Məhkəmə qərarları › İş №2(103)-3320/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3320/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3320/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh X3 (Gadjiev Aidin) iştirakı ilə, İddiaçı cavabdeh X7 (Gadjiev Aidin) qarşı “pul və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası və cavabdeh X3 İddiaçı qarşı “əmlakın geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı pul və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təmirdən sonra yığılan mebellərin qüsurlu olduğundan sökülərək yenidən yığılması üçün 1.000 manat maddi ziyanın tutularaq ona ödənilməsi, cavabdehdən nağd verdiyi 2.300 manat pulun tutularaq ona ödənilməsi, habelə qəsdən xarab etdiyi tikinti materiallarına verdiyi və təmiri qəsdən uzatdığına görə əlavə kirayə yaşadığı üçün, evin sökülüb yenidən təmirə çox böyük ehtiyac olduğundan yenidən təmir zamanı kirayə yaşamalı olduğundan ona vurduğu maddi ziyan kimi 30.000 manat olmaqla cəmi 33.300 manat maddi ziyanın və 50.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidmətinin və məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin kserosurətləri, fotoşəkillər və poçt göndərişinə) görə ödənilmiş 50 manatın cavabehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 qəsdən ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, onunla məhkəmə mübahisəsi olan X5 anası X11 ilə əlaqəyə girərək, onun istəyinə uyğun onun mənzilinin təmirini bərbad hala salmışdır. Təzədən ev əsaslı təmir olmalıdır. Bunun üçün yenə kirayə yaşamalıdır. Kirayə pulu, ev əşyaları daşıyan maşına, fəhləyə həm köçəndə, və həm də təkrar evə qayıdanda pul verməlidir. Bütün bu xərc 30.000 manata yaxın maddi ziyan edir. Bu yaşananlardan məlumdur ki, heç də belə hal sarsıntısız və iztirabsız ötüşməyib. O, təmir müddətində qonşuluqda ayı 300 manata kiyayə ev tutaraq yaşamışdır. 16 yanvar onun, 25 yanvar onunla yaşayan qardaşı oğlunun (atası və anası körpəliyindən vəfat etdiyindən onunla yaşayır) ad günlərini də qeyd edə bilmədilər. Cavabdehin qəsdən evdə etdiyi bərbad vəziyyəti düzəltmək üçün vaxt tələb olunurdu ki, bu əməlinə görə əlavə bir ayda artıq kirayə yaşayaraq, 300 manat kirayə haqqı vermişdir. Lakin, tamamilə düzəldilməsi mümkün olmamışdır. Hər iki balkonunun pilləkanları olmadığından onlar balkonlardan istifadə edə bilmirlər. Bu isə onlara mənəvi əzab verir. Hər gün evə gələndə gördükləri mənzərədən sarsılırlar. Evinin iki tərəfli balkonu olduğu halda, onlar şəxsi mülkiyyətlərindən istədikləri kimi istifadə edə bilmirlər. Bu isə onların sarsıntı keçirməkləri ilə nəticələnir. Təmirdən sonra qohum-qonşular ev qonaqlığı edəcəyini təklif etsələr də, o, hələ tam hazır deyil cavabı verir. Bu isə ona mənəvi əzab-əziyyət verir. Bu hal o, və onunla yaşayan ailə üzvlərinin də sarsıntı keçirməyinə səbəb olmuşdur ki, bunun nəticəsində də onlar iztiraba məruz qalmışlar. Cavabdeh X9 (Gadjiev Aidin) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, 1 ədəd elektro mişar cihazının (dəyəri 230 manat), 1 ədəd plastik boru üçün elektrik ütüsünün (dəyəri 80 manat), 1 ədəd elektrik drelin (dəyəri 60 manat), 1 ədəd elektrik yonma cihazının (dəyəri 35 manat), 1 ədəd lazer nivelir cihazının (dəyəri 115 manat), 1 ədəd perferatorun (dəyəri 90 manat), 2 ədəd baltanın (ümumilikdə dəyəri 30 manat), 1 ədəd kərkinin (dəyəri 25 manat), 1 ədəd rəndənin (dəyəri 15 manat), 2 ədəd çəkicin (ümumilikdə dəyəri 10 manat), 1 ədəd düzbucaq xətkeşin (dəyəri 6 manat), 1 ədəd montajnikin (dəyəri 5 manat), 4 ədəd məngənənin (dəyəri 21 manat), 1 ədəd iskənənin (dəyəri 4 manat), 1 ədəd dəmirkəsən qayçının (dəyəri 8 manat), 3 ədəd qaz açarının (ümumilikdə dəyəri 24 manat), 2 ədəd tərəzinin (ümumilikdə dəyəri 20 manat), 1 ədəd şuğulun (dəyəri 3 manat), 2 ədəd şpakelin (kürək) (ümumilikdə dəyəri 6 manat), 1 ədəd perenoskanın (dəyəri 5 manat), 2 ədəd kəlbətinin (ümumilikdə dəyəri 20 manat), 1 ədəd 60 sm-lik şpakelin (dəyəri 10 manat), 2 ədəd malanın (malyar üçün) (ümumilikdə dəyəri 12 manat), 3 ədəd pobedit sverlonun (ümumilikdə dəyəri 6 manat), 1 ədəd tefalın (dəyəri 10 manat), 1 ədəd radioqəbuledicinin (dəyəri 16 manat) və ya onların ümumi dəyərində 886 manat pul vəsaitinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, 18 aprel 2019-cu il tarixdə İddiaçı ona zəng edərək evinə dəvət etmişdir. Onun hazırda yaşadığı evini özünün təmir etdiyini bildiyi üçün, onun evinin həmin vaxt qalmış təmirini davam etdirməyi ondan xahiş etmişdir. O, təmirin nə üçün yarımçıq qaldığını soruşduqda təmirin maddi imkanının çatmaması səbəbindən yarımçıq qaldığını bildirmişdir. Yaxın dostu kimi ona bu vəziyyətində kömək etməyini və təmiri davam etdirməyini xahiş etdi. Aralarında olan qarşılıqlı hörməti və ailə dostluqlarını nəzərə alaraq yardımını əsirgəməmiş və təmiri davam etdirməyə razılıq vermişdir. İddiaçı da öz növbəsində bildirmişdir ki, onun evinin yerləşdiyi ərazi yaxın vaxtlarda şəhərdə aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq söküntü planına düşür və yaxın zamanda söküləcək. Söküntü zamanı təmirli evlərin təmirsizlərlə müqayisədə daha yüksək məbləğdə qiymətləndirildiyini, təmir etdirməkdə əsas məqsədinin evinin söküntü zamanı daha çox qiymətləndirilməsinə nail olmaq olduğunu, belə olduqda evinin sökülməsi nəticəsində kifayət qədər pul alacağını və əziyyətinə görə borcundan çıxacağını dedi. Beləliklə, o, İddiaçı evində işə başlamışdır. O, təmir üçün zəruri olan materialların siyahısını Zahidə xanıma bildirdikdə o, bir daha onun diqqətinə çatdırdı ki, təmirin keyfiyyəti onun üçün önəmli deyil, maksimum qənaət etməklə söküntü işləri başlayanadək təmiri başa çatdırmaq lazımdır. Məsələn, o, döşəmənin möhkəm olması üçün taxtaların müvafiq ölçülər üzrə kəsilməli və bir-birinə calandıqdan sonra aralarına yapışqan vurulmalı olduğunu dedikdə Zahidə xanım söküntü başladıqda həmin taxtaları çıxarmaq fikrində olduğundan onları kəsməməyi və yapışqanla korlamamağı ona tapşırmışdır. Təmir işlərini həyata keçirdiyi müddətdə İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayırdı və təmir prosesi onun nəzarəti altında gedirdi. Bu müddət ərzində Zahidə xanım təmirin keyfiyyəti barədə ona heç bir irad bildirməmiş və onun diktə etdiyi şərtlər daxilində təmiri davam etdirməyinə şərait yaratmışdır. Bir neçə ay işlədikdən sonra səhər saatlarında işə gələrkən özünü qonşu kimi təqdim edən qadın ona yaxınlaşaraq İddiaçı evinin təmirini onun həyata keçirdiyini soruşmuş və ona demişdir ki, Zahidə səndən öncə bir neçə ustanı bu evdən qovmuşdur. Zahidə orada qeyri-qanuni işlər görür və onun evinin yük daşıyan divarını zədələyərək öz evi üçün pəncərə yeri açmışdır. Bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində mülki mübahisələrinin olmasını deyərək ona xəbərdarlıq etmişdir. Bir müddət sonra İddiaçı ondan təmiri qonşunun maraqlarına toxuna biləcək formada davam etdirməyi tələb etdikdə o, etiraz etmiş və nəticədə İddiaçı ilə aralarında narazılıq və söz-söhbət olmuşdur. Bundan sonra İddiaçı tələbi ilə işi dayandırmışdır. İki gündən sonra Zahidə xanım ona zəng edərək onu əvəz edən ustaya ona məxsus təmir alətlərinin mane olduğunu deyərək onları aparmağı və evinin onda olan açarını təhvil verməyini tələb etmişdir. Növbəti gün əşyalarını götürməyə getdikdə əşyalarının orada olmadığını və evdə usta işləmədiyinin şahidi olmuşdur. İddiaçı açarı ondan alaraq təmir alətlərinin mebel sexində olduğunu dedi. Həmin sexə getdikdə əşyalarını orada da tapa bilməmişdir. İddiaçı ilə əlaqə saxladıqda ona nə vaxt mən deyən işləri görərsən, əşyalarını götürərsən dedi. Bundan sonra İddiaçı qanunsuz hərəkətlərindən Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Əlavə olaraq, təmir müddətində onun tərəfindən işin əsassız uzadılmasına və İddiaçı maraqlarına toxunacaq hər hansı qərəzli hərəkət edilməmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X2 (Gadjiev Aidin) 3.047 (üç min qırx yeddi) manat məbləğində vəsaitin və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 1 (bir) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, X3 İddiaçı qarşı əmlakın geri qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun X3 özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 193 (bir yüz doxsan üç) manatının İddiaçı, 7 (yeddi) manatının isə cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X9 (Gadjiev Aidin) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq apellyator tərəfindən iş üzrə aparılmış tədqiqat üzrə təqdim edilmiş ekspertiza rəyi mübahisələndirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə ona qarşı iddia verilərkən yalnız iddiaçının mövqeyindən çıxış etmişdir, onun mövqeyi ilə maraqlanmamışdır, sübutlarına lazımi hüquqi qiymət verməmişdir, qətnaməni əsaslandıra bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasın cavabeh X9 (Gadjiev Aidin) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ilkin iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsinə və həmin hissədə rədd edilməsinə, həmçinin qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə yönəldiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. İlkin iddia üzrə iddiaçı tələblərinin təmin edilmədiyi hissələrdən apellyasiya şikayəti vermədiyindən qətnamə həmin hissələrdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 100, mənzil 5 İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İddiaçı uzun müddət tanıdığı cavabdehə mənzilin təmiri ilə bağlı işlərin icra edilməsini sifariş etmiş və bunun üçün cavabdehə ümumilikdə 2.300 manat məbləğində muzd ödəmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə orta keyfiyyətli təmir işləri icra edilmiş, lakin təmirdən sonra mənzilin döşəməsində qüsurlar əmələ gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(004)-89/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evin birinci mərtəbəsində yerləşən hamamdan X5 və onun ailə üzvərinin istifadə etməsinə maneələrin (hamamın giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması) aradan qaldırılması və zəbt edilmiş hamamın boşaldılaraq X8 təhvil verilməsi, evin ümumi istifadədə olan hissələrində (qeyri-yaşayış sahəsində) qanunsuz tikinti işlərinin dayandırılması və həmin hissələrin boşaldılaraq evin sahə mülkiyyətçilərinə təhvil verilməsi vəzifəsinin İddiaçı öhdəsinə qoyulması, evin ümumi istifadədə olan hissələrindən (zirzəmi də daxil olmaqla) istifadə qaydasının müəyyənləşdirilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 (min) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulub iddiaçıya verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, şahid X9 izahatında bildirmişdir ki, cavabdehin evində usta kimi işləyib. Keçən ilin aprel ayından oktyabr ayına kimi işləyib. Elektrik işi, döşəmə işi və başqa işləri görüb. Cavabdeh özü onu zəng edib çağırmışdı. Sonra oktyabr ayında münasibətləri pozuldu və o getdi. Cavabdeh iddiaçının hamamını zəbt etmək istəyirdi. Ona deyirdi ki, iddiaçının hamamı ilə onun hamamını birləşdirsin. Ona deyirdi ki, elə et ki, Kamilladan ona gələn xətlər yoxa çıxsın. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 20 may 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 100 saylı evin 5 saylı mənzili üzrə orta keyfiyyətli təmir işləri aparılmaqla, döşəməyə taxta vurulduğu, tavanda və divarlarda alçipan və rəngsazlıq işləri görüldüyü, arkalarda təmir işləri aparıldığı, döşəməyə metlaq vurulduğu, giriş qapısının ətrafında beton styajka və tarazlama işləri görüldüyü, tikililərdə santexnika işləri görülərək su, qaz, istilik (kombi) xətləri çəkildiyi, binanın xarici divarında daşlar kəsilərək pəncərə oyuğu açıldığı, açılmış oyuğun kənarlarında metal konstruksiyalardan çərçivə düzəldildiyi müəyyən olunmuşdur. Lakin həmin işlərin tikinti materiallarına qənaət etməklə görülüb görülmədiyi, təmir zamanı sərf edilən hansı tikinti materiallarının nə qədər alındığı və təmirdən sonra nə qədər tikinti materialı qaldığı müəyyənləşdirildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı tədqiq olunan mənzil üzrə döşəməyə vurulmuş taxtaların bəzi yerlərdə 1-3 mm aralandığı və boşaldığı, yataq otağının tavananına vurulmuş alçipan üzlüklərlə arkaların üst hissəsi arasındakı məsafənin eyni olmadığı, uşaq otağında döşəmədə maililik olduğu, mənzilin otaqlarına gedən isti və soyuq su boru xətlərinin mağaza kimi istifadə olunan tikilidə tavana vurulmuş lambrin üzlüklərdən aşağı səviyyədə çəkildiyi müəyyən edilmişdir. Lakin bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı müəyyən oluna bilər. Tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin dəyərini müəyyən etmək üçün orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Lakin yerinə yetirilmiş işlərlə əlaqədar baxış zamanı tərəflər arasında mübahisə yarandığından mübahisə olunan və mübahisə olunmayan işlərin dəyəri ayrı-ayrılıqda hesablanmışdır. Aparılan hesablamalar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 100 saylı evin 5 saylı mənzili üzrə yerinə yetirilmiş mübahisə olunmayan işlərin dəyəri 2348,0 manat, mübahisə olunan işlərin dəyəri isə 420,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, təmir işləri zamanı sərf edilən tikinti materialları cavabdeh tərəfindən alınmadığından, həmin materialların dəyəri smetada nəzərə alınmamışdır. Cavabdeh X9 tərəfindən tərtib olunan smetada qeyd olunan işlərin faktiki olaraq tədqiq olunan mənzildə yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildəki hamam tikilisi söküldüyündən, 13-cü bənddə qeyd edilən işləri müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzili üzrə orta keyfiyyətli təmir işləri aparılmaqla, döşəməyə taxta vurulduğu, tavanda və divarlarda alçipan və rəngsazlıq işləri görüldüyü, arkalarda təmir işləri aparıldığı, döşəməyə metlax vurulduğu, giriş qapısının ətrafında beton styajka və tarazlama işləri görüldüyü, tikililərdə santexnika işləri görülərək su, qaz, istilik (kombi) xətləri çəkildiyi, binanın xarici divarında daşlar kəsilərək pəncərə oyuğu açıldığı, açılmış oyuğun kənarlarında metal konstruksiyalardan çərçivə düzəldildiyi müəyyən edilmiş, lakin həmin işlərin tikinti materiallarına qənaət etməklə görülüb-görülmədiyi təmir zamanı sərf edilən hansı tikinti materiallarından nə qədər alındığı və təmirdən sonra nə qədər tikinti materialı qaldığı müəyyənləşdirildikdən sonra müəyyən edilə bilər. Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzilinin döşəməsində təmirdən sonra qüsurların yarandığı və buna səbəb döşəmənin kip biri-birinə vurulmaması, taxtaların vurulan zamanı nəm olması, atmaların biri birindən aralı vurulması nəticəsində əmələ gələn vibrasiya nəticəsində döşəməyə vurulan taxtaların biri-birindən aralanmasına səbəb ola bilər. Qeyd olunur ki, tədqiq olunan mənzilin döşəməsində olan maillik döşəmə altının düzgün yığılmaması səbəbindən əmələ gəldiyi müəyyən edilir. Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzildə aparılan təmir-tikinti işləri nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3047,0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 100 saylı evin 5 saylı mənzildə yerinə yetirilmiş işlərlə əlaqədar baxış zamanı tərəflər arasında mübahisə yarandığından (cavabdeh tərəfindən tamamlanmamış işlərin digər ustalar tərəfindən görüldüyünü) və bu səbəbdən də Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzilində görülmüş işlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh X9 tərəfindən tərtib olunan smetada qeyd olunan işlərin faktiki olaraq tədqiq olunan mənzildə yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildəki hamam tikilisi söküldüyündən 13-cü bənddə qeyd edilən işləri müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən tərəflərin arasında olan mübahisə üzrə materiallar tələb edilmişdir. Materiallarında olan 15 noyabr 2019-cu il tarixdə X3 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə yazdığı ərizədən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı evində təmir işləri görmüş, lakin bu günə kimi həmin qadın ona məxsus olan 26 ədəd usta alətlərini ona vermir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı hüquqlarını təmsil edən qanuni nümayəndəsi X4 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində yazdığı izahatından görünür ki, X9 tərəfindən görülmüş işlər pis olduğundan ona haqq-hesabın edilməsi və pal-paltarının gəlib götürülməsi bildirilmişdir. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı X16 rəisi polis mayoru Allahverdi Atakişiyev tərəfindən verilmiş 27 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, 16 noyabr 2019-cu il tarixdə icraatına X3 15 noyabr 2019-cu il tarixdə Yasamal RPİ-nə ünvanladığı müraciəti daxil olmuşdur. X1 müraciətində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı evində təmir işləri görmüş, lakin bu günə kimi həmin qadın ona məxsus olan 26 ədəd usta alətlərini ona vermir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı hüquqlarını təmsil edən qanuni nümayəndəsi olan qardaşı X4 izahatında göstərmişdir ki, X9 işini tam görmədən, pulu tam alaraq getmişdir. Ona görə də ona məxsus alətlər ünvanda qalmışdır. Qeyd etmişdir ki, gəlib əşyalarını götürə bilər, lakin bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Tərəfindən ərizəyə baxılarkən müəyyən olundu ki, X3 müraciətində göstərdiyi xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həllini tapa bilər. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi mövqe ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən döşəmənin vurulması üçün təqdim edilmiş taxtaların lazımi keyfiyyətli olmaması səbəbindən qüsurların əmələ gəldiyi, həmçinin iddiaçı tərəfindən döşəmənin vurulması üçün yapışdırıcının alınmaması və bunlar barədə iddiaçını xəbərdar etdiyini bildirsə də, iddiaçı tərəfindən məhkəmə iclasında alınmış taxtaların döşəməyə vurulması nəticəsində qüsurların əmələ gələcəyi barədə ona cavabdeh tərəfindən xəbərdarlıq edilmədiyi bildirilmiş, həmçinin, məhkəməyə təqdim edilmiş qaimələrə əsasən təmir üçün lazımi məhsulların, o cümlədən yapışdırıcının alındığı göstərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, podratçı sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda, habelə sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Lakin cavabdeh tərəfindən göstərilənlərlə bağlı iddiaçını xəbərdar etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan ekspert rəyindən müəyyən olunur ki, döşəmədə yaranmış qüsurların səbəbi yapışdırıcıdan istifadə edilməməsi deyil, döşəmənin bir-birinə kip vurulmaması, atmaların biri-birindən aralı vurulması, o cümlədən taxtaların vurulan zaman nəm olması, döşəmə altının düzgün yığılmaması olmuşdur. iddiaçıya məxsus mənzildə təmir tikinti işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün ekspert rəyinə əsasən həmin məbləğdə vəsait tələb olunur. Qanunvericiyini tələblərindən göründüyü kimi, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi podratçıdan tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehə ödənilmiş 2.300 manat məbləğində pulun və cavabdehin qəsdən xarab etdiyi tikinti materiallarına verdiyi vəsaitin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, işdə olan digər ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının mənzilində görülmüş işlərin dəyəri 2.348 manat təşkil edir. Həmçinin, ekspert rəylərinə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə orta keyfiyyətli təmir işlərinin görüldüyü müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.300 manat məbləğində muzdun müqabilində təmir-tikinti işləri görülmüşdür və buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən sonradan yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlinmişdir, yəni həmin məbləği sərf etməklə iddiaçının mənzilində olan qüsurların aradan qaldırılması təmin edilmiş olacaqdır. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən təmirin qəsdən uzatdıldığına görə əlavə kirayə haqqı ödəməklə kirayə tutduğu evdə yaşadığı üçün, təmirdən sonra yığılan mebellərin qüsurlu olduğundan sökülərək yenidən yığılması üçün cavabdehdən maddi ziyanın tutulması, o cümlədən məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin surətlərinin çıxarılması, fotoşəklillər və poçt göndərişi) çəkilmiş xərclərin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən kirayə haqqının ödənilməsi, təmirdən sonra yığılan mebellərin sökülərək yenidən yığılması üçün ödənilmiş vəsaitlə bağlı, o cümlədən məhkəmə üçün sənədlərin tərtib edilməsinə ödənilmiş xərclərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə isə münasibətdə məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh özünə məxsus tikinti alətlərinin iddiaçıda olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarından isə görünür ki, məhkəmənin 05 iyul 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən 07 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus mənzilə baxış keçirilmiş, lakin cavabdeh tərəfindən tələb edilən alətlər iddiaçıya məxsus mənzildə aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (qardaşı) Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində veridyi izahatından da görünür ki, cavabdehin iddiaçının mənzilində alətləri deyil, paltarları qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə verdiyi ifadəsində isə bildirmişdir ki, cavabdehə məxsus yükü Sovetski deyilən yerə aparmış, gətirdiyi yerdə tıxac yarandığı üçün o, maşındakı yükləri cavabdehlə birlikdə səkiyə boşaldaraq həmin ərazidən getmiş. Ona verilmiş suallara cavab olaraq cavabdehə məxsus yükü evə şəxsən aparmadığını, həmçinin qutunun içərisində olanları görmədiyini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddia tələbinə dair mövqeləri ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir: Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İş materiallarından göründüyü kimi, ekspert rəyi əsasında cavabdeh tərəfindən görülmüş işlər keyfiyyətsiz kimi qiymətləndirilmiş və razılaşdırılmış işlər vaxtında yerinə yetirilməmişdir. Göründüyü kimi A.Hacıyev razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 3047 manat maddi zərərin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsinə münasibətdə isə qeyd edir ki, apellyator tərəfindən iddiasının əsasını təşkil edən, alətlərinin, həqiqətən də, İddiaçı evində qalmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Aydın Hacıyev polis orqanına alətlərinin İddiaçı evində qalması və alətlərin qaytarılması barədə ərizə ilə müraciət etsə də, polis orqanı tərəfindən aparılmış araşdırma nəticəsində alətlərin deyil, paltarların İddiaçı evində qaldığı müəyyən edilmişdir. Həmçinin, apellyasiya baxışında Aydın Hacıyev təmir vaxtı ərzində, hətta aralarında artıq mübahisə yarandığı və davam etdiyi zamanlarda da təmir işlərini apardığı, yəni alətlərinin qaldığını iddia etdiyi evin açarları onda olmuşdur. Aydın Hacıyevin vəsatəti ilə İddiaçı səs yazısı da məhkəmə iclasında dinlənilmiş, lakin səs yazısında alətlərin evdə olduğuna dair ifadə eşidilməmişdir. Nəticə etibarı ilə, Aydın Hacıyev izahatı, apellyasiya şikayəti ilə və iş üzrə təqdim etdiyi digər vəsatətlərlə alətlərinin İddiaçı evində qalması və sonuncu tərəfindən qaytarılmamasına dair məhkəmə kollegiyasına hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iş alətlərinin iddiaçının evində qalması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası, işin bu hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun tərəfin dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X9 (Gadjiev Aidin) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-62/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar