Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3304/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2022-ci il tarixdə 28 Mall ticarət mərkəzinin qapıları arasında qalaraq yıxılıb xəsarət almışdır. «103» xidmətinə çağırış daxil olmuş, ona «Sol bud-çanaq oynağının travması» diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X6 hospitalizasiya məqsədi ilə aparmışdır. X2 sonra, xəstə X3 Ortopediya İnstitutuna cərrahın konsultasiyası üçün göndərilmişdir. Lakin xəstə imtina etmiş və qohumları tərəfindən özəl xəstəxanaya aparılmışdır. Hadisə barədə 22-ci polis bölməsində araşdırma aparılmış, araşdırma zamanı iddiaçı öz ehtiyatsızlığı səbəbindən xəsarət aldığını və heç kimdən şikayəti olmamasını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «28 Mall» ticarət mərkəzindən maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 20.000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qapıların yanında heç bir təhlükəsizlik tədbirləri ilə əlaqədar işarələr qoyulmamışdır, digər tədbirlər görülməmişdir. Qapı ona dəydikdən sonra müvazinətini itirərək yıxılmışdır, bundan sonra 2 saylı təcili tibbi yardım stansiyasına zəng edilmişdir. Həmin hadisədən budunun yuxarı burma sümüyünün sınığı ilə nəticələnən xəsarət almışdır. Nəticədə əməliyyat olunub, ayağına protez taxılmışdır. Bu səbəbdən o, hələ də yataqda qalmışdır. Buna görə də, xüsusi qaydada ehtiyacları yaranmışdır. Bununla bağlı o, cavabdeh təşkilata lazımi təhlükəsizlik qaydalarına riayət olunmadığına görə, başına gəlmiş hadisə ilə bağlı ona maddi və mənəvi ziyanın ödənilməsinə dair müraciət etsə də, nəticəsi olmamışdır.
4. Bakı şəhəri Nəimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-678/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuşdur.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, “28 Mall” Ticarət Mərkəzinin giriş-çıxış qapılarında cavabdeh şirkət tərəfindən qəbul olunmuş insanların ticarət mərkəzinə girişi və çıxışı üçün müəyyən olunmuş hardan girməli və hardan çıxmalı olan yazılar qeyd edilməmişdir, lövhələr vurulmamışdır. Bu isə nəticədə hadisənin baş verməsinə gətirib çıxarmışdır. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamış, cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Baş vermiş bədbəxt hadisə ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, hadisə zamanı iddiaçı Ticarət Mərkəzinin giriş qapısından çıxırdı və çıxış edərkən iddiaçının çantası elektron qapılara ilişdiyinə görə, müvazinətini itirərək, yıxılıb. Ticarət Mərkəzinin işçiləri iddiaçıya dərhal yaxınlaşıb və lazımi köməkliyi göstərərək hadisə yerinə 2 saylı təcili tibbi yardımı çağırıblar. İddiaçıya ilkin tibbi yardım göstərilən zaman işçilərə öz ehtiyatsızlığına görə yıxıldığını bildirib. Hadisənin baş verməsində Cavabdeh MMC-nin heç bir məsuliyyəti yoxdur. İddiaçı ehtiyatsızlığına görə xəsarət alıb və müalicə olunub.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən təhlükəsizlik tədbirləri görülmədiyi səbəbindən xəsarət aldığına istinad edərək müalicəyə çəkilmiş xərclərin və mənəvi zərərin ödənilməsini tələb edir.
23. Cavabdeh isə hadisənin iddiaçının ehtiyatsızlığı üzündən baş verdiyini və bu hadisədə cavabdehin təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir.
24. Birinci instansiya məhkəməsi isə iddiaçı tələbini sübuta yetirmədiyinə istina edərək iddianı rədd etmişdir.
25. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
26. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 80-81).
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
30. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
32. İddiaçı cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyinə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, onun səhhəti ilə bağlı problemlərin mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, həmin problemlərin məhz cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilməmişdir.
33. Əksinə iş materiallarından görünür ki, sözügedən hadisə ilə bağlı Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində araşdırma aparılmış, araşdırma zamanı İddiaçı öz ehtiyatsızlığı səbəbindən xəsarət aldığını və heç kimdən şikayəti olmamasını bildirmişdir. Bu barədə X5 iddiaçının sözləri ilə yazılmış izahatı Nəsimi RPİ-nin 22-ci PB-yə təqdim etmiş, həmin ərizə iş materiallarına əlavə edilmişdir.
34. İşdə olan hadisənin baş vermə anını əks etdirən fləşkartdan aydın görünür ki, hadisə iddiaçının lazımi ehtiyatlılıq göstərmədiyi səbəbindən baş vermiş, iddiaçının əl çantası ticarət mərkəzinin elektron açılıb-bağlanan qapısına ilişmiş, nəticədə iddiaçı müvazinətini itirərək yıxılmışdır.
35. Göründüyü kimi hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən olunmamış, məhkəmə araşdırması zamanı isə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
36. Hadisənin baş verməsində iddiaçının təqsiri müəyyən olunmadığından, habelə maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərərin təmin edilməsi üçün də heç bir hüquqi əsas yoxdur.
37. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci insyansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
38. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.