Məhkəmə qərarları › İş №2(103)-3331/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3331/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3331/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 51 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirlməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, borcalan olaraq onunla kreditor olaraq Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə cavabdeh 51 saylı Notariat Ofisində bağlanmış “Kredit müqaviləsi” üzrə həmin Notariat Ofisinin tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “İcra qeydinin” ləğv icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı biznes fəaliyyəti ilə məşğul olur. 2020-2021-ci illərdəki pandemiya səbəbindəniddiaçının biznes fəaliyyəti zəifləmişdi. Biznes fəaliyyətini bərpa etmək üçün iddiaçıya pul lazım olmuş və o, tanışı olan X4 müraciət etmiş, sonuncu isə iddiaçıya 45.000 manat məbləğində pulu borc verməyə razı olduğunu bildirmiş və bunun üçün müqavilənin bağlanmasını tələb etməmişdir. Lakin iddiaçı təkid etmişdir ki, bu məsələ ilə bağlı aralarında yazılı və notarial qaydada “Kredit müqaviləsi” bağlansın. Razılığa əsasən onlar xx.xx.2022-ci il tarixdə 51 saylı Notariat Ofisində görüşmüş, lakin Reyhan Aslanovanın “şəxsiyyət vəsiqəsi” yanında olmadığı üçün bunu etmək mümkün olmamışdır. Bu səbəbdən Reyhan Aslanovanın kürəkəni olan Cavabdeh2ya zəng edərək, ondan “şəxsiyyət vəsiqəsinin” üzərində olduğunu soruşmuş, sonuncudan müsbət cavab aldıqdan sonra onun həmin Notariat Ofisinə gəlməsini xahiş etmişdir. Cavabdeh2 qısa müddətdən sonra Notariat Ofisinə gələrək, şəxsiyyət vəsiqəsini notariusa təqdim etmiş və iddiaçı ilə Cavabdeh2 arasında “Kredit müqaviləsi” bağlanmışdır, halbuki, 45.000 manat məbləğində borc iddiaçıya Reyhan Aslanova tərəfindən vermişdir. Qısa müddət ərzində iddiaçı həmin borcu Reyhan Aslanovaya qaytarmışdır. Buna baxmayaraq Cavabdeh2 həmin Notariat Ofisinə ərizə ilə müraciət edərək, borcun qaytarılmamasını bildirmiş və “Kredit müqaviləsi” əsasında “İcra qeydinin” verilməsini xahiş etmişdir. Notarius da, məsələni araşdırmadan, “İcra qeydinin verilməsi barədə” müraciətin daxil olması barədə iddiaçıya məluma vermədən xx.xx.2024-cü il tarixdə 45.000 manat məbləğində pulun iddiaçıdan alınaraq Cavabdeh2 ödənilməsi barədə “İcra qeydi” vermiş və “İcra qeydi” icra olunması üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı, bu barədə Reyhan Aslanovadan soruşduqda iddiaçıya bəlli olmuşdur ki, Cavabdeh2 ilə X1 Qurbanovanın ər-arvad münasibətləri pozulmuş, Çinarə Qurbanova “nikahın pozulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin işin baxılması zamanı Cavabdeh2 məhkəmə iclasında Çinarə Qurbanovaya demişdir ki, onunla barışarsa, pul tələbindən imtina edəcəkdir. İddiaçı bildirir ki, o, Cavabdeh2 o qədər də yaxından tanımır ki, borc almaq üçün ona müraciət etsin. O, Cavabdeh2 cəmi iki dəfə görmüşdür. Bundan başqa onda olan məlumata görə Cavabdeh2 elə bir imkanı yox idi ki, kiməsə 45.000 manat borc versin. Buna görə də, qeyd edilənlərə əsasən “İcra qeydi” ləğv edilməlidir. b) cavabdehlərin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixində 51 saylı Notariat Ofisində bağlanmış “kredit müqaviləsi” etibarlı əqddir və o, həmin müqavilədə qeyd edilən 45.000 manat pulu iddiaçıya notariusun depozit hesabı vasitəsi ilə vermişdir. “Kredit müqaviləsinin” şərtinə görə borc xx.xx.2023-cü il tarixədək qaytarılmalı idi. Lakin iddiaçı borcu qaytarmamışdır. Bu səbəbdən də, o, “İcra qeydinin” verilməsi ilə bağlı ərizə ilə həmin Notariat Ofisinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində qeyd edilən hallar borcu ödəməkdən yayınmağa qulluq edir və subyektiv xarakter daşıyır. İddiaçı iddia ərizəsində bildirir ki, “Kredit müqaviləsi” Reyhan Aslanova ilə ona görə bağlanmamışdır ki, Reyhan Aslanovanın “şəxsiyyət vəsiqəsi” evdə qalmışdır. Lakin nəzərə almaq lazımdır ki, Reyhan Aslanova 51 saylı Notariat Ofisindən təxminən 700 metr aralı yaşayır. Belə olan halda onu Notariat Ofisinə çağırmaqdan isə “şəxsiyyət vəsiqəsini” evdən götürmək daha rahat idi. Bundan başqa iddiaçı bildirir ki, onun (Cavabdeh2) elə bir imkanı yox idi ki, kiməsə 45.000 manat borc versin. İddiaçının bu fikri yalandır. Belə ki, o, özünə məxsus mənzili “Kredit müqaviləsinin” bağlanmasından təxminən 1 il əvvəl, yəni xx.xx.2022-ci il tarixdə 156.000 manata satmışdır və həmin müqavilənin surətini məhkəməyə təqdim edir. Odur ki, göstərilənlərə əsasən hesab edir ki, də, o, iddia əsassız hesab edilərək, rədd edilməlidir.

4. İş üzrə digər cavabdeh olan Bakı Şəhəri 51 saylı Notariat Ofisi məhkəmə iclasları barədə lazımı qaydada xəbərdar olunsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə dair yazılı mülahizəsini Rayon Məhkəməsinə təqdim etməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə 51 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “İcra qeydinin” ləğv edilməsini, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir rayondandır. İddiaçı, onun sinif yoldaşı Vəfa Məmmədovanın əridir. İddiaçı evləri santexnika malları ilə təmin edir. O, özü ev alğı-satqısı ilə məşğuldur. Evləri alır, təmir edir, satır. Bir dəfə iddiaçı ondan borc istəmiş, o da verəcəyini bildirmişdir. Borcu rəsmiləşdirmək üçün notariusa getməli idilər. O, Tibb Universiteti ilə üzbəüz yaşayır, qızı Çinarə Qurbanova və kürəkəni – Cavabdeh2 evlərini satıb onun mənzilinin olduğu bina tərəfdən ev alıb təmir edirdilər. Qızı həmin gün dərsdə olduğundan, o, isə “şəxsiyyət vəsiqəsini” tapa bilmədiyindən, Cavabdeh2 öz oğlu kimi yanaşdığından borc müqaviləsi bağlaması üçün Hikməti notariusa dəvət etmişdir. Hikmət gəlmiş və “Kredit müqaviləsini” imzalamışdır, lakin kassada pulu verən o özü olmuşdur, pulu iddiaçı götürmüşdür. Pulu o qazanmış, öz puludur. Hikmət ailə üzvü olmuş, iki nəvəsinin atasıdır, ona etibar etmişdir. İddiaçı borcunu 1 il ərzində hissə-hissə qaytarmışdır. Bəzi hallarda naturada müəyyən məbləğ dəyərində ona mal vermiş və onu da borca hesablamışlar. İddiaçının ona heç bir borcu yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci maddələrinə “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə istinad edərək, qətnamədə qeyd etmişdir ki, notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. İddia tələbi ilə bağlı qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə də hesab edilməlidir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Çünki tələbin əsasını iddiaçının biznes fəaliyyətini bərpa etmək üçün iddiaçı, onun arvadının sinif yoldaşı, yaxın ailəvi münasibətləri olan Reyhan Aslanovadan 45.000 manat məbləğində pulun borc alınması ilə bağlı sonuncunun kürəkəni Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə verilən icra qeydinin əsassız olması təşkil edir. Başqa sözlə, iddiaçı 45.000 manat məbləğində pulu ona borca verən kimi Cavabdeh2 rəsmiləşdirilməsinə baxmayaraq pulu faktiki olaraq Reyhan Aslanovadan aldığı halda, cavabdehin Cavabdeh2 əsassız olaraq icranın aparılması üçün Notariat Ofisinə müraciət etməsi ilə razılaşmır. Belə ki, iddiaya görə borc məbləği Reyhan Aslanovadan alındığı kimi də qaytarılmışdır. İşin bu halını məhkəmə iclasında şahid qismində dindirilmiş Reyhan Aslanova ifadəsində təsdiq etmişdir. Məhkəmə, cavabdeh tərəfin iddianın əsassız olması, Cavabdeh2 öz evini satdığı üçün iddiaçıya pulu verməyə kifayət qədər imkanı olması və iddiaçının xx.xx.2023 tarixədək borcu qaytarmadığı üçün notariat ofisinə haqlı olaraq müraciət etməsi və icra qeydinin də əsaslı olaraq verilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin şahidin kürəkəni olmaqla hazırda ailə münasibətlərində gərgin münasibətlərinin olması iş materiallarında olan cavabdehin şahidin qızı ilə aralarında olan nikahın pozulmasına dair Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 151/2025 saylı qətnaməsi ilə təsdiqlənir. Tərəflərin izahatları ilə o da təsdiq edilir ki, xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi” bağlanan tarixə Cavabdeh2 iş üzrə şahid qismində dindirilmiş Reyhan Aslanovanın qızı ilə ailə münasibətləri normal olmuşdur. Məhkəmə, iddiaçının cavabdehin Reyhan Aslanovanın kürəkəni kimi tanımaqla məhz şahidin xahişi ilə onun verdiyi borcun rəsmiləşdirilməsi zamanı borc verən kimi iştirak etməsinə dair iddiaçının izahatının və şahid ifadəsinin dəlillərini inandırıcı sayır və bu izahat və ifadəni sübut kimi qiymətləndirir. Cavabdeh2 iddiaya etiraz edərək, bildirir ki, Reyhan Aslanova 51 saylı Notariat Ofisindən təxminən 700 metr aralı yaşayır. Belə olan halda əgər Reyhan Aslanova “şəxsiyyət vəsiqəsini” evdə unutmuşdursa, onu Notariat Ofisinə çağırmaqdan isə “şəxsiyyət vəsiqəsini” evdən götürmək daha rahat idi. Cavabdeh2 bu dəlili əsassızdır. Çünki “Kredit müqaviləsinin” bağlandığı tarixdə Reyhan Aslanovanın “şəxsiyyət vəsiqəsinin” evdə qalmasını nə Reyhan Aslanova nə də ki, iddiaçı bildirməmişlər. İddiaçı bildirmişdir ki, müqavilə bağlanan zaman Reyhan Aslanovanın “şəxsiyyət vəsiqəsi” yanında olmamış, Reyhan Aslanova isə şahid qismində ifadə verərkən göstərmişdir ki, o “şəxsiyyət vəsiqəsini” həmin vaxt tapa bilməmişdir. Bundan başqa Cavabdeh2 bildirir ki, “Kredit müqaviləsinin” bağlanmasından təxminən 1 il əvvəl, yəni xx.xx.2022-ci il tarixdə o, özünə məxsus mənzili 156.000 manata satmışdır və onun 45.000 manatı iddiaçıya borc vermək üçün imkanı olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh2 bu dəlili əsassızdır. Belə ki, iddiaçıya verilmiş borc məbləğinin Cavabdeh2 özünə məxsus mənzilin satılmasından əldə etdiyi pul vəsaiti hesabına verilməsini təsdiq edə biləcək etibarlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 şəxsi pulunu verdiyi halda müqavilə müddəti bitdikdən sonra borcun qaytarılması barədə iddiaçı tərəfə hər hansı bir formada müraciət etməsinə, xəbərdarlıq etməsi ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. d) apellyasiya şikayəti və ona etiraz barədə məlumat

7. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları Cavabdeh2 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

11. İş üzrə digər cavabdeh 51 saylı Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

12. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və həmin tarixdə 51 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-2977 nömrə altında qeydə alınmış “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, xx.xx.2023-cü il tarixə kimi qaytarmaq şərti ilə Cavabdeh2 tərəfindən iddiaçıya 45.000 manat məbləğində pul borc verilmişdir.

15. Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuşdur ki, ödəniş müddətinin keçməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.

16. Həmin Notariat Ofisi tərəfindən qeyd edilən “Kredit müqaviləsi” əsasında xx.xx.2024-cü il tarixdə verilmiş “İcra qeydindən” görünür ki, borcun ödənilməsi məqsədi ilə 45.000 manat məbləğində pul iddiaçıdan tutularaq Cavabdeh2 ödənilməlidir.

17. Hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin mahiyyəti də, notarius tərəfindən verilmiş həmin “İcra qeydinin” verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı hesab edir ki, “İcra qeydi” əsassız olaraq verildiyindən ləğv edilməli, Cavabdeh2 isə hesab edir ki, “İcra qeydi” əsaslı olaraq verildiyindən ləğv edilməməlidir. “İcra qeydini” vermiş 51 saylı Notariat Ofisi mövcud mülki mübahisə ilə bağlı mövqeyini ümumiyyətlə bildirməmişdir. İddia tələbinin əsaslı olması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi isə yuxarıda artıq qeyd edilmişdir.

18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

20. Təlimatın 162-ci maddəsinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

21. Hazırkı işin hallarından isə görünür ki, borcun mübahisəsiz olması müəyyən edilmir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanması qeyd edilən xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinin” şərtinə görə borc xx.xx.2023-cü il tarixədək qaytarılmalı idi. Cavabdeh2 borcun qaytarılmadığını bildirsə də, “İcra qeydinin” verilməsi üçün Notariat Ofisinə həmin tarixdən təxminən 1 il 5 ay keçdikdən sonra müraciət etmişdir.

22. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında bağlanması qeyd edilən xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinin” digər şərti ondan ibarət olmuşdur ki, ödəniş müddətinin keçməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Lakin Cavabdeh2 onun tərəfindən iddiaçıya belə bir məzmunlu yazılı bildirişin göndərilməsini təsdiq edə biləcək sübutu məhkəmələrə təqdim etməmişdir.

23. Digər tərəfdən qeyd edilməlidir ki, “İcra qeydini” vermiş notariusun da, borclu olan iddiaçıya Cavabdeh2 “İcra qeydinin” verilməsi ilə bağlı Notariat Ofisinə müraciət etməsi ilə bağlı məlumat (bildiriş) verilməsi iş materialları ilə təsdiq edilmir.

24. Buna görə də, qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar