Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3322/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin məbləğinin qiymətləndirilməsi, sığorta ödənişi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, qətnamənin maraqlarına toxunduğu hüquqi şəxs kimi tanınmış ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 2012-ci il buraxılışlı, “Kia Rio” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Hunday Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh mülkiyyətindədir.
2. xx.xx.2022-ci il tarixdə saat 20:23 radələrində Cavabdeh idarə etdiyi “Hunday Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “Kia Rio” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə avtomobillərə ziyan dəymiş, eyni zamanda “Kia Rio” markalı avtomobildə sərnişin qismində olan X3 xəsarət almışdır.
3. Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Kənan Əliyev tərəfindən qəbul edilən 24 noyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddənin tələblərinə əsasən “Hunday Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış materialın Nizami Rayon Məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilməsinə qərar verilmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir.
5. "xxxx" MMC-nin 13 dekabr 2022-ci il tarixdə tərtib etdiyi qüsur aktında göstərilmişdir ki, “Kia Rio” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 4420 manat təşkil edir.
6. “Hunday Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış, “Kia Rio” minik markalı **-VB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə həmin sığorta şirkəti tərəfindən İddiaçı 2100 manat ödənilmişdir.
7. Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”a və sığorta aktına görə, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” minik markalı **-VB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 2100 manat məbləğində hesablanmışdır.
8. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində bildirmişdir ki, “Şirkət tərəfindən müəyyən edilən dəymiş ziyan məbləği ilə razılaşır, 2100 manat sığorta ödənişinin ödənilməsini xahiş edir. Razılaşır ki, sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəlikləri yerinə yetirmiş hesab olunur və gələcəkdə zərərçəkən, sığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia sürülməyəcəkdir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 4855 manatın, anası Həlimə Həsənovanın aldığı xəsarətlə bağlı 4000 manat mənəvi zərərin və avtomaşınından isdifadə etmədiyi üçün taksi xidmətlərinə çəkdiyi xərclərə görə əldən çıxmış fayda qismində 1000 manatın, yəni ümumilikdə 9855 manat zərin və 100 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, istifadəsində olan “Kia-Rio” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər, Nizami rayon, H.Əliyev prospekti ilə üzü Bağırov körpüsü istiqamətinə 3-cü zolaqla hərəkət edərkən Bağırov körpüsünə çatmamış qəflətən gözləmədiyi anda sağ isdiqamətdə hərəkət edən “Hunday Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru, yəni onun idarə etdiyi avtomobilini sol yan hissəsindən vurmuş, nəticədə idarəetməni itirərib köməkçi yola çıxaraq avtomaşını dayandırmışdır. Hadisə zamanı arxa oturacaqda əyləşmiş anası Həlimə Həsənovaya xəsarətlər yetirilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmış, anası Həlimə Həsənovaya MTE və ETT PA birliyinin Nizami rayon şöbəsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti aldığı barədə rəy verilmişdir. Eyni zamanda ona məxsus “Kia-Rio” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymiş, avtomobilinin təmirinə və ehtiyat hissələrinə 4420 manat xərc çəkməli olmuş, qüsur aktının yazılmasına görə "xxxx" MMC-yə 150 manat xidmət haqqı ödəmişdir. Mənəvi ziyanını 4000 manat civarında qiymətləndirir.
11. Sonradan iddiaçı iddia tələbinin həcmini azaltmış, avtomobilinə dəymiş maddi ziyana görə 4855 manatın, 1000 manat əldən çıxmış faydanın və 118,50 manat dövlət rüsumunun, yəni cəmi 5955 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Kia Rio” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4140 manat müəyyən edilir.
14. Birinci instansiya məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 2040 (iki min qırx) manat məbləğində maşına dəymiş zərərin və 118,50 (yüz on səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi zərərin məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməli, rəylə müəyyən edilmiş 4140 manat məbləğində pul vəsaitindən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilmiş 2100 manat çıxılmalı, 2040 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, 1108.1-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən, qətnamənin maraqlarına toxunduğunu irəli sürən ləğv prosesindəki Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin iddiaçının özünün imzaladığı sığorta aktı əsasında 2100 manat müəyyənləşdirildiyi və iddiaçının bununla razılaşaraq həmin məbləği aldığı arqumentləri ilə əsaslandırmışdır.
18. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti birinci instansiya məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı əsasında qətnamənin maraqlarına toxunduğu hüquqi şəxs kimi tanınmış, apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
20. Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı ərizə göndərərək ölkədə olmayacağı üçün prosesin təxirə salınmasını, əks halda qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
25. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
26. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
27. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
28. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
29. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
30. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
31. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
32. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
33. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
34. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
38. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Qanun
39. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
40. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
41. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
42. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
43. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, qətnamənin maraqlarına toxunduğu hüquqi şəxs kimi tanınmış apellyator isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
53. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
54. Belə ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat (§ 43) sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını (§ 31, 39), zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir (§ 34).
55. İşin hallarından görünür ki, “Hyundai Sonata” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalamış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manatadək sığorta ödənişi tələb etmək hüququna sahib olan iddiaçı (§ 42) həmin şirkətin müəyyənləşdirdiyi zərər məbləği ilə razılaşmış, avtomobilinə dəymiş ziyanın 2100 manat olması ilə bağlı tərtib olunmuş aktı imzalayaraq göstərilən məbləği qəbul etmişdir.
56. Halbuki iddiaçı, əgər avtomobilinə dəymiş ziyan məbləği 2100 manatdan artıq, 5000 manatdan az idi isə, müvafiq sığorta aktı ilə razılaşmamalı, sığorta şirkətindən 5000 manata qədər həddə olan ziyan məbləğini tələb etməli idi.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1056/2023 saylı iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh İddiaçı xeyrinə 2040 (iki min qırx) manat məbləğində maşına dəymiş zərərin və 118,50 (yüz on səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissələrdə də təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59,70 manat İddiaçı alınıb ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov