Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3332/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" ilk iddiasına, cavabdeh MMC-nin iddiaçıya qarşı "xxxx" qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən borcun ödənilməsi məqsədi ilə 259.299,76 ABŞ dolları və həmin vəsaitin qanunsuz olaraq saxlanılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 73.799,928 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin buna səlahiyyətli olan vəzifəli şəxsi MMC-nin adından iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının MMC-yə qarşı əsassız olaraq (ilk) iddia irəli sürməsinə görə iddiaçıdan MMC-nin və dövlətin xeyrinə ümumilikdə 100.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.06.2020-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 17.11.2020-ci il tarixli qətnamə (İş № 2(103)-7707/2020) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin ilk iddia üzrə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 13.04.2021-ci il qərarı (İş № 2(102)- 2457/2021) ilə kasasiya şikayətinin qismən təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni ilk iddia tələbinin həll edilməsi hissəsində ləğv edilməsini və mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçının apellyasiya şikayətinə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 28.09.2021-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin olunmasını, MMC-dən 259.299,76 ABŞ dolları əsas borc, 73.799,928 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 333.099,688 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin tutulub iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh MMC-nin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 07.02.2022-ci il tarixli qərarı (İş № 2(102)-815/2022) ilə kasasiya şikayətinin qismən təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki işə apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən iddiaçının Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə, yuxarıda qeyd edilən həcmdə yenidən baxılır. Mülki işə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, apellyasiya baxışının predmetini təşkil edən ilk iddia üzrə iddiaçının tələbi və Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh MMCnin təsisçisi olmuş X3 iddiaçının dostu olmuşdur. İlham Eyyubov iddiaçıya, MMC-nin fəaliyyətini genişləndirmək istədiyini, lakin maliyyə çətinliyinin buna imkan verməməsini bildirərək, iddiaçıya təklif etmişdir ki, MMC-yə pul vəsaiti qoysun, buna görə qazancdan iddiaçıya pul verəcəkdir. İlham Eyyubov ilə dost olduğundan və əvvəllərdə aralarında borc məsələləri olduğundan iddiaçı, 02.12.2013-cü il tarixdən 03.11.2014-cü il tarixədək MMCnin kassasına 412.066 ABŞ dolları pul mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, borc ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin MMC-nin kassasına mədaxil edilməsi MMC-nin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində MMC-nin hazırkı direktoru (İlham Eyyubovun qızı) Ramina Eyubovanın, baş mühasibi Mehman Rəşidovun imzaları ilə təsdiq edilmişdir. Həmin pul vəsaitini MMC-yə mədaxil edəndə pulunun təminatı kimi iddiaçı MMC-yə işə götürülmüşdür. Daha sonra İlham Eyyubov vəfat etmişdir. Bundan sonra, mərhumun arvadı Sevda Əyyubova və övladları pulun qaytarılması barədə iddiaçıya vəd versələr də, pulunun bir qismini qaytarmış, lakin 259.299,76 ABŞ dollar hissəsini qaytarmamışlar. Pul vəsaitininin iddiaçı tərəfindən MMCnin kassasına mədaxil etməsi və pulun hal-hazıra kimi iddiaçıya qaytarılmaması MMC-nin baş mühasibi Mehman Rəşidovun, baş direktoru vəzifəsində işləmiş Emil Quliyevin və direktor müavini işləmiş Şahin Tağıyevin Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə verdikləri izahatları ilə də təsdiq olunmuşdur. Beləliklə, iddiaçıya məxsus külli miqdarda pul vəsaiti cavabdeh MMC-də qalmış və hal-hazıra kimi geri qaytarılmamışdır ki, MMC, iddiaçıya məxsus olan vəsaiti əsassız olaraq özündə saxlayaraq istifadə etmiş, vəsaitdən fayda götürmüşdür. Halbuki, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh MMC ona 259.299,76 ABŞ dolları və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri (259.299,76 x 5%= 12.299,988; 12.299,988 x 6= 73.799,928), cəmi 333.099,688 ABŞ dolları pul vəsaitini ödəməlidir. İddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarına səthi qiymət vermiş, onun təqdim etdiyi sübutları nəzərə almamışdır. Belə ki, MMC-nin baş direktoru vəzifəsində işləmiş E.Quliyev şahid kimi verdiyi izahatında təsdiq etmişdir ki, iddia ərizəsində qeyd edilən həmin vəsait MMC-yə mədaxil edilmişdir. Bundan başqa 16.04.2014-cü il tarixdə Mehman Rəşidovun əmək müqaviləsinə xitam verilməmişdir, yəni onun pul vəsaiti qəbul etmək səlahiyyəti olmuşdur. Vəsaiti MMC-nin kassasına mədaxil edən vaxt iddiaçının Mehman Rəşidovun və Ramina Eyyubovanın pulu qəbul etmək səlahiyyətində olub-olmamalarını araşdırmaq iddiaçının imkanları xaricində olmuşdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməli və ilk iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh MMC-nin iddia tələbinə və apellyasiya şikayətində qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC-nin kassa sənədlərindən görünür ki, MMC-yə 02.12.2013-cü il tarixindən 03.11.2014-cü il tarixinədək 412.066 ABŞ dolları məbləğində pul mədaxil olmamışdır. Bundan əlavə, nə mərhum İlham Eyyubovun arvadı, nə də qızları iddiaçıya pul qaytarmamışlar. İddiaçının pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin sübutu kimi MMC-nin kompüterindən çıxarışa istinad etməsi absurddur. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar mərhumun qızı Ramina Eyubovanın imzası və xətti deyil. Ramina Eyubova cavabdeh MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki 2013-2014-cü illərdə o, MMC-də maddi-məsul vəzifəli şəxs deyildi, 2014-2015-ci illərdə menecer vəzifəsində işləmişdir və səlahiyyətinə aid olmayan addım ata bilməzdi. Kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası, MMC-nin möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. Kompüter çıxarışında olan imza və yazıların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı xətt və imzanın mühasib olmuş Mehman Rəşidova aid olmasını iddia edirsə, belə halda qeyd olunmalıdır ki, Mehman Rəşidov 16.04.2014-cü il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. Belə olan halda, kompüter çıxarışında göstərilən 30.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixə qədər olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilməzdi. Bu hal onu göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim etmiş və MMC-ni borclu çıxarıb, məhkəməni yanlış yola çəkərək, iddiasının təmin olunmasına nail olmaq istəmişdir. Bundan başqa, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə iddiaçı, ötən illər ərzində, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciət etməmişdir. İddiaçının polis orqanına müraciət etməsi və orada guya araşdırma aparılması da sübut deyil. Çünki polis orqanı MMC-nin səlahiyyətli şəxslərini dəvət etməmiş, araşdırma barədə onlara məlumat verməmişdir. Ona görə də iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı onlara qarşı əsası olmayan və iddia müddəti keçmiş iddia qaldırmışdır. İddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. İşin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında iddiaçı işdən çıxarılmışdır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı rədd etməklə iş üzrə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddia tələbi iddia müddətinin keçməsi səbəbində də, təmin edilə bilməz (MMC, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir (cild İ; iş v. 168)). Göstərilənlərə əsasən MMC hesab edir ki, apellyasiya şikayəti rədd edilməli və iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə ilk iddianın məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı, cavabdeh MMC-nin kassasına pul ödəməsini və MMC-nin ona borclu qalmasını təsdiq edən daha bir kompüter çıxarışının nüsxəsini tapmışdır. Həmin çıxarış əvvəllər itdiyi üçün o, çıxarışı əvvəlki məhkəmə prosesslərinə təqdim edə bilməmişdir. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi yeni kompüter çıxarışı sübut kimi qiymətləndirilə bilməz, çünki birinci instansiya məhkəməsinə təqdim edilmədiyi üçün “gecikdirilmiş sübut” sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, bu kompüter çıxarışı əvvəl, yəni işə birinci instansiya məhkəməsi və apellyasiya qaydasında işə ikinci dəfə baxılan zaman təqdim edilmiş kompüter çıxarışlarından fərqlənir. Belə ki, əvvəlki kompüter çıxarışlarında pulun hissəhissə qaytarılması qeyd edilməsə də, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi ikinci dəfə qərar qəbul edərkən iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsinin mümkün olub-olmaması məsələsinə toxunduğu üçün iddiaçı tərəf yeni kompüter çıxarışı təqdim etmişdir ki, bu çıxarışda artıq qeyd edilir ki, pulun bir hissəsi sonuncu dəfə 03.11.2016-cı il tarixdə, yəni 3 illik iddia müddəti çərçivəsində qaytarılmışdır. Bununla da, müəyyən edilir ki, yeni kompüter çıxarışı saxtadır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırki iş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, 02.12.2013-cü il tarixdən 03.11.2014-cü il tarixədək onun tərəfindən MMCnin kassasına 412.066 ABŞ dolları məbləğinə pul mədaxil edilməklə onun tərəfindən MMC-yə borc verilmişdir. Həmin borcun bir hissəsi qaytarılsa da, 259.299,76 ABŞ dollar məbləğində borc qaytarılmamışdır. İddiaçı, onun tərəfindən MMC-yə borcun verilməsinin və borcun bir hissəsinin qaytarılmaması faktının sübut edilməsi üçün MMC-nin kompüterindən verilmiş çıxarışı, MMC-nin baş mühasibi Mehman Rəşidovun, baş direktoru vəzifəsində işləmiş Emil Quliyevin və direktor müavini işləmiş Şahin Tağıyevin Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində verdikləri izahatlara əsaslanır. İddiaçının istinad etdiyi “Kompüter çıxarışları” ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: 1.) İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçı, cavabdeh MMC tərəfindən ona verilmiş kimi adlandırdığı və onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş (birinci) “Kompüter çıxarışına” istinad etmişdir (cild İ; iş v. 127). Qeyd edilməlidir ki, bu çıxarışda MMC-nin möhürü və rekvizitləri yoxdur, çıxarış imzalanmışdır. İddiaçı bildirir ki, yuxarıda qeyd edilən "xxxx" MMC-nin hazırkı direktoru Ramina Eyubova və həmin vaxt MMC-də mühasib işləmiş Mehman Rəşidov tərəfindən imzalanmışdır. Bu hal isə özü-özlüyündə təsdiq edir ki, MMC ondan qeyd edilən pul məbləğini qəbul etmişdir. İş üzrə tərəflərin bildirdiklərindən məlum olur ki, Ramina Eyubova iddiaçının dostu və MMC-nin əvvəlki rəhbəri olmuş mərhum İlham Eyyubovun övladıdır və hazırda MMCnin direktorudur. Mehman Rəşidov isə 16.04.2014-cü il tarixinədək MMC-nin işçisi olmuşdur. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman Ramina Eyubovanın şahid qismində dindirilməsə də, işə apellyasiya qaydasında artıq ikinci dəfə baxılan zaman şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, o, cavabdeh MMC-də heç vaxt kassir vəzifəsində işləməmiş, iş üzrə iddiaçının cavabdeh MMC-yə pul verib-verməməsində və ya MMC-nin iddiaçıya borcunun olub-olmamasından xəbəri yoxdur, iddiaçının istinad etdiyi “Kompüter çıxarışında” onun xətti və imzası yoxdur. Mehman Rəşidov isə Rayon Məhkəməsi tərəfindən baxılan zaman şahid qismində dindirilərkən MMC-də baş mühasib vəzifəsində işlədiyini və yuxarıda qeyd edilən “Kompüter çıxarışını” imzaladığını təsdiq etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 740-cı maddəsinin 01.09.2000-ci il tarixdən 31.05.2016-cı il tarixədək qüvvədə olmuş tələblərindən görünür ki, iddiaçının bildirdiyi zaman kəsişməsində borc müqaviləsi şifahi və ya tərəflərin razılaşması ilə yazılı formada bağlana bilərdi. Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləmiş Mehman Rəşidovun yuxarıda qeyd edilən “Kompüter çıxarışını” imzaladığını təsdiq etsə də, həmin "xxxx" MMC-nin iddiaçıdan mübahisəli pul vəsaitinin qəbul etməsini təsdiq edən sənəd (mötəbər sübut) kimi qəbul edilə bilməz. Çünki cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və 2013-cü ilin dekabr ayından etibarən 2014-cü ilin sonuna olan müddəti əhatə edən "xxxx" (cild İ; iş v. 152-164) iddiaçının adından MMC-nin hesabına pulun mədaxil edilməsi öz əksini tapmır. Bundan başqa, Mehman Rəşidovun imzası MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Odur ki göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş "xxxx" iddianın əsaslı olmasını təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. 2.) İşə apellyasiya qaydasında ikinci dəfə baxılan zaman iddiaçı, cavabdeh MMC tərəfindən ona verilmiş kimi adlandırdığı (ikinci) “Kompüter çıxarışını” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim etmişdir (cild İİ; iş v. 17). Bu çıxarışda MMC-nin möhürü olsa da, MMC-nin rekvizitləri və MMC-nin vəzifəli şəxsinin imzası yoxdur. Bu çıxarış tərtibatına görə iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Kompüter çıxarışdan” fərqlidir. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən (ikinci) apellyasiya baxışı zamanı təqdim etdiyi "xxxx" iddianın əsaslı olmasını təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. 3.) İşə apellyasiya qaydasında üçüncü dəfə baxılan zaman iddiaçı, cavabdeh MMC tərəfindən ona verilmiş kimi adlandırdığı (üçüncü) “Kompüter çıxarışını” 20.04.2022-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim etmişdir. Həmin ərizədə iddiaçı bildirir ki, o, işə apellyasiya qaydasında (ikinci dəfə) baxılan zaman təqdim etdiyi (ikinci) "xxxx" ilə bu “Kompüter çıxarışın” eyni məzmunlu olmasını zənn edərək bu çıxarışı məhkəməyə təqdim etməmişdir. Hazırda isə ona bəlli olmuşdur ki, çıxarışların məzmunu fərqlidir. Belə ki, əvvəlki çıxarışdan fərqli olaraq bu çıxarışda qaytarılmış pul məbləğləri və qaytarılma tarixləri qeyd edilib. Məhkəmə bildirir ki, bu çıxarışda MMC-nin möhürü olsa da, MMC-nin rekvizitləri və MMC-nin vəzifəli şəxsinin imzası yoxdur. Bu çıxarış tərtibatına görə iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Kompüter çıxarışdan” və (ikinci apellyasiya icraatı zamanı) Bakı Apellyasiya Məhkəməsin təqdim etdiyi “Kompüter çıxarışdan” fərqlidir. Bu çıxarışda əvvəllər iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş “Kompüter çıxarışlarından” fərqli olaraq borcun bir hissəsinin 03.11.2016-cı il tarixdə (yəni 3 illik iddia müddəti çərçivəsində) qaytarılması qeyd edilməmişdir. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) yeni çıxarış qəbulu ilə bağlı bildirmişdir ki, yeni "xxxx" sübut kimi qiymətləndirilə bilməz, çünki birinci instansiya məhkəməsinə təqdim edilmədiyi üçün “gecikdirilmiş sübut” sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, bu kompüter çıxarışı əvvəl, yəni işə birinci instansiya məhkəməsi və apellyasiya qaydasında işə ikinci dəfə baxılan zaman təqdim edilmiş kompüter çıxarışlarından fərqlənir. Belə ki, əvvəlki kompüter çıxarışlarında pulun hissə-hissə qaytarılması qeyd edilməsə də, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi ikinci dəfə qərar qəbul edərkən iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsinin mümkün olub-olmaması məsələsinə toxunduğu üçün iddiaçı tərəf yeni kompüter çıxarışı təqdim etmişdir ki, bu çıxarışda artıq qeyd edilir ki, pulun bir hissəsi sonuncu dəfə 03.11.2016-cı il tarixdə, yəni 3 illik iddia müddəti çərçivəsində qaytarılmışdır. Bununla da, müəyyən edilir ki, yeni kompüter çıxarışı saxtadır. Bu, yeni “Kompüter çıxarışının” sübut kimi qəbul edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, çıxarış sübut kimi qəbul edilə bilməz. Çünki mövcud mülki mübahisənin həlli üçün iddiaçı tərəf üçün mühüm əhəmiyyət kəsb edən sübutun məzmununa iddiaçının və onun vəkilinin diqqət yetirməmələri və iddia ərizəsi Rayon Məhkəməsinə verilən (02.08.2019-cu il) tarixdən təxminən 2 il 8 aydan sonra çıxarışın məzmununa diqqət yetirilmələri inandırıcı deyil. Hər bir halda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, bu "xxxx" da yuxarıda qeyd edilən əsaslarla mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının istinad etdiyi və Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələri, habelə iddia ərizəsində adları qeyd edilən şəxslərin Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə verdikləri izahatlar ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Emil Quliyevin 22-ci PŞ-yə verdiyi izahatından görünür ki, o, (cavabdeh) MMC-də baş direktor vəzifəsində 2016-cı il tarixədək işləmiş və sonra işdən çıxmışdır. Tanışı olan (iddiaçı) İddiaçı MMC-yə 350.000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90.000 ABŞ dollarının əvəzi kimi İddiaçı mənzil verilmişdir. İddiaçı verilmiş mənzil onun adına olmuşdur. İddiaçı MMC-də pul vəsaitinin olmasını və pulun qaytarılmasını MMC-də çalışan hər bir şəxs bilmişdir. İddiaçı MMC-də 259.000 ABŞ dolları məbləğində pulu qalmış və hələ də qaytarılmamışdır. MMC-nin mülkiyyətçisi İlham Eyyubov vəfat etdikdən sonra MMC mərhumun arvadının mülkiyyətinə keçmişdir. O, mərhumun arvadı ilə dəfələrlə şəxsən söhbət edərək İddiaçı pulunun qaytarılmasını xahiş etmiş, lakin bu söhbətlər nəticə verməmişdir. Emil Quliyev işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman şahid qismində dindirilərkən də eyni halları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı pulları İ.Eyyubova ödəmiş, daha sonra onun tərəfindən MMC-nin kassasına mədaxil edilmişdir. Pul İ.Eyyubovun adından kassaya mədaxil edilə bilməzdi, çünki İ.Eyyubov xarici vətəndaş olduğundan MMC-yə rəsmi qaydada aidiyyəti olmamışdır. Pulların hansı məbləğlərdə MMC-yə verilməsini xatırlamır. İ.Eyyubovun qızı Ramina Eyubova MMC-də kassir olmuşdur. Pullar kassaya mədaxil olunan zaman Ramina və MMC-nin mühasibi Mehman Rəşidov tərəfindən blanklar tərtib olunurdu. Dəqiq sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Pullar İddiaçı tərəfindən adətən onun, Mehmanının və başqalarının yanında verilirdi. Mehman Rəşidovun 22-ci PŞ-yə verdiyi izahatından görünür ki, (iddiaçı) İddiaçı onun əvvəllər baş mühasib vəzifəsində işlədiyi (cavabdeh) MMC-nin payçısı olmuş və MMC-nin faktiki rəhbəri (mərhum) İlham Eyyubovla dost idi. İddiaçı MMC-yə 259.600 manat vəsait qoymuşdur. İddiaçı MMC-yə bir neçə dəfə pul vəsaiti qoymuşdur. Son hesablamada müəyyən edilmişdir ki, İddiaçı MMC-nin kassasında 259.600 manat dolları qalmışdır. Bu faktı o və mərhum X1 MMC-nin kassasının kompüter çıxarışında imzaları ilə təsdiq etmişlər. İddiaçı pul vəsaitinin MMC-də olmasını mərhum İlham Eyyubovun ailə üzvləri də bilmişlər. Bu barədə o, İlham Eyyubovun arvadı Sevda ilə söhbət etmişlər. Sevda isə evlərin satılmasından sonra İddiaçı borcunu verəcəyini bildirmişdir. Lakin İddiaçı pulu qaytarılmamışdır. Mehman Rəşidov işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman şahid qismində dindirilərkən polis orqanına verdiyi izahatda göstərilənlərə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı tərəfindən MMC-yə ödənilmiş 259.600 manat məbləğində pullar banklara qoyulmuşdur. Pulların verilməsində müxtəlif vaxtlarda iştirak etmişdir. Kassaya pul İ.Eyyubovun adından daxil edilirdi. İ.Eyyubovun qızı Ramina Eyubova tərəfindən İddiaçı adına tərtib edilmiş sənədi o özü (M.Rəşidov) imzalamışdır. Məhkəmə bildirir ki, MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 30.11.2012-ci il tarixli, 18 saylı əmrdən görünür ki, Ramina Eyubova 03.12.2012-ci il tarixdən MMC-yə Baş Menecer vəzifəsinə təyin edilmişdir (cild İ; iş v. 144). MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 03.12.2013-cü il tarixli, 34 saylı əmrdən görünür ki, bu əmrlə Ramina Eyubova ilə bağlanmış “Əmək Müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) 03.12.2012-ci il tarixdən xitam verilmişdir (cild İ; iş v. 144). MMC-nin tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 24.05.2018-ci il tarixli, 24 saylı əmrdən görünür ki, MMC-nin təsisçisi tərəfindən Ramina Eyubova 24.05.2018-ci il tarixdən MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild İ; iş v. 148). MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 22.07.2019-cu il tarixli, 41 saylı əmrdən görünür ki, bu əmrlə Ramina Eyubova ilə bağlanmış “Əmək Müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) 22.07.2019-cu il tarixdən xitam verilmişdir (cild İ; iş v. 150). MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 01.10.2011-cu il tarixli, 11 saylı əmrdən görünür ki, bu əmrlə X2 01.10.2011-ci il tarixdən MMC-yə baş mühasib vəzifəsinə təyin edilmişdir (cild İ; iş v. 140). MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 04.02.2019-cu il tarixli, 11 saylı əmrdən görünür ki, bu əmrlə Alvina İsrafilova ilə bağlanmış “Əmək Müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) 04.02.2019-cu il tarixdən xitam verilmişdir (cild İ; iş v. 141). MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 09.08.2021-ci il tarixli, 39 saylı məktubdan görünür ki, MMC-də 2011-ci ildən xəzinədar-kassir ştatı yoxdur və həmin vəzifə üzrə hər hansı işçi çalışmır. Qeyd edilən bu əmrlərdən, yuxarıda qeyd edilən işin hallarından və iddiaçının məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçının bildirdikləri ilə şahidlərin bildirdikləri bir-biri ilə uzlaşmır, ziddiyyət təşkil edir. Belə ki: - iddiaçı 02.12.2013-cü il tarixdən 03.11.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları məbləğində pulu (manatla) mədaxil etməsini bildirdiyi halda, X6 bu məbləğin 350.000 ABŞ dolları, şahid Mehman Rəşidov isə 259.600 manat olduğunu bildirirlər (Məhkəmə nəzərə alır ki, həmin dövrdə olan məzənnəyə görə 412.066 ABŞ dolları təxminən 321.412 Azərbaycan manat təşkil edirdi); - iddiaçı və X6 iddiaçı tərəfindən MMC-nin kassasına pul mədaxil edilməsi ilə verilmiş “Kompüterindən çıxarışın” Ramina Eyubova və Mehman Rəşidov tərəfindən imzalandığını bilirsələr də, (Rayon Məhkəməsinə təqdim edilmiş “Kompüterindən çıxarışdan” görünür ki, onun üzərində yalnız bir imza var, apellyasiya icraatı zamanı təqdim edilmiş “Kompüterlərdən çıxarışlarda” ümumiyyətlə imza yoxudur) şahid Mehman Rəşidov həmin imzanın Ramina tərəfindən deyil onun tərəfindən icra edildiyini təsdiq etmişdir; - şahidlər iddiaçı tərəfindən cavabdeh MMC-yə pul ödənildiyi zaman Ramina Eyubovanın MMC-nin kassiri vəzifəsində işlədiyini bildirsələr də, müəyyən edilir ki, 2011-ci ildən etibarən MMC-də xəzinədar-kassir vəzifəsi yoxdur və həmin vəzifə üzrə hər hansı işçi çalışmır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şahidlər Emil Quliyevin və Mehman Rəşidovun 22-ci Polis Şöbəsinə verdikləri izahatlar və Rayon Məhkəməsinə verdikləri ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. İşə apellyasiya qaydasında (ikinci dəfə) baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə yeni şahidləri Şahin Tağıyevi və Alvina İsrafilovanı, təkrarən isə şahidlər Mehman Rəşidovu və Emil Quliyevi dindirmişdir. Şahid qismində dindirilmiş Alvina İsrafilova ifadəsində göstərmişdir ki, o, (cavabdeh) MMC-də baş mühasib vəzifəsində işləmişdir. Özündən əvvəl baş mühasib vəzifəsində işləmiş Mehman Rəşidov müəssisədə rəsmi işləməsə də, maliyyə məsələlərinə köməklik etmişdir. (İddiaçı) İddiaçı MMC-də işlədiyi vaxtdan tanıyır. İddiaçı və başqa şəxslərin MMCyə, MMC-nin fəaliyyətinə kömək etmək məqsədi ilə müəyyən məbləğdə pul vəsaiti qoyması barədə məlumatı olmuşdur. İddiaçı MMC-yə ödədiyi pullar müəssisənin o zaman sahibi olan İlham Əyyubovun göstərişinə əsasən qəbul edilmişdir. Qəbul edilən pul vəsaitləri kassir vəzifəsini icra edən Ramina Əyubovaya verilirdi və o, pulu kassaya mədaxil edirdi. Sonradan pul verən şəxslərin pulları barədə hesabat aparılırdı və aparılmış hesabat nəticəsində kompüterdə qalıq borcu təsdiq edən çıxarış hazırlanır və həmin çıxarışlar mühasib tərəfindən təsdiq edilərək verilirdi. Hazırda İddiaçı də MMC-yə qoyduğu pullardan müəyyən hissəsi qaytarılmamış, bu barədə müəssisənin sahibliyini həyata keçirən mərhum İ.Əyyubovun arvadı və qızı ilə söhbətlər edilmiş, əvvəl MMC-nin borclu olduğu şəxslərə pulun qaytarılmasına söz verilsə də, sonradan imtina edilmişdir. Şahid qismində dindirilmiş Şahin Tağıyev ifadəsində göstərmişdir ki, o, MMC-də direktor müavini vəzifəsində işləmişdir. MMC-nin faktiki sahibi və rəhbəri, lakin MMC-də rəsmi vəzifədə işləməmiş İlham Eyyubov olmuşdur. MMC-nin direktoru Emil Quliyev olmuş və o, MMC-nin yeganə təsisçısı olmuşdur. İddiaçı İlham Eyyubova görə tanımış, Şakir ilə İlham dost olmuşlar. MMC-nin fəaliyyətini genişləndirmək üçün İlhamın təklifinə əsasən Şakir, direktor Emil və o özü MMC-yə pul vəsaitləri qoymuşlar. Şakir müxtəlif vaxtlarda MMC-yə 400.000 manatdan çox pul qoymuşdur. Verilən pullar İlhamın göstərişinə və tapşırığına əsasən MMC-də kassir vəzifəsini icra edən İlhamın qızı Raminaya verilmiş, Ramina da pulları kassaya mədaxil edərək, banka köçürmüşdür. MMC-yə qoyduqları pullar barəsində hər hansı bir rəsmi maliyyə sənədi verilməmişdir, çünki onların İlhama inanırdılar və etibar edirdilər. MMC-nin gəliri və çıxarı barədə hesabatlar aparıldıqdan sonra MMC-yə pul vəsaiti qoymuş şəxslərin qoyduğu, qaytarıldığı və qalıq borcunun məbləği barədə mühasibatlıq tərəfindən kompüterdə tərtib edilmiş çıxarış hazırlanıb təqdim edilirdi. Həmin çıxarışlar kassir vəzifəsini icra edən Ramina tərəfindən hazırlanıb, baş mühasibin imzası ilə təsdiq edildikdən sonra verilirdi. Həmin çıxarışların bir nüsxəsi isə mühasibatlıqda saxlanılırdı. Onun özünün də MMC-ya pul vəsaitinin qoyması və pulun qalığı barədə çıxarışlar var. Belə çıxarış Şakirə də təqdim edilmişdir. İlham rəhmətə gedəndən sonra (2016-cı ildə) MMC-yə rəhbərlik mərhumun arvadına və qızına keçmişdir. Onun özünün MMC-yə qoyduğu pul qaytarılsa da, Şakirin pulu qaytarılmamışdır. Şakirə pulun qaytarılması barədə mərhum İlhamın arvadı və qızı ilə dəfələrlə söhbətlər edilmiş, onlar əvvəllər pulu qaytaracaqlarına söz versələr də, sonradan bundan imtina etmişlər. Şahid qismində təkrar olaraq dindirilmiş Mehman Rəşidov ifadəsində göstərmişdir ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edir. Əlavə olaraq bildirmək istəyir ki, o, MMC-də baş mühasib vəzifəsində işləmiş və müəssisənin maliyyə işlərinə rəhbərlik etmişdir. MMC-nin faktiki rəhbəri olan İlhamın göstərişi ilə Şakir və digər şəxslər tərəfindən verilən pullar onun tərəfindən qəbul edilərək, MMC-də kassir vəzifəsini icra edən mərhum İlhamın qızına Raminaya verilmiş, o da kassaya mədaxil edərək, banklara qoymuşdur. Lakin pullar qəbul edilərkən pul verən şəxslərə hər hansı bir rəsmi kassa sənədləri verilməmişdir. Çünki, həmin şəxslərin mərhum İlhamla etibarlı münasibətləri var idi. MMC-yə pul qoymuş şəxslərin qoyduğu məbləğlər barədə hesablaşmalar aparılır və aparılmış hesablaşmalar nəticəsində kompüterdə tərtib edilmiş blanklar kassir vəzifəsini yerinə yetirən Ramina tərəfindən kompüterdən çıxarılıb və onun imzası ilə təsdiq edilərək, MMC-nin borclu olduğu şəxslərə verilirdi. O, səhhəti ilə əlaqədar 2014-cü ildə baş mühasib vəzifəsindən azad olunmuş və baş mühasib vəzifəsinə Alvina İsrafilova təyin edilsə də, MMC-nin maliyyə məsələlərinə o özü rəhbərlik etmişdir. Şakirin MMC-yə qoyduğu 500.000 manatdan yuxarı olan pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90.000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarılsa da, kompüterdən çıxarışda qeyd olunan, özünün imzası ilə təsdiq edilən 259.600 manat pul vəsaiti Şakirə qaytarılmamışdır. Cəmiyyətin faktiki rəhbəri olan İlham rəhmətə gedəndən sonra özünün və Cəmiyyətin direktoru olan Emil tərəfindən aparılmış danışıqlar zamanı mərhum İlhamın arvadı və qızı tərəfindən Şakirə olan borcun qaytarılması barədə söz versələr də, sonda pulu qaytarmaqdan imtina etmişlər. Şahid qismində təkrar olaraq dindirilmiş Emil Quliyev ifadəsində göstərmişdir ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edir. Əlavə olaraq bildirmək istəyir ki, o, MMC-nin faktiki sahibi olan İlham rəhmətə gedəndən sonra o, MMC-nin təsis payı mərhumun arvadı Sevda Əyyubovaya keçmiş və Sevda Əyyubova bir müddət MMC-nin direktoru vəzifəsində işləmişdir. O, İddiaçı və digər şəxslərin borclarının qaytarılması barədə Sevda Əyyubova və İlhamın qızı Ramina ilə dəfələrlə söhbətləri olmuş, əvvəllər pulun qaytarılmasına söz versələr də, sonradan imtina etdiklərindən aralarında narazılıq yaranmış və bu səbəbdən də o, MMC-dən işdən çıxmışdır. Mərhum İlham MMC-ni yaradanda MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün yaxın dostlarından, tanışlarından MMC-yə pul qoymalarını təklif etmiş, bu təklifə o da razılaşaraq MMC-yə 30.000 manata yaxın pul vəsaiti qoymuşdur. Həmçinin İddiaçı, MMC-nin direktor müavini işləyən Şahin Tağıyev və digər şəxslər də MMC-yə pul vəsaiti qoymuşlar. İlham rəhmətə gedəndən sonra onun Rusiyada yaşayan dostu Fərhad Azərbaycana gələrək, MMC-nin fəaliyyəti ilə maraqlanmış və onun tövsiyəsi və məsləhəti ilə o, MMC-nin fəaliyyətini davam etdirilmişdir. Fərhad Sevdaya və Raminaya həmçinin məsləhət görmüşdür ki, MMC-nin borclu olduğu şəxslərin vəsaitlərinin qaytarsınlar. Lakin Sevda və Ramina qızı bu məsləhətə əməl etməmişlər. Məhkəmə bu şahid ifadələrini də mötəbər sübut kimi qəbul etmir. Belə ki: - iddiaçı 02.12.2013-cü il tarixdən 03.11.2014-cü il tarixədək MMC-nin kassasına 412.066 ABŞ dolları məbləğində pulu (manatla) mədaxil etməsini bildirdiyi halda, şahid Şahin Tağıyev bu məbləğin 400.000 manatdan çox olduğunu bildirir. Nəzərə alınsa ki, həmin dövrdə olan məzənnəyə görə 412.066 ABŞ dolları təxminən 321.412 Azərbaycan manat təşkil edirdi onda müəyyən edilir ki, iddiaçının bildirdikləri ilə Şahin Tağıyevin bildirdikləri arasında ziddiyyət var; - şahidlər iddiaçı tərəfindən cavabdeh MMC-yə pul ödəməsini, pulun MMC-də kassir vəzifəsini icra edən Ramina Əyubovaya verdiyi bildirməklə yanaşı göstərmişlər ki, pul məbləğləri Ramina Əyubova tərəfindən kassaya mədaxil edilmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, MMC-yə aid olan və 2013-cü ilin dekabr ayından etibarən 2014-cü ilin sonuna olan müddəti əhatə edən "xxxx" iddiaçının adından MMC-nin hesabına pulun mədaxil edilməsi öz əksini tapmır; - Mehman Rəşidov şahid qismində Rayon Məhkəməsinə verdiyi ifadədə - iddiaçı tərəfindən MMC-yə 259.600 manat məbləğində pul ödədiyini bildirsə də, apellyasiya baxışı zamanı təkrarən verdiyi ifadədə bu məbləğin 500.000 manatdan yuxarı olduğunu bildirmişdir. Halbuki, Məhkəmə tərəfindən artıq yuxarıda qeyd edildiyi kimi iddiaçı özü bildirir ki, onun tərəfindən MMC-yə 412.066 ABŞ dolları məbləğində pulu (manatla) mədaxil edilmişdir. Bu məbləğ isə həmin dövrdə olan məzənnəyə görə 321.412 Azərbaycan manat təşkil edirdi. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, bu ifadələr ziddiyyətli olduğundan iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlər ilə yanaşı qeyd edilməlidir ki, Mehman Rəşidov şahid kimi təkrar olaraq verdiyi ifadəsində iddiaçının cavabdeh MMC-yə qoyduğu pul vəsaitinin bir hissəsi pul şəklində, bir hissəsi isə 90.000 manat məbləğində iki otaqlı evlə əvəz edilib qaytarıldığını bildirmişdir. X6 Rayon Məhkəməsinə verdiyi ifadədə bu halı təsdiq etmişdir. Onun 22-ci PŞ-nə verdiyi izahatından görünür ki, həmin mənzil MMC-nin iddiaçıya olan borcun bir hissəsinin əvəzi olaraq iddiaçıya verilmişdir. Həmin mənzil isə onun (Emil Quliyevin) adına olmuşdur. Məhkəmə bildirir ki, mənzilin Emil Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə keçməsini təsdiq edən müqavilə məhkəmələrə təqdim edilməsə də bəllidir ki, həmin müqavilə Emil Quliyev ilə iddiaçı arasında bağlanmış müqavilədir və cavabdeh MMC-nin iddiaçıya borcunun olmasını təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Göstərilənləri, yuxarıda qeyd edilmiş hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin “borcun ödənilməsi məqsədi ilə cavabdeh MMC-dən 259.299,76 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə” hissəsi əsassızdır. Bu tələb əsassız olduğundan ondan irəli gələn “borc məbləğinin MMC tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 73.799,928 ABŞ dolları məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə” tələb də əsaslı hesab edilə və təmin edilə bilməz. Çünki Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin hazırki işin hallarından müəyyən edilir ki, cavabdeh MMC iddiaçıdan hər hansı pul məbləğini qəbul etməmişdir. Məhkəmə, cavabdeh MMC tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələbi əsassız olduğundan iddia tələbinə iddia müddətinin tətbiq edilməsindən imtina edilməlidir. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3332/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3332/2022
26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver