Məhkəmə qərarları › İş №2(103)-3293/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3293/2023

19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3293/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: İşgüzar nüfuzun pozulması ilə əlaqədar təkzib verilməsi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X2 və Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun pozulması ilə əlaqədar təkzib verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair üzrə mülki iş dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(007)-151/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu Cavabdeh bir çox sosial şəbəkələrdə və saytlarda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdan məlumatlar yayıb. Sabiq hərbi qulluqçu Cavabdeh DSX-nə xidmətə qəbul olunduqdan sonra verilən əmrləri icra etməkdən imtina edərək xidməti yerinə getməyib, həmçinin ona verilən rütbədən də imtina edərək ona daha yuxarı hərbi rütbə verilməsini istəyib, bu göstərilən xüsusatlar nəzərə alınaraq DSX rəhbərliyinin müvafiq əmri ilə “xidməti uyğunsuzluqla” ordu sıralarından tərxis edilib.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun pozulması ilə əlaqədar təkzib verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Tərxis edildikdən sonra Cavabdeh müxtəlif sosial şəbəkələrdə, xəbər portallarında, saytlarda DSX-nə qarşı həqiqəti əks etdirməyən məlumatlar yaymağa başlayıb. Qeyd olunan bu məlumatlar DSXnin işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirib. Belə ki, Cavabdeh “www.President.az” saytında yerləşdirdiyi müraciətində bildirib ki, “ataların bir misalı var: ət ilə dırnağın arasına girmək olmaz! Sizinlə xalqın arasına nifaq salmaq xainlərin planıdır və bu, heç vaxt alınmayacaqdır.” Bundan başqa, Cavabdeh “www.dia.az” saytında yerləşdirdiyi müraciətində “valideynlərim kadrlar şöbəsinin rəis müavini general-mayor Ayaz Hüseynovun qəbulunda olublar. Ayaz Hüseynov valideynlərimə bildirib ki, heç kim bizə təsir və təzyiqlə rütbə verdirə bilməz. Onu da, deyib ki, mən naxçıvanlıyam, mənə heçkim heç nə edə bilməz.”Cavabdeh özünün "Facebook”-dakı səhifəsində yerləşdirdiyi yazısında “Faktiki olaraq Elçin Quliyevin şəxsi ambisiyalarının ucbatından hərbi biletim xoş olmayan maddə ilə ləkələnib və nəticədə gələcək karyeram məhv olunubdur”, “DSX rəhbərliyi administrasiyadan gələn şikayətlərə şablon xarakterli cavablar yazaraq süründürməçilikdən çəkinmir" bildirib.Bundan başqa, “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Siz sağ olsaydınız inanmıram ki, Elçin Quliyev və onun müavinləri bu cür sərhədsizcəsinə mənim hüquqlarımı pozmağa cəsarət tapardılar. Ali təhsilli hüquqşünasa gizir rütbəsi verən Xidmət rəisi ilə artıq məhkəmə də, bacarmır” yazısını paylaşıb. “Facebook"-dakı bir sonrakı yazısında isə, ölkə rəhbərliyinə müraciət edərək “Bu qurumun rəhbər şəxsləri özünü imperator zənn edirlər. Bu gün artıq məhkəməyə təzyiq göstərməklərini hiss edirəm. Əfsuslar olsun ki, nazirlər və bəzi xidmət rəisləri Sizdən sadəlövlüyü və humanizmliyi öyrənə bilmirlər. İqtidar yönlü gənclərin dövlətə və dövlətçiliyə inamını sarsıdırlar. Heydər Əliyev, Əliyevçi ideologiyası ilə yetişən gəncləri qəsdən sındırırlar” bildirib.Bundan başqa, Cavabdeh yaxın qohumları adından www.bizimyol.info saytında və Fuad Muradov adlı istifadəçi adından isə “Facebook"-da yuxarıda qeyd olunan məzmunlarda məqalə və yazılar yerləşdirilib.Cavabdeh sosial şəbəkələrdə, xəbər portallarında və müxtəlif saytlarda yerləşdirdiyi yazılarda qeyd etdiyi xüsusatların həqiqətə uyğun olmaması, qərəzli və böhtan xarakterli olması, ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirir, cəmiyyətdə sərhədçilərə qarşı mənfi rəy formalaşdırmaqla yanaşı, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün müqəddəs hesab edilən dövlət sərhədlərimizin mühafizəsini təşkil edən sərhədçiləri gözdən salmaq məqsədi güdməklə DSX-nin horbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdır.Göründüyü kimi, Cavabdeh yazılarında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin fəaliyyətini şübhə altına alıb, onların nüfuzuna xələl gətirib, bununla eyni zamanda dövlətin təhlükəsizliyi əsaslarına da qəsd edilib. Cavabdeh yazılarında qeyd etdiyi xüsusatları təkzib edərək Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməli, sözügedən yalan və böhtan məzmunlu yazıların yayılması nəticəsində DSX-nin hərbi qulluqçularına dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 30.000 manat məbləğində pul Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulmalıdır.Xüsusən də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında ordu quruculuğunun uğurla həyata keçirildiyi, hərbi nizam-intizamın möhkəmləndiyi bir vaxtda hərbi qurumların hərbi qulluqçularının işgüzar nüfuzuna xələl gətirilməsi təəssüf doğurur. Vətən müharibəsində qanı və canı bahasına vuruşan sərhədçilərin, qazilərin, sərhədçi şəhidlərimizin cəsarət və vətənpərvərik göstərərək torpaqlarımızın işğaldan azad olunmasındakı iştirakını, müharibədən sonrakı dövrdə, azad olunmuş torpaqlarda İran və Ermənistanla, həmçinin Rusiya, Gürcüstan, Türkiyə ilə quru, Qazaxıstan və Türkmənistanla su sərhədlərinin mühafizəsinin sərhədçilər tərəfindən gecəgündüz həyata keçirilməsini göz önünə alaraq, hər hansı bir şəxsin DSX-nə qarşı bu qədər qərəzli olması, DSX-nin rəhbər şəxslərini, hərbi qulluqçularını Azərbaycan sərhədçisinə yaraşmayan ifadələrlə ləkələməyə çalışması həqiqətən də, böyük təəssüf hissi doğurur.Bundan başqa, belə halların digər hərbi qulluqçular arasında mənfi presedentin yaranmasına zəmin yaratmış olduğu məhkəmə tərəfindən nəzərdən qaçırılmamalıdır.Qeyd olunanlara əsasən Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar Cavabdeh üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək sosial şəbəkələrdə, xəbər portallarında yerləşdirdiyi məlumatları təkzib etmək vəzifəsinin qoyulması və həmin məlumatların yayılması nəticəsində DSX-nin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 30.000 manat məbləğində pulun cavabdehdən Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunur.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2023-cü il tarixli, 2(007)-151/2023 saylı qətnaməsi ilə (Mirzəyev Fikrət) iddia qismən təmin edilmiş, Cavabdeh üzərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirən ifadələrin onun tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməklə, sosial şəbəkələrdə, xəbər portallarında yerləşdirdiyi məlumatları təkzib etmək vəzifəsi qoyulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddi tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Ekspertiza işə obyektiv yanaşmamışdır. xx.xx.2022-ci il tarixli 4/1749 №-liekspertiza rəyini verən ekspert işin materiallarını tam araşdırmamışdır və ümumiyyətlə İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən iddia ərizəsinə əlavə olunan sübutları tam araşdırmadan rəy vermişdir.Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Dövlət Sərhəd Xidməti ilə onun arasında bağlaşma(əmək müqaviləsi) xx.xx.2021-ci il tarixdə bağlanıb.xx.xx.2021-ci il tarixdə isə o, Sahilmühafizə idarəsində rəsmən xidmətə başlamışdır. İddia ərizəsində iddiaçı tərəfindən ilkin “sübut” kimi qeyd olunub ki, o, “Prezident.az” saytında yazmışdır ki,“ət ilə dırnağın arasına girmək olmaz! Sizinlə xalqın arasına girmək xainlərin planıdır və bu heç vaxt alınmayacaqdır” İddiaçı Dövlət başçısına bu müraciətin özünün işgüzar nüfuzuna xələl gətirməsi kimi qiymətləndirib. Halbuki o, bu məktubu cənab Prezidentə xx.xx.2020-ci il tarixdə göndərmişdir. “Prezident.az” saytında bu yazı xx.xx.2020-ci il tarixdə dərc olunmuşdur. İddiaçının yazdıqlarından belə anlaşılır ki,o, Prezidentə 9 ay xidmətə başlamadan öncə yazdığıməktub DSX tərəfindən sübut kimiməhkəməyə təqdim olunub. Prezidentə təşəkkür məktubu yazanda o heç DSX-nin vəzifəli şəxslərini tanımırdı və aralarında xidmət, tabeeçilik, kollektiv və bu kimi digər münasibətlər mövcud deyildi. Xidmətdən uyğunsuzluq maddəsi ilə tərxiss olduğdan sonra aralarında tərxis olmaya dair narazılıq yaranıb. xx.xx.2021-ci ildə isə o, xidmətdən rəsmən xaric olunmuşdur.Digər məhkəmə işi hal hazırda Ali Məhkəmədə hakim İlqar Hüseynovunicraatındadır.1 il 2 ay keçmişdə yazılan və dövlət sərhəd xidmətinə aid olmayan təşəkkürməktubu DSX-nə heç cür aid oluna bilməz və işgüzar nüfuza xələl gətirə bilməz. “Prezident.az” saytından çəkilmiş fotosurət ərizəyə tərəfindən əlavə olunur. İddiaçının digər sübut kimi təqdim etdiyi yazı isə valideynlərinin Ayaz Hüseynovun qəbulunda olması ilə əlaqədardır.İddiaçı Ayaz Hüseynovun valideynlərinə etdiyi kobudluğu və onların cənab Prezidentə etdiyimüraciəti onun yazısı kimiməhkəməyə təqdim edilib. Halbuki bu yazını valideynləri ölkə başçısına açıq məktub yazanda bildirmişdilər ki,“övladımızın hərbi bileti ləkələnibdir”.İddiaçı 3-cü subut kimi iddia ərizəsində əsaslandırmağa çalışıb ki, Cavabdeh yaxınları və Fuad Muradov adlı istifadəçi DSX əleyhinə yazılar yerləşdirib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı tərəf apellyasiya şikayətinə etiraz verərək ekspert rəyi qanuni və əsaslı olmaqla hər bir hal izah edilmişdir. Göründüyü kimi, ekspert rəyinin və məhkəmənin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. DSX rəhbərliyinin admintrasiyadan gələn şikayətlərə şablon xarakterli cavablar yazaraq süründürməçilikdən çəkinmir kimi dil vahidləri DSX-nin ümumi fəaliyyətinə qiymət verilməsinin birbaşa və açıq təzahürüdür.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətlərini müdafiə etdi.

9. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X2 və Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

12. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

13. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırkı iş üzrə qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

25. Praktiki cəhətdən işgüzar nüfuzun müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. İlk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. İşgüzar nüfüzun müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət onun şəxsi qeyri-əmlak hüququnu qorumalıdır.

26. Digər hallarda təkzib etmə qaydası məhkəmə tərəfindən müəyyən olunur. Barəsində kütləvi informasiya vasitəsində, sosial şəbəkədə və s. hüquqlarını və qanunla qorunan maraqlarını pozan məlumat yayımlanmış vətəndaşın cavabını yerdə dərc etdirmək hüququ var. Ümumilikdə ləkələyici məlumatı təkzib etmə üsulu həmin məlumatın yayımlanma üsuluna uyğun olmalıdır. Təkzibin özünün mahiyyəti bundan ibarətdir: birincisi, təkzibi bilavasitə həqiqətə uyğun olmayan ləkələyici məlumatı yaymış şəxs verməlidir; ikincisi, təkzibdə həqiqətə uyğun olmayan ləkələyici məlumatın inkarı əks olunmalıdır; üçüncüsü, məlumat zərərçəkmişin pozulmuş hüquqlarının bərpasını maksimum təmin edəcək qaydada təkzib olunmalıdır.

27. Hazırkı iş üzrə iddiaçı tərəf iddia edir ki, cavabdeh iddiaçının qurumun işgüzar nüfuzunu ləkələyən (ləkələndiyi irəli sürülən) məlumatları özündə əks etdirən yazıları sosial şəbəklərdə (portallarda) yaymış, Dövlət Sərhəd Xidmətinin və rəhbərliyinin fəaliyyətini şübhə altına almış onların nüfuzuna xələl gətirmişdir. Göstərilən hallara praktikada tez-tez rast gəlinir və kollegiya hesab edir ki, bu kateqoriyalı mübahisələrin həllində aşağıdakı meyarlar nəzərə alınmalıdır.

28. Bəzən vətəndaş dövlət orqanlarına və ya yuxarı orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (onların müraciətlərinə düzgün baxılmması, hüquqlarının pozulması, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi və s.), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanması məqsədini güdməmiş, özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57ci maddəsində əksini tapmış hüququndan istifadə etmək hüquqları (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrıayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.) vardır.

29. Cavabdehin iddiaçı qurum və onun rəhbərliyi haqqında soaial şəbəkələrdə yazılarında yer alan məlumatlar (ifadələr) cavabdehin mülahizə sərbəstliyinin (fikrini ifadə etmək azadlığının) həddini aşmamış, iddiaçı tərəfin işgüzar nüfuzuna xələlə gətirən məlumatlar olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə bağlı bir çox qərarlarında vurğulamışdır ki, “...məlumatlarla (faktlar) rəylər (qiymətləndirici mülahizələr) arasında dəqiq fərq qoyulmalıdır, belə ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil.

30. Birinci instansiya məhkməsi məhz iş üzrə mövcud olan ekspert rəyinə istinad etməklə orada ifadələrə verilən qiymətləri əsas götürməklə cavabdeh tərəfinən iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumatlar olması qənaətinə gəlməklə həmin hissədə iddianı təmin etmişdir. Halbuki, ekspert rəyi də sübut növlərindən biri olmaqla məhkəmə üçün işin həlli ilə bağlı xüsusi bir hüquqi qüvvəsi yoxdur. Ekspert rəyidə digr sübutlarla yanaşı məhkəmə tərəfindən qiymət verilməi sübutdur. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini mübahisələndirilə hissədə iddianın təmin edilməsi üçün əsas hesab etmir.

31. Belə ki, ekspert rəyində (iddiada da belədir) göstərilən çox saylı ifadələr ümumiyyətlə cavabdeh tərəfindən deyil, cavabdehin anasının ölkə başçısına müraciətində göstərilmişdir. Halbuki, ekspert rəyində həmin ifadələrə də qiymət verilməklə cavabdeh tərəfindən deyilən ifadələr kimi qiymət verilmişdir. Hansıki, cavabdeh tərəfindən deyilməyən ifadələrə görə hazırki iddiaya cavab verməli şəxs kimi Cavabdeh qəbul edilə bilməz. Həmin ifadələr aşağıdakılardır: “Oğlum dəfələrlə DSX-nin rəisi Elçin Quliyevə müraciət etsə də, onu qəbul etməyib -Dövlət Sərhəd Xidmətinin rəhbərliyi,ohun müraciətlərinə əhəmiyyət verməyib; -Əgər rütbənin verilməsi mümkün deyilsə, niyə digər hüquqşünasa rütbə verilib?; -Belə çıxır ki, Dövlət Sərhəd Xidməti mənim oğlumun bərabərlik hüquqları ilə hesablaşmır? -Necə olur ki, 6 aylıq kurs keçən 3 hüquqşünasdan birinə leytenant, digərlərinə gizir rütbəsi verilsin? -Dövlət Sərhəd Xidməti isə oğlumun faktiki olaraq işsiz durumundan istifadə edərək bağlaşmanı ön plana çəkib; -İndi isə düşməncəsinə oğlumun hərbi biletini xidmətə uyğunsuzluq maddəsi ilə ləkələməkdən çəkinmir; -Bu hiylə niyə məhz mənim oğluma qarşı edilir? -Bu azmış kimi müxtəlif üsullarla hədə-qorxu gəlməkdən çəkinmirlər; - Oğlumun taleyi təhlükədədir; -Aprel ayının əvvəli xidmətdən xaric olunmağına baxmayaraq əməkhaqqı və 2021 -ci ilin imtiyazları ona DSX rəhbərliyi tərəfindən ödənilməyib; -Üstəlik hərbi bileti girov saxlanılıb; -Bir gənc hüquqşünası belə hörmətsizcəsinə çölə atmaq və düşmənçiliklə karyerasını ləkələmək ədalətsizlikdir; -qanunsuz əməlləri törədən rəhbər şəxslər cəzalandırılacaq.”

32. Digər ifadələrə gəldikdə isə həmin ifadələr arasında “Elçin Quliyevin şəxsi ambisiyalarının ucbatından hərbi biletim xoş olmayan maddə ilə ləkələnib” ifadəsinə münasibətdə də kollegiya qeyd edir ki, ambisiya sözü ekspert rəyində də müəyyən edildiyi kimi, “iddia, mənlik” mənasında işlədilən sözdür. Hər kəsin iddiası ola bilər, bu işində iddialı ola bilər və s. Bu baxımdan sözügedən ifadə şəxsin işgüzar nüfuzunu ləkələyən ifadə hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, buna baxmayaraq bu ifadəni işlədikdən sonra cavabdeh tərəfindən şəxsi “fasebook” səhifəsində məlumat payalaşaraq bütün müraciətlərini səbəbi qərəzlilik yox, onun iddiaçı qurumun rəhbəri olan Elçin Quliyevin onu şəxsən qəbul edilməsi olduğunu, etik davranışdan kənara çıxmadığını qeyd etməklə, şəxsi ambisiya ifadəsini təkzib etdiyini bildirmişdir.

33. Digər ifadələrdə isə məhz iddiaçı qurumun rəhbərinə müraciət etməklə rütbə verilməsi ilə bağlı olan qarşı ədalətsizlik edildiyi, konstitusiya mövcud olan bərabərlik hüquqnun nəzərə alınmaısnı ayrı seçkiliyə məruz qalması, şikayətlərə şablon cavabların verilməsi, DSX rəhbərinə müraciət etməklə ona qarşı edilən ədalətsizliyin qarşısının alınması, həmin hərəkətlərdən şikayətçi olacağı və ölkə başçısına konkret şəxs və ya qurum adı çəkilmədən müraciəti olmuşdur. Sonuncu müraciətdə göstərilən ifadələrin isə iddiaçı qurum haqqında olması açıq-aydın görünür. Hansıki, ekspert bu ifadələrin də ümumi xarakterli fikirlə olması qeyd etsə də, düzgün olmayaraq digər ifadələrə bağlamaqla mətnlərə daha sərt məna çalarları verməsi kimi qiymətləndirmişdir. Kollegiya qeyd edilən ifadələri də iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etmir.

34. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşları konstitusiyada təsbit edilən hüquqlarından istifadə etməklə dövlət orqanları və onların vəzifəli şəxslərinin fəaliyyətini və ya işini tənqid etmək hüquqlarının olması nəzərə almaqla bu kimi narazılıqlara münasibətdə dözümlülük nümayiş etdirməli, ünvanlanan müraciətlərdə hüquqdan sui-istifadənin müəyyən olunmadığı təqdirdə, eləcə də həmin müraciətlər təhqir və ya şərəf ləyaqəti və işgüzar nüfuzu ləkələyən müraciətlər olmadığı halda vətəndaşın bu hüquqları məhdudlaşdırılmamalı, müraciətdə göstərilən bu hallar araşdırılmaqla müvafiq tədbirlər görülməli, təsdiqini tapmadığı halda təkzibedilməli barədə vətəndaşa məlumat verilməlidir.

35. Hazırki halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamaqla ləğv edilməli, həmin hissədə qətnamə ləğv edilməklə iddia həmin hissədə təmin edilməməlidir.

36. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti alınaraq Cavabdeh ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(007)- 151/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar