Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3306/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(060)-120/2021 saylı qərarından görünür ki, xx xxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Bakı küçəsi, 41ci məhəllə, yataqxana 7A-da qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CMnin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində seçilmiş həbs qəimkan tədbiri 11 fevral 2021-ci il tarixdən 01 ay 15 gün müddətinə uzadılmış İddiaçı həbsdə saxlama müddəti 25 mart 2021-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-286/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X2 təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza əyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesanlanmış; Barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış; iş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı müvafiq göstərişlər verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-76/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2 maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(060)-286/2021 nömrəli hökmü ləğv edilmiş; iş üzrə yeni hökm çıxarılmış; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edulməsinə dair hissədə oğurluq epizodu üzrə təqsir sübuta yetirilmədiyindən bəraət verilmiş; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin71.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmu cəza ilə qismən birləşdirilməklə üzərində 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınmış; İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış; zərərçəkmiş şəxslər X4 və X3 dəymiş ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin səhvi və sui-istifadəsi nəticəsində qanunsuz 06 (altı) ay 15 (on beş) gün həbsdə saxlanıldığı müddətdə dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə dəymiş maddi və mənəvi ziyana görə 25000 (iyirmi beş min) manat cavabdeh vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cinayət təqibi orqanının qanunsuz hərəkəti nəticəsində qanunsuz olaraq həbs olunmuş, daha sonra isə bəraət alaraq təqsirsiz olduğu müəyyən edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1288/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində mənəvi zərərə məruz qaldığından həmin zərərin əvəzi ədalətli şəkildə ona ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 7, 12, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsindəgöstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı
mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Apellyasiya baxışının hədləri
12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 13.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 15.Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur. 16.Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu isə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 17.«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır... 18.Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. 19.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. 20.«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 21.Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. 22.Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır». 23.Mülki işin metariallarından aydın olur ki, İddiaçı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi, həmin maddələr üzrə ibtidai araşdırmanın aparıldığı və İddiaçı ititham edildiyi əməllər üzrə təqsirliyinin birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edildiyi görünür. Baxmayaraq ki, İddiaçı Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri üzrə məsuliyyətə cəlb edilmiş və həmin maddələr üzrə ona birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilmiş, sonuncunun şikayəti üzrə yuxarı instansiya məhkəməsində araşdırma aparılarkən əslində ibtidai və məhkəmə istintaqının düzgün aparılmadığı, törətmədiyi halda əlavə olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə də təqsirli bilindiyi müəyyən edilir. Bununla da o, mənəvi sarsıntı keçirmişdir. 24.Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. 26.Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. 27.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 28.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 31.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə əsassız cinayət təqibinə məruz qalması nəticəsində mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. 32.Maliyyə Nazirliyinin iş üzrə cavabdeh ola bilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
33. Apellyatorun növbəti dəlili olan büdcə vəsaitlərinin ayrılmaması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə isə kollegiya fərqli maddi və prosessual hüquqi əsaslar müəyyən etmir. 34.Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.