Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-334/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-5275/19) iddia qismən təmin edilərək, "xxxx" ASC-dən 06 iyun 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş maddi zərərə görə 6.320 manat, əldən çıxmış faydaya görə 10.800 manat, cəmi 17.150 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. Sözügedən qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-1209/20) apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, V.Həsənov və İ.Xəlilov, iş № 2(102)-2493/21) cavabdeh "xxxx" ASC-nin kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Kürdəmir rayonu Axtaçı kəndinin ərazisində mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi vardır. Bu hal Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən iddiaçıya verilmiş seriya RX № ******* olan reyestrdən çıxarışla öz təsdiqini tapır. 06 iyun 2018-ci il tarixdə, saat 14:50 radələrində Cavabdeh ASC-nin Kürdəmir rayon Elektrik şəbəkəsinə məxsus olan və Kürdəmir rayonu Pirəköçə kəndi ərazisində yerləşən elektrik yarımstansiyasından gələn 0,4 kv-luq çılpaq və qəzalı vəziyyətdə olan açıq elektrik hava xəttindən qonşu taxıl sahəsinə düşən qığılcımdan irimiqyaslı yanğın hadisəsi baş vermiş, nəticədə genişlənən yanğın iddiaçıya məxsus olan nar bağına keçmişdir. Təqribən 14:45-də başlanmış yanğın 2 saat 40 dəqiqə sonra Azərbaycan Respublikası FHN DYMH-si tərəfindən söndürülmüşdür. Yanğının baş vermə səbəbi Kürdəmir rayon Elektrik Şəbəkəsinə məxsus olan və Kürdəmir rayonu Pirəköçə kəndi ərazisində yerləşən elektrik yarımstansiyasından gələn 0,4 kv-luq çılpaq və qəzalı vəziyyətdə olan açıq elektrik hava xəttindən düşən qığılcımdan yaranmışdır. Bu hal Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən qəbul edilən 05 noyabr 2018-ci il tarixli «cinayət isinin başlanmasının rədd edilməsi haqqında» qərarda, Azərbaycan Respublikası FHN X7 Xidməti Aran Regional X7 İdarəsi tərəfindən verilmiş «Yanğın haqqında» aktda, eləcə də Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X4 şəhər Regional Bölməsinin 12.11.2018-ci il tarixli 23/24-1- 322 saylı məktubunda öz əksini tapmışdır. Bütün hallarda abonentlərin ünvanına kimi təchiz olunan elektrik xətlərində baş vermiş istənilən qəzalara, həmçinin elektrik xətlərinin çılpaq və qəzalı vəziyyətdə olmasına sözsüz Cavabdeh ASC cavabdehdir. İddiaçının özünə məxsus nar bağı vardır, 400 ədəddən çox nar və digər meyvə ağacları əkmiş, hər il həmin ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərmiş və sözügedən nar bağı iddiaçının və ailəsinin gəlir sahəsidir. Yanğın hadisəsi baş vermə nəticəsində iddiaçının nar bağındakı 40 ədəd məhsuldar nar ağacı yanmış, nəticədə ona yanmış 40 ədəd nar ağacına görə 6320 (altı min üç yüz iyirmi) manat (hər bir ağacın qiyməti 158 manat) 40 ədəd nar ağacından 1 il ərzində götürülən 1800 kq məhsula görə (hər bir ağacdan 45 kq) 2160 (iki min bir yüz altımış) manat (1 kq x 1,20 AZN, 1800 kq x l,2 AZN= 2160) cəmi 8480 (səkkiz min dörd yüz səksən) manat maddi ziyan dəymişdir. Bu hal X8 İnkişaf Mərkəzi tərəfindən verilmiş 01.06.2019-cu il tarixli rəydə öz təsdiqini tapmışdır. Hər bir ağacın onların yerinə bərpa olunmasından tam məhsula düşməsi üçün ən azı 5 il vaxt tələb olunur. Bu da o deməkdir ki, iddiaçıya dəymiş ziyanla yanaşı eyni zamanda 5 il ərzində əldən çıxmış fayda birmənalı olaraq nəzərə alınmalıdır. Belə ki, iddiaçıya dəymiş faktiki ziyandan əlavə əldən çıxmış faydanın həcmi 10800 (on min səkkiz yüz) manat (2160 manat illik gəlir x 5 il = 10800 manat) müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanla yanaşı əldən çıxmış fayda da ödənilməlidir. Göstərilənlərə əsasən 06.06.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi səbəbindən Cavabdeh ASC və üçüncü şəxs Cavabdeh ASC-nin Kürdəmir rayon Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya maddi ziyan olaraq vurduqları 8480 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 10800 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 19310 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə olunmuş sənədlərdə baş vermiş yanğın hadisəsinin məhz "xxxx" ASC-nin təqsirindən baş verməsini təsdiqləyən hər hansı bir mötəbər sübut iddia ərizəsinə ləavə olunmamışdır. Əksinə, təqdim edimiş sənədlər hadisənin baş verməsində cavabdehin təqsirsiz olduğunu təsdiq edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirilmişdir. İddianın təmin olunmayan hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 22 oktyabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 20 oktyabr 2016-cı il tarixli Çıxarışa əsasən Kürdəmir rayonu, Axtaçı kəndində, 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 127,7 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Hazırda iddiaçı, 06 iyun 2018-ci il tarixdə cavabdeh "xxxx" ASC məxsus olan elektrik yarımstansiyasından gələn 0,4 kv-luq çılpaq və qəzalı vəziyyətdə olan açıq elektrik hava xəttindən qonşu taxıl sahəsinə düşən qığılcımdan irimiqyaslı yanğın hadisəsinin baş verdiyini, nəticədə ona məxsus 400 ədəddən çox ağac olan nar bağındakı 40 nar ağacının yandığını, bu faktın Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 noyabr 2018-ci il tarixli Qərarı, X7 İdarəsinin “Yanğın haqqında Aktı”, Energetika Nazirliyinin Enerji X1 Kürdəmir şəhər Regional Bölməsinin 12 noyabr 2018-ci il tarixli məktubu ilə öz təsdiqini tapdığını, nar bağına dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıdığını, 40 ədəd nar ağacından 1 il ərzində götürdüyü 1.800 kq məhsula görə 8.480 manat maddi zərər dəydiyini, bu halın Sabirabad DAİM tərəfindən verilmiş 01 iyun 2019-cu il tarixli rəylə də öz təsdiqini tapdığını, 1 nar ağacının tam məhsula düşməsi üçün azı 5 ilə tələb olunduğunu, 5 il nəzərə alındıqda əldən çıxmış faydanın 10.800 manat təşkil etdiyini göstərib, cavabdehdən onun xeyrinə cəmi 19.310 manat pulun tutulmasını tələb edir. Cavabdeh "xxxx" ASC isə "Yanğın haqqında Akt”da yanğının səbəbinin tam olaraq qeyd olunmadığını, yanğının hadisə yerinə keçirilən baxış zamanı orada olan şəxslərin izahatlarına əsaslandığını, həmin Aktda yanğının səbəbinin küləyin əsməsindən elektrik xətlərinin biri-birinə dəyməsi nəticəsində qığılcımın quru otun üzərinə düşərək yanmasının sadəcə olaraq güman edildiyini, Aktda həmçinin yanğının neçə kv.metr ərazini əhatə etməsi kimi məlumatların öz əksini tapmadığını, əksinə, istintaq orqanının qərarında öz əksini tapmış Kürdəmir rayon Hidrometeoroloji Stansiyasının məktubunda 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu ərazisində saniyədə 5-10 mert sürətdə küləyin müşahidə olunduğunu, yanğın hadisəsi baş verən vaxt əsən küləyin gücündən elektrik naqillərinin biri-birinə toxunmasının istisna olunduğunu və beləliklə də sözügedən qərarda cavabdehlərin təqsirinin müəyyən olunmadığını göstərib, iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və cavabdeh həmin qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Cavabdeh "xxxx" ASC-nin iddiaya etirazından, apellyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh "xxxx" ASC iddiaçıya məxsus nar ağaclarının yanması nəticəsində sonuncuya maddi zərər dəyməsini mübahisələndirmir. O, sadəcə yanğının elektrik naqillərindən baş vermədiyini, iddiaçıya qarşı heç bir mülki hüquq pozuntusu (delikt) törətmədiyini bildirir. Əvvəla, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 24.05.2021-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə iddiaçıya maddi, mənəvi zərərin dəyməsi, yəni iddiaçıya dəymiş zərərin mövcud olması mülki iş materialları ilə istisna olunmur. Lakin, iddiaçıya dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında hər hansı səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilavasitə cavabdehlərin təqsirli olması işə əlavə edilmiş mötəbər yazılı sübutlarla, məsələn mütəxəssis, ekspert rəyləri ilə təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız işə əlavə edilmiş “Yanğın aktı” ilə əsaslandırmışdır. Hansı ki, həmin akt da hadisə yerinə keçirilən baxış zamanı orada olan şəxslərin izahatlarına əsaslanıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşarkən qeyd olunan hallara diqqət yetirməyib və iddiaçıya zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri və yaxud hərəkətsizlikləri nəticəsində vurulması, iddiaçıya dəymiş maddi zərərlə cavabdehlərin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin və ən əsası yanğın hadisəsində cavabdehlərin təqsirli olması ilə bağlı kifayət qədər araşdırma aparmayıb. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə-hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilavasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda səbəbəli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə hüququ pozan şəxsin özünün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradə ifadəsi olaraq bilinir. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə mülki qanunvericilikdə zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutulub, lakin bu halda da zərərin zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, eyni zamanda zərərlə zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mötəbər yazılı sübutlarla, habelə ekspertin, mütəxəssisin rəyləri ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirmədən yalnız işə əlavə edilmiş ehtimallara əsaslanan sübutlara istinad edərək iddiaçıya zərərin məhz cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması və bu zərərin vurulmasında cavabdehin təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Aran Regional X7 İdarəsi tərəfindən 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı kəndindəki nar bağında baş vermiş yanğın hadisəsinə dair tərtib olunmuş “Yanğın haqqında” Aktda yanğının səbəbi tam olaraq qeyd edilməyib. Belə ki, həmin Akt, əslində hadisə yerinə keçirilən baxışa və orada olan şəxslərin izahatlarına əsaslanıb və yanğının səbəbi küləyin əsməsindən elektrik xətlərinin biri-birinə dəyməsi nəticəsində qığılcımın quru otun üzərinə düşərək yanması sadəcə olaraq həmin Aktda güman edilib. Eyni zamanda, həmin Aktda, yanğının neçə kv.metr ərazini əhatə etməsi kimi məlumatlar öz əksini tapmayıb. Lakin, aktda qeyd olunan bu çatışmamazlıqlar məhkəmə tərəfindən tam araşdırılmayıb və akt cavabdeh "xxxx" ASC-nin təqsirini müəyyənləşdirən mötəbər yazılı sübut kimi qəbul edilib. Digər tərəfdən, işə əlavə edilmiş Kürdəmir rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 aprel 2019-cu il tarixli Qərarında öz əksini tapmış Kürdəmir rayon Hidrometeoroloji Stansiyasının məktubunda 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu ərazisində saniyədə 5-10 metr sürətlə küləyin müşahidə olunduğu və həmin vaxt güclü küləyin olmadığı müəyyən edilib. Küləyin gücünü təyin edən “Bofort” şkalasına görə isə saniyədə 5-10 metr sürətlə əsən külək mülayim külək hesab edilir. Bu hallar bir daha onu sübut edir ki, yanğın baş verən zaman əsən küləyin gücü ərazidən keçən elektrik naqillərinin ağırlığı da nəzərə alınmaqla onların küləyin gücündən biri-birinə toxunmasını istisna edir. Sözügedən Qərarda həmçinin qeyd olunub ki, 2018-ci ilin aprel, may aylarında, eləcə də yanğın hadisəsindən sonra həmin ərazidə olan elektrik xətlərinə növbədən kənar baxış keçirilib və baxış zamanı yanğın baş vermiş ərazidə olan elektrik xətlərində yanğına səbəb olacaq heç bir qüsur aşkar edilməyib. Əksinə, cavabdeh "xxxx" ASC-nin iddiaya etiraz ərizəsindən, apellyasiya və kasasiya şikayətlərindən görünür ki, sözügedən yanğın hadisəsi əslində kənd yerlərində quru otlaq sahələrinin “torpağın məhsuldarlığının artırılması” məqsədilə yandırılır və ya hava şəraitinin çox isti olması quru otlaq sahələrinin yanmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd olunan məsələlərə bir daha aydınlıq gətirilməsi məqsədilə 04.08.2021-ci il tarixli qərardadla məhkəmə yanğın-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Lakin həmin qurum İddiaçı tərəfindən verilən məlumata istinad edərək hazırda hadisə yerinin (yanğın baş vermiş yerin) mövcud olmadığını, eləcə də iş materiallarında yanğının səbəbini müəyyən etmək üçün kifayət qədər məlumatların (yanğın mənbəyini, yanğının yayılma yollarını əks etdirən izlərin və s. ) olmadığını nəzərə alaraq qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparmağın mümkün olmadığı qənaətinə gəlmiş və məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında mübahisələndirilən hissədə gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni cavabdeh "xxxx" ASCdən 06 iyun 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş maddi zərərə görə 6.320 manat, əldən çıxmış faydaya görə 10.800 manat, cəmi 17.150 manat pulun tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-334/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-334/2022
02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver