Məhkəmə qərarları › İş №2(103)-3319/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3319/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3319/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(004)-68/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi) qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən tikilməsi və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (Seriya MH, ******* nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli) əsasən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 89A saylı fərdi həyət evi şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun yaşadığı ev küçələrindəki müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən qəzalı vəziyyətə salınmışdır. Belə ki, burada ağır texnikalar işlədikcə silkələnmə nəticəsində evin divarları çat vermiş, evin yol tərəfdən divarı isə aşağı enmiş və yuxarı hissədən aralanmışdır. 1993-cü ildə ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün düşmüş, həyat yoldaşı 16 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Qeyd olunan məsələ ilə bağlı 2016-cı ildən müvafiq dövlət orqanlarına və təşkilatlara müraciət etməsinə baxmayaraq demək olar ki, real olaraq yaranmış məsələnin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Sonuncu dəfə 07 aprel 2020-ci ildə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə, Cavabdehçıq Səhmdar Cəmiyyətininin Prezdentinə, Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına, Suraxanı Rayonu İcra Hakimiyyəti Aparatının Başçısına müraciət olunaraq - Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evinə baxışın keçirilməsində və qəzalı vəziyyətdə olması barədə “AKT”ın tərtib edilməsində, evin əvvəlki vəziyyətinin bərpa edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Sonuncu müraciətindən sonra yuxarıda adları çəkilən aidiyyatı dövlət qurumları əməkdaşlarının işirakları ilə evinə baxış keçirilmiş, evin qəzalı vəziyyətə düşməsinin səbəbləri araşdırılmış və evin girişə nəzərən sol divarının yanında olan yolun alt hissəsində su və kanalizasiya xətlərinin keçməsi, boru xətlərindən keçən suyun evin bünövrə hissəsinə axması və bünövrənin çökməsinə səbəb olması müəyyən olunmuşdur. Tərtib olunmuş akta əsasən Cavabdeh ASC-nin evin qəzalı vəziyyətə düşməsində təqsirkar olduğu müəyyən edilmişdir. Belə bir uzun müddət ərzində Cavabdeh ASC-nin təqsirkar olmasına baxmayaraq heç bir tədbir görməməsi nəticəsində tərəfindən bu barədə pretenziya ilə 24 iyun 2020-ci il tarixdə Cəmiyyətə müraciət olunmuş və Cəmiyyətdən evinin təzədən sökülüb- tkiliməsi, yaşamaq üçün yararlı vəziyyətə salınması xahiş edilmiş, əks halda, yəni 10 gün müddətində müvafiq qərar qəbul edilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən 29 iyun 2020-ci il tarixdə imzalanıb qəbul olunmasına baxmayaq bu günə kimi heç bir cavab verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(004)- 68/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89 A nömrəli fərdi yaşayış evinin cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi və yenidən tikilərək İddiaçı təhvil verilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manat pulun cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının mülkiyyətində olan evin yararsız hala düşməsinə “Azərsu" ASC-nin səbəbkar olmasına dair sübutların olmaması, iddiaçının iddia ərizəsində küçədə müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən evin qəzalı vəziyyətə salınmasını qeyd etməsi, bu səbəbdən digər aidiyyəti qurumların da cavabdeh qismində cəlb etməli olması, ekspertiza rəyinin əsassız olması, yolun alt hissəsindən keçən su və kanalizasiya xətlərindən evin bünövrə hissəsinə suyun sızması müşahidə edilməsinin qeyd olunması, lakin evin bünövrəsinə sızan suyun məhz həmin su xəttindən axıdılmasının sadəcə ehtimal olaraq bildirilməsi, halbuki həmin ərazidə su sızması ilə bağlı Cəmiyyətə heç bir müraciətin daxil olmaması, iş üzrə tam və hərtərfli araşdırmanın aparılmaması, eyni zamanda Cavabdeh ASC-nin tikinti şirkəti olmaması, bu səbəbdən də evin sökülərək yenidən inşasının onun üzərinə qoyulmasının qanunsuz olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həyat yoldaşı vəfat etmişdir və hazırda köməksiz vəziyyətdədir. Bu səbəbdən də zərərin pulla qarşılanması durumunda evinin yenidən inşası üçün ustalar cəlb etmək, tikinti materiallarını almaq və s. işləri görmək onun üçün həddindən artıq çətindir. Ona görə də cavabdehin üzərinə zərərin naturada, yəni evinin yenidən inşa olunaraq əvvəlki vəziyyətə gətirilməsi və ona təhvil verilməsi kimi təmin olunmasını xahiş etmişdir. Həmçinin, evinin yararsız vəziyyətə düşməsinə səbəbin məhz cavabdehə məxsus su və kanalizasiya xətlərindən sızan suyun səbəb olmasını əvvəllər bilməmiş, zənn etmişdir ki, yaşadığı evin yaxınlığında müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən, ağır texnikalar işləməsi və s. səbəb olmuşdur. Lakin, sonradan şikayətləri əsasında səlahiyyətli dövlət orqanlarının apardığı araşdırma nəticəsində təqsirli şəxsin Cavabdeh ASC olmasını bilmiş, bu səbəbdən də həmin ASC-yə qarşı hazırki tələbini irəli sürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (MH ******* seriyalı, xx.xx.2006-cı il qeydiyyat tarixli) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin iddiaçıya ünvanladığı 08 iyun 2020-ci il tarixli məktubdan və təqdim olunmuş 08 may 2020-ci il tarixli aktdan (akt - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin baş dövlət tikinti müfəttişliyinin baş məsləhətçiləri Elfan Seyidov və Nadir Məmmədov, "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbənin rəisi Elbəy Bəşirli və İnşaat şöbəsinin aparıcı mühəndisi Əliyev Samir, Suraxanı rayon Əmircan qəsəbəsi nümayəndəsi Əlixan Əliyev tərəfindən tərtib edilərək, imzalanmışdır) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı müraciəti əsasında onun evinə baxış keçirilmiş, baxış zamanı evin arxa və sol yükdaşıyan, arakəsmə divarlarının çökməsi nəticəsində divarların aşağı hissələrində üfüqi və müxtəlif istiqamətli eni 10-20 mm ölçüdə keçici çatlar yaranmışdır. Girişə nəzərən arxa və sağ yükdaşıyan divarlarda müxtəlif istiqamətli acılış eni təxminən 2-3 mm ölçüdə keçici çatlar müşahidə olunmuşdur. Otaqların döşəməsində çökmə və deformasiyalar da vardır. Evin bütün yükdaşıyan xarici divarında aşağı və yuxarı hissələrdən armaturdan kəmər ilə, kürsü busəsində isə eni 20 sm, hundürlüklləri 60, 40 və 20 sm dəmir - betondan kəmər ilə gücləndirmə işləri aparılmış, lakin buna baxmayaraq evdə deformasiya və çökmə halları davam edir. Evin girişə nəzərən sol divarın yanında olan yolun alt hissəsində su və kanalizasiya boru xəttləri keçir. Su boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması müşahidə olunmuş və evin bünövrəsinin çökməsinə səbəb olmuşdur. İşdə olan iddiaçı tərəfindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı ona dəymiş zərərin aradan qaldırılmasını (evimin təzədən sökülüb-tikilməsini, yaşamaq üçün yararlı vəziyyətə salınması) xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2013-cü il tarixli, 374/15-96/KL saylı satınalma müqaviləsinin surətindən görünür ki, sifarişçi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikinti layihəsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu Bül-bülə qəsəbəsi Ə.Verdiyev küçəsi ilə M.Əzizbəyov küçələrində kanalizasiya xətlərinin yenidən qurulması işlərinin satın alınması üçün icraçı "Araz- İnşaatçı” MMC-nin 300000 manat məbləğində təklifini qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 10/3486 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evinin texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Evin girişə nəzərən sol divarın yanında olan yolun alt hissəsində su və kanalizasiya boru xəttləri keçir. Bu boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması müşahidə olunmuş və evin bünövrəsinin çökməsinə səbəb olmuşdur. Fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün evin bünövrə hissəsində izolyasiya işləri görülməli və kürsü üzərində evin inşası aparılmalıdır. Evin divarlarında mövcud çatlar ikitərəfli olmaqla həm şaquli, həm də üfiqi istiqamətdə yerdəyişmələrdən yarandığı üçün bu qüsurun kosmetik təmirlə aradan qaldırılması mümkün deyil. Odur ki, həm rütubət və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin demontaj olunaraq yenidən inşa edilməsi yolu ilə mümkün ola bilər. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evində zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 18612,00 manat məbləğində müəyyən olunur (aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir). Birinci instansiya məhkəməsində icraat zamanı rəy vermiş ekspert X6 bildirmişdir ki, rəyin verildiyi tarixdən bu günə kimi iddiaçıya məxsus evdəki çatların daha da dərinləşmiş olması qaçınılmazdır, çünki evdə deformasiya və çökmə halları davam edir. Evin texniki vəziyyəti qəzalıdır. Orda yaşayan insanların həyatı üçün təhlükəlidir. Evin sağ və sol divarları söküldükdə digər tərəflər də söküləcəkdir. Evin demontaj olunaraq yenidən inşa edilməsi dedikdə, həmin evin bünövrədən sökülərək bünövrəsindən inşasını nəzərdə tutur və bu mütləqdir. Evin tikinti və təmiri üçün rəy verilən tarixə çıxarılmış 18600 manat məbləğində qiymət əslində minimum məbləğdir. Hal-hazırda həmin məbləğin daha yüksək olma ehtimalı böyükdür. Çünki, ölkədə tikinti materiallarının qiyməti və buna uyğun olaraq işçi qüvvəsinə ödənilməli məbləğlər də artmışdır Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus su boru xəttlərindən sızan suyun iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin bünövrə hisəsinə axması nəticəsində iddiaçıya məxsus evdə dərin çatların əmələ gəlməsini, evin bünövrəsinin çökməsini, evin yararsız və qəzalı vəziyyətdə düşməsini, həmin evdə yaşamanın təhlükəli olmasının iş materialları, fotoşəkillər və ekspert rəyi ilə sübuta yetirilməsini, iddiaçının əmlakına vurulmuş zərərə görə cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mülki hüquqi məsuliyyəti daşımasını, bu səbəbdən iddiaçı vurulmuş zərərin aradan qaldırılmasını tələb etməkdə haqlı olmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisə olunmayan halıdır. Eyni zamanda işdə olan sübutlarla (akt, ekspert rəyi, fotoşəkillər və s.) müəyyən olunur ki, iddiaçıya məxsus həmin yaşayış sahəsi su və kanalizasiya boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması nəticəsində qəzalı (yararsız) vəziyyətə duşmüşdür (işdə olan aktda və ekspertiza rəyində evin qəzalı vəziyyəti ətraflı şərh olunmuşdur). Cavabdeh evin qəzalı vəziyyətə düşməsində təqsirli olmamasını qeyd etsə də, bunun əksini sübut edə bilməmişdir. Cavabdehin digər etirazına görə iddiaçıya məxsus evin yaxınlığından keçən su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi işlərinin icraçı "Araz- İnşaatçı” MMC-nə həvalə edilmişdir və təqsir həmin şirkətə aiddir. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, su və kanalizasiya xəttləri məhz cavabdehin sahibliyindədir və həmin xətlərin əvvəllər müvafiq müqavilə əsasında digər şəxslər (podratçı) tərəfindən inşası hazırki vəziyyətdə cavabdehin yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətini aradan qaldırmır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1 -ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı). Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə araşdırması zamanı isə qeyd edilən halların cavabdehə münasibətdə mövcudluğu müəyyən olunmuşdur. Cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən onun üzərinə evin yenidən inşasının qoyulması qanunsuz olmuşdur, çünki, ASC tikinti şirkəti deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmır. İlkin olaraq qeyd edilməlidir ki, MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı iddia tələbində zərərin naturada aradan qaldırılmasını, yəni mülkiyyətində olan, cavabdehin təqsiri üzündən yararsız vəziyyətə düşmüş evinin yenidən inşa olunaraq əvvəlki vəziyyətə gətirilməsini tələb etmişdir. İddiaçı apellyasiya baxışı zamanı da izahatından bildirmişdir ki, həyat yoldaşı vəfat etmişdir və hazırda köməksiz vəziyyətdədir. Bu səbəbdən də zərərin pulla qarşılanması durumunda evinin yenidən inşası üçün ustalar cəlb etmək, tikinti materiallarını almaq və s. işləri görmək onun üçün həddindən artıq çətindir. Ona görə də cavabdehin üzərinə zərərin naturada, yəni evinin yenidən inşa olunaraq əvvəlki vəziyyətə gətirilməsi və ona təhvil verilməsi kimi təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyətinə dəymiş zərərin bu formada aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki ölçüləri və s. tərtib olunmuş texniki pasportda konkret olaraq göstərilmişdir. Cavabdehin tikinti ilə məşğul olmaması barədə dəlilləri isə iddianın rədd olunmasına qanuni əsas təşkil edə bilməz. Bu hal məhkəmə qərarının icrası zamanı qanunvericiliiyn tələblərinə uyğun qaydada həll oluna bilər (məsələn, cavabdeh məhkəmə qərarının icrasını digər podratçı şəxslərin hesabına həyata keçirə bilər və s.). Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda, xüsusilə mülkiyyət hüququnun konstitusion əhəmiyyətini və qanunla qorunmasını nəzərə alaraq,belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Cavabdeh etirazını (apellyasiya şikayətinin dəlillərini) əsalandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(004)-68/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(004)-68/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar