Məhkəmə qərarları › İş №2(103)-3333/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3333/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3333/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İnkişaf” Assosiasiyası cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “alqı-satqı müqavilələrinin və bunun əsasında verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən - Cavabdeh4 Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunmuş və iddiaçının apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-607/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7665/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadının ləğv edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verilməsi ilə əlaqədar mülki işin apellyasiya baxışından çıxarılması və Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilmiş, həmin məhkəmənin 2(004)-946/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair iddiaçının adından Cavabdeh4 Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən Cavabdeh4 Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 946/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə, iddiaçı “İnkişaf” Assosiasiyasının cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı "alqı-satqı müqavilələrinin və bunun əsasında verilmiş qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin mülki işin materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2000-ci il tarixdə məhkəməyə daxil olmuş, rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir (1-ci cild, i/v 1). Həmçinin də mülki iş materiallarından məlum olur ki, iddiaçı tərəf iddia ərizəsi verilən vaxtdan peşəkar vəkil Ramiz Zeynalovla təmsil olunmuşdur. Hazırda iddiaçı tərəf qətnamənin qəbul edildiyi tarixdən uzun müddət, yəni 10 il keçdikdən sonra apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpasına dair ərizəsini əsaslandırarkən iddiaçı öz tələbi üzrə 10 il bundan öncə qəbul olunmuş məhkəmə qətnaməsindən məlumatsız olduğuna istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hazırkı mülki işin halları baxımından xüsusi olaraq qeyd edir ki, peşəkar vəkillə təmsil olunan tərəfin öz tələbi əsasında çıxarılan qətnamədən 10 il müddətində məlumatı olmaması inandırıcı və həm də ağlabatan deyildir. Çünki bu və ya diğər səbəbdən tərəfin məhkəmə iclasında iştirak etməməsi, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi hallarda məhkəmə aktının qəbul olunduğu anda ondan məlumatsız olması mümkün və başadüşləndir, baxmayaraq ki, hazırkı işin halları baxımından bunlar baş verməmişdir. Peşəkar vəkillərin ən azından məhkəmələrdə işlərə baxılmasının müddətlərini bilməsi səbəbindən, mülki işlər üzrə qanunla müəyyən olunmuş müddətin sonunda yekun məhkəmə aktının qəbul olunduğunu bilməsi şəksizdir. Bu cür yanaşma mülki dövriyyənin fəal və peşəkar iştirakçısı olan (hazırkı işdə olduğu kimi) hüquqi şəxslərə də aid edilir. Bu baxımdan, öz iddiası üzrə xx.xx.2012-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsindən 10 il müddətində məlumatsız olması barədə iddiaçının bildirdikləri qəbuledilməzdir. Təbii ki, iddiaçının həmin qətnamədən məlumatı olmuşdur. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Demək ki, rayon məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2012 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar