi və ayrıca mənzilə ehtiyacı olduğu nəzərə alınaraq, MMC-nin hesabına ona ayrıca mənzilin verilməsi; Cavabdeh1 ilə MMC arasında Cavabdeh1 faktiki yaşadığı evin sökülməsi və mənzilin verilməsi üzrə ayrıca müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, onları mülkiyyət hüququndan məhrum etməklə bağlı iddia qaldıran MMC normativ hüquqi aktlara düzgün və tam istinad etməmiş, Nazirlər Kabinetinin 86 saylı qərarının mahiyyətini təhrif etmişdir. MMC, qanuni istifadələrində olan 468,5 m2 sahəni götürərək orada çox mərtəbəli bina tikib gəlir əldə etməyi planlaşdırır, onlara isə 273,2 m2-in əvəzində mənzillər verməyi təklif edir. Halbuki, onların yaşayış və mülkiyyət hüququ ünvan 1 saylı fərdi yaşayış evinin faktiki sahəsi olan 468,5 kv.m əsas götürüldüyü təqdirdə pozula bilər. Çünki 30 ildən artıq müddətdir orada yaşayırlar və MMC-nin özbşına tikili olduğunu iddia etdiyi tikililər Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli sərəncamı əsasında qanuniləşdirilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 onlara məxsus evin payçısı deyildir, çünkü ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi Cavabdeh3 qızı, digər hissəsi isə Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda eyni şəxsdən satın alınmış, sonradan torpaq sahəsinin həmin şəxslərə məxsus hissələri arasında divar tikilmiş və hər biri özünə məxsus sahədə ayrıca ev tikmişdir. Bu tikililər ayrı-ayrılıqda yerləşir və divarla ayrılır, onların eyni konstruksiyası mövcud deyildir, giriş-çıxışları da ayrıdır. Sonradan qarşılıqlı iddiaçılardan Cavabdeh4 iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş, MMC-nin hesabına onlara ünvan 1 saylı evin müqabilində inşa ediləcək binalarda biri 88,86 kv.m sahəsi olan, digəri isə 90 kv.m həyətyani sahənin bazar dəyərinə uyğun olan təmirli mənzillər verilməsi; mənzili təhvil verdiyi gündən yeni mənzillərlə təmin ediləcəyi günə qədər 400 manat həcmində kirayə haqqının hər ay ona və oğlunun ailəsinə (cəmi 800) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından, Cavabdeh4 Mürşüd oğlundan, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək onun qismən – özünün qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində - ləğv olunmasını və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandrmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, qarşılıqlı iddia tələblərini faktiki olaraq qismən təmin etdiyi halda onu rədd etmək nəticəsinə gəlməklə prosessual normaların tələblərini pozduğunu, Cavabdeh1 2 təmirli mənzilin verilməsi qənaətinə gələrkən hansı meyarı əsas götürdüyünün anlaşılan olmadığını, torpaq sahəsi ilə bağlı tələbinə ümumiyyətlə qiymət vermədiyini, nəticəsinin işin hallarına uyğun gəlmədiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh6 da apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandrmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığını, mülkiyyət hüququna müdaxiləyə əsassız bir şəkildə haqq qazandıran məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 Mürşüd oğlu və onun nümayəndəsi (vəkili) Vəkil2 öz apellyasiya şikayətlərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, digər apellyator Cavabdeh6 məhkəmənin onun üçün müəyyənləşdirdiyi mənzil ölçüsü (83,84 m2) ilə razılaşdığını və apellyasiya baxışı zamanı təklif olunan aylıq 300 manat kirayə haqqı ödənilməsinə etiraz etmədiyini, lakin qətnamənin tez icra olunmasını istədiyini və MMC-nə inanmadığı üçün apellyasiya şikayəti verdiyini, Cavabdeh2 qətnamə ilə tam razılaşdığını və heç bir şikayətinin olmadığını bildirmiş, ilkin iddia üzrə digər cavabdehlər, eləcə də iddia ərizələrində üçüncü şəxslər qismində göstərilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin əsassız olduğunu, Cavabdeh1 məxsus evin qarşılıqlı iddiaçılara məxsus evdən ayrı olduğu müəyyən edildiyi üçün qarşılıqlı iddiaçılara, o cümlədən apellyatorlara ekspert rəyində göstərilən 338 m2 tikili sahəsinə 15% əlavə edilməklə mənzillər təklif olunduğunu, buna baxmayaraq Eldəniz və Cavabdeh6ların bununla razılaşmadıqlarını, apellyasiya baxışı dövründə onlara aylıq 300 manat kirayə haqqı təklif olunduğunu, lakin bu təklifi də qəbul etmədiklərini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İşdə qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, qarşılıqlı iddia tələblərini faktiki olaraq qismən təmin etdiyi halda, onun rədd olunduğunu qət etməklə qətnamənin əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət yaratmış, qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, qarşılılqı iddiaçıların irəli sürdükləri arqumentlərə ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında isə göstərilmişdir ki, “bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunan hallarına görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 qızının, 1/10 hissəsi Cavabdeh4, 1/10 hissəsi Cavabdeh5, 1/10 hissəsi Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin evin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 197 nömrəli xx xxxxxxx 2016-cı il tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssislərinin Hüseynqulu Sarabski, Bəsti Bağırova və Ağadadaş Qurbanov ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirməklə tərtib etdikləri xx xxxxxx 2016-cı il tarixli aktda “yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, sakinlərin təcili olaraq mənzillərdən çıxarılması, yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi, ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması” tələb olunmuş, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli 182 saylı sərəncamına əsasən Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, İddiaçı MMC tərəfindən ilkin iddia üzrə cavabdehlərə 50/51 saylı evin MMC-nin hesabına sökülməsi, əvəzində yaşayış evinin ümumi sahəsinə 15 faiz əlavə edilməklə həmin ərazidə inşa edilən yeni yaşayış binasından təmirli vəziyyətdə yeni mənzillərin verilməsi, mənzil təhvil verilənə qədər hər bir mülkiyyətçiyə onun payına və ailə üzvlərinin sayına uyğun olaraq kirayə haqqının ödənilməsi təklif edilmiş, tərəflər arasında razılaşma əldə edilmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, müvafiq reyestr çıxarışında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 273,2 m2, yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,03046 ha göstərilmiş, bununla belə Texniki İnventarlaşdırma bürosu tərəfindən evə dair 1964-cü ildə verilmiş texniki pasportda tikilinin sahəsinin 318,5 m2, torpaq sahəsinin isə 408,9 m2 olduğu qeyd edilmişdir. İşin hallarından aydın olur ki, İddiaçı MMC ilkin olaraq mübahisəsi gedən evin sökülməsi müqabilində onun mülkiyyətçilərinə məhz reyestr çıxarışında göstərilən 273,2 m2 sahə əsas götürülməklə hər bir mülkiyyətçiyə öz payına uyğun sahədən 15% artıq sahəsi olan təmirli mənzillər təklif, eyni zamanda 273,2 m2-dən artıq olan hissənin özbaşına tikili hesab olunmaqla mülkiyyətçilərin hesabına sökülməsini tələb etmiş, sonradan, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində evin qarşılıqlı iddiaçılara aid tikililərinin sahəsinin 338 m2 təşkil etdiyinin vurğulandığını, eləcə də Cavabdeh1 məxsus sahənin qarşılıqlı iddiaçılara məxsus sahədən ayrı (müstəqil) olduğunun müəyyən edildiyini əsas gətirərək iddia tələbini yuxarıda göstərilən şəkildə dəqiqləşdirmişdir. Qarşılıqlı iddiaçıların irəli sürdükləri əsas arqument isə ondan ibarətdir ki, MMC-nin qanunsuz hesab etdiyi tikililərin inşasına və qeydiyyata alınmasına Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1453 saylı sərəncamı ilə razılıq verilmişdir və buna görə də MMC, onları evin faktiki sahəsi nəzərə alınmaqla mənzillərlə təmin etməlidir. Yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı iddiaçılardan Cavabdeh4 sonradan iddia tələbini dəqiqləşdirmiş, alınmış ekspert rəyində evin onlara (qarşılıqlı iddiaçılara) məxsus sahəsinin 370,26 m2 olduğunun müəyyən edildiyini əsas gətirərək bu sahənin öz payına düşən hissəsindən 20% artıq ölçülü təmirli mənzil, həmçinin evin 90 m2 həyətyanı sahəsinin bazar dəyərinə uyğun ölçülü təmirli mənzil verilməsini, eləcə də kirayə haqqının ödənilməsini istəmişdir. Kollegiya hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddialara mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən evin yerləşdiyi ərazidə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəsi gedən evin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır və ilkin iddia üzrə cavabdehlər (mülkiyyətçilər) də mülkiyyətlərinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadıqlarını bildirmişlər (hətta onlardan dördü birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan şikayət verməmişlər). Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Kollegiya xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Kollegiya hesab edir ki, hazırki işdə mülkiyyətçilərə (ilkin iddia üzrə cavabdehlərə) təklif olunan kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və iddia tələblərinə (ilkin və qarşılıqlı) məhz bu kontekstdə qiymət verilərək müvafiq tələblərin tarazlaşdırılması təmin olunmalı, lakin bu zaman bəzi mülkiyyətçilərin MMC-nin təklifi ilə razılaşmış olduğu nəzərə alınmalıdır. Yuxarıda qeyd olunduğu kimi MMC, mülkiyyətçilərdən X4 divarın qalınlığı nəzərə alınmaqla ərazidəki B1 binasında ümumi sahəsi 64,79 m2 olan hazır təmirli mənzil; Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 Mürşüd oğluna və Cavabdeh6 həmin ərazidə tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 83,84 m2 olan (hər birinə) təmirli mənzil və ev təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəkləri günə qədər hər birinə hər ay 200 manat kirayə haqqı; Cavabdeh1 tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 və 63,97 m2 olan təmirli mənzillər və ev təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəyi günə qədər ona hər ay 400 manat kirayə haqqı təklif etmiş, X5, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 faktiki olaraq həmin təkliflə razılaşmışlar. Buna görə də kollegiya, adı çəkilən şəxslərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır və hesab edir ki, ilkin iddia tələbi həmin şəxslərə münasibətdə təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, bu nəticə həm də X2, Cavabdeh2 və Cavabdeh5 qarşılıqlı iddia tələblərinin qismən təmin olunması deməkdir. İlkin iddia tələbinin apellyatorlara yönələn hissəsi, həmçinin onların qarşılıqlı iddia tələbləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, müvafiq reyestr çıxarışında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 273,2 m2, yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,03046 ha göstərilmiş olsa da, evə dair 1964-cü ildə verilmiş texniki pasportda tikilinin sahəsinin 318,5 m2, torpaq sahəsinin 408,9 m2 olduğu qeyd edilmiş, Nəsimi rayon İcra Hakimiyyəti başcısının xx.xx.1997-ci il tarıxli 1453 saylı Sərəncamına əsasən evdə aparılan əlavə tikintilərin qeydiyyata alınmasına razılıq verilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə evin Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 Mürşüd oğlunun, Cavabdeh5 və Cavabdeh6 mülkiyyət və qanuni istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 370,26 m2, həyətyanı torpaq sahəsinin 86,1 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, sözügedən evin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 197 nömrəli xx xxxxxxx 2016-cı il tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxx 2018-ci il tarixli sərəncamına əsasən ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyriyaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmiş, həmin icra hakimiyyəti orqanının MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli müqavilədə “sakinlərin köçürülməsi üçün onlara razılaşdırılmış kompensasiyalar ödəmək”, “yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək onlara yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəmək”, “...sakinləri yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli ....mənzil ilə təmin etmək” öhdəlikləri MMC-nin üzərinə qoyulmuşdur. Göründüyü kimi, hündürmərtəbəli binaları tikməkdə məqsədi qazanc əldə etmək olan MMC-yə müvafiq tikinti işlərini həyata keçirməyə icazə verilərkən, onun, söküntü aparacağı ərazidəki sakinlərlə razılıq əldə etməli olduğu nəzərdə tutulmuş, bu razılaşmaya stimul yaradacaq hallardan biri kimi, əmlakları sökülən insanlara sökülən əmlakın sahəsindən 15%-dən artıq sahəsi olan (15% deyil, daha artıq) təmirli mənzil vermək öhdəliyi müəyyənləşdirilmişdir. Çünkü nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Bu mənada kollegiya hesab edir ki, ilkin iddia tələbinin apellyatorlara yönəlmiş hissəsi onların qarşılıqlı iddia tələbləri və iradə ifadələri nəzərə alınmaqla təmin olunmalı, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin sökülməsi müqabilində Cavabdeh4 ekspert rəyində göstərilən 370,26 m2 sahənin (tikili sahəsinin) onun payına düşən hissəsindən (370,26 / 5 = 74,052 m2) 20 faiz artıq ölçüsü olan təmirli mənzil (88,8624 m2) verilməli, ev MMC-nə təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəkləri günə qədər hesablanmaqla Cavabdeh4 hər ay 400 manat, Cavabdeh6 hər ay 300 manat kirayə haqqı ödənilməlidir. Nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı Cavabdeh6 ona təklif edilən mənzil sahəsi (83,84 m2) ilə razılaşdığını, qətnamənin tez icra olunmasını istədiyini, MMC-nə inanmadığı üçün apellyasiya şikayəti verdiyini, MMC-nin apellyasiya baxışı zamanı təklif etdiyi aylıq 300 manat kirayə haqqının ödənilməsinə etiraz etmədiyini bildirmişdir və buna görə də ona düşən mənzilin sahəsini artırmaq mümkün deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, MMC (ilkin iddiaçı), müvafiq ekspert rəyində qarşılıqlı iddiaçılara məxsus evin sahəsinin (tikili sahəsinin) 338 m2 olduğunun göstərildiyinə istinad etsə də, mülkiyyətçiyə əvəz verilməsi zamanı həmin rəqəm əsas götürülə bilməz; çünkü ekspert həmin rəqəmi binalarda yerləşən mənzillərin ümumi sahəsinin hesablanması qaydasını müəyyənləşdirən Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanmaqla (370,26 m2-i azalma əmsalına vurmaqla) ortaya çıxarmışdır – Cavabdeh4 isə binadakl mənzilin mülkiyyətçisi olmamaqla yanaşı, nə evini satmağa çalışan, nə də əmlakı məcburi alınan şəxs deyildir. Cavabdeh4 “evin 90 m2 həyətyanı sahəsinin bazar dəyərinə uyğun ölçülü təmirli mənzil verilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində bu tələbə qiymət verilməsi və onun təmin olunması mümkün deyildir. Çünkü birincisi, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüşdür; digər tərəfdən isə müvafiq torpaq sahəsinin və mənzillərin qiyməti, eləcə də evin həyətyanı sahəsinin mülkiyyətçilərdən məhz yalnız Cavabdeh4 istifadəsində olduğu, yaxud digər mülkiyyətçilərin həmin sahə ilə bağlı ödənilməli olan kompensasiyadan onun xeyrinə imtina etdikləri barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı kollegiyanın qənaətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulduğundan, Cavabdeh4 evin həyətyanı sahəsinə (yaxud bu sahənin öz payına uyğun hissəsinə) görə kompensasiya ödənilməsi barədə ümumi qaydada iddia irəli sürmək (müvafiq sübutları təqdim etməklə) hüququna sahibdir. İlkin iddiaçının (MMC-nin) “Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı fərdi yaşayış evi söküldükdən sonra ona dair dövlət qeydiyyatının (reyestr nömrəsi **********91-10301) və çıxarışların ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması” tələbinin təmin olunmasını isə kollegiya mümkün hesab etmir. Belə ki, Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər; həmin maddənin ikinci cümləsi isə, daşınmaz əmlakın məhv olmasının dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməsini zəruri dispozitiv şərt kimi tələb edir. Hazırkı işin hallarına görə, həmin müvafiq icra hakimiyyəti orqanı ilkin iddia cavabdehlərin mülkiyyətində olan evin məhv olduğunu nəinki təsdiqləməmişdir, ümumiyyətlə həmin quruma belə bir müraciət ünvanlanmamışdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayətləri verərkən tərəflərin ödədikləri rüsum məbləğləri onların özlərinə aid olunmalı, ekspertiza tədqiqatının dəyəri isə İddiaçı MMC-dən tutulub müvafiq hesaba köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 Mürşüd oğlunun və Cavabdeh6 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-346/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı ev və onunla əlaqəli bütün tikililər tam boşaldılaraq aşağıdakı şərtlər qarşılığında İddiaçı MMC tərəfindən sökülsün və orada yaşayan sakinlər evdən çıxarılsınlar: Cavabdeh3 qızı İddiaçı MMC tərəfindən ərazidə inşa olunan B1 binasında divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 olan hazır təmirli mənzillə təmin edilsin; Cavabdeh4 Mürşüd oğlu İddiaçı MMC tərəfindən ərazidə tikiləcək binada ümumi sahəsi 88,86 m2 olan təmirli mənzillə təmin edilsin və Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı ev MMC-nə təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəyi günə qədər hesablanmaqla ona hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilsin; Cavabdeh6, Cavabdeh2 və Cavabdeh5 hər biri İddiaçı MMC tərəfindən həmin ərazidə tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla - ümumi sahəsi 83,84 m2 olan təmirli mənzillərlə təmin edilsinlər və Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı ev MMC-nə təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəkləri günə qədər hesablanmaqla Cavabdeh6 hər ay 300 (üç yüz) manat, Cavabdeh2 və Cavabdeh5 hər birinə isə hər ay 200 (iki yüz) manat kirayə haqqı ödənilsin; Cavabdeh1 İddiaçı MMC tərəfindən ərazidə tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 və 63,97 m2 olan təmirli mənzillərlə təmin edilsin və yaşadığı ev MMC-nə təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəyi günə qədər hesablanmaqla ona hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı MMC-dən tutularaq Dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar