Məhkəmə qərarları › İş №2(103)-3329/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3329/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3329/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X5 ştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Təbii qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsindəki 49 A ünvanında yerləşən evinə qaz xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-886/2023 nömrəli, 07 mart 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddia təmin edildiyi üçün Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini və mülki iş üzrə sübutun saxtalaşdırmasına yol vermiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində toplanmış materialların, vəkil barəsində Cinayət Məcəlləsinin 294.1-ci maddəsi üzrə araşdırma aparılması məqsədi ilə rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X6 bu qəbildən olan işlərə inzibati məhkəmələr tərəfindən baxıldığını bildirərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-886/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının: 13-cü bəndinə əsasən elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 14-cü bəndinə əsasən isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb iddiaçının istifadə və sahibliyində olan (hüquqi vəziyyətinə görə özbaşına tikintidir) fərdi yaşayış evinə təbii qazın çəkilməsi ilə bağlı Cavabdeh hərəkətsizliyinin aradan qaldırılması ilə bağlıdır. İddiaçı Cavabdeh təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun evinin təbii qazla təchiz edilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etdiyini (texniki şərtin hazırlanması, qaz xəttinin çəkilməsi, qazlaşma işlərinin aparılması, o cümlədən qaz sayğacının quraşdırılması və abonent kodunun verilməsi) iddia edir. Hazırki iddiadan əvvəl iddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən X11 Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrinə, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmədiyi bildirilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi məsələnin həll edilməsi üçün Cavabdehndən başqa müraciət edə biləcək, hər hansı başqa qurum mövcud deyil. Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, aidiyyəti hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya hazırki tələblə təbii inhisar subyekti olan cavabdehə qarşı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Təbii qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar) xitam verilsin. İddiaçı hazırki tələblə təbii inhisar subyekti olan Cavabdehnə qarşı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar