Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3340/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-247/2013 saylı qərardadından Cavabdeh vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 120000 manat pulun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-247/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 8132 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdehin vəkili və nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin axımı məhz qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanır. Hər hansı digər sənədlərin cavabdehə təqdim olunması həmin müddətin axımının başlanması üçün əsas ola bilməz. Belə olan halda cavabdehin hər hansı məhkəmə iclasları barədə və ya iddianın təmin etmə tədbiri barədə məlumatlandırılması həmin müddətin axımına heç bir təsir etmir. Cavabdeh qətnamədən “10 ildən artıq müddət keçməsinə baxmayaraq hansı səbəbdən xx.xx.2023 ildə şikayət verilməsini” əsaslandırmalı deyil. Bununla bağlı MPM-də heç bir göstəriş yoxdur. Bu müddət 10 ildən artıq da ola bilər. Əgər qətnamə rəsmi qaydada verilməyibsə, deməli apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət keçməmişdir və apellyasiya şikyətinin verilməsinə heç bir məhdudiyyət yoxdur. Məhkəmə nəzərə almamışdır ki, qətnamə rəsmi qaydada 15 fevral 2024 il tarixində verilmişdir. Belə olan halda “apellyasiya şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə müraciət olunmamışdır” arqumenti tamamilə əsassızdır. Belə ki, qətnamə rəsmi qaydada 15 fevral 2024 il tarixində verilibsə deməli ondan apellyasiya şikayətinin verilməsi üçün son gün 15 mart 2024 il olmalıdır. Qərardadda etiraf olunur ki, apellyasiya şikayəti 10 mart 2024-cü ildə verilmişdir. Belə olan halda, yəni prosessual müddət ötürülmədiyi halda həmin müddətin bərpası üçün heç bir ərizə verilməli deyil. O səbəbdən ki, müddət ötürülməmişdir. Məhkəmə əsaslı olaraq MPM-nin 360-cı maddəsinə istinad etmişdir. Lakin əsaslandırıcı arqumentlərin və gəlmiş olduğu nəticənin bu maddəyə zidd olduğunu nəzərə almamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-247/2013 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinə cavabdehin və onun nümayəndəsi kimi Nümayəndə Bəhran oğlunun poçt məlumatları əlavə edilmiş, cavabdehə məhkəmə iclasları barədə göndərilən bildirişlərin çatması barədə xəbərnamə işə əlavə edilməsə də, onun nümayəndəsi Nümayəndə xx.xx.2012-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə bildirişi almış və bununla bağlı xəbərnamə işə əlavə edilmişdir (iş vərəqi, səhifə 38). Habelə, işdən görünür ki, iddianın təmin etmə tədbirinin təmin edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3573/2012 saylı, xx.xx.2012-ci il tarixli qərardadını cavabdeh almış, bununla bağlı xəbərnamə işə əlavə edilmişdir (iş vərəqi, səhifə 47). Həmçinin, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3573/2012 saylı, xx.xx.2012-ci il tarixli qərardadı ilə Bakı şəhəri, F.Qəmbərov küçəsi, 20 saylı evin 18,1 kv.m. olan 1 nömrəli tikilisi üzərinə qoyulmuş həbsin və tikili üzərində sərəncam verilməsinə qoyulmuş qadağanın ləğv edilməsi barədə xx.xx.2013-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir (iş vərəqi, səhifə 105). İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 247/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi xx.xx.2013-cü il tarixdə tərəflərə göndərilmişdir (xəbərnaməli poçtla gedən məktubların reyestri, səhifə 102). Göründüyü kimi cavabdehin keçirlən məhkəmə iclaslarından məlumatı olmuş və qəbul edilmiş qətnamə də xx.xx.2013-cü il tarixdə tərəflərə göndərilmişdir. Lakin cavabdeh iddiaçının ona qarşı pul tələbinə dair iddiasının məhkəmənin icraatında olmasından məlumatlı olsa da, qəbul edilmiş qətnamənin ona çatdırılmamasına istina etməklə 11 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti ilə müraciət etməsi və müddətin ötürülmədiyini bildirməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh keçirilmiş məhkəmə iclasları barədə rəsmi qaydada məlumatlandırılmış, bəzi məhkəmə iclasları barədə bildirişləri və məhkəmə qərarlarını rəsmi qaydada almışdır. Lakin yekun məhkəmə qətnaməsindən 11 ildən artıq müddət keçməsinə baxamayaraq hansı səbəbdən xx.xx.2024-cü il tarixdə şikayət verməsini əsaslandırmamış, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir, beləliklə də apelyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası şikayətin cavabdehin qətnamədən “10 ildən artıq müddət keçməsinə baxmayaraq hansı səbəbdən xx.xx.2023 ildə şikayət verilməsini” əsaslandırmalı olması ilə bağlı MPM-də heç bir göstərişin olmaması, bu müddətin 10 ildən artıq ola bilməsi, qətnamə rəsmi qaydada verilməyibsə, deməli apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət keçməməsi və apellyasiya şikyətinin verilməsinə heç bir məhdudiyyət olmamasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Cavabdehin isə qətnamənin qəbul edilməsindən, həmçinin qətnamənin icraya yönəlməsindən keçən uzun müddət ərzində qəbul edilmiş qətnamədən məlumatlı olmaması ağlabatan hesab edilmir, həmçinin işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəf məhkəmə iclarından məlumatı olmuşdur. Eyni zamanda cavabdeh tərəf məhkəmə iclaslarından məlumatı olduğu halda qəbul edilmiş qətnamənin 11 ildən çox müddət keçdikdən sonra əldə etməyə cəhd etməsini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, qəbul edilmiş məhkəmə qərarı 2013-cü ilə, yəni 11 il bundan əvvələ aiddir. 11 illik müddətdən sonra apellyasiya şikayətinin verilməsi hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipinə uyğun hesab edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəf məhkəmə prosesi, məhkəmə aktı barədə məlumatlandırıldıqdan dərhal sonra prosessual fəaliyyətə başlamalıdır. Borclunun öz prosessual hüquqlarından istifadə etməməsi nəticəsində hazırki apellyasiya şikayətinin verilməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla mülki prosessual münasibətlərdə qeyri-müəyyənliyə, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarının və qanuni maraqlarının pozulmasına, hüquqdan sui-istifadəyə səbəb ola bilər. Məhkəmə kollegiyası şikayətçiyə hüquqi baxımdan kömək etmək niyyətində olsa da, şikayətçiyə izah edir ki, məhkəmə mülki iş üzrə tərəf deyil, arbitr funksiyasını icra etməlidir. Məhkəmənin özü də qanundan və mövcud məhkəmə təcrübəsindən asılıdır, eləcə də hakimin öz istədiyi formada hərəkət etmək imkanı istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən qənaətə gələrkən həm şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət uzun müddətə ötürülməsini, həm də iddia tələbi üzrə iddiaçının (tələbkar) hüquqi maraq və mənafelərini nəzərə almışdır. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-247/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3340/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3340/2024
20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver