Məhkəmə qərarları › İş №2(103)-3291/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3291/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3291/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə müqavilə üzrə ödədiyi 5100 (beş min yüz) manat məbləğində pulun, hüquqi yardım üçün ödədiyi 1500 (bir min beş yüz) manat məbləğində pulun, ümumilikdə isə 6600 (altı min altı yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Fransız-Azərbaycan Universitetinə 630 balla qəbul olmuş, neft-qaz mühəndisliyi ixtisası (tədris ingiliscə) üzrə ali təhsil almış, Azərbaycan Neft Sənaye Universitetinin magistraturasını “dəniz neft və qaz quyularının qazılması” ixtisası (tədris ingiliscə) üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini doktorantura səviyyəsində davam etdirmək niyyəti olduğu üçün, Azərbaycanda doktoranturaya qəbul olmaq üçün qəbul imtahanlarında iştirak etmiş, yüksək bal toplamağına baxmayaraq, sonradan Elm və Təhsil Nazirliyi tərəfindən ADNSU-də müraciət etdiyi ixtisasa az yer ayrıldığı üçün qəbul cavabını ala bilməmişdir. Eyni zamanda Türkiyə Respublikasında İstanbul Gedik Universitetinə doktoranturaya qəbul olunmaq üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə aralarında xidmət müqaviləsi bağlanmışdır və müqavilənin bağlanmasında iştirak edən Cavabdeh MMC-nin direktoru Nümayəndə1 və mütəxəssis Mehriban Nəsirova hər şeyin qaydasında olduğunu və heç bir problem olmayacağını bildirib yola salmışlar. Müqavilənin şərtlərinə görə İstanbul şəhərinin Gedik Universitetinə qəbul cavabının alınması ilə bağlı ona xidmət göstəriləcəyi qeyd edilmiş və xidmət haqqı olaraq 5100 (beş min yüz) manat müəyyən edilmişdir. Həmin ödənişi bank hesabına deyil, nağd şəkildə etmişdir. Ödəniş qəbzində sadəcə olaraq Cavabdeh MMC-nin möhürü vurulmuşdur. Daha sonra məlum olmuşdur ki, cavabdeh ümumiyyətlə İstanbul Gedik Universitetinə müraciət etməmişdir, ona başqa Universitetdən yalnız müraciət hüququ qazanmaqla bağlı sənədlər təqdim edilmişdir. Hətta həmin sənədlər belə düzgün tərtib edilməmiş və Azərbaycanda qəbul edilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi ziyana görə Səbail Rayon Polis İdarəsinə müraciət etsə də, mülki məsələ olması səbəbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Eyni zamanda bu işlə bağlı hüquqi yardım üçün 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, 5100 (beş min yüz) manat məbləğində pulun geri qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, pulu geri qaytarılmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh MMC-nin direktoru Nümayəndə1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, iddiaçı öz arzu və istəyi əsasında fəaliyyət göstərdikləri ofisə yaxınlaşaraq, ona xidmət göstərilməsini xahiş etmişdir. Aralarında bağlanılmış xidmət müqaviləsi üzrə üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və iddiaçının ali təhsil müəssisəsinə qəbuluna nail olmuşlar və bu məlumatı iddiaçıya təqdim etmişlər, lakin daha sonra iddiaçının hərbi komissarlıq ilə yaranmış fikir ayrılığını əsas tutaraq iddiaçı onlara qarşı əsassız olaraq pul tələbini irəli sürməyə başlamışdır. Dəfələrlə vətəndaşa tələblərinin əsassız olduğunu bildirməklə yanaşı bütün öhdəliklərini layiqincə yerinə yetirdiklərini izah etməyə çalışsalar da, təəsüflər olsun ki, iddiaçı bütün bu faktları nəzərə almamaqla yanaşı əsassız olaraq ödənilmiş xidmət haqqını geri tələb etmişdir. Məlumdur ki, bu cür münasibətlər müqavilə ilə tənzimlənir və əgər xidmət göstərən tərəf müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam həcmdə icra etmişdirsə, belə olan halda ona qarşı hər hansısa pul tələbi irəli sürmək əsassızdır. Bundan əlavə olaraq iddiaçı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və nəticədə cinayət işinin açılmasının rədd edilməsi haqqında müvafiq qərar qəbul edilmişdir. Dəfələrlə ofislərinə gələrək nəlayiq ifadələr və təhqirlər etmiş, bununla da iş şəraitini pozmuş və müştərilər önündə onların işgüzar nüfuzuna xələl yetirmişdir. İddiaçının bu əsassız, qanunsuz və ədalətsiz hərəkətləri başa düşülən deyildir və bu halların məhkəmə tərəfindən nəzərə alınacağına ümidvardırlar. Eyni zamanda iştirakları olmadan işə baxılmasına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdıraraq və bu xahişin məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişlər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 5100 (beş min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 57 (əlli yeddi) manat hissəsinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

5. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh müqaviləyə əsasən iddiaçının xarici ali təhsil müəssisəsinə qəbulunu təmin etməyi öhdəsinə götürmüş və bu öhdəliyi yerinə yetirərək iddiaçının Gümüşhane Universitetinə qəbul olunmasını təmin etmişdir. Müqavilədə konkret olaraq universitetin adı qeyd olunmasa da, əsas məqsəd qəbulun təmin olunması olmuşdur. Mülki Məcəllənin 385.1 və 425.1-ci maddələri bu öhdəliyin vicdanla yerinə yetirilməsinin hüquqi əsasını təşkil edir. Cavabdeh onların ofisindən iddiaçının sənədlərin əsillərini gizli şəkildə götürməsi barədə video görüntünün mövcud olduğunu və bu sübutun apellyasiya instansiyasına təqdim olunacağını qeyd etmişdir. İddiaçının bu hərəkətləri nəticəsində cavabdeh bəzi sübutları təqdim edə bilmədiyini, müdafiə hüququnun pozulduğunu qeyd edir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı imzalanmışdır. Həmin sənədin surəti təqdim edilsə də, məhkəmə yalnız əslini tələb etməklə bu sübutu qiymətləndirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.4-cü maddəsinə əsasən, əgər sənədin surətinə ciddi etiraz yoxdursa, bu surət də sübut kimi qəbul edilə bilən olduğunu vurğulayıb. Həmin sənədin iddiaçının Gümüşhane Universitetinə qəbul ilə razı olduğunu təsdiqlədiyini bildirir. İddiaçı cavabdeh barəsində hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin Səbail RPİ tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bununla fəaliyyətinin qanuni olduğunu və əməldə dələduzluq tərkibi olmadığını və iddianın əsassız olduğunu sübut etdiyini göstərir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1218/2025 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-yə qarşı irəli sürdüyü iddianın tam rədd edilməsi, cavabdehin xeyrinə məhkəmə xərcləri və digər ödənişlərin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. İddiaçının nümayəndəsi (anası) M.Şükürova apellyassiya şikayətinə etiraz edərək öz izahatında bildirmişdir ki, oğlu, yəni iddiaçı 630 balla Fransız Azərbaycan Universitetinə qəbul olmuş, daha sonra magistraturanı bitirmişdir. Doktorantura imtahanına girib keçid balını keçmişdir. Onlara məlumat veriblər ki, burada keçid balı yüksək olduğundan həmin balla oğlu Türkiyədə doktorantura təhsili ala bilər. Buna görə də cavabehlə razılaşmış və 5100 manat pul ödəmişlər. Cavabdeh isə ona bununla bağlı heç bir sənəd təqdim etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticə etibarilə iddiaçı tərəfin istədiyi olmamış, cavabdeh tərəfə dəfələrlə zəng vursalar da, müxtəli bəhanələrlə onları yola vermişlər, hətta onlar təklif etmişlər ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirməs də, ödədikləri puldan 500 manat saxlasınlar, qalan pulu qaytarsınlar, lakin cavabdeh danışıqlardan qaçmış, onların telefonların cavab verməmişlər. Bu müddət ərzində artıq iddiaçı Ş.Əliağa hərbi xidmətə gedib-gəlmişdir. Cavabdehin təqdim etdiyi və iş materiallarında olan sənədlər isə Gedik Universitetinə qəbulla bağlı deyildir, iddiaçı məhz Gedik Universitetinə qəbul istəmiş və müqavilədə həmin universitetə qəbulla bağlı bağlanmışdır. Cavabdehin təqdim etdiyi sənədlər onların marağında olmayan və Türkiyənin hansısa əyalətində olan universitetlə bağlı, həm həmin sənəd də qəbulla bağlı olmayıb, yalnız sənədlərin ilkin qeydə alınmasına dair məlumatdır. Guya oğlunun müqavilədə qeyd edilən unversitetdən başqa, yəni Gümüşhane unversitetinə qəbula razı olması barədə sənəd imzalaması barədə cavabdehin bildirdikləri ağ yalandır və onların buna dair təqdim etdikləri sənəd kserosurət olmaqla saxtalaşdırılmış sənəddir. Sonuncu dəfə 500 manat qalmaq şərtilə cavabdehdən qalan pulu tələb etdikdə, cavabdeh tərəf onları təhqir etmişdir. Nümayəndə göstərdi ki rayon məhkəməsində bir neçə dəfə onların gəlməsi üçün iclaslar təxirə salınsa da, cavabdeh yayınmışdır, odur ki, şikayətin təmin edilməməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 da eyni məzmunlu izahat verərək öz izahatında bildirdi ki, cavabdeh tərəfin dediyi üzləşmə aktında olan imza iddiaçıya aid deyildir. Həmin sənədin əslini isə məhkəməyə təqdim edə bilməmişlər, anlaşılan odur ki, cavabdeh tərəf sonradan saxta sənəd tərtib etmişlər. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.

9. Hazırkı mülki işə məhkəmədə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Mülki işdə olan tərəflər arasında xx.xx.2023-cü il tarixdə TR300100 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətləri iddiaçı üçün həyata keçirməyi, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 1 saylı əlavəsindən görünür ki, cavabdeh İstanbul Gedik Universitetinin “işletme” fakültəsinə müraciət edib, qəbul cavabının alınması, xaricdə təhsil haqqında məsləhətlərin verilməsi, sənədləşmə işlərinin aparılması, əsaslandırma məktublarının yazılması və seçilmiş universitetə qeydiyyat sənədlərinin yollanması üzrə xidmətləri göstərməyi, iddiaçı isə xidmət haqqı kimi 5100 manat (2530 manat müqavilə imzalanan gün, 2570 manat universitetdən qəbul cavabı gəldikdən sonra 3 gün ərzində) ödəməyi öhdəsinə götürmüşdür.

13. Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 2530 manat, xx.xx.2023-cü il tarixdə isə 120 manat və 2450 manat olmaqla cəmi 5100 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödəmişdir.

14. Cavabdeh tərəfindən təqdim edilmiş 21 dekabr 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, sifarişçi X1 “Gümüşhane Üniversitesi”nə qəbul aldığı üçün əlavə yaranacaq xidmətləri, yəni xidmət haqqı ödənişini, illik təhsil haqqı, yol xərci, yataqxana və qalmaq xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür (üzləşmə aktının kserosurəti təqdim edilmişdir).

15. İddiaçı Ş.Əliağanın Cavabdeh MMC-nin direktoru Nümayəndə1 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqavilə üzrə ödənilmiş 5100 manat və hüquqi yardım üçün ödənilmiş 1500 manat, cəmi 6600 manat pulun 10 gün ərzində geri qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Cavabdeh MMC-nin Ş.Məhbubəyə ünvanladığı məktubdan görünür ki, TR300100 saylı xidmət müqaviləsi üzrə öhdəliklərini tam həcmdə icra etdikləri səbəbi ilə, həmin müqaviləyə xitam verildiyi bildirilərək sifarişçiyə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

17. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Təhsil Müşaviri tərəfindən səlahiyyətli orqana ünvanlanmış məktubdan görünür ki, iddiaçı Türkiyə Respublikası Gümüşhane Universitetinin “biznesin idarə olunması” ixtisası üzrə doktorantura proqramına daxil olmaq hüququ qazanmışdır. Təhsil müddəti 4 il, maksimum 7 ildir. Yekun qeydiyyat proseduru xx.xx.2024-ci il tarixədək həyata keçirilməlidir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən də aydın olur ki, iddiaçı “İstanbul Gedik Universiteti”ndə doktorantura təhsili almaq üçün cavabdehə müraciət etmiş, bu, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmaqla yanaşı, cavabdehin rayon məhkəməsinin iclasında iştirak edən nümayəndəsi də işin bu halını etiraf etmişdir. Eyni zamanda, təqdim edilən sənədlərin araşdırmasından da aydın olur ki, iddiaçı Gümüşhanə Univeritetinə qəbul olmamış, sadəcə sənədlərin universitet tərəfindən qəbul edilməsi haqqını qazanmışdır.

21. Apellyasiya şikayətində cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Ş.Əliağa tərəfindən cavabdehlə xx.xx.2023-cü il tarixli üzləşmə aktı imzalanmış, aktdan görünür ki, sifarişçi X1 “Gümüşhane Üniversitesi”nə qəbul aldığı üçün əlavə yaranacaq xidmətləri, yəni xidmət haqqı ödənişini, illik təhsil haqqı, yol xərci, yataqxana və qalmaq xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür (üzləşmə aktının kserosurəti təqdim edilmişdir).

22. İddiaçı həmin sənədin saxta olduğunu bildirir.

23. MPM-in 77.1-ci madəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə qeyd edir ki, həmin sənədin surəti təqdim edilsə də, əsli Binəqədi Rayon Məhkəməsinə təqdim edilməmişdir. Eyni zamanda həmin sənədin əsli birinci instansiya məhkəməsində təqdim edilməməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamasına dair əsaslandırma ilə Bakı Apellyasiya Məhkəməsinə də təqdim edilməmişdi. Belə ki, yazılı sübutların mötəbərliyi prezumpsiyasına əsasən yazılı sübut 4 tələbə cavab verdiyi təqdirdə mötəbər hesab olunur: sübutun əsli olmalıdır, tarix qoyulmaqla tərtib edilməlidir, imza olmalıdır və ona düzəliş edilməməlidir. Təbii ki, bu prezumpsiya ona görə hazırkı iş üçün əhəmiyyətli hesab olunur ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının Gümüşhanə Universitetinə qəbul alması ilə bağlı götürdüyü öhdəlikləri təsdiq edən başqa sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

25. Hazırda iddiaçı cavabdehdən tapşırıq müqaviləsinə əsasən onun iddiaçı barəsində “İstanbul Gedik Universiteti”nin “işletme” fakültəsinə müraciət edib, qəbul cavabının alınması, xaricdə təhsil haqqında məsləhətlərin verilməsi, sənədləşmə işlərinin aparılması, əsaslandırma məktublarının yazılması və seçilmiş universitetə qeydiyyat sənədlərinin yollanması üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində ona dəymiş zərəri tələb etmiş, iddiaya etiraz edən cavabdeh isə iddiaçı ilə “Gümüşhanə Universiteti”nə qəbul olma barədə razılığa gəlməsinə dair etirazına dair əsaslı və şübhədənkənar sübut təqdim etməmişdir. Beləliklə də müəyyən olunur ki, cavabdeh tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyindən, iddia əsaslı olmuşdur, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi qənaət düzgün olmuşdur.

26. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

27. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar