Məhkəmə qərarları › İş №2(103)-330/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-330/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-330/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia tələbləri üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, qeyri-yaşayış sahələrinin, hasarın sökülməsi, sübutetmə, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin koordinatlarına uyğun yenidən cavabdehin hesabına hasarlanması və 4299 kv.metr torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması, cavabdehdən vurulmuş maddi ziyana görə 100 000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, hüquqi yardıma görə 1000 manat pulun tutulub onlara ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolu, 4,2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 1263,16 kv.metr, əsas sahəsi 1068,46 kv.metr, köməkçi sahəsi 194,7 kv.metr olan 80 saylı qeyri-yaşayış binası (yardımçı təsərrüfat) mülkiyyət hüququ üzrə "xxxx" şirkətinin adına qeydə alınmış və bu barədə sonuncunun adına Reyestr Xidməti tərəfindən 25 iyul 2008-ci il tarixli çıxarış verilmişdir.

2. 31 iyul 2008-ci il tarixli, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, "xxxx" şirkətinin adından şirkətin təsisçiləri X12 və X5 ünvan 1 ünvanda yerləşən 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsini 49 200 manata X2 və 1,2 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır.

3. Həmin alqı-satqı müqaviləsinə əlavə edilmiş və notarial qaydada təsdiq olumuş bölgü eskizinə əsasən 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsi naturada ayrılmaqla alıcı X9 təhvil verilmiş, qalan 3,0 ha torpaq sahəsi "xxxx" şirkətinin mülkiyyətində qalmış və sonuncunun təsisçiləri X12 və X5 bölgü sxemi ilə razılaşaraq, bu qaydada bölgüyə etiraz etmədiklərini, şikayətlərinin olmadığını göstərib bölgü eskizinə imza atmışlar.

4. 13 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1,1906 ha torpaq sahəsi X10 mülkiyyətinə keçmiş və bu barədə sonuncunun adına Reyestr Xidməti tərəfindən 19 noyabr 2015-ci il tarixli çıxarış verilmişdir.

5. 13 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin mülkiyyətində olan, Balaxanı qəsəbəsində yerləşən 2,7508 ha torpaq sahəsi X10 daimi istifadəsinə verilmiş, həmin torpaq sahəsinə dair sonuncunun daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən onun adına 19 noyabr 2015-ci il tarixli çıxarış verilmişdir.

6. 01 iyun 2017-ci il tarixli, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, X15 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən, ümumi sahəsi 1,1906 ha olan torpaq sahəsini 78 000 manata Cavabdeh MMC-nə satmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonunun adına qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən "Az-İnşaat” MMCnin adına 07 iyun 2017-ci il tarixli çıxarış verilmişdir.

7. 01 iyun 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Daimi istifadə hüququnun alqı-satqısına dair” müqaviləyə əsasən, X15 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 2,7508 ha torpaq sahəsinə daimi istifadə hüququnu 66 000 manata Cavabdeh MMC-nə satmış, həmin torpaq sahəsinə dair sonuncunun daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən Cavabdeh MMC-nin adına 07 iyun 2017-ci il tarixli çıxarış verilmişdir.

8. 27 sentyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 1263,16 kv.metr, əsas sahəsi 1068,46 kv.metr, köməkçi sahəsi 194,7 kv.metr olan qeyri-yaşayış binasından, yalnız ümumi sahəsi 378,95 kv.metr, əsas sahəsi 320,54 kv.metr, köməkçi sahəsi 58,41 kv.metr olan qeyri-yaşayış sahəsini və mülkiyyətdə olan 3 ha torpaq sahəsindən yalnız 0,9 ha torpaq sahəsini 900 000 manata İddiaçı2; ümumi sahəsi 252,63 kv.metr, əsas sahəsi 213,69 kv.metr, köməkçi sahəsi 38,94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0,6 ha torpaq sahəsini 600 000 manata X6; ümumi sahəsi 252,63 kv.metr, əsas sahəsi 213,69 kv.metr, köməkçi sahəsi 38,94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0,6 ha torpaq sahəsini 600 000 manata X13; ümumi sahəsi 378,95 kv.metr, əsas sahəsi 320,54 kv.metr, köməkçi sahəsi 58,41 kv.metr olan qeyriyaşayış sahəsini və 0,9 ha torpaq sahəsini 900 000 manata İddiaçı1 satıb.

9. Həmin qeyri-yaşayış sahələri və torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkyyət hüqüqu üzrə adı çəkilən şəxslərin adlarına qeydə alınmış və Reyestr Xidməti tərəfindən onların adlarına 02-04-09 oktyabr 2019-cu il tarixli çıxarışlar verilmişdir.

10. 06 mart 2021-ci il tarixli, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252,63 kv.metr olan qeyriyaşayış sahəsini və 0,6 ha torpaq sahəsini 700 000 manata İddiaçı2; X18 isə mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252,63 kv.metr olan qeyri-yaşayış sahəsini və 0,6 ha torpaq sahəsini 700 000 manata İddiaçı2 satmışdır.

11. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1263,16 kv.metr olan qeyriyaşayış sahəsi və 3 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ümumi sahəsi 378,95 kv.metr olan qeyri-yaşayış sahəsi və 0,9 ha torpaq sahəsi hissəsində mülkiyyət hüqüqu üzrə İddiaçı1; ümumi sahəsi 884,21 kv.metr olan qeyri-yaşayış sahəsi və 2,1 ha torpaq sahəsi hissəsində mülkiyyət hüququ üzrə İddiaçı2n adlarına qeydə alınıb və bu barədə onların adlarına Reyestr Xidməti tərəfindən 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli çıxarışlar verilib.

12. İddiaçı1 və İddiaçı2 tərəfindən sözügedən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi üçün edilən müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 29 oktyabr 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, həmin topraq sahəsinin koordinatları müəyyən edilib, 3 ha torpaq sahəsinin 0,4131 ha hissəsinin qərb tərəfdən qonşu torpaq sahəsinin hasarı daxilində yerləşdiyi və sərhədlərin tərəflər arasında düzgün bölünmədiyi müəyyən edilib. Sonradan, onlara Reyestr Xidməti tərəfindən bölgü sxemi təqdim edilib.

13. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsinin reyestr xidmətinin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunaraq iş yenidən apaellyasiya baxışına göndərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı qismən, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin 0,04299 ha hissəsinin İddiaçı2 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi 1.1906 ha torpaq sahəsinin 0,04299 ha hissəsinə münasibətdə təmin edilə bilməz. 0,04299 ha torpaq sahəsinin İddiaçı2 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,04299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın Cavabdehndən, 50 (əlli) manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh orqana edilmiş müraciətlərinin məzmunundan aydın olur ki, Cavabdeh MMC-nin mülkiyyətində və istifadəsində olan 1.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış sahələri nəzərə alınmaqla mövcud mərzlənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq iddiaçı tərəfindən cavabdehə 4,0325 ha torpaq sahəsi ilə bağlı deyil, iddia ərizəsində də qeyd etdiyi 1,1906 (təqribi 1,2 ha) torpaq sahəsi ilə bağlı müraciət olunmuşdur. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı həm əvvəlki mülkiyyətçi "Akson” şirkətinin, həm də hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, cavabdehin iddiaçıya aid torpaq sahəsi ilə bağlı plan-ölçünün verilməsindən imtinasının, qeyd edilən ərazidən 150 KV gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı əsaslandırması anlaşılan deyildir. İddia ərizəsindən və məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, iddiaçıya aid 1,1906 ha torpaq sahəsinə yeni planölçünün verilməsinə dair iddianın qaldırılmasını zəruri edən şərt, həmin sahədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı olmuşdur. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2-1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1 (102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır.

21. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli qərardadı ilə 18 aprel 2024-cü il tarixli qərarda yol verilən aşkar yanlışlığın düzəldilməsi, qərarın əsaslandırıcı və nəticə hissələrində iş üzrə üçüncü şəxs İddiaçı2 mülkiyyətində olması müəyyən edilən torpaq sahəsinin ölçüsünün "0,04299 ha” əvəzinə "0,4299 ha” kimi oxunması qərara alınmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli qərardadı ilə 18 aprel 2024-cü il tarixli qərardadda yol verilən aşkar yanlışlığın düzəldilməsi, qərardadın “məhkəmə icraatı iştirakçılarının izahatı”, "əsaslandırıcı” və "nəticə” hissələrində iş üzrə üçüncü şəxs İddiaçı2 mülkiyyətində olması müəyyən edilən torpaq sahəsinin ölçüsünün "0,04299 ha” əvəzinə "0,4299 ha” kimi oxunması qərara alınmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Cavabdeh MMC İddiaçı2, İddiaçı1 və Daşınmaz Əmlanın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatı X25 Daşınmaz Əmlanın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli ********** saylı qeydin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə bağlı dayandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 3,0 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş 4299 kv.metr hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin koordinatlarına uyğun yenidən cavabdehin hesabına hasarlanması və 4299 kv.metr torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması, cavabdehdən vurulmuş maddi ziyana görə 100 000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, göstərilmiş hüquqi yardıma görə 1000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

26. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən 3,0 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş 1263,16 kv.metr qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə paylara bölünməklə onların mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün 17 oktyabr 2019-cu il tarixdə Reyestr Xidmətinə müraciət etmiş, Reyest Xidmətinin 29 oktyabr 2019-cu il tarixli məktubu ilə onlara bildirilmişdir ki, qeyd olunan topraq sahəsinin koordinatları yerində müəyyən edilib və 3 ha torpaq sahəsinin 0,4131 ha hissəsinin qərb tərəfdən qonşunun hasarı daxilində yerləşdiyi müəyyən edilib. Mülkiyyətlərində olan torpaq sahəsinin qərb tərəfdən qonşusu isə cavabdehdir. Mülkiyyətlərində olan torpaq sahəsinin 0,4131 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunması, onlar tərəfindən cavabehə göndərilmiş pretenziya məktubunun müzakirəsi (görüş zamanı) zamanı da öz təsdiqini tapıb. Əvvəlki mülkiyyətçilərdən X11 və X3 əmlakda olan öz paylarını alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 satmışlar. 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli çıxarışlara əsasən həmin əmlakın 0,9 ha torpaq sahəsi, ümumi sahəsi 378,95 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı1, 2,1 ha torpaq sahəsi və ümumi sahəsi 884,21 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı2 paylı mülkiyyətlərindədir. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsinin 0,4131 ha hissəsi cavabdehin istifadəsində olan torpaq sahəsinə birləşdirilərək hasara alınıb. Bunun nəticəsində onlar öz mülkiyyətlərinin bir hissəsindən qanunsuz məhrum edilmişlər və onlara məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu tam həyata keçirə bilmirlər.

27. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh mülkiyyətində olan 1,2 ha torpaq sahəsini 31 iyul 2008 ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" şirkətinin təmsilçiləri X12 və X1 alıb. Həmin alqı-satqı müqaviləsi əvvəl Cavabdeh MMC-nin təsisçisi X7 adına rəsmiləşib. Müqavilə üzrə tərəflərin arasında 16 avqust 2008-ci il tarixdə notariat kontorunda "xxxx" firmasına məxsus 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsinə dair cizgi-plan sənədi təsdiq edilib. Satıcı "xxxx" şirkətinin təsisçiləri X12 və X8 1,2 ha torpaq sahəsini özləri ölçüb cavabdehə təhvil veriblər və bundan sonra torpaq sahələri arasında mərzlənmə nişanları qoyulub. Ona görə də cavabdehə məxsus torpaq sahəsinin bütövlüyü təmin edilmədən bu işə baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilib verilməsi vəzifəsi Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulub və qərar qanuni qüvvəsini alıb. Hər iki tərəfə torpaq sahəsini satan "xxxx" şirkəti işə cəlb edilməli və hazırki mübahisəli məsələyə münasibəti öyrənilməlidir.

28. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş 06 may 2021-ci il tarixli rəyə əsasən, 3,0 ha torpaq sahəsinin (yəni, iddiaçıların mülkiyyətində olan) plan-ölçü sənədi (çıxarışın əlavəsi-koordinatlar qeyd olunan) təqdim edilmədiyindən, həmin sahənin koordinatlarını müəyyən etmək mümkün olmayıb, lakin elektron kadastr bazasında reyestr nömrəsi **********72 olan çıxarışın yerləşmə mövqeyinə görə sözügedən 3,0 ha torpaq sahəsinin 4299 kv. metr hissəsi cavabdehin faktiki istifadəsində olan (tikililər yerləşən) ərazi ilə üst-üstə düşür.

29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 20 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə görə, İddiaçı2 mülkiyyətində olan sahə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşir və sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış tikililəri mövcuddur. Həmin rəyə əsasən cavabdehin faktiki istifadəsində 39,654 kv.metr, iddiaçıların faktiki istifadəsində isə 25,701 kv.metr torpaq sahələri vardır.

30. Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2022-ci il tarixli ekspert rəyinə görə, mübahisəli 4299 kv.metr torpaq sahəsi 07 iyun 2017-ci il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin daxilində deyil, Reyestr Xidməti tərəfindən iddiaçıların adlarına verilmiş 09 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli çıxarışlara əsasən iddiaçıların mülkiyyətlərinə verilmiş 3 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Həmçinin, 07 iyun 2017-ci il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsi, iddiaçılarla ümumi sərhəddin (hasarın) sol tərəfindən (mübahisəli 4299 kv.metr sahədən sonra) başlayır. Cavabdehin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahəsinin bütövlüyünün bərpa edilibedilməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyil.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli məlumatına görə, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 0,4299 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,1906 ha sahənin plan-ölçüsü daxilində yerləşmir və həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,1906 ha torpaq sahənin şərq tərəfində yerləşir. Cavabdehin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahələri həmsərhəd olsa da, onların bötövlüyünün bərpa edilməsi, birləşdirilməsi mümkün deyil. Belə ki, sözügedən torpaq sahələrindən biri bələdiyyənin mülkiyyətindədir.

32. Birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıların **********72-06301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 3,0 ha torpaq sahəsinin cavabdeh tərəfindən 4299 kv.metr hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi, 4299 kv.metr torpaq sahəsinin iddiaçılara qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur.

33. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar qanuni mülkiyyətlərində olan torpaq sahələrinə dair plan və ölçüsü sənədini ala bilmirlər, çünki həmin torpaq sahəsinin 4299 kv.metr hissəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşir. Mübahisəli 4299 kv. metr torpaq sahəsi cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşdiyindən həmin torpaq sahəsi boşaldılmalı, üzərindəki tikililər və hasar sökülməli (tikililərə dair cavabdehin çıxarışı mövcud deyil) və torpaq sahəsi iddiaçılara geri qaytarılmalıdır.

34. Cavabdehin mülkiyyətində və istifadəsində olan ümumi sahəsi 3,9414 ha torpaq sahəsinin bütövlüyünün bərpa edilməsinə dair məhkəmə qeyd etmişdir ki, əvvəla bu hal hazırki işin predmetinə aid deyil. Bundan başqa, satıcı "xxxx" şirkətini təmsil edən X12 və X5 ilə alıcı X14 arasında bölgü sxemi tərtib edilmiş və təsdiq edilmişdir. Adıçəkilən bölgü sxeminə əsasən 1,2 ha və qalan 3,0 ha torpaq sahələrinin koordinatları göstərilməklə, aralarındakı hasarın da uzunluğu və istiqaməti göstərilmişdir. Göründüyü kimi, həmin bölgü sxemində 3,0 ha torpaq sahəsinin koordinatları göstərilmiş, torpaq sahəsi bütövlükdə mövcud olmuşdur, lakin hazırda həmin 3,0 ha torpaq sahəsinin 4299 kv.metr hissəsi əksikdir. Hər iki torpaq sahəsi (1,2 ha və 3,0 ha) arasında hasarın məhz bölgü sxemində göstərilən koordinatlara riayət edilməklə çəkilməsinə dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmiş və həmin hasarın buna səlahiyyəti olan Əmlak Komitəsinin mütəxəssislərinin iştirakı ilə çəkilməsinə dair akt mövcud olmamışdır. Hazırda cavabdehin 3,9414 ha torpaq sahəsinin bütövlüyünün pozulmasının səbəbi ondan ibarət ola bilər ki, mərzçəkmə səhv həyata keçirilmiş və bunun nəticəsində sonradan bələdiyyə torpağına daimi istifadə hüququ rəsmiləşdirilərkən olmalı olduğundan daha çox əraziyə sənəd alınmışdır.

35. Məhkəmə vurğulamışdır ki, hər bir halda cavabdehin faktiki istifadəsində 3,9414 ha torpaq sahəsindən artıq torpaq sahəsi vardır (mütəxəssi rəyinə əsasən 3,9654 ha). Bu hal bir daha iddiaçının çatışmayan torpaq sahəsinin cavabdehin hasarı daxilində olduğuna dəlalət edir.

36. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin qərar qanuni qüvvəsini almış olsa da, bu günədək icra edilməmiş, yeni plan-ölçü sənədi tərtib edilməmişdir. Məhkəmə, mövcud və elektron baza sistemində olan plan-ölçü sənədini nəzərə alaraq işə baxmışdır.

37. Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə torpaq sahəsinin yenidən hasarlanması vəzifəsi qoyula bilməz, belə ki, onun belə bir öhdəliyi nə qanunvericilikdə, nə də tərəflər arasında olan münasibətlərdə nəzərdə tutulmamışdır.

38. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia “100 000 manat ziyanın tutulması” hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçılar tərəfindən buna dair hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 180.1, 180.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

40. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh 1,1906 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş 01 iyun 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Coşqun Əliyevdən satın alıb və həmin torpaq sahəsi 07 iyun 2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Həmin torpaq sahəsinin üzərində ilk bölgü sxemi 16 avqust 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən aparılıb. Sözügedən 4299 kv.metr torpaq sahəsi 07 iyun 2017-ci il tarixdən cavabdehin qanuni sahibliyindədir. 2008-ci il tarixli bölgü sxemində hazırda cavabdehin aldığı 1,2 ha və qalan 3 ha torpaq sahələrinin koordinatları mövcud hasarın ölçüləri və istiqamətləri bölgü sxemində göstərilib. Yəni, həmin bölgü sxemində 4,2 ha sahədən 1,2 ha hissəsinin əvvəlki mülkiyyətçilərinin və mütəxəssislərin iştirakları ilə koordinatları müəyyən edilib və heç bir mübahisəli hal yaranmayıb. Cavabdeh 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsini ilkin satıcıdan alıb, qalan 3 ha torpaq sahəsini isə mülkiyyətçi sonradan iddiaçılara satıb. Sonradan 3 ha torpaq sahəsini satan əvvəlki mülkiyyətçi cavabdeh və ya əlavə cavabdeh qismində işə cəlb edilməyib. 2008-ci il tarixli bölgü sxemi üzrə 1,2 ha torpaq sahəsinin cavabdehə satılan hissəsini müəyyən edən sənədlər naturada torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edib-etməməsi yoxlanılmayıb. Həmin bölgü sxemindəki 1,2 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan sahənin 3 ha olub-olmaması bölgü sxemində olan ölçülərlə naturada müəyyən edilməyib. Cavabdeh tərəfindən əldə edilmiş 1,2 ha torpaq sahəsinin yerləşmə yerindən asılı olmayaraq, ilkin alıcıya məxsus olan 4,2 ha torpaq sahəsinin tərkibində yerləşib-yerləşməməsi, ondan kənara çıxıb-çıxmaması ilə bağlı suallara ekspert aydınlıq gətirməyib.

42. Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən 3,0 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətindədir. Bu barədə reyestr çıxarışı var. Mübahisə predmeti olan 4.299 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin (yəni 3,0 ha torpaq sahəsinin) kordinantları daxilində yerləşir, lakin faktiki olaraq cavabdehin istifadəsindədir. Bu barədə ekspert rəyi var. O, cümlədən həmin ekspert rəyi ilə müəyyən edilib ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi iddiaçılarla olan ümumi sərhəddin sol tərəfindən (mübahisəli 4,299 kv.m torpaq sahəsindən sonra) başlayır. Göründüyü kimi, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edib.

44. Məhkəmə kollegiyası Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Odur ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

46. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, satıcı "xxxx" şirkəti notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsini naturada ayırmaqla alıcı Rəfail Mehraliyevə, sonuncu alıcı Coşqun Əliyevə, sonuncu isə alıcı "xxxx" MMC-nə satıb. İşdən görünür ki, 4,2 ha torpaq sahəsinin naturada 1,2 ha və 3,0 ha hissələrə ayrılmasına dair bu cür bölgü eskizini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin olaraq satıcı "xxxx" şirkəti ilə alıcı Rəfail Mehrəliyev razılaşdırmışlar. Belə ki, "xxxx" şirkətinin təsisçiləri Rövşən Məmmədov və Mahir İbrahimov bölgü eskizi ilə razılaşaraq, bu qaydada bölgüyə etiraz etmədiklərini və gələcəkdə şikayətlərinin olmayacağını bildirib bölgü eskizinə imza atmışlar. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək 4299 kv.metr torpaq sahəsinin cavabdehin mülkiyyətində olan 1,1906 ha torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədinin koordinatları daxilində deyil, iddiaçıların mülkiyyətində olan 3,0 ha torpaq sahəsinin koordinatları daxilində yerşləşdiyini göstərib birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, həmin ekspert rəyini məhkəmə iclasında tədqiq etməyib və onu digər sübutlarla, o cümlədən 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı "xxxx" şirkəti ilə alıcı Rəfail Meraliyevin bəyənib imzaladıqları sözügedən bölgü eskizi, habelə cavabdehin nümayəndəsinin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları ilə yanaşı qiymətləndirməyib. ...Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yalnız qətnamənin nəticə hissəsində cavabdehin apellyasiya şikayətini təmin etmədiyini qeyd etməklə öz vəzifəsini bitmiş hesab edib və apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməyib. Bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini də pozub. Həmin normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyə borcludur. Bundan başqa işdən görünür ki, Cavabdeh MMC məhkəmədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1,2 ha torpaq sahəsinə mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması barədə” iddia qaldırıb və Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsi, sözügedən qərarla müəyyən edilmiş faktların hazırki mübahisənin obyektiv həlli üçün əhəmiyyət daşıyıb-daşımadığı, cavabdehin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin verilib-verilmədiyini, mövcud vəziyyətə uyğun plan-ölçü sənədi verildikdən sonra iddiaçıların iddia etdikləri 4299 kv.metr torpaq sahəsinin cavabdehin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinin koordinatları daxilinə düşüb-düşmədiyini və sair halları araşdırmadan, boşaldılması qət olunan 4299 kv.metr torpaq sahəsində uzun müddət mövcud olan tikililərin, qeyri-yaşayış sahələrinin, hasarın hüquqi vəziyyətinə aydınlıq gətirmədən, habelə iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının sonradan əmələ gəldiyini, 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsindən sonra müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 4,2 ha torpaq sahəsinin faktiki olaraq 1,2 ha və 3,0 ha torpaq sahələrinə naturada ayırmaqla, həmin torpaq sahələrinin arasından hasar çəkməklə, sonradan 1,2 ha torpaq sahəsində müvafiq tikinti işlərinin aparıldığını nəzərə almadan, iddianın qeyri-yaşayış sahələrinin və hasarın sökülməsi hissəsində əsaslılığını Mülki Məcəllənin 152.5, 152.6, 240.1, 240.3-cü maddələrinin tələbləri baxımından yoxlamadan, 1,2 ha torpaq sahəsinə dair həm "xxxx" şirkəti ilə Rəfail Mehraliyev arasında, həm sonuncu ilə Coşqun Əliyev arasında, həm də sonuncu ilə cavabdeh arasında müqaviləyə qədərki danışıqlara əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bundan başqa işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, "xxxx" şirkəti 4,2 ha torpaq sahəsinin 1,2 ha hissəsini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rəfail Mehrəliyevə satdıqdan sonra, tərəflərin adlarına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədi notarial qaydada təsdiq edilmiş bölgü eskizinə uyğun tərtib edilməyib. Həmçinin cavabdeh, iddiaya etiraz edərək qeyd etmişdir ki, inşa etdiyi qeyri-yaşayış sahələri bölgü eskizinə əsasən ona məxsus olan torpaq sahəsində yerləşir və bölgü eskizi tərtib edildikdən sonra torpaq sahələrinin arasından eskizdə göstərilən ölçülərə uyğun hasar çəkilib və orada qeyri-yaşayış sahələri inşa edilib”.

d) Təkrar apellyasiya baxışı, izahatlar

47. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı2 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, digər iddiaçı isə məhkəməyə gəlməmişdir.

48. Təkrar apellyasiya baxışı zamanı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1419/2022 saylı iş üzrə 17 mart 2022-ci il tarixli qərarından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən olunduğundan işin icraatı dayandırılmış, sözügedən iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra icraat davam etdirilmişdir.

49. İşin icraatı təzələndikdən sonra Cavabdeh MMC-nin nümayəndəsi təmsil etdiyi MMC-nin İddiaçı2, İddiaçı1 və Daşınmaz Əmlanın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini bildirərək icraatın yenidən dayandırılmasını xahiş etmiş, məhkəmə kollegiyası həmin vəsatəti təmin təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

51. Maddə 29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

52. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

54. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

55. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

56. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

57. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxıd hüquqdan sui-istifadə olmasın.

58. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

59. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

60. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

61. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

62. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

63. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

64. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

65. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

66. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

67. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

68. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

69. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

70. Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

71. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

75. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

76. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

79. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

80. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

81. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

84. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

85. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

87. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki birinci instansiya məhkəməsi iddiaçıların iddiasını qismən təmin etmiş olsa da, onlar qətnaməni mübahisələndirməmişlər; cavabdeh isə qətnamənin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

88. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

89. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

90. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

91. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

92. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

93. İddiaçıların “torpaq sahəsinin 4299 kv.metr hissəsinin boşaldılması, 4299 kv.metr torpaq sahəsinin qaytarılması” tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

94. Qaytarılmasını tələb etdikləri sahənin iddiaçıların mülkiyyətində olduğu işin mübahisələndirilməyən halıdır; həmin sahənin cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni əsaslara söykənmədiyi isə həm işin halları, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 18 aprel 2024-cü il tarixli qərar və qərardadı ilə müəyyən olunmuşdur.

95. Kasassiya instansiyası məhkəməsinin “iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının sonradan əmələ gəldiyinin, 31 iyul 2008-ci il tarixli alqısatqı müqaviləsindən sonra müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 4,2 ha torpaq sahəsinin faktiki olaraq 1,2 ha və 3,0 ha torpaq sahələrinə naturada ayırmaqla, həmin torpaq sahələrinin arasından hasar çəkməklə, sonradan 1,2 ha torpaq sahəsində müvafiq tikinti işlərinin aparıldığının nəzərə alınmalı olduğu” mövqeyi ilə bağlı isə kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 18 aprel 2024-cü il tarixli qərar və qərardadı ilə gəlinən nəticə, habelə müəyyən olunmuş hallar həmin məsələlərin hazırkı iş baxımından nəzərə alınmasını mümkünsüz edir.

96. Eyni yanaşma qətnamənin apellyasiya baxışının predmeti olan digər hissəsi, yəni “torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi” hissəsi üzrə də sərgilənməlidir; belə ki, həmin tələblərin əsaslılığı Mülki Məcəllənin 152.5, 152.6, 240.1, 240.3-cü maddələrinin tələbləri baxımından yoxlanıla bilməz.

97. Nəzərə alınmalıdır ki, həmin iddia tələblərinin qanuni əsasını göstərilən normalar təşkil etmir, bununla belə cavabdeh, əgər sözügedən tikililəri inşa edərkən vicdanlı sahib olaraq davranmışdırsa, bu halda torpaqdan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya, belə ayırma mümkün olmadıqda əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 63).

98. Xüsusilə qeyd olunmalıdır ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi (§ 53) daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

99. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt (§ 70) özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

100. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.

101. Mülki Məcəllənin 180.3-cü maddəsində (§ 66) qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.

102. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas təşkil etmir.

103. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-139/2022 saylı iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar