Məhkəmə qərarları › İş №2(103)-3326/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3326/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3326/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “səhmdar cəmiyyətə aid sənədlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, (sonradan iddia tələbinin həcmini azaldaraq) Cavabdeh ASC-nin direktorlar şurasının (müşahidə şurasının) 2010-2011-2012-2013-2014 və 2018-ci illərə dair protokollarının, cəmiyyətin emissiya prospektinin, ASC-yə məxsus Cənub Körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında olan torpaqların özəlləşdirilməsi üçün ödənilən 11.520.000.99 manatın kimlərlə (hansı təşkilatlarla, banklarla və fiziki şəxslərlə) bağlanmış kredit müqavilələrinin, ASC-yə məxsus olan torpaq sahələrinin özəlləşdirilməsinə ödənilən pul qəbzlərinin və ASC-nin xx.xx.2019-cu il tarixində səhmdarların yığıncağında səsləndirilmiş 1.042.000 manatın əmək haqqı və işdən çıxarılmış işçilərə ödənilmiş kompensasiyanın cədvəl şəkilində surətlərinin ona verilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi ətraflı araşdırmadan, cavabdehlə eyni qənaətə gəlmişdir. Belə ki, məhkəmə araşdırma aparsaydı, məlum olardı ki, iddiaçının tələb etdiyi sənədlərin surətləri və onlara dair məlumatlar “Mülkiyyət” qəzetində dərc edilmir. İddiaçı həmin sənədləri əldə edə bilmədiyi və məlumat ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə həmin sənədlərin verilməsinə hüquqi qiymət verməmiş və onların iddiaçıya təqdim edilməsi ilə bağlı hər hansı tədbir görməmişdir. Halbuki, MM-in 106-1.3.2-ci maddəsinə əsasən, səhmdar cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar alması, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olması üçün səhmdarlarına şərait yaratmalıdır. İddiaçı isə, rəsmi müraciətinə baxmayaraq, tələb etdiyi məlumat və sənədlərlə tanış ola bilməmişdir. hesab edir ki, cavabdeh, bir müddət sonra özəlləşdirmə üçün ödənilmiş məbləği borc götürdüyü, cəmiyyətin həmin borcu qaytara bilmədiyi və bu səbəbdən cəmiyyətin ləğv ediləcəyi və s. digər əsaslarla fəaliyyət göstərə bilməyəcəyini bildirəcəkdir. İddiaçı, həmin məsələlərin baş verməməsi üçün müəyyən etmək istəyir ki, həmin pul haradan əldə olunmuşdur. Bundan başqa, o, həm də, Müşahidə Şurasının protokollarının təqdim edilməsini tələb etmişdir. Məhkəmə isə qanunla həmin sənədlərin təqdim edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Halbuki, qanunvericilikdə həmin protokolların verilməsinə dair hər hansı bir qadağa yoxdur. İddiada tələb olunan sənədlərdən biri də emissiya prospektinin sürətidir ki, məhkəmə onun da əsassız olaraq cavabdehdən alınmaması qənaətinə gəlmiş və həmin sənədin özəlləşdirməni həyata keçirən ƏMDK-də olduğunu qeyd etmişdir. Lakin Dövlət Əmlakının özəllşdirilməsinin İİ Dövlət Proqramının 5.4-cü bəndinə əsasən, ƏMDK özəlləşdirmə planını təsdiq edir. Bu isə, həmin sənədin onda olması anlamına gəlmir. Çünki özəlləşdirmə planında məhkəmənin qətnaməsində əks etdirdiyi məsələlərdən başqa, cəmiyyətin əsas vəsaitləri, onların ilkin və qalıq dəyərləri, yerləşdiyi yerlər və s. kimi məsələlər də öz əksini tapır. Komitə həmin sənədi təsdiq etdikdən və tikilib kitab şəklinə salındıqdan sonra cəmiyyətə təqdim edir. Məhkəmə ən azından həmin sənədin cavabdehdə və ya qeyd edilən Komitədə olub-olması məsələsini araşdıra bilərdi. Lakin qətnaməsində cavabdehin məktubunu əsas tutaraq, iddiaçıya maliyyə sənədləri ilə tanış olmaq və sürət çıxarmaq üçün ASC-də şərait yaradılacağını bildirmişdir. Məhkəmə, bunun əvəzinə, cavabdehdən həmin sənədləri tələb edə, yerində araşdıra və iddiaçının həmin sənədləri əldə etməsi üçün şərait yarada bilərdi. Əksinə, cavabdehin mövqeyindən çıxış edərək, onun digər sənədlərin verilməsindən imtina edə biləcəyi və qeyd edilən hüququnun realizəsi zamanı cavabdehin mənafeyinin gözlənilməli olduğunu bildirmişdir. Lakin hazırkı halda, səhmdar olaraq iddiaçının mənafeyi gözlənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili isə, şikayətə etiraz edərək, bildirmişdir ki,ASC səhmdarın cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququnu məhdudlaşdırmır. Qanunla cəmiyyətin veməyə borclu olduğu sənədlər konkret şəkildə müəyyən olunub, hansı ki, cəmiyyət həmin sənədləri iddiaçıya təqdim edib. Tələb etdiyi digər sənədlərlə isə istədiyi vaxt müəssisəyə gəlib, tanış ola bilər. Necə ki, həmişə gəlib və ona tanışlıq üçün zəruri şərait yaradılıb. Emissiya prospekti isə cavabdehdə deyil, ƏMDK tərəfindən təqdim edilməyib. Ona görə də, iddiaçı bu sənədlə tanış olmaq üçün həmin orqana müraciət etməlidir. Bundan əlavə, cəmiyyətin fəaliyyəti ilə bağlı hər il “Mülkiyyət” qəzetində illik hesabat dərc olunur və səhmdarın onunla tanış olmaq imkanı olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh ASC-nin 661.847 ədəd qiymətli kağızlarından 10 ədədinin sahibi İddiaçıdir. İddiaçı xx.xx.2019-cu il tarixli məktubla ASC-yə müraciət edərək, direktorlar şurasının (müşahidə şurasının) 2010-2011-2012-2013-2014 və 2018-ci illərə dair protokollarının, ASC-nin Emissiya prospektinin, ASC-yə məxsus Cənub Körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında olan torpaqların özəlləşdirilməsi üçün ödənilən 11.520.000.99 manatın kimlərlə (hansı təşkilatlarla, banklarla və fiziki şəxslərlə) bağlanmış kredit müqavilələrinin, ASC-yə məxsus olan torpaq sahələrinin özəlləşdirilməsinə ödənilən pul qəbzlərinin, ASC-nin xx.xx.2019-cu il tarixində səhmdarların yığıncağında səsləndirilmiş 1.042.000 manatın əmək haqqı və işdən çıxarılmış işçilərə ödənilmiş kompensasiyanın cədvəl şəkilində və ASC-nin 2010-2011- 2012-2013-2014 və 2018-ci illərin yekunlarına dair keçirilmiş ümumi yığıncağının proltokollarının surətlərinin ona verilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin xx.xx.2019cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qanunla səhmdarlara göndərilməsi nəzərdə tutulan sənəd ümumi yığıncağın protokolunun surəti (Mülki Məcəllə, maddə 107- 6.3.) olduğundan ərizəçi bütün digər sənədlərlə Mülki Məcəlləsinin 106-1.3.2 bəndini əsas tutaraq istənilən vaxt iş saatlarında cəmiyyətə gəlib tanış ola bilər. Cəmiyyətin hər il maliyyə hesabatları səhmdarların ümumi yığıncağı tərəfındən təsdiq edildikdən sonra “Mülkiyyət” qəzetində dərc edilir (cəmiyyətin kütləvi informasiya vasitələrində dərc edilməsi üçün verilmiş xx.xx.2018-ci il tarixinə dair hesabat (xx.xx.2019-cu il tarixli 33 saylı qəzet buraxılışı). Ərizəçi adı çəkilən qəzetin həmin buraxılışını müvafıq satış məntəqələrində əldə edə bilməsə, qeyd edilən buraxılışın bir nüsxəsi cəmiyyətin mühasibatlıq şöbəsində saxlanılır və tanış olması və ya surətini çıxarması üçün müvafiq şərait yaradıla bilər. Cəmiyyət ərizəçinin göndərilməsini tələb etdiyi digər adda sənədlərin (emissiya prospektinin surətini, müşahidə şurasının iclasının protokollarının surətini, əmək haqqı üzrə ödəniş cədvəllərinin surətini və s.) qanunla birbaşa göndərilməsi kimi öhdəliklə vəzifələndirilmədiyindən ərizəçi həmin sənədlərlə yerində - müəssisənin inzibati binasında tanış ola bilər. Eyni zamanda, qeyd olunmuşdur ki, cəmiyyət tərəfindən Səbail rayonu Cənub Körpüsü və Gülbala Əliyev küçəsi 25 ünvanında cəmiyyətə məxsus tarpaq sahələrinin özəlləşdirilməsinə cəmi 11.520.000,99 (20000.99 manatı dövlət rüsumu) manat məbləğində ödəniş edilmişdir. 11.500.000 manat məbləği bank vasitəsilə köçürmə yolu ilə Əmlak Məsələləri Dövlət Komitəsinə köçürülmüşdür. Hazırda iddiaçı, Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinə istinad edərək, iddia tələbində qeyd olunan sənədlərin surətlərinin ona təqdim olunmasını tələb edir. Cavabdeh isə, qanunla səhmdara verməyə borclu olduğu sənədlərin surətlərini verdiyini, digər sənədlərlə isə müəssisənin binasında tanış olmasına şərait yaradıldığını bildirərək, iddiaya etiraz edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 102.4-cü maddəsinə əsasən, səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. MM-in 106-2.3-cü və 107-6.3-cü maddələrinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Səhmdarın tələbi ilə səhmdarların ümumi yığıncağının protokolunun surəti ona təqdim edilməlidir. Həmin Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının hüquqları sadalanmış və bunların sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ da qeyd olunmuşdur. Göründüyü kimi, qanunverici, tələb edildiyi halda səhmdar cəmiyyətin səhmdarlarına təqdim etməli olduğu sənədlərin dairəsini konkret şəkildə müəyyən etməklə, cəmiyyətin fəlaiyyəti ilə bağlı digər sənədlərə dair səhmdarın tanış olmaq hüququnu nəzərdə tutmuşdur. Haızrda iddiaçının, surətlərinin verilməsini tələb etdiyi sənədlər, cəmiyyətin təqdim etməli olduğu sənədlər kateqoriyasına aid olmamaqla, səhmdarın tanış olmaq hüququna malik olduğu cəmiyyətin fəaliyyətinə dair digər sənədlərdir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, baxılan iş üzrə səhmdarın cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq hüququ pozulmamışdır. Belə ki, Cavabdeh ASC tərəfındən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçıya tələb etdiyi sənədlərlə yerində, yəni cəmiyyətin inzibati binasında tanış olması təklif edilmiş və cəmiyyət tərəfindən buna şərait yaradılacağı bildirilmişdir. Apellyasiya baxışında, iddiaçının nümayəndəsi Əliyev Ramiz, məhkəmə iclasında verdiyi izahatında cəmiyyətin binasında olduğunu və cəmiyyətə məxsus olan torpaq sahələrinin özəlləşdirilməsinə ödənilən pul qəbzləri ilə tanış olduğunu, lakin surətlərinin ona təqdim olunmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin ödəniş qəbzlərinin və sözügedən torpaq sahələrinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətləri təqdim olunmaqla, bir nüsxəsi iddiaçıya verilmişdir. Eyni zamanda, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli, 04 № 21 saylı məktubunda qeyd olunmuşdur ki, 2018-ci il üzrə illik hesabatın xərc hissəsində göstərilən 1.042.512,xx xxxxx 2018-ci il üzrə işçilərə ödənilən əmək haqqı və ixtisara görə müavinət haqqıdır. Cavabdeh ASC xx.xx.2020-ci il tarixli, 04 № 69 saylı məktubla isə yazılı şəkildə iddiaçıya bildirmişdir ki, tələb etdiyi emissiya prospekti ASC-nin binasında mövcud deyil. Belə ki,Azərbaycan Respublikası Prezidentinin 383 saylı, xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında döviət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 5.4-cü bəndinə əsasən dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında müvafiq qərar qəbul edildiyi gündən etibarən 10 gün ərzində özəlləşdirməyə hazırlıq məqsədi ilə hər müəssisədə özəlləşdirmə komissiyası yaradılır. Həmin Komissiya tərəfindən işlənib hazırlanan və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməli olan sənədlərdən biri də özəlləşdirmə planı-emissiya prospektidir. Ona görə də, adı şəkilən ənədin surətinin əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunması tövsiyyə edilir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəfindən cəmiyətin səhmdarı kimi İddiaçı sözügedən sənədlərlə tanış olması üçün özündən asılı olan lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçı həmin sənədlərin surətlərinin məcburi qaydada ona verilməsində israr etməklə, nəzərə almamışdır ki, hansı sənədlərin məcburi qaydada verilməsi MM-in yuxarıda sadalanan normları ilə dəqiq şəkildə tənzimlənmişdir. Bütün digər sənədlərə dair hallarda ASC öz mənafeyindən çıxış edərək həmin sənədlərin surətinin verilməsindən imtina edə bilər. Bu halda, səhmdarın cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq hüququ gözlənilməlidir ki, həmin hüququn realizəsi tələb olunan sənədlərin surətləri təqdim olunmadan onlardakı informasiya ilə tanış olmaqla həyata keçirilə bilər və bu səhmdarın məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Birinci isntansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, cəmiyyətin fəaliyyətinə aid sənədlərin hər bir səhmdara təqdim edilməsi fiziki cəhətdən də mümkün deyil, əks yanaşma, bu onun fəaliyyətinin iflic vəziyyətə salınmasına gətirib çıxarar. Qanunverici, cəmiyyətin fəaliyyəti ilə bağlı əsas məlumatları özündə əks etdirən sənədlərin (nizamnamənin (102.4-cü maddə), səhmdarların reyestri (106-2.3-cü maddə, ümumi yığıncağın protokolunun surətinin (107-6.3-cü maddə) səhmdara verilməsini isə ona görə təmin edir ki, həmin sənədlər cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məlumatların əldə edilməsinə imkan verir. Hər il keçirilən ümumi yığıncaqda cəmiyyətin fəaliyyəti ilə bağlı hər bir məsələ müzakirə olunur ki, səhmdar onların müzakirəsində iştirak edə, hər-hansı bir məsələnin düzgün aparılmaması ilə bağlı razılaşmadıqda etiraz edə və həmin məsələ ilə bağlı mübahisə aça bilər. Kollegiya, birinci isntansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cəmiyyətin fəaliyyətinin səhmdarların marağına zidd şəkildə aparılmasından şübhələndiyini, buna görə də onun fəaliyyətinə dair həmin sənədlərin surətlərini tələb etdiyini bildirir. Kollegiya, iddiaçının bu dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 49.6-cı maddəsinə əsasən, Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10% paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. Əvvəla işdə olan Səhmdarların reyestrindən görünür ki, İddiaçı 10 ədəd səhmə malik olmaqla, nizamnamə kapitalında 0,0015% paya malik olan səhmdardır. Ona görə də, əsaslı şübhələri olduqda belə onun cəmiyyətin fəaliyyətinə dair bütün sənədlərə baxış keçirmək, həmin sənədlərin surətlərini almaq hüququ yoxdur. Digər tərəfdən, hüququ olsaydı belə, iddiaçı məhkəməyə MM-nin 49.4-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinə dair əsaslı şübhələrinin olmasını təsdiq edən sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-267/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar