Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3308/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1019/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 10 ay müddətində həbsdə saxlanılmasına və 17 ayadək müddətə vətəninə dönə bilməməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində – maddi ziyana görə 55250 manat və mənəvi ziyana görə 20000 manat məbləğində kompensasiya ödənilməsinin təmin olunması barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1019/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, iddiaçı X3 vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4-7, 12; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10000 manat məbləğində mənəvi ziyan tutulmalı, iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları (9 ay, 12 gün müddətinə həbsdə olması) nəzərə alır. İddiaçı ona daha artıq həddə mənəvi zərər vurulmasına, habelə ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(099)-62/2022 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş, icrası ölkə ərazisində məcburi olan digər göstərişlər qeyd edilmişdir; - Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli 1(106)-380/2022 saylı hökmündən məlum olur ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(099)-62/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 1(102)-1448/2022 saylı qərarından məlum olur ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli 1(106)-380/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır (iş səh. 26, 37, 44). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1019/2023 saylı mülki iş üzrə çıxardığı 23 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 68, 71; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddələrinə; “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 5; 6-cı maddəsinin 1-ci bəndinə; 13-cü maddəsinə; “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolunun 3; Cinayət Məcəlləsinin 63; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə; 4-cü maddəsinin 1-ci bəndinə; 5-8, 12; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 385.1.1, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X2 işləmiş olduğu “APC Tpanc” şirkətindən verilmiş olan xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli arayışları birinci instansiyada məhkəmə baxışına qədər təqdim etmək ona görə mümkün olmamışdır ki, X2 işləmiş olduğu “APC Tpanc” şirkətinə arayış təqdim olunması üçün hələ iddia ərizəsi təqdim olunmamışdan xeyli əvvəl ünvanlamış olduğu sorğuların cavabı, yəni məlum arayışlar birinci instansiyada məhkəmə baxışı başa çatdıqdan sonra ona çatdırılmışdır. Mövcud dövr üçün Rusiya Federasiyası müharibə şəraitində olduğundan və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında gediş-gəliş imkanları xeyli məhdud olduğundan sözügedən arayışların çatdırılması da vaxtında mümkün olmamış və bu səbəbdən də iddiaçı və nümayəndəsi olaraq o onlardan asılı olmayan səbəblərə görə həmin arayışları birinci instansiyada məhkəmə baxışı başa çatana qədər təqdim edə bilməmişlər. X5 Bakı şəhərində qalarkən mehmanxanalarda qalmağa, yeməkxanalarda qidalanmağa və şəhər nəqliyyatından, karantin vəziyyətində metro və şəhərarası avtobuslar işləmədikdə isə taksilərdən istifadə etməyə məcbur olmuş, mehmanxanalara hər ay orta hesabla 900 manat olmaqla 7 ay ərzində 6300 manat, yeməkxanalara hər ay orta hesabla 750 manat olmaqla 7 ay ərzində 5250 manat, şəhər nəqliyyatından istifadəyə görə hər ay orta hesabla 300 manat olmaqla 7 ay ərzində 2100 manat civarında pul xərcləmişdir. X2 əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına görə çəkmiş olduğu iztirab və sarsıntılar səbəbindən mübtəla olduğu xəstəliklər də ağırlaşmışdır. Müayinə və müalicə üçün hələ Azərbaycan Respublikası ərazisində olarkən tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicələrə 1600 manat xərcləməli olmuşdur. Qeyd olunan maddi ziyan isə 15250 manat təşkil etmişdir. Ümumilikdə mövcud dövr üçün X4 55250 manat civarında maddi ziyan dəymişdir. X2 xəstəliyi ilə bağlı müayinə və müalicə olunması üçün maddi imkanı olmaması həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır. Bu təhlükə pandemiya ilə əlaqədar ölkə ərazisində elan olunmuş karantin dövrünə düşdüyündən təbii olaraq daha da artmışdır. X5 əsassız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirin seçilməsi ilə əlaqədar doğma yurdundan, ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, ailə üzvləri ağır xəstəliklərə yoluxmuş olsa da onlara qayğl göstərmək imkanından məhrum olmuş, yaxın qohumlarından dünyasını dəyişmiş insanlar olsa da onların dəfnində və yas mərasimlərində iştirak edə bilməmişdir ki, buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 20000 manat məbləğində dəyərləndirmişdir.
5. Cavabdeh də apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(006)-1019/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 1101.1, 1114.3; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15, 17; Mülki Prosessual Məcəllənin 77.1, 387.2.8-ci maddələrinə; Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 10000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 10000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya şikayətinə əlavə edilmiş Rusiya Federasiyası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, X6 "xxxx" MMC-də maaşı aylıq 120 000 rubl olmaqla sürücü vəzifəsində çalışır.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsində iddiaçının iş yerindən arayışın alınması ilə əlaqədar şifahi vəsatət verdiyini, iddiaçının çəkdiyi xərclərlə bağlı qaldığı mehmanxanalara müraciət etsə də heç bir sənəd ala bilmədiyini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5, 41; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1101, 1096-1097, 1114- 1115; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63, 181.2.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair). Qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Maddi zərər hissədə iddiaçı sübut təqdim etməmiş, həmçinin apellyasiya şikayətində onun hansı əsaslarla təmin edilməli olması əsaslandırılmamışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş arayışın kseronüsxəsi isə apellyasiya icraatının hədləri baxımından sübut kimi müzakirə edilə bilməz. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, iddia tələbində əmək hüquqları üzrə əmək haqqından məhrum olması göstərilmədiyindən iddiaçının bu əsasla yenidən məhkəməyə müraciət etmək hüquqları istisna edilmir.
11. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir.
12. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
13. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının uzun müddət ərzində cinayət təqibinə məruz qalması, hansı cinayətdə ittiham olunmasını, həbsdə (ev dustaqlığında) saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvipsixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayətində təqsirli vəzifəli şəxslərin iş üzrə prosesə cəlb edilməsi dəlillərinə dair isə kollegiya maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
15. İddiaçı maddi ziyanın vurulması ilə bağlı bir neçə arqument irəli sürmüş olsa da məhrum olduğu əmək haqqı əsası ilə tələb irəli sürməmişdir. Ona görə, maddi zərərə dair münasibət bildirmək məhkəmənin özünün qulluq mövqeyindən irəli gələn əsas kimi yolverilməzdir. Belə ki, Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən: Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
16. Yeni tələblərin təqdim edilməsi və yeni sübutların apellyasiya icraatı zamanı araşdırılmasına dair isə təsdiqedici prosessual əsaslar müəyyən edilmədiyindən tələbin yeni faktiki əsasları üzrə apellyasiya icraatı zamanı təqdim edilmiş sübutlara qiymət verilməsi mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2 və 372.4-cü maddələrinə əsasən: Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı X6 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1019/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.