Məhkəmə qərarları › İş №2(103)-3316/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3316/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3316/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(006)-208/2023 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı hissədə, yəni cavabdehlərin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi hissəsində mülki iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-208/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X2 xeyrinə mənəvi ziyana görə 14500 manat (on dörd min beş yüz) manat pul tutularaq ona verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(006)-208/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(006)- 208/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən qeyd olunan qərardaddan verilmiş şikayət məhkəmənin 30 mart 2023cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən qətnamə elektron kabinet vasitəsilə rəsmi qaydada verilsə də, SMS vasitəsilə işdə işitirak edən cavabdehin nümayəndəsinə hər hansı bildiriş göndərilməmişdir. Məbləğin ödənilməsi dövlət büdcəsi ilə bağlı olduğundan analoji işlər üzrə qərarlar elektron kabinet vasitəsilə yanaşı, həm də poçt vasitəsilə göndərilməsi məhkəmələr tərəfindən təmin olunur. Lakin bəlli olmayan səbəblərdən bu dəfə Nəsimi Rayon Məhkəməsi tərəfindən həmin qətnamə poçt vasitəsilə Maliyyə Nazirliyinə göndərilməmiş və beləliklə də Nazirlik apellyasiya şikayətinin vaxtında verilməsi məsələsində çətinliklərlə rastlaşmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən Çıxıarışa əsasən müəyyən edilir ki, mübahisələndirilən qətnamə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus şəxsi elektron kabinetə xx.xx.2023-cü il tarixində, saat 15:50-də yerləşdirilmiş, cavabdeh isə apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və qətnaməni rəsmi qaydada aldığı 02 fevral 2023-cü il tarixdən 1 ay müddətində apelyasiya şikayəti verməmiş, apelyasiya şikayətini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şikayətin dəliləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2, 135.3-cü və 136.6-cı və 136.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(006)- 208/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar